BDU-nin dosenti, filologiya
üzrə fəlsəfə doktoru Məti Osmanoğlu ilə görüşüb onunla
"Gerçəkləşməyən arzular" layihəsi üçün söhbət etmək istədik.
Müsahibimin işlərinin çox, vaxtının az olmasına görə vədələşdiyimiz
vaxt bir neçə dəfə təxirə salınsa da axır ki, onunla söhbətimiz
aləndı. Məti bəylə qısa zaman kəsiyində görüşdük və ədəbiyyatımız
və özünün gerçək olmayan arzusu ilə bağlı söhbət etdik. Bir qədər
dalğın idi, səbəbini soruşdum:
- Məti bəy, necəsiz?
- Axır vaxtlar köhnə dostlardan, tay-tuşlardan bu sualı eşidəndə
Nazim Hikmətin "Masalların masalı"nın bir misrası ilə cavab
verirəm: "Şükr olsun, yaşıyoruz"…
Gələn ilə əlim və evim dolu gedirəm
- 2015-ci ilə bu ildən nəyi aparırısız?
- Yəqin yaşdandır, zaman o qədər sürətlə axıb gedir ki, ayaq
saxlayıb, nəfəs dərib geriyə baxmağa macal olmur. İndi siz
soruşanda ağlıma gəlir ki, ömrün bir ili də tarixə, keçmişə
qarışmaqdadır.
2014-cü ildə iki qız nəvəm dünyaya gəldi. Gələn ilə onların ev
dolu səs-küyləri, civiltiləri, gülüşləri ilə gedirəm. Yusif
Səmədoğlunun bir sözü var: insanın ən böyük əsəri övladlarıdır,
dünyaya gələn yeni nəsildir. Bu mənada, gələn ilə əlim və evim dolu
gedirəm.
O ki qaldı sualın ictimai tərəfinə, məncə, o biri illərlə
müqayisədə 2014-cü il durğunluq ili oldu. İlin bu başından baxanda
2014-cü ili gələcəyə daşıyacaq böyük mədəniyyət və ya ədəbiyyat
hadisəsi görə bilmirəm.
Ölkəmizdə orta təhsil süquta uğrayıb
- Necə başa düşürsüz, üzümüzə gələn il daha da maraqlı
ola bilərmi: bütün sahələrdə, yəni ədəbiyyat, mədəniyyət,
insanlarımızın rifahı?
- Hər halda, mən bunu çox istəyirəm. Maraqlı və məzmunlu yaşamaq
bizim xalqın və hər bir fərdin, vətəndaşın müqəddəs haqqıdır.
Təhsil sahəsində böyük uğurların olmasını arzulayıram. Bu istək
mənim müəllimlik fəaliyyətimlə bərabər, həm də indiki ictimai
reallıqdan irəli gəlir. Biz hansı problemin, hansı ictimai
çatışmazlığın üstündə dayansaq, kökü gedib təhsilə çıxacaq. İndi
ölkəmizdə orta təhsil, demək olar ki, süquta uğrayıb və onu
hərəkətə gətirmək üçün köklü dəyişikliyə ehtiyac var. Bu sahədə
ciddi addımlar atılacağını gözləyirəm və inanıram ki, yalnız yüksək
təhsilli cəmiyyətdə ədəbiyyatın, mədəniyyətin, sənətin səviyyəsi
yüksək ola bilər.
- Qələm dostlarınızdan bir neçəsi deputatdır. Onlar elə
qələm dostudur, yoxsa içərilərində həqiqi dostunuz olanı da
var?
- Nizami Cəfərov mənim tələbəlik illərindən dostumdur və indiyə
qədər münasibətlərimizdə onun tutduğu vəzifələrin heç bir təsiri və
dəxli olmayıb. Düzdür, işi ilə bağlı onun başı çox qarışıq olur,
hətta ikimizin də ortaq iş yerimiz olan Bakı Dövlət Universitetində
belə təsadüfdən-təsadüfə görüşürük. Daha bir tələbə yoldaşım Aqil
Abbasla lap seyrək görüşürük. Onu deyə bilərəm ki, Nizami də, Aqil
də istiqanlı insanlardır. Ancaq hələ heç birinə deputat kimi
müraciətim olmayıb - görünür, mənim ictimai fəallığım zəifdir.
Digər yazıçı deputatlarla şəxsi tanışlığım olsa da, heç bir əlaqəm
yoxdur.
