Yuxarı

“Təbrizə gələrsiz, biz də şəklinizi çəkərik...”

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Sözün güneyi" layihəsində

Şair Çalğın özü ilə Təbrizin havasını, havacatını, sevgisini, şivəsini gətirmişdi sanki. Bakıya gəldiyi günün axşamı Fərqanə Mehdi ilə birlikdə onu gəzintiyə apardıq.

- Bakının bu qədər gözəl olduğunu yüz eşitmişdim, bir də gördüm. Bu qədər gözəllikmi olar? Bakı gecələri də mənə sevdirəcək.

Qollarını yana açır, sanki Bakını qucaqlamaq istəyir. Xəzərdən əsən xəfif mehi ciyərlərinə çəkir, gözləri Bakı axşamlarının işıqları kimidir, bərq vurur.

- Gecələri belə gözəldir, gündüzünə necə tab gətirək? – pıçıldayırmış kimi dedi. Bakının gecələrində qaranlıq heç nə yoxdur.

Dənizkənarı Milli Parkda gəzirik. Gecədən xeyli keçib, insanlar hələ də sahil boyunca gəzişir. Çayxanalar, kafelər boşalmaq bilmir. Karusellərdə, müxtəlif oyun attraksionlarında uşaqların xoşbəxt səsi ağac yarpaqlarının xışıltısı kimidir, qulaqları oxşayır. Gənclər şirin söhbət edir. Çalğın şirin Təbriz ləhcəsi ilə:

- Evlənib qalaram burda, gözəldir Bakı.

- Evlənmədən də qala bilərsən, get bir təbrizli gözəlini al gətir, qoy o da bu gözəlliyi görsün, onu bu gözəlliklə tanış etdiyinə görə səni daha çox sevsin.

Zarafatım həm də yarıciddidir.

- Sən ölməyəsən, bizdə heç belə sərbəst gəzilməz. İnsanlar quş kimidir, azad, özgür, sifətlərində təbəssüm.

Sonra əlavə edir:

- Təbriz də gözəldir haaa, olmusuz? Fərqanə olub ki... O, yaxşı bilir. Bizdə də insanlar xiyabana çıxır, sevinir, istirahət edir. Fərqli şey çox azdır...

Təbriz haqda danışırıq. Amma cənublu şair Bakıda ilk dəfə olduğuna görə daha çox şəhərimizdən bəhs edirik. Alov dillərinə, işıqlı daş binalara, axşamlar daha gözəl görünən Bakı buxtasına, göz işlədikcə uzanan Milli Parka baxır. Hər addım başı şəkil çəkir. Gənclərə telefonunu uzadır:

- Bizim şəklimizi çəkin, Təbrizə gələrsiz, biz də sizin şəklinizi çəkərik.

Şeir oxumağını xahiş edirəm. Oxuyur: "Anamın bir polis dostu da olmadı ki..." şeirini təkcə biz dinləmirik, yaxınlıqdan keçən gənclər də ayaq saxlayıb qulaq kəsilirlər...

...Çalğın Bakıda keçiriləcək Şairlər gününə gəlmişdi. Sabah da tədbirlər başlayacaq. Fikirləşirəm, yol yorğunudur. Təklif etdim ki, gəzintimiz sonraya qalsın:

- Bu gün gəlibsən, gedək dincəl, qarşıda bir neçə gün var...

- Yorğun olmaq nə mənədir ki? Gəzsək yaxşıdır.

Amma gəzmirik:

- Saat 3-dür artıq, getsək yaxşıdır. Sabah iş günüdür, - deyirəm.

Şairlər günü və digər nəzərdə tutulan tədbirlər başa çatdıqdan sonra Çalğın bir-neçə gün də Bakıda qaldı. Onu AYB-yə üzv qəbul etdilər. AYB sədri Anar ona üzvlük vəsiqəsini təqdim etdi. Axır ki, şair Çalğınla söhbət etmək üçün vaxt tapa bildim. Hiss edirdim ki o da bunu istəyir.

- Mənim əsl adım Məhəmməd Cəfəridir. Çalğın isə təxəllüsümdür. Hər kəs mənə şair Çalğın deyir.

Çalğın 1976-cı il martın 21–i doğumludur.

- Novruz bayramı günü doğulmusan, nə əcəb adını Novruz qoymayıblar?

- Əvvəlcə adım Məhəmməd Rza olub. Sonralar ki İranda inqilab olub, sənəd alanda Rza adını götürdülər. Axı bu, şahın adı idi. Görünür, valideyinlərim istəyib ki taleyim həyatım şah həyatı kimi olsun, arzuları gözlərində qalıb. Mən şah olmadım, şair oldum.

