Şakir Xanhüseynli
Biləsuvarda yaşayıb-yaradır. Müəllimdir. Hələ Sovetlər dönəmindən
şeirləri ilə diqqət çəkib. Lakin özü-özünü meydandan kənarda
saxlayıb. Müəllim və kəndli həyatını yaşayıb. Şair olsa da, şairlik
iddiasından uzaq olub. Ara-sıra dərc olunsa da, şeirləri onu həmişə
poeziya sevənlərin yaddaşında saxlayıb. "Soraq" layihəmizin
budəfəki qonağının sorağını sosial şəbəkədən aldım. Dostluq
yolladım. Qəbul etdi. İlk yazan da mən oldum:
Ocağıma gəlib külümü görürsünüz
- Salam, Şakir müəllim. Necəsiniz?
- Salam. Yaxşıyam, var olun. Mən sizin yaradıcılığınızla çoxdan
tanışam, oxumuşam, yenə də oxuyuram. İmzanıza böyük hörmətim
var.
- Çox sağ olun, Şakir müəllim. Elə mən də sizi lap
çoxdan tanıyıram, yaradıcılığınızı izləyirəm, hörmətim var. Amma
çox az görünürsünüz. Nə edirsiniz, haradasınız?
- Biləsuvarda, İsmətli kəndində yaşayıram. Müəllim
işləyirəm.
- Ədəbi mühitdə az görünməyiniz nə ilə bağlıdır?
Əyalətdən uzağa, paytaxta əliniz çatmır, yoxsa köhnə kişilər kimi
hər qapıda boy vermək istəmirsiniz?
- Təbiətim elədir ki, bəlkə də bu pis haldır, çox görünməyə
çalışmamışam. AYB-yə üzvlük üçün sənəd verib, ardına düşməmişdim.
Ona görə bir az gec üzv oldum. Nə bilim, görünür, bir az fəal olmaq
lazımdır.
- Bir az da pessimistsiniz:
"ey neçə illik dostlarım,
indi ocağıma gəlib
külümlə görüşürsünüz...
külümə baxır,
külümü görürsünüz" - deyirsiniz. Nə olub
axı?
- Bəlkə bu hisslər bir az bəzi insanlardakı biganəlikdən
yaranıb. Bizi nə qədər birləşdirən vasitələr çoxalıbsa, bir o qədər
də uzaqlaşırıq. Bir-birinə hörmət, deyərdim ki, bizdə çox
azdır.
Bəziləri fikir, misra oğurlayır
- Amma şeirlərinizin birində demisiniz ki, dostlar
gəlsəydi, onlara həyatdan kam aldığınızı deyərdiniz. Demək, heç də
hər şey pis deyil.
- Siz hər şeyi çox gözəl duyursunuz. Bəlkə səhv edirəm. Sizin
həbsxana şeirləriniz olmayıb ki?
- Olub. "Burda darıxmaq olmaz" kitabım elə bütünlüklə
zindan şeirlərindən ibarətdir.
- 3-4 il bundan əvvəl mən o silsiləni bir qəzetdən oxumuşdum,
çox xoşum gəlmişdi. O səhifəni saxlamışam.
- Çox sağ olun. Necə fikirləşirsiniz, siz bizim
ədəbiyyata doğma ola bilmisinizmi? Axı özlərini doğma göstərənlərin
yaradıcılığında ədəbiyyata ögeylik daha qabarıq görünür. Sizdə isə
misralar sanki uzaq bir ağrını yaxından əks etdirir.
- Mən ədəbi mətbəxdə "bişənləri" maksimum şəkildə "nuş etməyə"
çalışmışam. Yazarların çoxunu tanıyıram, tanıdığımı da deyirəm.
Bəziləri isə bəlkə sizdən fikir, misra oğurlayır, yeri gələndə
deyir, mən o adamları tanımıram.
- Şeirlərinizin bir çoxunda giley var. Həm də özünüz
təbiətinizdən də razı kimi görünmədiniz. Özünüzü daha çox nədə
qınayırsınız?
- Hər adam öz xarakteri ilə doğulur. Nəyi səhv, nəyi düz
etdiyini müəyyən zaman keçəndən sonra bilir. Konkret özümü nədə
qınadığımı deyə bilmərəm. Necə deyərlər, nəyəm, buyam.
- Həyatınızda "ilk"lər çoxmu olub? İlk günahınız, ilk
ahınız və sair.
- Həyatda "ilk"lər çox olur. Ancaq mən həmişə rayon qəzetində,
onda 9-cu sinifdə oxuyurdum, çıxan ilk şeirimi xatırlayıram.
- Biləsuvarda?
- Yox, Yardımlıda, "Yeni kənd" qəzetində. İndi o qəzet "Zirvə"
adlanır.
- Özünüzü ədəbiyyatda hansı yerdə görürsünüz? Bu yer
düşündüyünüz yerdirmi?
- Yox, düşündüyüm yer deyil. Bir az da adamın şansı
gətirməlidir. Ancaq mən onunla təsəlli tapmışam ki, məni
V.Bəhmənli, M.İsmayıl, Ə.Salahzadə kimi şairlər çap edib.
- Hə, siz o vaxtlar dərc olunurdunuz ki, çoxları dərc
edilmirdi. Demək şansdan giley etmək olmaz. Görünməməyi siz özünüz
istəmisiniz.
- Mənə həmişə qapı döymək çətin gəlib. Bu bəzən adamın başına
döyməyinə gətirib çıxarır. Amma yenə o fikirdəyəm ki, bəxtin
gətirməyi, əsas olmasa da, şərtdir.
Hamısı dəyib bir-birinə
- Demək, müşahidələriniz sizə deyir ki, ədəbi cameədə
bəxti gətirənlər daha çoxdur. Məsələn, bəxti şahlıq quşuna tuş
gələnlər kimlərdir?
- Əsas olan, əlbəttə, bədii mətndir. Nə varsa, qiyməti verilməsə
də, demək, yazar haradasa arxayındır ki, kimsə böyürdən çıxıb o
yazılara salam verəcək. Konkret adlar çəkmək istəmirəm.
- Yaxşı, onda belə deyək, daha çox mətni olan, amma
bəxti olmayanlar necə, çoxdurmu? Ad çəkmək, elə başa düşürəm ki,
qəbahət olmaz.
- Ədəbi cameədə də şəxsi münasibətlər əsas rol oynayır. Bu, çox
pis haldır. Çünki burada hansı obyektivlikdən danışmaq olar?
Regionçuluq, dostluq-tanışlıq, hamısı dəyib bir-birinə. Bütün
bunlara rəğmən, bizdə indi çox dəyərli əsərlər yaranır - təbliğat
işi tamamilə yarıtmazdır.
- Bax, siz özünüz rayonda müəllimlik edirsiniz, öz
təbliğatınızla az məşğul omusunuz. Amma oxunmusunuz, oxunursunuz.
Demək, təbliğat heç də tanınmaq deyil. Yazmaq əsas
şərtdir.
- Sizinlə razıyam.
- Yardımlıdan üzü bəri gəldiniz. 9-cu sinifdə "Zirvə"
qəzetində dərc olundunuz və sözün hərfi mənasında zirvədən aşağı,
arana köçdünüz. Bu aşağı düşmək sizin ədəbi mühitdə yuxarı
qalxmanıza yardım etməli idi axı, üzü dəryaya, paytaxta tərəf
gəlirdiniz. Amma dayandınız.
- Doğrudur. Mən arandayam, amma həmişə dağlarımızdayam. Ədəbi
mühitdə nə var, nə yox, izləməyə çalışmışam. Odur ki, o dediyiniz
dəryadan bir qədər uzaq da olsam, çəkilmələrdən, qabarmalardan
xəbərim var. Mənə elə gəlir ki, mən dayanmamışam, bəlkə elə gedə
bildiyim qədər getmişəm? Yəni bundan artıq mənim üçün nə isə ola
bilməz. Nə bilim?..
- Bəs bizim ədəbiyyatın durumu necədir?
- Hər şeydən öncə mənim bir oxucu kimi, əgər sevdiyim əsərlər
varsa, bəzi imzaları görəndə məmnunluq hissi keçirirəmsə, şübhəsiz,
cavabım müsbətdir.
- Bəs heç fikrinizdən keçibmi ki, xalq şairi olasınız?
Tutaq ki, olmusunuz, həyatınızda nə dəyişərdi?
- Olsun ki, fikrimin yolu çala-çuxurdu deyə, hələ belə bir şey
bu yoldan keçməyib. İnanmıram hansısa titul həyatımı dəyişsin. Bu,
tale işidir.
- Əvvəllər yazarlarımız oxucu məktubları alardı. İndi bu
çox yüngülləşib. Mesaj qutunuza yaradıcılığınızla bağlı çoxmu
münasibət gəlir?
- Mesajla münasibət bildirənlər də olub, indi də var, amma elə
də çox yox.
- Oxucu qıtlığı var, yoxsa dostlarınızın sayı
azdır?
- Birbaşa yazılar haqda fikir bildirənlər çox olur, amma bu,
danılmaz faktdır ki, bizdə kitab, bədii əsər oxumağa meyil heç də
ürəkaçan deyil.
- Son olaraq, uzaq səfərə çıxsanız yazarlardan kimin
kitabını, yol yoldaşı olaraq isə hansı yazarı
götürərdiniz?
- Etibarlı olduğuna görə, Bilal Alarlı ilə səfərə çıxardım. Onu
şəxsən tanıdığım üçün deyirəm...