Zamin Hacı Qarabağın qayıtmasını arzulamır
Gənclik arzularım cılız idi
- Zamin bəy, elə bir arzunuz olubmu ki, hələ də gerçəkləşdirə
bilməmisiniz?
- Məktəb vaxtlarımdan heç bir arzu etmirəm. Ümumiyyətlə, arzular
insan həyatını məhv edən bir hissdir. Arzuların arxasınca qaçan
insan həyatdan uzaq düşür və yaşamır. Ona görə də həyatımda heç
vaxt ciddi bir arzum olmayıb.
- Heç gənclik çağlarınızda da olmayıb?
- Onda arzularım qeyri-ciddi, cılız arzular olub. Özümü dərk
edəndən sonra ümumiyyətlə, arzulardan uzaq durmuşam. Çünki görürəm
ki, arzularsız yaşamaq daha gözəldir.
Qarabağın qayıtmasını heç kim arzulamır
- Demək, sizə görə arzu etmədən yaşamaq mümkündür?
- Bəlkə də mənim fikirlərimlə kimlərsə razılaşmaya bilər.
Əslində, mən fikirlərimi tam izah edə bilmərəm. Tək onu deyə
bilərəm ki, arzularsız yaşamaq klassik azərbaycanlı üçün
anlaşılmazdır, fəlakət deməkdir.
Təbii, pafoslu şəkildə deyə bilərəm ki, arzum Qarabağın azad
olunmasıdır. Bəzən bu cür ifadələrlə boşboğazlıq etsələr də, əminəm
ki, heç kim bunu arzu eləmir. Çünki arzu edən onu həyata
keçirər.
- Heç kim bunu arzu etmir? Deməli, siz də?
- Bilirsiniz, Qarabağ ona görə qaytarılmamalıdır ki, o bizim
torpaqlarımızdır, ona görə qaytarılmalıdır ki, ədalət bərpa
olunsun. Son 20 ildə Azərbaycanın torpaqlarının qaytarılması üçün
neynəyiblər!? Bir dəfə də olsun kimsə ciddi şəkildə hakimiyyətdən
tələb etməyib ki, sən niyə görə orda oturmusan? Hansı ki,
hakimiyyətin əsas məsələsi Qarabağ problemi olsa da, heç bir iş
görməyib. Yalandan ağlayıb danışmaq boş-boş şeylərdir. Arzu
edirdilərsə, bunu həyata keçirəydilər.
Qarabağı cücəmiz, qoyunumuzla xatırlayırıq
Biz ümumiyyətlə, arzunun mahiyyətini anlamırıq. İstəklər var,
bir də instinktiv heyvani hisslər. Biz vəhşicəsinə nələrinsə
olmasını istəyirik. Bir var vəhşi arzular, bir də var bəşəri,
humanist arzular. Bəlkə də indi insanlarda Qarabağın azad olması
arzusu instinktiv şəkildədir, şüurlu deyil. Əgər elə olsaydı, biz
çoxdan onu azad etmiş olardıq. Fikir versəniz, görərsiniz ki, bir
azərbaycanlı həmin yerləri xatırlayarkən torpaqlardan deyil, 50
dənə cücəsindən, qoyunundan, quzusundan, ya da ki, qazından
danışır. Deyir ki, 50 toyuğum var idi, ya inəyim var idi. O vətənin
mənasını dərk etmir. Sadəcə, itirdiklərinin acısını yaşayır. Ona
görə də deyirəm ki, Qarabağı istəyən yoxdur.
Azərbaycanlıların arzusu çox primitiv olur
- Bəs o zaman nə etmək lazımdır?
- Heç nə... Sadəcə, yaşamağı bacarmalısan. Yaşamaq lazımdır və
dünyadan zövq almaq üçün günəşə baxmaq, səmaya baxmaq lazımdır.
Arzular boş şeydi. Mən arzu edərdim ki, Azərbaycan xalqı
ümumiyyətlə, arzu etməsin. Çünki azərbaycanlıların arzuları da çox
primitiv olur. Maşın alaq, yaxşı arvad alaq, nə bilim… övladım
universitetə girsin. Avropaya fikir versəniz, görərsiniz ki, onlar
daha məntiqli, ümumbəşəri düşünürlər. Amma biz yalnız özümüzü
fikirləşirik.
Arzu insana dərd gətirir
- Zamin Hacı arzularla yaşasaydı, indi həyatınızda nə fərqli
olardı?
- Əgər mən arzularla yaşasaydım, həyatım çox ağır olardı. Özümü
çox xoşbəxt hiss edirəm. Dediyim kimi, arzular insana yalnız dərd
gətirir. İnsanlar elə əldə etmək üçün yaşayır. Onlar günəşi,
buludu, təbiəti görmürlər. Öz doğmalarının gözlərindəki kədəri,
sevinci hiss etmirlər, bütün günü yalnız nə əldə edə biləcəkləri
haqqında düşünürlər. Yalnız "nəyəsə çataq" prinsipi ilə yaşayır və
bu qaçhaqaçla həyatlarını məhv edirlər.
Bundan gözəl nə ola bilər?
Doğulmusansa, yer kürəsindəsənsə, yaşayırsansa, bundan gözəl nə
ola bilər? Hansı ki, dünyaya gəlmək özü də böyük işdir. Sən dünyaya
gəlmisən, hələ bir şeylər də tələb, arzu edirsənsə, bu çox
gülməlidir. Əgər sənin yaşamaq imkanın varsa, başqa nə istəyirsən?
Məncə, insanlar layiq olduqlarından çox şey istəyirlər.
Sözümü məşhur bir fikirlə bitirmək istəyirəm: "Əgər dünyada
doğulmaq və ölmək sənin əlində deyilsə, bu zaman arzularla yaşamaq
da mənasızdır".