Deyir ki 13 yaşımdan şeir yazmağa başladım. 24 yaşına qədər əruz, heca vəznində şeirlər yazdım. Sonra rəssamlıq etdim, heç şeir yazmadım. 31 yaşına qədər rəssam kimi şöhrət qazandım. Xalça rəssamı kimi də özümü sınadım. Sərgilərim oldu. Avropanı gəzdim. Türkiyədə dəfələrlə oldum. Hər yerə dəvət edirdilər, gedirdim, bax, necə məni Bakıya dəvət etdilər, gəldim, o cür.

- Kimləri oxudun? Kimləri oxuyursan?

- Türk və ərəb ədəbiyyatını oxudum. Rus ədəbiyyatından Mayakovskini, Marina Svetayevanı, Anna Axmatovanı hər zaman oxuyuram. Mayakovski öz metaforasının yeniliyi ilə məni özünə çəkdi. Amma sonralar gördüm ki, şərq poeziyası söz oynatmaqda onları çoxdan geridə qoyub. Mənim şeirə baxışım tam fərqlidir. Fikir olmalıdır, söz oyunu ilə oxucunu da, özünü də aldada bilərsən. Sabir Rüstəmxanlını, Fikrət Qocanı, Musa Yaqubu, Ramiz Rövşəni, Vaqif Bayatlını, Məmməd Arazı çox sevirəm. Sabir böyük türkçüdür, böyük şairdir, onu İranda hər kəs tanıyır. Nisbətən gənc nəsildən Səlim Babullaoğlunu, Fərqanə Mehdini, Qulu Ağsəsi oxumuşdum. Burda Salamın şeirlərini verdilər, oxudum. Sən mənə Pərviz Cəbrayılın, oğlun Turalın, Vasif Süleymanın kitablarını verdin, oteldə vərəqlədim, gördüm ki, yox, çoxlarını tanımırıq. Şəxsən mən hər kəsi oxuyuram, əlimə düşənləri, gördüklərimi, eşitdiklərimi, hamısını. İki şair dedin, axşam İnternetdə axtardım, hər ikisinin adı Aqşindir (Aqşin Yenisey və Aqşin Evrən nəzərdə tutulur. - F.B). Bu qənaətdəyəm ki, Azərbaycan poeziyası dünya poeziyası içərisində tam yüksəkdədir. Qalıb ki, onu tanıda biləsən. Nə edək axı, tanıda bilmirik.

- Səncə, niyə tanıda bilmirik?

- Ona görə tanıda bilmirik ki, ədəbiyyatda dəllallar var. Onlar ancaq öz ətrafları ilə məşğuldur. Şairlər günündə, ondan qabaq da AYB-yə şairlər dəvətli idi. Fəqət onların içində məni qane edən çox az şair oldu. Əsil şairlər orada yox idi. Əsil şairləri, seviləcək şeirlər yazanları qıraqda gördüm. Tanış olduq. Şairlər iclaslarda, yığıncaqlarda olmur ki... Onlar kənarda olur.

- Çalğın, gedirsən. Bəs özünlə hansı təəssüratları aparırsan?

- Hara gedirəm ki? Azərbaycandan Azərbaycana gedirəm. Sevinirəm ki, Bakıda oldum. Dostlar tapdım. Anar müəllimlə gecədən keçmişə qədər söhbət etdim. Mənə AYB-nin üzvlük vəsiqəsini verilər. Bilirsən, buranın ədəbiyyatı akademik ədəbiyyatdır. Azərbaycan poeziyasından ancaq öyrənmək gərəkdir...

Çalğının şeirlərini təqdim edirik:

Bir polis dostu da olmadı anamın
Biz də sapand ataq quşlara
Biz də qıraq kimsənin camını
Biz də qaz verək arabamıza bu şəhərdə
Adamsızlığımızdan duvarlara

sığına-sığına yeridik küçələrdə

Bir baqqal dostu da olmadı anamın
Biz də şişirdək ovurtlarımızı
Biz də dolduraq çantamızı
Biz də göstərək özümüzü
Biz də...

Bir şair dostu da olmadı anamın
Yazsın bizim poemamızı
Yazsın bizim dərdlərimizi
Heç kimsəni bəyənmədi anam
Heç kimsəni...
Yalnız atamdan başqa
O da ki, cansız
O da ki, adamsız
Odur ki, solğunuq biz
Odur ki, cürətimiz yox
Odur ki...
Bəli, dostum,
Silkələn xiyabanlarda
Qoy saçların yellənsin
Sərinlət küçələri
Qaz ver arabana
Dağıt bu şəhəri
Sənə nə var ki
Sənin anan polis
Sənin anan qanun
Sənin anan para
Para
Para
Oğlan para

