Axar.az
Yuxarı

Hər şeyin kökündə həzz dayanır… - Alıoğlu Məleykə

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto

O, səhnə adamıdır. Pedaqoqdur, xanım əfəndidir. Haqqında xoş sözdən başqa heç nə demək olmaz. Onu uzaqdan, mavi ekranlardan, səhnədən tanımışam. Neçə dəfə bu qənaətə gəlmişəm ki, bu xanım ifa etdiyi şeirlərlə həmin şeirləri müəllifinə, şairinə sevdirib, şairin şair olaraq özünün özünə verdiyi qiymət onun ifasından sonra daha çox gerçəkləşib. Elə bu gerçəkləşmələrin fonunda, tanınmış, ünlü sənətçimiz Alıoğlu Məleykə ilə Axar.az-ın “Gerçəkləşməyən arzular” layihəsində həmsöhbət olduq. Səhnədən, ekrandan kənardakı Məleykə xanımla tanış olduq…

- Məleykə xanım, sizinlə “Gerçəkləşməyən arzular” layihəsində görüşürük. Deyin, arzular sizin üçün də qanadlı quşdur və çatmaq olmur?

- Uilyam Somerset Moem deyir ki, arzu həqiqətdən qaçmaq deyil, əksinə, ona yaxınlaşmaq üçün vasitədir. Arzu insanın həzz mənbəyidir. Yaşamaq üçün labüd olan hər şeyin kökündə həzz dayanır. Həzzin son mərhələsində insan ilahi qüvvənin varlığına inanır, onunla təmasa keçməklə ən böyük və əbədi həzzə nail olmağa can atır. Ona görə də insandakı qüvvələrin ilahi qüvvədən törədiyini diqtə edən Kabala müdrikliyi insana, qüvvələrin onda yaratdığı hissiyyatı anlamaq, bu hisləri daha da kamilləşdirmək fürsətini verir. Və düz dörd min ildir ki, “Kabala” adıyla “yalnış təxəyyüllərin və səhv şərhlərin sayəsində” insan özünün ən ümdə məqsədindən uzaq düşüb...

- Siz sənət adamısız, həm də pedaqoqsuz, İncəsənət Universitetində tələbələrə sənətin sirlərini öyrədirsiz. Siz özünüzü auditoriyada, yoxsa səhnədə rahat hiss edirsiz?

- Sənət həqiqəti anlamaqdır. Əsl həqiqət isə Tanrının özüdür. Demək sənət üçün Tanrı ilə ünsiyyət mühümdür. Bu ünsiyyətə fərqli prizmalardan yanaşsaq ortaya müxtəliflik çıxır. Demək sənətin görəvi müxtəliflikdən müxtəlif şeylər düzəltməkdir. Sənət həyatında bu meyara əsaslanmaq şərtdir.

Səhnə ilə ali məktəb auditoriyasının oxşar və fərqli özəllikləri var. Səhnədə özümü bir başqa, universitet auditoriyasında isə tam başqa hiss edirəm. Universitet auditoriyasında daha ürəkliyəm; suda balıq kimiyəm. Hər səhnəyə çıxanda isə elə bilirəm tamaşaçıyla ilk dəfədir görüşürəm.

- Bu illər ərzində müxtəlif səhnələrdə göründünüz. Deyin, nələri qazandınız, nələri itirdiniz, kimlər həyatınızın bir tərəfində rəngarənglik, yaxud yeknəsəqlik yaratdı?

-Tələbəlik illərindən efir ağuşuna aldı məni. Birdən-birə geniş tamaşaçı auditoriyası qarşısına çıxdım. Teatrda olsaydım bunun üçün bəlkə də illərə ehtiyacım olacaqdı. Amma mən teatrda olmaq, səhnədə insan xarakterlərini canlandırmaq istəyirdim. Atamın vaxtsız gedişi planlarımı alt-üst etdi. Universitet müəllimlərimin təkidi ilə ali məktəbə geri dönüşüm elmi-pedaqoji fəaliyyətimə yol açdı. Amma sənətlə bağlı xəyallarıma da xəyanət etmədim. O vaxtdan bu günə kimi yaradıcı və elmi-pedaqoji fəaliyyətimi bir arada tutmağa çalışıram.

Qatar, tələbə bileti, efir həyatı, fərqlənmə diplomu, iş həyatı, aspirantura, elmi dərəcə, pedaqoqluq... Və Sənət: Həyatımın ən parlaq rəngləri...

Ən böyük itkim torpaq itkisidir. Vaxtsız köçən atamın və qəribçilikdə uyuyan anamın itkisi belə bu itkinin fonunda kölgədə qaldı. Torpaq bir başqa nəsnədir... Qarabağ azadlığına, Azərbaycan bütövlüyünə qovuşmayınca ruhum rahatlıq tapmayacaq...

- Sizi daha çox bədii qiraətçi kimi görürük. Bu, ədəbiyyata, poeziyaya böyük maraqdan irəli gəlir?

- C.S.Tarançaya görə poeziya-şeir “sözlərlə gözəl şəkillər yaratmaq sənətidir”. Hər şeydən çox dəyər verdiyim yeganə nəsnə Sözdür. Söz qədər qiymətli zinət tanımadım bu dünyada. Sözü cilalamaq, inci kimi sapa düzmək zərgər işidir. Böyük Füzuli demişkən:

“Söz mənadan asılıdır, məna sözdən hər zaman,

Bir-birindən asılıdır necə ki, cism ilə can”

Uşaqlıqda anamın bədahətən söylədiyi ağız ədəbiyyatı nümunələri ruhi dünyamın cilalanmasına xidmət edib. Nədənsə mənə elə gəlir ki, “bədii qiraətçi” sözünün yerinə “söz adamı” ifadəsini işlətmək daha məqsədəuyğundur. Türkcə bu ifadənin çox gözəl açımı var: “Söz söyləməsini bilən, ağzına söz yaraşan”...

- Məleykə xanım, insanlarımız dövrü, zəmanəni qınayır, hər şeyin zaman keçdikcə tənəzzülə uğradığını deyir, sənətşünaslıq üzrə fəlsəfə doktorusuz, deyin bu teatrımızda da belədir?

- Bütün dövrlərdə “avamlar”, “dəlilər” və “ölülər” yaşayıb və bu gün də yaşamaqdadır. “Kimə qəlbimdə yer verdim, məni qovdu kənarından... Kimə dost dedim, gördüm dönüb öz düşmənim oldu...” M.F.Axundzadə deyib bunu. ) Və H.Cavid deyir ki, “bilmədim uydum şu məcnun könlümün fəryadinə, Eşqə dil verdim, bəladən başqa bir şey görmədim”. Ən yaxşısı, K.Abdulla demişkən öz ruhunda, canında olan xəzinənin içində olmaqdır. O ki, qaldı teatra, hər zaman ən yaxşı halda demişik ki, teatr cəmiyyətin barometridir. Fikrimcə, çağdaş Azərbaycan teatrı barometr olmaqdan çoxdan vaz keçib.

- Adama elə gəlir ki, teatrlarımızda uzunmüddətli tamaşaçı yaddaşına hopan əsərlər qoyulmur, sizcə rejissorlarımız zəifdir, yoxsa yaxşı pyeslər yazılmır?

- Teatr da bir istehsal müəssisəsidir. Ancaq burada ”alıcı”nın tələb və təkliflərindən çıxış edərək “məhsul”un kəmiyyət və keyfiyyət göstəricilərini diqqətdə saxlamaqla iş bitmir. Əsas məsələ həm də daha “keyfiyyətli məhsul” istehsal etməkdir. Bunun üçün hər bir yaradıcı kollektiv özündə bir yaradıcı mühit formalaşdırmalıdır. Yaradıcı mühit o zaman formalaşır ki, kollektiv olaraq hər kəs öz “mən”indən vaz keçə bilir. Axı teatr canlı bir orqanizmdir. Ona görə də bu mühitdə yer alan hər bir şəxs “teatr” adlı bir varlığın ruhi və mənəvi sağlamlığına xidmət etməlidir.

- Sizin arzularınız sizi hara qədər apara bildi? Sənətə təzə gələn vaxtlarınızda görə, çata biləcəyiniz zirvə fəth edilibmi tərəfinizdən?

-Sənətdə zirvə yoxdur, deyirlər. Mən isə deyirəm ki, o, Tanrının olduğu yerdədir. Yaradıcı insan ömrü boyu o zirvəni fəth etməyə can atır. Elə mən də...

-Necə düşünürsüz, hər şeyin yaxşı olması üçün hansı səviyyədə rahatlığın, yaxşı yaşanmanın üstündən xətt çəkilməlidir?

- İnsan həyatında hər şey yaxşı ola bilməz; nələrsə yaxşı ola bilər. Adi halda insan hər şeyin yaxşı olmasına can atmalıdır ki, nələrəsə nail ola bilsin. Əslində bu yaradıcılıqda da belədir. Rahatlıq yaradıcı insan üçün ölümə bərabərdir. Bir sözlə, Allah qarşısında varlı olmağa can atmalıyıq ki, Allahı razı salan işlər görə bilək.

- Tələbələriniz sənətdə görünən boşluğu doldura biləcək qabiliyyətindədirmi?

- Sənətdə kimsə kimsənin buraxdığı boşluğu doldura bilməz. Hər bir boşluq sənət üçün bir itkidir, bir ağrıdır.

- Sənətiniz, işiniz sizin şəxsi həyatınızda hansı izləri qoyub?

- Özəl həyatım sərhədlidir. Sənət və iş həyatım isə göz önündə. Ən böyük cəhdim şəxsi həyatımı sənət və iş həyatımdan uzaqda tutmaqdır.

-Arzulardan bəhs etmişdik, deyin hansı arzunuz elə arzu olaraq qalıb?

- Leopold Şefer necə də gözəl deyib: “Kimin ürəyi arzu və ümidlə doludursa, o, artıq gələcəkdə yaşayır”.

- Siz gözəl xanımsız, amma şeir deyəndə daha gözəl olursuz, bunun sirri nədədir, simanıza şeirin ürək oxşaması daha da cazibə qatmır ki?

- Önündə diz çöküb ona “gözəl ustad” deyə müraciət edən gəncə İsa Məsih “Məni niyə belə adlandırırsan. Allahdan başqa gözəl varlıq yoxdur” deyir. Şeir “bildiyimiz musiqidən fərqli bir musiqidir” - Y.K.Beyatlının sözləridir. N.F.Qısakürəkin təbirincə desək və nəzərə alsaq ki, bu musiqi “mütləq həqiqəti axtarış işi”nə xidmət edir, o zaman nədən şeir söyləyərkən gözəlləşməyək ki?

Tarix
2017.07.27 / 00:18
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Azərbaycan həqiqətlərini dünyaya çatdıran fotoqraf

Azdramda qalmaqal: Xalq artistləri direktora qarşı

Azdramdan direktorlar nələr oğurlayıb? – Şok siyahı

Hansı filmdən nazirlik nə qədər yeyib, adbaad bilirəm

Bəhram çağırış etdi: İyunun 1-i gəlin...

Dərsi dini musiqi ilə başladı – Macar müəllim Bakıda

Azərbaycanda bu mütəxəssislərə ehtiyac var - Akademik

Fərda: Zamanında pulun arxasınca düşsəydim...

Saytdan bu səbəblərə görə getdim – Şərif Ağayar

Ağdamda şəhid sinif yoldaşlarımı gördüm… - Aqil Abbas

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla