Gənc Tamaşaçılar Teatrının aktyoru, əməkdar artist Şövqi Hüseynovla həmsöhbət olmağı çoxdan planlaşdırsaq da, görüşümüz gec baş tutdu. Vaxt azlığı yaşayan sənətkarla axır ki, görüşə bildik.
Şövqi bəy Kult.az-ın teatrımızın dünəni, bu günü haqda verdiyi sualları cavablandırdı.
- Respublikanın əməkdar artistisiniz, necə düşünürsünüz, xalq artisti adını almaqda gecikmirsiniz ki?
- Mənim bu qəbildən olan diqqət və qayğı barədə heç bir şikayət və problemim yoxdur. Bu sualın cavabını axtarmağa sərf elədiyim vaxtı, daha çox məşq etməyə sərf etsəm, yaxşı olar. Mən teatra, sənətə təmənnasız xidmət etməyi daha üstün tuturam. Bir də ki, bu, mənim istəyim ilə həll edilən məsələ deyil.
- Həm teatrda çalışırsınız, həm də film çəkilişlərində olursunuz. Serialları da əlavə etsək, vaxtınızın azlığı qənaətinə gəlmək olar. Necə çatdırırsınız?
- Şikayətim yoxdur, çatdırıram. Desəm ki, kinoda, seriallarda çox oluram, bir qədər səmimiyyətdən uzaq olar. Axır vaxtlar o qədər də çəkilmirəm. Amma teatrda işlərim həddən artıq çoxdur. Bu, mənim üçün böyük zövqdür. Sənətlə, işlə bağlı vaxt qıtlığı yaradıcı adam üçün xoşbəxtlikdir. Təki lazımlı olaq, hamısına vaxt çatdırmayaq, təki sağlam olaq.
- Necə düşünürsünüz, teatra maraq azalmayıb ki? Tamaşaçı baxımından deyirəm.
- Teatr şou olmadığından ümumxalq marağından söhbət gedə bilməz. Teatrın həmişə xüsusi tamaşaçıları olub. Dünən də belə olub, bu gün də belədir, sabah da belə olacaq. Sadəcə, bir problem var: biz o tamaşaçıları teatrda qoruyub saxlaya bilirikmi? Onları teatrdan küsdürmürük ki? Mən belə düşünürəm: əgər tamaşaçı teatra gəlmirsə, bunun günahkarı aktyor və rejissordur. Bayaq dediyim o xüsusi tamaşaçı yaxşı tamaşaya mütləq gəlib baxacaq. İndi, Allaha şükür, aktyorların və rejissorların “teatrda, səhnədə şəraitimiz yoxdur” kimi müxtəlif səpkili bəhanələr gətirməyə dilləri gəlməz. Demək olar ki, bütün teatrlarda, təkcə paytaxtda deyil, regionlarda da yaradıcılıqla tam şəkildə məşğul olmaq üçün şərait var. Təkcə qalır işinə vicdanla yanaşıb, zəhmət çəkəsən. Zəhmət... zəhmət... zəhmət!!!
- Məlumdur ki, teatrlarımızda nəhəng, özləri bir məktəb olan aktyorlar var idi, təəssüf ki, çoxları dünyasını dəyişdi. Onların yerləri boş qalmayıb ki, yeni nəsil onları əvəz edə bilirmi?
- Azərbaycan teatr məkanında zaman-zaman, həmişə nəhəng, dahi aktyorlar olub və bu gün də var. Onlar elə bu gün də yeni nəsil üçün böyük məktəb olmalıdır və belədir də. Əlbəttə, dünyasını dəyişmiş sənətkarlarımız hər zaman xatırlanır, ehtiramla yad edilirlər. Yerlərinin boş qalmasına gəlincə isə məncə, elə onlar özləri istəməzdilər ki, yerləri boş qalsın, onlardan sonra hər şey dayansın. Mən buna əminəm. O sənətkarlar bizə çox yüksək sənət nümunələri, sənət səviyyəsi miras qoyub gediblər. Biz, əlbəttə, o sənəti daha da irəlilərə aparıb, müasir dünya teatrı anlamına uyğun inkişaf etdirib, yeni zirvələrə qaldırmalıyıq. Bu, necə deyərlər, bizim vəzifə borcumuzdur. Amma bunları etməyə gücümüz çatmırsa, dayanaq, bizə miras qoyulan yüksək sənətdən şəxsi malımız kimi istifadə etməyək. Belə olsa, məncə, yüksək inkişafdan da, yeni nəslin yetişməsindən də halallıqla danışa bilərik. Dünyalarını dəyişən böyük sənətkarlarımızın da ruhu şad olar.
- Şövqi bəy, bir neçə tamaşanızda olmuşam, deyim ki, ifanız ürəyimcə olub, hətta sizinlə həmyerli olduğuma görə qürur da duymuşam. Sualım belə olacaq: qazandığınız uğurlarda inadkarlığınızı, istedadınızı bir tərəfə qoyaq, daha kimin xidmətləri var?
- Əlbəttə ki, valideynlərimin, ustadlarımın, ailəmin, tərəf müqabillərimin, tamaşaçılarımın... bu siyahını uzada da bilərəm.
- Vaxtilə rejissor Cənnət xanımla daha çox işləyirdiniz, indi necə?
- Cənnət xanım mənim ustadımdır. Təhsilim bu gün də davam edir. Bu gün də bir yerdə çox işləyirik.
- Tanınmış aktyorlarımız teatrların tənəzzülündən bəhs edir, müsahibələr verirlər, bəs, sizcə?
- Hamısına böyük hörmətim var. Hər bir insanın fikrinə hörmətlə yanaşmaq bizim borcumuzdur. Ələlxüsus, tanınmış sənətkarların. Amma mənim də öz yanaşmam var. Teatrın tənəzzülü də, inkişafı da bizim fəaliyyətimizin nəticəsidir. Əgər tənəzzül varsa, günahı cəmiyyətdə, ətrafda axtarmaq lazım deyil.
- Daha çox Azdramda qarşıdurmanın, rəhbərliyin aktyorlarla dil tapa bilməməsindən bəhs olunur.
- Mən bu barədə heç danışmaq istəmirəm.
- Necə düşünürsünüz, teatrlarla işləyən dramaturqlarımızın təqdim etdiyi pyeslər yaxın keçmişdə, elə Sovetlər dönəmində yazılan, səhnələşdirilən dram əsərləri ilə ayaqlaşa bilirmi?
- Hər halda ayaqlaşa bilməyən əsərlər teatrlara qəbul olunmaz. Qəbul olunursa, o əsərlər üzərində aylarla zəhmət çəkilirsə, demək, ayaqlaşırlar.
- Deyilənə görə, o yazarlarımızın əsərləri səhnələşdirilir ki, müəllif sponsor rolunu oynayır həm də.
- Mənim belə bir məlumatım yoxdur. Mən teatrda aktyor kimi xidmətdəyəm.
- Şövqi Hüseynov Azərbaycan teatrında, kinosunda öz yerini təsdiqləyə bilibmi? Yoxsa axtarışlar hələ davam etməkdədir?
- Biz aktyorlar sonu, nöqtə qoyulacaq yeri olmayan yolun yolçularıyıq. İşim, axtarışlarda keçən xoşbəxt saatlarım hələ davam edir. Allah bu səadəti mənim əlimdən almasın. Aktyor sənət axtarışları bitən günə qədər yaşayır.
- Ənənəvi sual: Oynamadığınız, amma arzuladığınız rol olubmu və hansıdır?
- Mən özümü bəxti gətirən aktyorlardan hesab edirəm. Hələ ki, belə bir nisgilim yoxdur. Bir də ki, bu məsələ barədə, aktyorların növbəti, daha yüksək etapa keçmələri barədə aktyorlar özləri yox, rejissorlar düşünsələr, daha yaxşı olar. Çünki yalnız rejissorlar ən vacib məqamda bu məsələni çözə bilərlər.
- Teatrlarımızın vəziyyəti necədir? Niyə aktyorlarımızın əksəriyyəti səhnəni toyda tamada kimi iştiraka dəyişir? Aktyora əvvəllərdə olan diqqət, qayğı yoxdurmu?
- Bu, hər bir aktyorun öz seçiminə bağlı məsələdir.