Mənimlə küsü saxlayanlar var
- Məti bəy, artıq illərdir ədəbi cameəmizdə tənqidçi
kimi külüng vurursuz. Necə düşünürsüz, tənqidin külüngü ilə hər
hansı bir əsəri vurub dağıtdığınız çox olub, yoxsa qurub,
yaratdığınız?
- Mən öz təbiətimə görə vurub-dağıtmağın tərəfdarı olmamışam və
deyiləm. Siz deyən mənada tənqidlə 1980-ci illərdə məşğul olmuşam.
O vaxt daha çox tay-tuşlarımın, öz mənsub olduğum nəslin
yaradıcılığını izləməyə çalışırdım. Yazılarını tənqid etdiyim
insanların əksəriyyəti ilə münasibətimiz normal olub. Ancaq məndən
inciyənlər, küsənlər də olub. Hətta o səviyyədə ki, bu gün də
mənimlə küsü saxlayanlar var.
Tənqid müəllifinə komfort gətirən sahə
deyil
- Heç fikirləşmisiniz ki, niyə tənqidçi oldum, gərək
şeir, hekayə yazaydım məni təhlil edəydilər?
- Bu məsələnin görünən və görünməyən çoxlu tərəfləri var.
1990-cı illərdə Azərbaycanda oxucu süqut eləyəndə mən tənqiddən
çəkildim. Ondan bəri, əsasən, ədəbiyyat tarixi və axır vaxtlar da
ədəbiyyat nəzəriyyəsi sahəsində çalışmalarım var. Həqiqət budur ki,
tənqid bizdə müəllifinə komfort gətirən sahə olmayıb və deyil.
Jurnallarda tənqidi yazılar ən xırda şriftlərlə verilirdi, ən aşağı
qonorar tənqidçilərin payına düşürdü.
Tənqiddə öz yolunu davam etdirən insanların fədakarlığını
alqışlayıram. Məsələn, Vaqif Yusifli Azərbaycan ədəbiyyatının
fenomenidir. Fürsətdən istifadə edib, ona cansağlığı
arzulayıram.
Bədii yaradıcılıq tənqiddən çox fərqlidir. Bir neçə hekayə nəşr
etdirmişəm.
- Tənqid etmək istədiyiniz yazarın nüfuzu, tutduğu
mövqe, onunla kəsdiyiniz çörək əlinizi-qolunuzu bağlayıbmı?
"Ağrımayan başıma dəsmal bağlamayım" deyərək göz
yummusunuzmu?
- Dediklərinizin hamısı olub. Mövqe deyəndə vəzifəyə heç vaxt
əhəmiyyətli amil kimi yanaşmamışam. Yazıçının ən böyük vəzifəsi
yazıçılıqdır. Ancaq mənimçün insanların ictimai mövqeyi, nüfuzu və
özünə hörmətlə yanaşa bilməsi önəmlidir.
Mən stəkana dolu tərəfindən baxmağı
xoşlayıram
- Həyatda nəyi gerçəkləşdirə bilmədiniz?
- Mənim o qədər də böyük iddialarım olmayıb və yoxdur. Ancaq
dönüb geri baxanda gözümün qabağına yaxşı insanlar, gördüyüm
yaxşılıqlar gəlir. Məsələn, mən universitetə qəbul imtahanı verəndə
rəhmətlik professor Yusif Seyidov təsadüfən bizim otağa gəlməsəydi
və məni dinləyib, təkidlə mənə "5" yazdırmasaydı, deyim ki, o vaxt
bu "5"in qiyməti ən azından beş min manat idi, yəqin ki,
universitetə daxil ola bilməyəcəkdim. Tələbəlikdə elmi rəhbərim
olmuş akademik Abbas Zamanovu, o işıqlı insanı xatırlayıram.
Sonradan məni Balakən rayonundan universitetin aspiranturasına
gətirdi və mənə arxa oldu. Şair dostum Taleh Həmid məni Yusif
Səmədoğlu və Sabir Azəri ilə tanış elədi, "Ulduz" jurnalında işə
girməyim həyatımda böyük başlanğıc oldu. Həyatımın ən çətin,
dramatik anlarından birində, sözün hərfi mənasında, Məmməd
İsmayılın əlini çiynimdə gördüm... Bunlar həyatda rastlaşdığım
bütün maneələri, bütün qaranlıqları kölgədə qoyur. Mən stəkana dolu
tərəfindən baxmağı xoşlayıram.
Pənah Hüseyn məni evdən məhrum elədi
- Deyirsiz ki, uzun müddətdir ev növbəsindəsiz, amma ala
bilmirsiz, niyə? Axı bir neçə dəfə ev verilib...
- Bu mənimçün çox həssas mövzudur. 1987-ci ildən Yazıçılar
Birliyində növbədəyəm. Birinci dəfə özüm qabağa durmadım: siyahıda
vəziyyəti məndən pis olanlar çox idi, dedim sonra alaram. Sonra
Pənah Hüseyn baş nazir olanda məni evdən məhrum elədi...
-Niyə, onun sizinlə hər hansı bir ədavəti var
idimi?
- Yazıçılar Birliyinin zəmanəti ilə Ayaz Mütəllibovun zamanında
ev verilməsi barədə qərar çıxarılmışdı. Hakimiyyət dəyişəndən sonra
həmin məsələ Pənah Hüseynə qədər gedib çıxdı. O isə öz dərkənarı
ilə mənim ev məsələmi "xətm elədi".
- Amma sonradan hakimiyyət yenidən dəyişdi və Birlikdə
mənzil məsələləri qismən də olsa öz həllini tapdı,
axı...
- Düzdür, amma sonra da Yazıçılar Birliyində nə oldusa, işi necə
qurdularsa, hər şey əl altdan oldu və mən həyatım boyu əlaltı,
qoltuqaltı olmağı özümə heç yaraşdırmadım. Bilirsiniz, mən
mənzilləri düzgün bölməyənləri, tərəfkeşlik eləyənləri təqdir
etmirəm. Onlar ədalətsizlik eləyirlər. Ancaq mənim başımın üstündən
ev alanlardan bir nəfər də hələ səsini çıxartmayıb ki, mən
dura-dura onu qabağa salıblar. Ən pisi budur. Bu, əxlaq
məsələsidir. Bir işıqlı örnək gətirmək istəyirəm: rəhmətlik Mir
Cəlal müəllim sənədləri onun adına təsdiq olunmuş mənzildən imtina
edib, həmin mənzili o vaxt cavan şair olan Nəriman Həsənzadəyə
vermişdi. Özü də bundan ötrü həyat yoldaşı ilə birlikdə Mehdi
Hüseynin üstünə minnətə getmişdi. İndi bizə nə olub? Övladlarıma və
tələbələrimə məsləhətim budur ki, hər kişi öz evini özü tikməlidir.
Kimdənsə insaf gözləmək insanı kiçildir.
Nazim İbrahimov hansı janrda yazır?
- AYB-yə ev tikmək üçün 2008-ci ildən Xətai rayonunda
torpaq sahəsi ayrılıb. Deyirlər, sədr müavini Nazim İbrahimov bu
binanın tikliməsinə mane olur. Eşitmisizmi?
- Əvvələn, sizdən soruşum ki, Nazim İbrahimov hansı janrda
yazır?
- Mən onun heç bir yazısına təsadüf
etməmişəm…
- Mənə demişdilər ki, guya yazıçılara öz vəsaitləri ilə ev
tikdirmək üçün torpaq sahəsi ayrılıb və ya ayrılacaq. Əgər məsələ
siz deyən kimidirsə, yəni hökumət yazıçılara ev tikmək üçün şərait
yaradır və belə bir xeyir işə kənardan bir ziyankar mane olursa...
Yadıma bir el sözü gəlir, ancaq deməyəcəm. Belə bir şey varsa, qoy
o adam özünü, çox demirəm, bircə gün evsiz təsəvvür eləsin...
Başqasının kürsüsündə nə işim var?
- Ürəyinizdən keçirmisiz ki, məsələn, hansısa məmur
kürsüsündə otursaydım, bunu belə etməzdim?
- Belə xəyal qurmağı sevmirəm. Başqasının kürsüsündə nə işim
var? Bir vaxt mən özüm də məmur kürsüsündə oturmuşam. Dərk elədiyim
acı həqiqətlərdən biri o olub ki, bəzi məsələləri məmur və ya insan
yox, kürsü həll eləyir. Kürsünün öz yazılmamış qanunları var...
- Məmməd Dəmirçioğlunun gözünüz tutduğu akvarel işi
olduğunu demisiz bir dəfə, ala bildinizmi?
- İnanıram ki, bu müsahibədən sonra Məmməd o əsəri özü gətirib
mənə hədiyyə eləyəcək...