***

Məni yuxularında da görmə
Dodaqların uçuqlayar birdən
Qorxarsan
Məni özümdən tez doğmuşlar
İnandığım saatlara vaxt çoxdur
Adıma yazdığın saatları dəftərindən aç
Saçlarına yapışdırdığım qızılgülləri də aç
Aç gözlərini
Qulaqlarına oxuduğum şeirləri poza bilərsən
Poz barmağındakı üzüyə qazdırdığın (M) hərfini
Kimliyini hamamda islat pozulum səndən
Sən məni sevməsən də olar
Məni yuxularında da görmə
Sənin qapıların gün çıxana açılırlar
Mənə gələn yolların üzü günbatanadır
Ayaqlarındakı qabları üzdən salma
ətəyindəki daşları qapınıza boşalt
boşalt vəbalini meydan çayına
boşal
boşan
mənim saatlarım özümün deyil
ciblərimə baxarsan
baxma
qorxarsan
Dodaqların uçuqlayar birdən
Məni yuxularında da görmə
Kart çək bu qələbəlik şəhərin avtobuslarına
Uzaq duraqlarda enərsən
Sən öz tüpürcəyiynən yaşamaq nədir, bilmirsən?
Qoşulma mənə
Ölərsən

***

Sən evlənə bilməzsən Çalğın
Gözləri soyuq cənazeydir dəniz rəngində
Saçları gün bozartmış asfalt
Yanaqlarında günəş yayılmışdır
Dodaqlarında dalğa
Qadınlığı unudub oturmuşdu böyrümdə
Sağ əlində hövüşnə
Sol əlində sevgi
Üzümə dedi bu sözləri parkda
Xına gözlü qız
Sən evlənə bilməzsən Çalğın
Sənin atan
Qaşqabağına baxarsan qarğa rəngində
Anan
Göz yaşlarımın iyini verir
Qardaşların
Təşərliglindən əylənməyən manekenlər
Masğaran bəyləridir yoldaşların
Sən evlənə bilməzsən Çalğın
Çünki sən
Ölçə bilmirsən dərdi toxtaqlığınla
Sevgini barmaqlarınla ölçə bilmirsən
Etirafdır sevgi
Səni sevirəm
Qızarır üfüq
Səni sevirəm
Buludlar kişnəşirlər
Səni sevirəm
Ağaclar gül açırlar
Səni sevirəm
Sən məni sevmirsən
Sən evlənə bilməzsən Çalğın

***

Getdin
Hər şeydən üzüldüm
şərab da içmirəm daha
nəşəni də buraxdım
Sən mənı buraxan kimi

Getdin
əllərin, gözlərin buralardadır
Səsin qulaqlarımdan yayınmır bir an
Səsin hövüşnə salır içərimə
Səsin qəmə
Səsin bütün səsləri kəsir
Səsini eşitcək ürəyim əsir

Getdin
O qədər işsiz qaldım ki
əllərim qabar çaldı

Getdin
Çörəyimi yeyənlər adıma şüar yazdılar divarlarda
mənə şər yapdılar gündə
hələ faşist də dedilər
ağa-bəy kafesində

Getdin
Gecələr ayaqlarım od verir
Gündüzlər özümü sərinlədirəm küçənizdə
İçərim hövüşnədən düşsün
Gəzirəm dörd daşlarda taxçalarda
Yeni dostlar da qazanmışam buralarda
Tula seyfi
yaltaq əziz
papaq məmməd
nə bilim...
o qədərdi ki
hamısı qaçqın
hamısı atılmış
hamısı qurddu
hamısı quzu
bir-ikisini çıx
hamısı yazıq

Getdin
Nə vodka içib küçənizdə vurnuxuram
Nə də pəncərənizdən işıq salıram
cib telefonumu da dəyişdirmişəm… Surəyya
bütün nömrələrim fahişələrdir
bütün mesajlarım bağ qabağıdır
qara çuxamında südünü qaçırdıblar bismillahsız toxumlar
nə toyuqlarım qoşa yumurtlayır
nə borclarım azalır qara bankdan
nə də sən yuxuma gəlirsən

Getdin
gecələrə kibrit çəkirəm bu yerlərdə
gecələri partladıram küçələrdə
bu gecədə od yandırmışam sənin adına
külünü axıdacam bu çaya
Acı çayının qırağındayam indi
Acı çayı səndən şirindi
yalanlarından şirindir Acı çayı
insan nə acıdır öz maskasında
insan nə yalqızdır içərisində
məni yalqızlığım dikəldir
məni gözlərim dağıtdı şəhərə
ürəyimin güdazına getdi kürəyim
hələ də göynəyir ürəyim
hələ də...

Getdin
getməsəydin,
mən adam olmazdım

Tarix
2015.06.24 / 09:41
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla