"İndiki gənclər Üzeyir Mehdizadələrə, cinsi məlum
olmayan qız-oğlan müğənnilərə qulaq asır. Bu, faciədir, bu,
Azərbaycan sənətinin, milli musiqimizin faciəsidir..."
Onunla söhbətimiz şəhərdən xeyli kənarda, Mərdəkandakı bağ
evində baş tutdu. Söhbət hər kəsdən kənara çəkilib öz dili ilə
desək, "adi, sakit və kasıb" bir həyat yaşayan və bütün bunların
fonunda doğru bildiklərini deməkdən heç vaxt çəkinməyən və buna
görə də adı qalmaqallı müğənni kimi hallanan Əli Mirəliyevdən
gedir...
- Böyük şairimiz Sabir yerində deyib:
Millət necə tarac olsun, nə işim
var?
Düşmənlərə möhtac olur olsun, nə işim
var?!
Qoy mən tox olum özgələr ilə nədir
karım,
Dünyavü cahan ac olur olsun, nə işim
var?!
Özümü tanıyandan, ətraf aləmi dərk edəndən və musiqiyə gələndən
bu haqda çox düşünürdüm. Həmişə öz-özümə fikirləşirdim ki, görəsən,
bunları deməkdə Sabirin məqsədi nədir, nəyi nəzərdə tutur və böyük
şairi cəmiyyətdən narazı salan nədir? İndi başa düşürəm ki, bu kişi
nə deyirmiş. Qorxaqlıq, yaltaqlıq, tərif bizim canımıza, qanımıza
hopub. Bu biganəlik də, məndən ötdü qardaşıma dəydi prinsipi də
bizi gətirib bu vəziyyətə çıxarıb. Elə bunun nəticəsidir ki, indi
Faiq Ağayevlər, Səməd Səmədovlar və bulvar müğənniləri meydan
sulayır. Cinsi bilinməyən müğənnilər 2 ildir toya gedirlər, bahalı
maşınlar sürürlər, bahalı villalarda yaşayırlar. Onlar Azərbaycan
musiqisini, Üzeyir bəyin bizə miras qoyduğu musiqini kor qoyublar.
İndiki gənclər qız-oğlan müğənnilərə qulaq asır. Bu, faciədir, bu,
Azərbaycan sənətinin, milli musiqimizin faciəsidir...
- Ancaq tək gənclər yox, bütövlükdə cəmiyyətin böyük
əksəriyyəti, böyük ictimai kəsim sizin tənqid etdiklərinizə qulaq
asır...
- Bunun kökündə duran televiziyalardır, telekanalların üzərində
ictimai nəzarətin olmamasıdır. Bu gün Azərbaycanın efir məkanını
Səməd Səmədov kimi savadsızlar, musiqidən xəbəri olmayan insanlar
zəbt edib. Aparıcı Səməd Səmədova sual verir ki, müəllim, siz
bilirsinizmi "Koroğlu" üverturasını kim yazıb? Heç bir cavab verə
bilmir, dayanıb aparıcının üzünə baxır. Bu adam deyir, mən rus
dilində oxumuşam. Bunu bilməyən Xalq artisti bu gün efirdə meydan
sulayırsa, o zaman musiqimizin bu vəziyyətdə olması təbiidir. Bizim
prezidentimiz də rusdillidir də. Bəs o niyə bilir Azərbaycan
dilini, niyə tanıyır Nizamini, Füzulini, Üzeyir Hacıbəyovu? Çünki o
oxuyub, maraqlanır, onun öz xalqına da, onun musiqisinə də,
ədəbiyyatına da hörməti, sevgisi var. Səməd Səmədov kimilərin isə
bu xalqa, onun musiqisinə heç bir sevgisi yoxdur. Onların işi
saçlarını rəngləməkdən, darbalaq şalvar geyməkdən ibarətdir.
Baxıram, məndən yaşlıdır, amma saçları qapqaradır. Ayıbdır vallah.
Kişi saçını qaraltmaz, kişi qadın kimi geyinməz. Belə insanların bu
xalqa hansı sevgisi ola bilər? Toylarda erməni mahnıları oxuyan
Səməd Səmədovun bu xalqın sənətinə, onun musiqisinə hansı sevgisi
ola bilər?
- Erməni mahnısını Səməd Səmədov oxuyur?
- Bəli, bəli! Səməd Səmədov, Üzeyir Mehdizadə kimilər Azərbaycan
musiqisinin anasını ağladır! Bu gün bu tiplər ona görə əmələ
gəliblər ki, bizim telekanallar Üzeyir Hacıbəylinin üstündən xətt
çəkib Üzeyirlərə, Səmədlərə meydan veriblər. "Zəngimcell"ərin
birində Akif İslamzadənin, Hüseynağa Hadıyevin, Şövkət
Ələkbərovanın mahnıları yoxdur. Hamısının da kökündə duran
telekanallardır. Telekanallar mənəviyyatımızı, adət-ənənələrimizi
kor qoyub! Bu gün kişilər telekanallarda yanını burcuda-burcuda
oxuyur. Bu, artıq faciədir. Mən də buna görə dözə bilmirəm, buna
görə danışıram. Əvvəllər belə biabırçılıqlar yox idi, çünki bədii
şura var idi. Cahangir Cahangirov, Səid Rüstəmov, Gülağa Məmmədov,
Şövkət Ələkbərova və digər ziyalılarımız təyin edirdilər ki, efirə
kim çıxa bilər. Onda Elza Seyidcahan kimilər özfəaliyyət ifaçısı
sayılırdı. Amma bu gün telekanallar çoxdur. Hansı müğənninin bir
telekanalda işi alınmırsa, pul ilə, deputat, məmur tanışının
köməyilə o birinə çıxır. Bunun da kökündə sevgisizlik dayanır -
sənətə, musiqiyə olan sevgisizlik.
- Bəlkə burada daha çox istedad öz sözünü
deyir?
- Təbii istedadın da rolu böyükdür. Hər yerindən duran nə
bəstəkar, nə müğənni, nə də siyasətçi ola bilər. Heydər Əliyev
gələndə addımından hiss olunurdu ki, prezident gəlir. Allah kimini
şah, kimini isə nökər yaradır. Ancaq bədbəxtçilik ondadır ki, indi
hər yerindən duran müğənni olmağa çalışır. Özünü çölə qoyub
ora-burasını reklam etməklə efirə çıxır. Telekanallar da reytinq,
qalmaqal yaratmaq xətrinə belə insanlara meydan verir. Akif
İslamzadə, Əli Mirəliyev kimilər isə qalıblar arxa planda...
- Bəziləri deyirlər ki, Əli Mirəliyev toy tutmaq,
gündəmdə qalmaq xətrinə qalmaqal yaradır. Bu haqda nə deyə
bilərsiz?
- Toy tutmaq üçün səs-küy salanın evi bu vəziyyətdə olar?
(Gülümsünür, sonra isə bir qədər düşünür və əli ilə cırılıb
dağılmış divar kağızlarını göstərir.) Mən Gülarə Əliyevanın
yetirməsiyəm. Gülarə Əliyeva da prezidentimizin doğma xalasıdır,
Zərifə Əliyevanın bacısıdır. Mən o evdə, o ailənin içində
böyümüşəm. Gündəmdə qalmaq istəsəm, elə o məşhur ailənin adından
istifadə edərəm də. Daha niyə qalmaqal salıram? Ancaq heç vaxt o
insanların adından istifadə etməmişəm. Bir problemim də olanda özüm
çıxmışam vəziyyətdən. Mənim kişiliyim, şəxsiyyətim, mənliyim var.
Mən həyatda bu gün üçün yox, tarix üçün yaşayıram. Qoy gələcək
nəsillər desin ki, musiqimizdə Üzeyir Hacıbəyli, Akif İslamzadə,
Əli Mirəliyev kimi kişilər olub. Elə buna görə də heç kimə
yaltaqlanmadan adi həyat sürürəm. Yaltaqlansam, mənim də bahalı
maşınlarım, bahalı villalarım olardı. Ancaq yaltaqcasına yaşamaq,
pul üçün sənəti qurban vermək mənə yaraşmaz. Bu gün Akif İslamzadə
ilə Əli Mirəliyev sağdır. Adi insan kimi yaşayırıq, öləndə də adi
insan kimi öləcəyik, amma kişi kimi gedəcəyik bu həyatdan. Alçaq,
yaltaq müğənni kimi yox!
- Toylara gedirsiniz?
- Hərdən olur. Dost-tanış dəvət edəndə gedirəm.
- Bəzi müğənnilərimiz mətbuatda, internet saytlarında
toy qiymətlərini açıqlayırlar. Bu mənada sizdə vəziyyət
necədir?
- Mən heç kimə qiymət demirəm və heç vaxt da deməmişəm.
Verdikləri pulu da saymıram. Sovet vaxtı da belə edirdim, heç kimə
qiymət demirdim. Mənim üçün ayıbdır qiymət danışmaq, qiymət
oxumaq...
- Çingiz Aytmatovun belə bir sözü var, "Uşaqlığım mənim
vətənimdir". Sizin uşaqlıq vətəniniz "Sovetski"
sökülür...
- "Sovetski" mənim üçün çox əzizdir. Bu gün sökülən "Sovetski"
deyil, mənəm. Mənim uşaqlığım orda keçib. Düzdür, bir yandan
abadlıq işləri aparılır, amma bir yandan da baxanda görürsən ki,
"Sovetski" elə əyri damları, dar küçələri ilə gözəl idi. Bu gün
mənim uşaqlıq xatirəmi sökürlər. Sol tərəfini artıq söküb
dağıdıblar. Elə özümün də sol tərəfim gedib. "Sovetski" kimi mənim
də sağ tərəfim qalıb. O sağ tərəfi də söksələr, daha mən həyatda
qalmayacağam. Hərdən oralara gedəndə kövrəlirəm, gözlərim dolur.
Mənim uşaqlıq vətənim dağılıb. Biz orada elə gözəl, elə mehriban
yaşayırdıq ki... Uşaqlarla həyətdə oynamaq və daha nələr... O
dolanbac küçələr, əyri-üyrü damlar hamısı mənim gözümün
qabağındadır, lap uşaqlıq xatirəsi tək...
- Bir gün pərdələr qalxsa və Əli Mirəliyev Tanrı ilə
üz-üzə qalsa, ona verəcəyi ilk sual hansı olardı?
- Ondan soruşardım ki, ey Allahım, sən məni niyə yaratmısan?
Yaratmısan və niyə qol-qanadımı sındırmısan? Mən 45 ildir oxuyuram,
bu illər ərzində qaranlıq zülmətlə gedirəm. Mahnılarımda işıq olsa
da, həyatımda işıq yoxdur. Bu qədər əzab verəcəkdisə, yaxşı olardı
ki, heç məni yaratmayaydı. Elə şərəfsiz insanları yaradaydı, özləri
üçün yaşayaydılar... Çünki zalımların, şərəfsizlərin arasında
yaşamaq olmur. Bu mənim üçün çox ağırdır...