1994-1999-cu illərdə Azərbaycanın maliyyə naziri olan
Fikrət Yusifovla onun "Xatirə dəftəri"ni vərəqləyirik:
- Fikrət bəy, ömür keçir, baxmayaraq ki, yaşınız o qədər
də çox deyil, amma həyat yolunuz heç də asan olmayıb. Yəqin ki,
geriyə baxdığnız, keçdiyiniz ömür yoluna nəzər saldığınız anlar çox
olur. Xatirinizə daha çox nə gəlir?
- Keçmişini unudanın gələcəyi olmur, deyirlər. Həyat göstərir
ki, bu, çox doğru bir deyimdir. İnsan keçmişini unudursa, deməli,
gələcəyə haradasa gözübağlı gedir. Belə gedişin də axırı bir qayda
olaraq uçrumla yekunlaşır. Deyirlər, Zeynalabdin Tağıyev milyonlara
sahib olduqdan sonra keçmişdə fəhlə işləyərkən geyindiyi
çarıqlarını evinin girəcəyində, hər an gözə dəyə biləcək bir yerdən
asdırıbmış. O, bunu onun üçün etdiribmiş ki, birdən çaşar, keçmişi
yadından müvəqqəti də olsa çıxa bilər. Nə qədər böyük bir
müdriklik…
- Bəs, sizin gözünüzün qabağından asacağınız nəsə
var?
- Sadə müəllim ailəsində böyümüşəm, sonradan özüm də müəllim
olmuşam. Gözümün qabağında həyatda hər bir məsələdə dəqiq və
obyektiv, doğru və düzgün olmaq kimi dəyərləri mənə aşılayan 50 il
orta məktəbdə riyaziyyat müəllimi çalışmış atamın nümunəsi var.
Sonra isə məni nazir kimi yetişdirən dahi Heydər Əliyevin nümunəsi.
Mən hər gün bu nümunələrə baxıb düzlənirəm.
- O zaman sizin "xatirə dəftəri"nizin H. Əliyevlə bağlı
səhifəsini vərəqləyək; ilk tanışlıq və onda sizə qarşı yaranmış bu
etibarın mənbəyini bölüşək.
- Heydər Əliyev kimi bir dahinin yanında keçdiyim məktəb mənim
üçün dünyanın ən mötəbər məktəbi idi. Bəzən onunla saatlarla söhbət
etmək nəsibim olub. O, dahi idi. Təssüf ki, mən bu dahiliyi olduğu
qədər əks etdirə biləcək sözləri nə ana dilimizdə, nə də başqa bir
dildə bilirəm. Onunla bağlı xatirələrim isə bir kitaba sığışan
qədərdir. Mənim Heydər Əliyevlə ilk görüşüm 1990-cı ilin
sentyabrında Naxçıvanda olub. O vaxt Azərbaycan Xalq Təsərrüfatı
İnstitutunda müəllim işləyirdim. Ən böyük arzularımdan biri Heydər
Əliyevi görmək idi. Bu istək də həmin vaxt məni Naxçıvana apardı.
Bir saata qədər söhbət zamanı mən sanki sehirli bir aləmə düşmüş
kimi idim. Özü də Mən Naxçıvana 91-lərdən öncə getmişəm. Heydər
Əliyev Bakıya gələndə artıq mən maliyyə nazirinin birinci müavini
vəzifəsində çalışırdım.
- Bəs bu gedişə qədər Heydər Əliyevlə hər hansı bir
ünsiyyətiniz olmuşdumu?
- Xeyr, bu, birinci təmasım idi o dahi insanla. Mən Naxçıvana da
məhz bunun üçün getmişdim.
- Təyinatınızda kimin rolu olmuşdu?
- Təyinatımda heç kimin rolu olmadı desəm, yanılmaram. Ulu öndər
məni həmin vəzifəyə təyin edəndə dedi ki, sənin yaxşı mütəxəssis,
prinsipial idarəçi olmağın barədə mənə çox adam deyib, ancaq
biməlisən ki, sənin təyinatında bu deyimlərin heç bir rolu yoxdur.
Səni bu vəzifəyə təyin etmək barədə qərarı mən özüm qəbul etdim.
Düz 8 aydır ki, necə ürəklə çalışdığını görürəm. Həmən 8 ayda mən
maliyyə nazirinin birinci müavini qismində nazirin səlahiyyətlərini
icra edirdim. Bu 8 ayda Heydər Əliyevin rəhbərliyi altında ölkənin
bank-maliyyə sistemində bir çox ciddi məsələlər öz həllini
tapmışdı.
- Siz nazirin birincı müavini təyin olunanda o zaman
hakimiyyətdə başqa qüvvələr idi. Siz siyasi arenanıza, yoxsa
maliyəçi kimi ümüd verə biləcəyinizə görə birinci müavin
oldunuz?
- Mən heç vaxt heç bir partiyanın üzvü olmamışam, o cümlədən də
Xalq Cəbhəsinin. Məni nazirin birinci müavini vəzifəsinə Cəbhə
hakimiyyəti dövründə Maliyyə naziri təyin olunmuş Saleh Məmmədov
dəvət etdi. Mən bu təyinata qədər 8 il Maliyyə Nazirliyinin Baş
Büdcə idarəsində iqtisadçıdan şöbə müdirliyinə qədər yol keçmiş,
dəfələrlə SSRİ Maliyyə Nazirliyində Azərbaycanın dövlət büdcəsinin
müdafiəsində iştirak etmişdim. Həm də Moskva şəhərində Azərbaycanda
yerli büdcələrin durumunu tədqiq edən namizədlik dissertasiyası
müdafiə etmişdim. Bu, Azərbaycanda büdcə üzrə ilk namizədlik
dissertasiyası idi. Düşünürəm ki, mənim həmən vəzifəyə dəvət
olunmağım üçün bütün bunlar rol oynamışdı.
- Siz ümummilli liderlə heç tanış da deyildiniz. Kim
vasitəçilik etdi görüşünüzə? Qəbul edilməmək qorxusu
vardımı?
- Naxçıvanda sinif yoldaşım olan bir adamdan xahiş etdim ki,
məni aparıb Heydər Əliyev qalan evi göstərsin. O vaxt Naxçıvanda
onun harada yaşadığını hər kəs bilirdi. Getdik və mən qapıda bizi
qarşılayan adama "Bakıdan Heydər Əliyevlə görüşmək üçün gəlmişəm,
xahiş edirəm, məlumat verin" dedim. Bizi qarşılayan adam içəri
daxil oldu və dərhal da çıxıb dedi ki, Əliyev dedi, gözləsin, qəbul
edəcəm. Bir saatdan sonra onun görüşü başa çatdı və dərhal da məni
içəri dəvət etdi.
- Və nə dediz? Niyə gəlmisiniz, məqsədiniz
nədir?
- Dedim, "Sizə olan sonsuz rəğbətim məni bura gətirdi. Mənim
həyatda ən böyük arzularımdan biri Sizi yaxından görmək idi, bu da
baş verdi". Mən bu şəxsiyyətin vurğunu idim və onu yaxından görmək
istəyirdim. Bunu da etdim.
- Fikrət bəy, sizin Heydər Əliyev siyasi kursuna
sədaqətli olmağınızla bağlı bir dönəm şübhələr
yayıldı…
- Mən sona qədər Ulu Öndərin kursuna sədaqətli oldum. Onun qoyub
getdiyi və bu gün də uğurla davam etdirilən həmən kursa indi də
eyni qaydada sədaqətliyəm. Bunu mənim ətrafımda olan hər kəs -
xüsusilə də vaxtıilə mənimlə birgə çalışmış və bu gün vəzifədə olan
adamlar çox yaxşı bilirlər. Bu, bir həqiqətdir. Vəzifədən getdiyim
illər ərzində dəfələrlə mətbuatdan olan müraciətlərə bir qayda
olaraq "yox" cavabı vermişəm. Mən ölkənin maliyyə naziri
işləmişdim. Yəqin ki, ölkədə baş verən bütün proseslərdən kifayət
qədər informasiyam var idi. Bunu bilən media mənsubları bir neçə il
məni təqib etdilər. Ancaq bunun heç bir nəticəsi olmadı. Hətta
doktorluq dissertasiyası müdafiə etmək üçün getdiyim
Sankt-Peterburq şəhərinə belə dalımca gəldilər. Onların məqsədi
bəlli idi. Məndən hakimiyyətin ünvanına tənqidi fikirlər eşitmək
istəyində idilər. Ancaq bu, mümkün deyildi. Mən tənqidi vəzifədə
çalışanda edirdim. Hər kəsin nöqsan və çatışmazlığını açıb olduğu
kimi prezidentə deyirdim. Buna görə də komandada hər kəsin məni
sevə bilməsi mümkün deyildi.
- Belə olanda, çox maraqlı bir sual çıxır ortaya:
vəzifədən niyə çıxarıldınız?
- Vəzifədən getməyimin səbəbi emosiyaları bir qədər cilovlaya
bilməməyim və orduda Səfər Əbiyevin nazir olduğu dövrdə baş verən
maliyyə pozuntularına mətbuat səhifələrində münasibət bildirməyim
oldu. Bunu mətbuat səhifələrindən etmək olmazdı. O dövrdə vəsait
çatışmazlığı üzündən büdcədə böyük gərginliklər var idi. Neftin bir
barreli üçün qiymətlər 16-18 dollar həddində idi. Hətta bir gün bu
qiymətlər 8 dollara qədər endi. Ölkənin maliyyə naziri kimi bu
gərginliyin hamısını mən çiyinlərimdə daşıyırdım. Lakin bu
gərginlik mənə əsas vermirdi ki, Müdafiə Nazirliyindəki maliyyə
pozuntuları barəsində mətbuat səhifələrində danışım. Bax bu, səhv
idi və mən onun bədəlini vəzifədən kənarlaşdırılmaqla ödədim.
Dövlətin elə məsələləri var ki, dövlət məmurunun onları mətbuat
səhifələrində müzakirə etməyə ixtiyarı yoxdur.
- Heç olubmu ki, özünüzü nədəsə günahkar hesab
edəsiz?
- Günahımı dedim və səmimi etiraf etdim. Səhv etmək xəyanət
etmək demək deyil. İnsanıq, həyatda haradasa, nədəsə səhvlərə yol
verə bilirik. Səhvsiz yalnız Allahdır. Əsas olan odur ki, etdiyin
səhvi sonradan səmimi etiraf etməyi bacarasan və onu bir daha
təkrarlamamaq üçün əlindən gələni edəsən…