Axar.az-ın "Xatirə dəftəri" layihəsinin budəfəki qonağı
tanınmış yazar və tərcüməçi İmir Məmmədlidir.
Balıq suda darıxmaz
- İmir müəllim, əvvəlcə ondan başlayaq ki, İctimai
Televiziyadakı işiniz yaradıcılığınıza necə təsir göstərir: müsbət,
yoxsa mənfi?
- Əlbəttə, müsbət. Radionun Ədəbiyyat və incəsənət xerilişləri
departamentinə başçılıq edirəm. Həmin departamentin xüsusiyyəti isə
elədir ki, işimiz yalnız ədəbiyyat və incəsənət sahəsində çalışan
adamlarla olur, yəni bilavasitə mənim həmkarlarımla. Bu isə onlarla
gündəlik ünsiyyətdə olmaq deməkdir. Bir yazıçıya bundan başqa nə
lazımdır? Verilişlərə dəvət etdiyimiz şair, nasir, rejissor və
aktyorlarla mütəmadi olaraq görüşürük və həmin sahələrdəki
yeniliklər barədə danışaraq fikir mübadiləsi aparırıq.
- Demək istəyirəm ki, radio və TV vaxtınızı alıb, bəzən
sizin yaradıcılığınızı arxa plana salmır ki?
- Elə radioda gördüyümüz işin özü də, efirə
verdiyimiz verilişlər də yaradıcılıqdır, ələlxüsus da nəzərə alsaq
ki, söhbət ədəbiyyat və incəsənət aləmindən gedir. Məlum məsələdir
ki, balıq suda darıxmaz, sudan ayrı isə yaşaya bilməz. Bədii
yaradıcılığımla şəxsi həyatımdan vaxt ayırıb məşğul oluram. Təki
oxunmalı mövzu olsun, onu yazmağa vaxt tapılar.
- İmir müəllim, siz həm də tərcüməçisiniz. Çoxlu sayda
bədii əsərlər və eyni zamanda siyasi mətnlər tərcümə edibsiniz,
hansına daha çox ürəklə başlamısınız?
- Əsərin üzərində işlədiyim zaman hər iki növ
tərcüməyə ürəklə başlamışam. Əsərə münasibətimdən asılı olmayaraq,
istəmişəm, əlimdən çıxan iş təmiz çıxsın. Bir şeyin ki altında
mənim imzam olacaq, istər orijinal əsərim olsun, istər tərcümə –
niyə də təmiz olmasın?
Gürcülər özləri barədə yüksək fikirdədir
- Azərbaycan-Gürcüstan arasında müxtəlif zamanlarda
müxtəlif münasibətlər yaşanıb. Çox vaxt, elə indinin özündə də
gürcülər özlərini azərbaycanlılardan yuxarıda tutmağa cəhd edib.
Siz dövlət məmuru olmusunuz. Necə mübarizə aparırdınız, yaxud
münasibətləri qurmaq üçün nə işlər görürdünüz?
- Sözün düzü, gürcülərin özlərini bizdən
yuxarıda aparmağa cəhd etdiklərini açıq şəkildə hiss etməmişəm.
Ümumiyyətlə, belə götürəndə gürcü xalqı özü barədə yüksək fikirdə
olan xalqlardandır. Güman ki, bu, nəyəsə əsaslanır. Mən deyə
bilmərəm, bəlkə də bu onların qədim dövlətçilik ənənələrini milli
şüur səviyyəsində dərk etmələrindən qaynaqlanır, bəlkə də monolit
bir millət kimi özünüdərkdən irəli gəlir, bəlkə də başqa əsas var.
Bütün hallarda bu xalq öz soyu barədə yüksək fikirdədir və ona
böyük rəğbət hissi bəsləyir. Biz onlara deyə bilmərik ki, özünüz
barədə belə fikirdə olmayın. Biz də yuxarıdan baxa bilərik, yeri
gələndə baxırıq da. Bu hüququ heç kəs heç kəsin əlindən ala bilməz.
Konkret bizə olan münasibətə gəldikdə isə deməliyəm ki, biz qonşu
xalqıq, vahid region təmsilçiləri olaraq bir-birimizə lazımıq,
xüsusən də yaranmış vəziyyətdə. Bizim orada çoxlu dostlarımız var,
onların da burda. Qarşılıqlı münasibətdə bir-birimizin dilini,
mədəniyyətini bilmək də böyük rol oynayır. Düşünürəm ki,
Gürcüstanda yaşayan azərbaycanlı da, Azərbaycanda yaşayan gürcü də
yaşadığı və vətəndaşı olduğu dövlətin dilini bilməlidir. Hələ
vətəndaş borcunu demirəm, ilk növbədə özünə görə bilməlidir ki,
yaşadığı dövlətdə cərəyan edən bütün proseslərdən hali olsun;
bilməlidir ki, dövlət strukturlarında təmsil oluna bilsin. Əlbəttə,
həmin proses öz ana dilini unutmamaq şərti ilə baş verməlidir. Son
zamanlar, baxıram, Gürcüstandakı soydaşlarımız, xüsusən də yeni
nəsil dövlət dilində sərrast danışır. Bu isə öz növbəsində yeni
münasibətlərə, qarşılıqlı anlaşmalara və yeni-yeni dostluq
tellərinin yaranmasına gətirib çıxaracaq, ən azından, insan öz adi
vətəndaş hüququnu təmin etməkdə çətinlik çəkməyəcək.
- Siz Eduard Şevardnadze ilə...
- Mən Şevardnadzenin aparatında işlədiyim illərdə çalışırdıq ki,
yeni şəraitdə yeni münasibətlər düzgün qurulsun. Bu barədə çox
danışmaq olar, amma qısaca olaraq deyim ki, həmin dövrdə Gürcüstan
parlamentində başqa illərlə müqayisədə daha çox nümayəndə ilə
təmsil olunmuşduq, gürcü ziyalıları ilə müxtəlif xarakterli
görüşlər keçirirdik, Tiflis Dövlət Filarmoniyasında, nüfuzlu
teatrların zallarında və həmin dövrdə fəaliyyətə başlayan
Azərbaycan Mədəniyyət Mərkəzində mütəmadi olaraq Bakıdan gələn
məşhur sənətkarların, şair və yazıçıların iştirakı ilə Azərbaycan
klassiklərinin yubileylərini, mədəniyyət günlərini və müxtəlif
səpkili görüşlərini təşkil edirdik. Belə tədbirlərin bəzilərində
Gürcüstanın o zamankı prezidenti Eduard Şevardnadze və Gürcüstan
hökumətinin, parlamentinin yüksək vəzifəli şəxsləri də iştirak
edirdilər. Bir dəfə belə tədbirlərin birində mən Şevardnadzedən
iştirak etməsini xahiş edəndə, dedi, mütləq gələcəyəm, bu, sənin
soydaşlarının özlərini müstəqil Gürcüstanın tam səlahiyyətli
vətəndaş kimi dərk etmələrinə lazımdır. Həmin tədbirə gəldi də,
iştirak etdi də, hətta çıxış edib tədbir iştirakçılarını salamladı
da. Təsəvvür edin ki, Eduard Şevardnadze istefaya getdikdən sonra
da biz onu tədbirlərimizə dəvət edirdik, o da dəvətimizi böyük
məmnuniyyət hissi ilə qəbul edirdi. Yeri gəlmişkən deyim ki,
Şevardnadze istefaya gedəndən sonra da mən onunla əlaqələrimi
kəsmədim. Bakıya gələndə də onun xeyir-duasını alıb gəldim. Bura
gələndən sonra da bayramlarda zəng edib təbrik edərdim. 80
illiyində yenə telefon açıb təbrik eləmək istəyəndə, dedi, belə bir
günümdə səni burada – yanımda görmək istəyirəm. Təbii ki, mən
gedib, onu öz evində təbrik etdim. Tədbirdə gördüm ki, özünə dost
bildiyi yazıçıları, incəsənət xadimlərini dəvət edib. O tədbirdə
həm köhnə iqtidardan, həm də təzə iqtidardan nümayəndələr iştirak
edirdi.
Şevardnadze Heydər Əliyevi siyasət
aləmində...
- Siyasi cəhətdən yüklü olsa da, soruşmaq istəyirəm,
Şevardnadze daha çox azərbaycanlıların dostu idi, yoxsa
Saakaşvili?
- Əvvəla oradan başlayaq ki, Şevardnadze ulu öndər Heydər
Əliyevin yaxın dostu və silahdaşı idi. Bu da biz azərbaycanlılara
münasibətdə çox şeyi əvvəlcədən müəyyən edirdi. Şevardnadze söhbət
zamanı dəfələrlə vurğulayıb ki, Heydər Əliyevi siyasət aləmində
özünə örnək bilib. O deyərdi, çətin anlarımda həmişə Heydər
Əliyevdən məsləhət alardım. Mənə belə gəlir ki, bu iki böyük
şəxsiyyətin qarşılıqlı münasibəti və Şevardnadzenin ulu öndərə olan
rəğbəti, Şevardnadzenin bütün azərbaycanlılara münasibətinin
formalaşmasında son dərəcə böyük rol oynamışdı. Saakaşvilinin bizə
münasibəti barədə bir şey deyə bilmərəm, təəssüf ki, mən onun
dövrünü yaxşı tanımıram, çünki Şevardnadze qədər yaxından müşahidə
etməmişəm. Bu iki gürcü prezidentini şəxsi münasibətlərdən kənar,
qlobal miqyasda nəzərdən keçirsək, güman ki, deməliyik, həm
Şevardnadze, həm də Saakaşvili Gürcüstana, Gürcüstanın siyasi ana
xəttinə daha dost idi.
- Söz-söhbət gəzir, təsdiqini tapmış olaylar da baş
verib ki, Heydər Əliyevə qarşı sui-qəsd planları olub və planların
zərərsizləşdirilməsini siz də müşahidə etmisiniz. Əgər mümkünsə,
belə hadisələrdən bir neçəsini nəql edərdiniz.
- İnanın, bu barədə mənim məlumatım çox
azdır.
- Gürcü-Azərbaycan ədəbi əlaqələrinin intensiv olması
üçün hansı tərəfin istəyi daha çoxdur?
- Mənə elə gəlir ki, hər iki tərəfin istəyi
çoxdur. Ədəbi əlaqələrin inkişafında əsasən müəlliflər maraqlı
olurlar. Təbii, müəllif istəyir, onun əsəri başqa dillərdə də
çıxsın. Gürcüstanda ikinci ildir ki, gürcü kitabının təbliğinə
dəstək mərkəzi fəaliyyət göstərir. Həmin mərkəz ayrı-ayrı ölkələrdə
gürcü ədəbiyyatının tərcümə edilməsinə və təbliğatına maddi dəstək
verir. Mən biləni, bu işə azərbaycanlı mütərcimlər və nəşriyyatlar
da qoşulub, gürcü tərəfi milli ədəbiyyatı təbliğ etmək üçün
bizimkilərə də sifarış verir. Bu da heç şübhəsiz, onun
göstəricisidir ki, onlar ədəbi əlaqələrimizin intensivləşməsində
maraqlıdır. Aksiomadır ki, istənilən millət özünü başqa millətə
tanıtmaq istəyirsə, ilk növbədə öz ədəbiyyatı ilə, intellektinin
məhsulu ilə tanıda bilər.
Türkdilli millətlərin
içərisində ən savadlısı bizik
- Hazırda kimləri tərcümə
edirsiniz və bu tərcümələr sizin öz seçiminizdir, yoxsa qarşı
tərəfin sizə müraciətidir?
- Son zamanlar tərcümə işi ilə çox nadir hallarda məşğul oluram.
Bu da vaxt qıtlığındandır. Tərcümə ağır zəhmət tələb edən və çox
vaxt aparan məşğuliyyətdir. Hərdən gözəl əsərlə rastlaşıram,
istəyirəm tərcümə edim, amma macal tapmıram. Sualınızın ikinci
hissəsinə gəldikdə isə deyim ki, öz istəyimlə də tərcümə etmişəm,
qarşı tərəfin müraciəti ilə də. Məsələn, Azərbaycan şairlərindən
Nüsrət Kəsəmənlinin, Vaqif Səmədoğlunun kitablarını öz istəyimlə
tərcümə etmişəm, istəmişəm gürcü oxucusu oxusun, müasir şeirin
bizdəki səviyyəsini görsün. Doğrudan da, nəticədə gürcü
tənqidçilərinin gözəl əks-sədasının şahidi olmuşam. Yeri gəlmişkən,
Yunis Əmrənin kitabını da, gürcü oxucusuna türk poetik düşüncəsinin
fəlsəfi alt qatlarını təqdim etmək niyyəti ilə oradakı ədəbi aləmə
bir ərməğan olaraq öz istəyimlə təqdim etmişəm.
Gürcü ədəbiyyatının parlaq klassiki Şota Rustavelinin "Pələng
dərisi geymiş pəhləvan" poemasını bilavasitə orijinaldan Azərbaycan
dilinə dövlət sifarişi ilə tərcümə etmişəm. Həmin əsərin
orijinaldan tərcüməsi Heydər Əliyevin təşəbbüsü və Azərbaycan
Mədəniyyət Nazirliyinin Dövlət sifarişi ilə baş tutdu. Sözügedən
poema mənim tərcüməmə qədər dilimizə iki dəfə – əvvəlcə Əhməd
Cavad, daha sonra Səməd Vurğun, Süleyman Rüstəm və Məmməd Rahim
üçlüyü tərəfindən tərcümə edilmişdi. Amma hər iki tərcümə üçüncü
dil – rus dili vasitəsi ilə gerçəkləşmişdi. Belə hallarda
orijinaldan tərcüməyə həmişə ehtiyac qalır. Həm də hər iki tərcümə
sovet dönəmində olduğu üçün sovet ideologiyasına uyğun olaraq
orijinaldakı Novruz bayramı, islam dini ilə əlaqəli yerlər rus
tərcümə variantına uyğun olaraq ixtisar edilmişdi. Yeni tərcümədə
bunlar öz əksini tapdı. Ruslar orijinala daha da yaxınlaşmaq
məqsədi ilə həmin əsəri dörd dəfə, fransızlarsa üç dəfə tərcümə
ediblər. Belə ki, bizim dilimizə də orijinaldan tərcüməyə ehtiyac
duyulduğu üçün üçüncü dəfə tərcüməyə rəvac verildi.
- İmir müəllim, bəs tərcümə ilə dolanışıq qurmaq
mümkünmü?
- Söz bazarının hüdudlarını və imkanlarını hər şeydən öncə
kütləvi savad səviyyəsi ilə yanaşı, həm də əhalinin sayı
müəyyənləşdirir, çünki oxucunun sayı əhalinin ümumi sayi ilə sıx
əlaqədədir. Bəlkə də türkdilli millətlərin içərisində ən savadlısı
bizik, ancaq əhalimizin sayı o qədər deyil ki, burada tərcüməçini
və yaxud yazıçını dolandıracaq kitab bazarı formalaşsın.
İnkar etmək olmaz
ki...
- İmir müəllim, ədəbi fəaliyyətlə, bədii əsər yazmaqla
Gürcüstanda yaşayan azərbaycanlıların gününə yanmaq, qeydinə qalmaq
olurmu? Yoxsa siyasət mənəviyyatı yaxın buraxmır.
- Məncə, bədii ədəbiyyatın işi belə şeylərin
fövqündədir. Ədəbiyyat insan ruhunun xidmətində olmalı, onun
fasiləsiz formalaşmasının qeydinə qalmalıdır. Buna başqa cür "sənət
sənət üçündür" də deyirlər. Mən "ədəbiyyat əbədiyyət üçün", -
deyərdim. Bədii ədəbiyyat həm də millətin intellektual simasıdır.
Siz dediyiniz məsələ, zənnimcə, başqa sahələrə aiddir. Bununla
aidiyyəti olan qurumlar məşğul olmalıdırlar və olurlar da. Sivil
səviyyədə bu belə olmalıdır. Digər tərəfdən də ədəbiyyat özü də
gözəl təbliğat növüdür, inkar etmək olmaz ki, siz nəzərdə
tutduğunuz ruhda yazılan ədəbi nümunələr də var. Müəllifin belə
hallarda üz tutduğu obyektə nə dərəcədə təsir edib-etmədiyi onun
sözünün qüdrətindən, səmimiyyətindən və oxucunun ona inamından
asılıdır. Ancaq millətlərarası münasibətlərə aid belə xarakterli
əsər yazanda, düşünürəm ki, çox ehtiyatlı olmaq lazımdır. Necə
deyərlər, qaş düzəltdiyin yerdə vurub gözünü tökə bilərsən. Yəni
camaat öz günü-güzəranı ilə məşğul olduğu bir vaxtda, istənilən
xalqın içində mürgü döyən hansısa millətçi qüvvələri qeyri-ixtiyari
olaraq qıcıqlandırıb onların üstünə qaldıra bilərsən. Hazırda milli
məsələləri tənzimləməyə bilavasitə məsul olan dövlət qurumları var,
məncə, sivil münasibət olan yerdə məsələni onların öhdəsinə
buraxmalısan. Bədii ədəbiyyat isə ədəbiyyatın olduqca qəliz
məsələləri ilə məşğul olsa, daha böyük nailiyyətlər əldə edə
bilər.