Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
18 Avqust 2019


Deyəndə ki, Səməd Vurğun xəyanətkardır... - Elçin

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kult.az Teleqraf.com-un “Brifinq” layihəsinin qonağı tanınmış jurnalist Elçin Alıoğlu ilə müsahibəni təqdim edir:

Nərgiz Ehlamqızı: Bir sıra şəxsiyyətlər tabu hesab edilir və belə fikirlər səslənir ki, onlar sərt tənqid olunmamalıdır. Sizin qənaətiniz necədir?

- Mən tabuları çox görmüşəm. Sovet dövründə yaşamışam, tabunun nə olduğunu gözəl bilirəm. SSRİ dağılandan sonra gəzdiyim ölkələr arasında Afrika ölkələri də vardı, tabu nədir, orada da görmüşəm. Kiminsə tabu edilməsini, “o, dəyərdir, ona toxunmaq olmaz” kimi fikirləri qətiyyən anlamıram və bu, yolverilməzdir.

Əgər biz azad, insan şüurunun onun özündən üstün sayıldığı cəmiyyətdə yaşayırıqsa, bu cəmiyyətin var olmasını istəyiriksə, mənim üçün toxunulmaz şəxsiyyət yoxdur. Lakin həmin şəxsiyyət haqda danışanda yalan, konyunkturaya uymaq üçün nə isə demək xatirinə deməyin, gündəm yaratmaq üçün nəyinsə edilməsinin qəti əleyhinəyəm.

Şəklin mediada olsun deyə meşə yandırmağa ehtiyac yoxdur. Belələri var, İsraildə də, İspaniyada da məşhurlaşmaq üçün meşə yanğınları törədiblər. Mirzə Cəlil də, Məhəmməd Əmin Rəsulzadə də, başqaları da müzakirə edilməli, əgər varsa, nöqsanları deyilməlidir. Bu, bizim ancaq irəliləyişimiz üçündür. Gözünü, qulağını, dilini bağlayıb oturmaq istəyən cəmiyyət ancaq yerində sayacaq. Yerində saymaq isə məğlubiyyətdir, çağdaş futbolda belə müdafiəyə çəkilən komanda həmişə uduzur. Həyatdır, həyatda da söz olmalıdır.

Bütün müharibələr sözlə başlayıb sözlə qurtardığı kimi bütün müzakirələr də sözlə başlayıb sözlə qurtarmalıdır. Mənim üçün sözün kimin dediyi qətiyyən önəmli deyil, önəmli olan nə deyilməsidir.

Nərgiz Ehlamqızı: Həmid Herisçi, Şəhriyar Del Geraninin Mirzə Cəlillə bağlı iradlarına cavab olaraq söylədiniz ki, bizim boynumuza düşən onları anlatmaqdır, anlamırıqsa inkvizisiya qurmalı deyilik...

- Paradoks bilirisnizmi nədir, əks çıxanlar və əksin əksinə çıxanlar özləri də nədən söhbət getdiyini bilmirlər. İlf Petrovun məşhur “Qızıl buzov” əsərində belə bir ifadə vardı, “Mənəm şahid, bilirəm nə demək lazımdır”.

Yaxud sovet ədəbiyyatının gözəl nümunələri var ki, insan nəyəsə şahidlik etmək istəyirsə, onu anlamalıdır. Mirzə Cəlili anlayanlar da, anlamayanlar da onu müdafiə edirdi. Mirzə Cəlilin nə yazdığını başa düşənlər də söyürdü, özü demiş, min ağac uzaq olanlar belə onu tənqid edirdi. Bu, normaldır. Adlar çəkdiniz, mənim üçün kimin nə dediyi önəmli deyil, əsas odur dəyərli, ağıllı söz deyilsin.

Mirzə Cəlilin ruhuna xəyanət deyilən bir şey yoxdur. Mən, ümumiyyətlə, ruhlar aləminə inanmıram, ruh yoxdur. Biz sadəcə uydurmaq istədiyimiz heykəlləri yaradırıq, sonradan ona aşiq oluruq. Yunan əsatirində heykəltəraş qəhrəman vardı, heykəli yaradıb ona elə aşiq oldu ki, artıq canlı saydı.

Kütləvi psixoz dərəcəsinə çatan köpüklü vətənpərvərlik, eyni zamanda marazm səviyyəsində “böyüklərə söyüm, mən də tanınım” məsələsi məni açmır.

Nərgiz Ehlamqızı: Həmid Herisçi ilə polemikadan sonra qənaətiniz necə oldu, onun fikirlərinə təsir edə bildinizmi və ya əksinə?..

- Mənə təsir etmək mümkün deyil, təsir altına düşmək üçün yaşlıyam. Həmid bəyə də təsir etmək niyyətində deyildim. Qarşında oturana təsir göstərmək üçün söhbətə başlayırsansa, bu, təbliğ və təşviqdir. Mən də kimsəni təbliğ və təşviq etmək niyyətində olmamışam, sadəcə fikrimi demişəm. Emosiyalardan həmişə uzaq qaçıram.

İstənilən elmi işin mündəricatında mənbələr göstərilir. Mənbə göstərilməyən elmi iş sadəcə nəzəriyyədir. Elmin əsas prinsipi “bildim” kəlməsidir. Mən heç vaxt heç nəyə inanmıram, bilirəm, bildiyim məsələlərdən danışıram. Mirzə Cəlil olmasın, Mirzə Ələkbər Sabir, Səməd Vurğun və başqaları haqda danışan adamlardan fakt tələb edirəm. Uydurma məktublar, saxtalaşdırılmış arqumentlər yox, fakt istəyirəm.

Deyəndə ki, Səməd Vurğun xəyanətkar olub, faktı göstərmək lazımdır. Əliağa Vahid niyə repressiyaya məruz qalmayıb sualının özündə belə mazoxizm var. Yəni Əliağa Vahid ölsəydi, nə yaxşı... Biz ölənləri qəhrəman etməyi çox sevirik, əgər kimsə sağ qalıbsa, kütləvi şüurda belə anlam var ki, yəqin yaxşı olmayıb, nəyinsə hesabına sağ qalıb. Elə deyil! Sağ qalan bəzən daha çox əzab çəkir. Ölmək çox asandır. Yaşamaq, yaşatmaq çətindir.

Çox bəsit görünən “Vətəni sevməyən insan olmaz, olsa ol şəxsə vicdan olmaz” misralarında əslində Abbas Səhhətin Şəqr numerologiyasına ünvanlanmış göndərməsi var. Biz bunları başa düşmürük. Bizdə bir aşiqlik var, Qərbdə nədirsə yaxşıdır, Şərqdə nə varsa, yaxşı deyil.

Bu, əsl İslam deyil anlaşıyı var. Məni birdən xoş gülmək tutur, sosial şəbəkələrdə xüsusən gənclər arasında olan ateizm cərəyanını nəzərdə tuturam.

Ateizm gözəl şey ola bilər, nəyisə danırsansa, fəlsəfədə qanun var, deyirəmsə, telefon yoxdur, telefonun mövcud olma ehtimalına işarə edirəm ki, yoxdur deyirəm. Ateist deyirsə, “Allah” yoxdur, deməli, o, ehtimal edir ki, Allah ola bilər, gəlin, bundan başlayaq. Ateizm sözünün özü Allahı danmaqdır. Olmayan şeyi danmaq olarmı? Ona görə bizdə sosial şəbəkələrdə kütləvi cəhalət hökm sürür.

Mənsur Rəğbətoğlu: Ateizm Allahı inkar edir, bəs din sübut edə bilirmi Allah var?

- Bəzi şeylərin sübuta ehtiyacı var, buna teorem deyirik, bəzi şeylərin sübuta ehtiyacı olmur, buna aksiom deyirik. Aksiomatik şeylər var, məsələn, anaya sevgi, ananın övladına sevgisi. Ateizmin kökündə dayanan prinsiplərdən ən başlıcası budur, sübut elə ki, Allah var.

Mən Allahın varlığına inanıramsa, siz sübut etməlisiz ki, Allah yoxdur. Siz bunu sübut edə bilməzsiniz. Sübut etmək anlayışı empirik elmə məxsusdur. Elmin, empirikanın qanunlarını metafizikaya tətbiq etmək yolverilməzdir. Necə ki metafizikanın qanunlarını elmə tətbiq etmək olmaz.

Allahın varlığının sübutu o zaman mümkün olardı ki, fizikanın, yaxud riyaziyyatın xüsusi teologiya bölümü olsun. Ateistlərin digər arqumentləri varsa, buyurun, böyük məmnuniyyətlə, cavab verərəm.

Mənsur Rəğbətoğlu: Sizin baxışınızda Allah məkan olaraq harada yerləşib? Sufilər deyir məkansızdır, bir qrup deyir, göydədir, bəziləri üçün ürəkdədir, insanın özündədir.

- Allaha ibadət etmək üçün məscidlər, kilsələr, sinaqoqlar, məbədlər hamısı simvoldur. Hər bir inancın simvolizmə ehtiyacı var. Sizin sevdiyiniz xanım ola bilər, bu sevginin təsdiqə ehtiyacı olmayacaq. O, hər gün demir ki, mənə sübut elə.

Mənsur Rəğbətoğlu: Qadın deyir...

- Qadın deyirsə, bu, kişinin nə qədər qalın qılaflı olduğunu ona incə şəkildə çatdırır. Sevgi hər gün evə gəlib divanın üstündə uzanıb, qəzeti açıb futbola baxmaq deyil. Ən böyük qurban vaxt qurbanıdır. Əgər siz sevdiyiniz insana vaxtınızı qurban vermirsinizsə, o, sizə xatırladacaq ki, sübut et. Qadına olan sevginin simvollarından biri də çiçəkdir. Dində sevginin simvolları ibadət, namaz, dua və digərləridir. Bu gün cümədir, Allah qəbulu buradadır... Halbuki Allah məmur deyil ki, qəbul günləri olsun.

Allaha hayqırıb nə isə deməyə ehtiyac yoxdur, çünki ananız körpə olanda laylanı bağıra-bağıra deməyib. Sevgi pıçıltı ilə olur, əsl sevgi sükutdur. Siz bu gün neçə addım atdığınızı, nəfəs aldığınızı hesablamamısız, sol ayağınız sizə nə qədər sevgilidir? Heç deyibsizmi, ay mənim sol ayağım, səni xoş gördük?

Mənsur Rəğbətoğlu: Hiss edirəm ki, o, mənə lazımdır...

- Tamamilə doğrudur, hətta itirsəniz daha yaxşı hiss edərsiniz onun dəyərini... İnsan itirəndə dəyər verir, Allah da odur. Ən qatı ateist belə nəyəsə inanmaq istəyir. İnamsız insan olmur. Əgər azad cəmiyyət istəyirsinizsə, hicaba toxunmayacaqsınız, sosial şəbəkələrdə namaz qılanlara lağ etməyəcəksiniz. Çünki iki-üç dəfə dözəndən sonra aqressiv cavab verir. Axı, namaz qılanların hamısı Sarbonna universitetini qurtarmayıb. Əgər biz sayğı göstərilməsini istəyiriksə, özümüz sayğı ilə başlamalıyıq.

Suriyada və ya başqa ölkədə terror təşkilatını İslamla eyniləşdirilir və deyirlər bu, İslamdır. Dindarlarımız isə cavabında deyir bu, əsl İslam deyil. Xeyr, bu, əsl İslamdır, nəzəriyyə heç vaxt fərdə görə cavabdehlik daşımır. Siz satanistsinizə, sizin yanınızda satanizmi tənqid edəcəyəm, çünki siz daşıdığınız nəzəriyyəyə məhsulsunuz. Amma siz küçədə kimisə vurursunuzsa, satanizm günahkar deyil.

Mənsur Rəğbətoğlu: Mirzə Cəlillə bağlı söhbətimizə qayıdaq, onu aktual edən nədir?

- Mirzə Cəlili aktual edən onun dahiliyi deyil, bizim belə olmağımızdır. Mirzə Cəlililin yazdıqları kimiyik, biz dəyişməmişik, ona görə aktualdır. Ələkbər Sabir ona görə aktualdır ki, onun tipajları hələ də aramızdadır. Hələ də 9 yaşında qızlara söz atanlar, hələ də sosial şəbəkələrdə xanımlara “bəh-bəh, çox gözəlsiniz” yazanlar, ailədə gözəl ailə başçısı olub, gecə sosial şəbəkələrdə fəxri Amur arayıcısı olanlar, ilin 11 ayını rüşvət alıb, haram pul yeyib 1 ay hacı olanlar var. Təkcə Azərbaycanda deyil, bütün xalqlarda bu yaramaz xüsusiyyətlə rastlaşmaq olar.

Mənsur Rəğbətoğlu: Siz tez-tez səfərlərdə olursunuz, Avropada 9 yaşlı qıza, qadına söz atan, Mirzə Cəlilin qaldırdığı problemlər yoxdurmu?

- Avropada vəziyyət rəhmətlik Əliqulu Qəmküsar demiş, daha qəvi və yobazdır. Avropanın bəzi ölkələrində artıq pedofillər partiyası yaradılır, vücudlarını satan adamlar cəmiyyətin az qala fəxri üzvlərinə çevrilirlər. Avropa deyəndə gözümüzün qabağına Nitşe fəlsəfəsi gətiririk, yox, Avropa heç vaxt mədəniyyət daşıyıcısı olmayıb.

Avropa mədəniyyətlərdən faydalanaraq onun kvintesensiyasını fərdlərə çatdıra bilib. Avropada irqçilik, əksəriyyətində dözülməzlik var, elm daşıyıcılarına qarşı paxıllıq yetərincədir.

Şərq aləmində, müsəlman ölkələri arasında nə qədər inanılmaz olsa da Azərbaycan lider mövqedədir. Bunu mənim ərəb dostlarımın hamısı deyir. Söyləyirlər ki, Bakıya gələndə elə bilirik, Parislə Londonun qarışığı olan bir şəhərdəyik. Çünki Azərbaycanda çadralı ilə mini geyinmiş qız rəfiqədir və yanaşı gedirlər.

Müsəlman ölkələrinin heç birində bununla qarşılaşa bilməzsiniz. Böyük cəsarətiniz olmalıdır ki, İstanbulda Bəyoğlu səmtində turist kimi axşam 21:00-dan sonra rahat gəzəsiniz. Qahirənin elə məhəllələri var ki, oraya turistlərə gündüz girməyə belə məsləhət görmürlər. Amma Bakıda bu, yoxdur.

Ona görə deyil ki, hakimiyyət əzir, yox, bizim insanlarımız belə deyil. Bizi hamıdan gerizəkalı, pis görmək fikrindən həmişə uzaq olmuşam. Çünki bizim azərbaycanlı gənclərin Qərb və Şərq ölkələrində böyük uğurlar əldə edirlər.

Mənsur Rəğbətoğlu: Bakı ərəb üçün Parisdirsə, bizim üçün niyə heç Ulan-Bator da deyil?

- Bunu deməməyiniz paradoks olardı. Mənim Parisdə yaşayan dostlarım var, hər dəfə onlarla oturanda ağlaşma başlayır, bu nə şəhərdir, Paris əvvəlki Paris deyil. Latın kvartalı deyilən məkan var, Parisdə bütün kütləvi iğtişaşlar oradan başlayıb, tələbələr orada çox fəallığa malikdir. Deyirlər bizim vaxtımızda belə deyildi, ağaclar daha yaşıl, güllər daha ətirli idi, maşınlar daha gözəl idi. Londonda otururam Kensinqton roudla Çelsi səmtində zadəganlar yaşayır, onlar da vaysınmağa başlayır ki, şəhər belə deyildi.

Bakıda yaşayırsınız, onun qədrini bilmirsiniz, necə ki londonlu Londonun qədrini bilmir. Ananızın, yaxud xanımınızın bişirdiyi yeməyin dadını, sevgi və şəfqətini ondan uzaq qalanda hiss edirsiniz, amma gündəlik bunu zəruri atribut kimi qəbul edirsiniz.

Səxavət Həmid: Mirzə Cəlildə qəbul etdiyiniz və etmədiyiniz cəhətlər hansılardır?

- Mirzə Cəlildə qəbul etmədiyim iki cəhət var. Birincisi, Mirzə Cəlil niyə əlyazmalarını yandırdı, onu hələ də düşünürəm. Qoqol yandırmasaydı, “Ölü canlar”ın ikinci hissəsini, necə bir şedevri oxuyardıq. Düşünürəm ki, “Danabaş kəndinin əhvalatları”nın ardı olsaydı, bizim ədəbiyyat nə qədər zəngin və gözəl olardı. Mirzə Cəlildəki eqoizmi, hisslərə qapılmağı qəbul etmirəm.

İkinci bir tərəfdən o, namuslu, şərəfli yaşadığı üçün hamıdan belə olmağı, cəmiyyətin ani dəyişməsini istəyirdi. Bu da mümkün olan şey deyil. Qəbul etmədiyim məqamları dedim, deməli, yerdə qalan hər şeyi qəbul edirəm.

Səxavət Həmid: Əlyazmalarını yandırmasını qəbul etmədiyinizi dediniz. Bu, bir az rəmzi xarakter daşıyır. Axı əlyazmalar yanmır...

- Yanır, elə yanır...Əlyazma insandan da pis yanır.

Səxavət Həmid: Bəlkə Mirzə Cəlil əlyazmaların bir surətini saxlayıb?

- Cəlil Məmmədquluzadə kargüzar deyildi, o, yazıçı idi. Bir dostum var, hər hirslənəndə yığıb paltarlarını yandırır, özü də bahalı geyimlərdir.

Katarsis deyilən bir proses var, yanıb ucalmaqdır. Yazmaq sevgi kimi şeydir, gərək sözü sevəsən. Sevgi qarşılıqlı olmalıdır. Özünü zorlayıb yazanlarımız çoxdur, onlar şeiri kilo ilə yazırlar, ağ vərəq görəndə cuşa gəlirlər ki, buraya nə isə yazım.

Yazanda heç vaxt heç bir yazar düşünmür ki, bunun axırı nə olacaq, yazdığı personajla o qədər birləşir ki, artıq personajın həyatını yaşamağa başlayır. Mirzə Cəlil də elə olub, yazdıqca içdən vərəmləyib. Bir də görürsən deyirlər, filan yazar qəflətən öldü. Qəflətən ölüm olmur. Vaxtsız ölüm ifadəsi qədər absurd və maymaq ifadə yoxdur. Ölüm vaxtsız olmur, insanın ya bioloji, ya da mənəvi vaxtı çatıb ki, ölür. Ən pisi də odur ki, baxırsan sağlam adamdır, deyib-gülür, sabah artıq yoxdur, onda içdən çökmə prosesidir. İzafi bilik, izafi kədərdir.

İnsan nə qədər çox bilirsə, o qədər kədərlidir. Mirzə Cəlil göz yaşları içində gülürdü. Hər dəfə onu oxuyanda sanki içim təmizlənir, sanki məni naqisliklərdən, pisliklərdən qoruyur, antibiotikdir. Tək Mirzə Cəlil deyil, çoxdur elədir.

Qurban Yaquboğlu: Mirzə Cəlil özü tənqidi əsərlər müəllifidir. Bəziləri sərt şəkildə reaksiya verir ki, Mirzə Cəlili tənqid nədi, heç araşdırmaq, müzakirə etmək olmaz. Nədən klassiklərin sərf-nəzər olunması yasaqlansın? Halbuki son müzakirələrdə Mirzə Cəlillə bağlı xeyli təzə faktlar üzə çıxarılıb ictimailəşdi...

- Tənqid tənqidlə qarşılanmamalıdır. Çünki əksliklərin vəhdəti qanunu ilə tənqidin tənqidi tənqidin təsdiqi deməkdir. Mirzə Cəlili təhqir etmək olmaz. Məni də, küçəni süpürən anamızı, bacımızı da, hətta tanımadığımız bir insanı tanıdığımız saydığımız əmələ görə də təhqir etmək yolverilməzdir.

Cəlil Məmnmədquluzadənin Qabaşvilidən təsirlənməsi məsələsinə görə sayğıdəyər dostum Həmid Herisçiyə cavab verdim. Qabaşvili iddiası başdan-ayağa uydurmadır.

Qeyd elədiyim kimi, Mirzə Cəlil barədə çox danışmağımızın səbəbi odur ki, biz Mirzə Cəlilin personajıyıq, amma bunu etiraf etmirik, ondan qorxuruq. Mirzə Cəlildən biz uşaq vaxtı həkimdən qorxuğumuz kimi qorxuruq, çünki həkim bizə gəlib iynə vurur, ağrıdır, yanımızda anamız yoxdur ki, bizi sakitləşdirə.

Mirzə Cəlilin tənqid olunmasının ikiəlli razıyam, araşdırılmalı, ən xırda nüanslara qədər gedilməli, nöqsanı, öz dili ilə desək, qələti varsa, tutulmalıdır, amma təhqir etmək, etmədiyi əməlləri onun ünvanına yazmaq olmaz.

Mənim indi elədiyimi indiki mühitlə ölçmək lazımdır, 300 il sonra olan tələblərlə indiki həyatı ölçmək nə dərəcədə məntiqlidir?

Qurban Yaquboğlu: Vaxtilə Əli bəy Hüseynzadə ilə Mirzə Cəlilin də xalqa münasibətlə bağlı dialoqu, polemikası olub. Bu mübahisələr sovet dövründə də davam edib, İsmayıl Şıxlının “Dəli Kür”ü Qurbanəli bəydən başqa bizim Cahandar ağa kimi bəyimiz də olub məntiqi ilə yazdığı söylənilir. Görünür, bu diskussiya hələ də bitməyib...

- Son illər böyük qəhrəmanların yaşaması üçün böyük sarsıntı lazımdır. Döyüşdə yaralanan qazilərimiz ağrı-acını yaralanan anda hiss etmir, xeyli sonra hiss edir. Qarabağ acısı bizim cəmiyyət üçün ən böyük ruhi bəladır. Bu bəlanı sonra hiss edəcəyik.

Bu savaşda böyük qəhrəmanlıqlarımız olub. Bəzən deyirlər, qəhrəmanlarımız varsa, niyə bu qədər torpaq verdik. Yanlış yanaşmadır, qəhrəmanlarımız olduğuna görə bu qədər torpaq verdik, daha çox itirə bilərdik. Bir az praqmatik təfəkkür lazımdır.

İsmayıl Şıxlının “Dəli Kür”ünü “Karamazov qardaşları” və daha hansı əsərlərə oxşatmayıblar... İsmayıl Şıxlı cəbhə xatirələrini yazıb, nə qədər sakitliklə qələmə alıb, oxuyanda hiss edirsən ki, bu adamın içində fırtına var. Mirzə Cəlil Xudayar bəylə kimisə aşağılamaq, bəylərimizi belə göstərmək niyyəti olmayıb, əksinə nöqsanı göstərib.

Cahandar ağa isə Azərbaycanın ən ziddiyyətli, faciəli, oxşamaq istədiyin və uzaq qaçdığın obrazlardan biridir. Dəyanətli kişi olmaqla yanaşı ailəsini heçə yaxan, sözünü deyən adam, ən nəhayət, bacı qatili idi. “Dəli Kür” filmli ilə əsər arasında böyük ziddiyyətlər də var, ən azı, Seyid Nigari rəqsini əxlaqsızlıq gecəsi kimi qələmə vermək yolverilməzdir. Heç əsərdə bu anlar yoxdur. Ona görə Xudayar bəy bir qütb, Cahandar ağa digər qütbdür. Qütblər həqiqəti göstərir, Xudayar bəy olmasaydı, Cahandar ağa heç də belə görünməzdi.

Nərgiz Ehlamqızı: Müzakirələr zamanı Mirzə Cəlilin əsərlərində ermənilərə rəğbət duyulduğu dair iddiaları da vardı. Buna cavabınız necədir?

- Nəinki Mirzə Cəlilin, bizim yazarlarımızdan hər hansı birinin erməniyə rəğbət bəslədiyini söyləmək absurddur. Bunu təkzibini belə gülünc sayıram.

Mənsur Rəğbətoğlu: Hətta Əkrəm Əylislinidəmi?

- Mən diri ikən ölmüş adamlar haqqında danışmaq istəmirəm.

Mənsur Rəğbətoğlu: Onun öldürən “Daş yuxular” oldumu?

- Onu öldürən özü idi, yuxu, əsər insanı öldürmür.

Mənsur Rəğbətoğlu: Bəs Əkrəm Əylislinin bu əsərə qədərki dönəmi?

- İnsan həyatını buna qədər və bundan sonraya bölməyin qəti əleyhinəyəm. Əkrəm Əylislinin yaradıcılığını da bölməyi əleyhinəyəm. Hər bir yazıçı öz taleyini özü müəyyənləşdirir. Əkrəm Əylisli addım-addım “Daş yuxular”a doğru gəlib həmişə. Onun əsərlərində həmişə çıxış yolu axtaran adam görürəm.

Mənsur Rəğbətoğlu: Məncə, çıxış yolu axtarmaq bütün yazıçılara xas xüsusiyyətdir...

- Yaxşı yazıçı cəmiyyət üçün çıxış yolu axtarır.

Mənsur Rəğbətoğlu: İlk növbədə cəmiyyəti düşünüb yazdığını iddia edən yazıçının səmimi olduğunu düşünmürəm.

- Yazıçı yazmağa başlayırsa, artıq öz taleyi ilə barışığı pozur. Heç bir yazıçı milyonçu olmaq arzusu ilə yazmağa başlamır. Paulo Koelyo kimi yazarlığı biznesə çevirəndən danışmıram. Normal adam heç vaxt yazmağa başlayanda fikirləşmir ki, bu yazımdan nə qədər qazanacağam.

Əkrəm Əylislini müzakirə etmək istəmirəm. Çünki kimliyindən asılı olmayaraq öz xalqına belə aşağılayıcı münasibəti qəbul etmirəm. Mirzə Cəlildə bu yoxdur. O demir ki, erməni güclüdür, deyir, erməni budur, biz də buyuq, gəlin, belə olmayaq. “Usta Zeynal”da da, “Kamança”da da bunu deyir. “Molla Nəsrəddin” jurnalının bütün külliyyatını oxusanız, görərsiniz ki, orada xalqı aşağılayan heç nə yoxdur.

Mənsur Rəğbətoğlu: Bizdə belə bir baxış var ki, problemi ədəbiyyat qaldırıbsa, ədəbiyyat da həll etməlidir.

- Yazıçı şəhər infrastrukturu ilə bağlı fikir irəli sürə bilər, reallaşdıra bilməz. Ədəbiyyat cərrah neştərinin sərtliyi, ana şəfqəti ilə problemi göstərir, həll yolunu isə mütəxəssislər müəyyənləşdirməlidir. Ədəbiyyatın böyüklüyü ondadır.

Səxavət Həmid: Bayaq Afrika ölkələrində olduğunuzu qeyd etdiniz, bu səfərlər necə reallaşır, məqsəd nə olur, maddi tərəfini necə təmin edirsiniz?

- Mənim hədsiz dərəcədə sevdiyim Cem Yılmazın “Səhnə tozu ilə öldü getdi” ifadəsini xatırladım, biz öyrəşmişik, jurnalist kasıb, bədbəxt, daim deyinən, ağlaşma quran, bəla saçan kimi təqdim olunsun.

Nərgiz Ehlamqızı: Jurnalistlərin aldığı məvaciblə, bu qədər səyahət etmək mümkündürmü?

- Həyatda iki dəfə ağlamışam, birini demirəm, bir dəfə xəstə uşaq görmüşdüm, özümü saxlaya bilmədim, halbuki mənim ağlamağım mümkün deyil. Xəstə uşaq görəndə içimdə nə isə sınır.

Mən sözün açığı, səfərlərimi maliyyələşdirmək üçün xətlər aramamışam. Heç vaxt Feysbukda yazmamışam ki, filan şirkətə səfərimi maliyyələşdirdiyi üçün dərin minnətdarlığımı bildirirəm. Heç bir şirkət məni otelə yeyib-içməyə dəvət edə bilməz. Xasiyyətimi bilirlər, heç vaxt getmirəm.

Turist səfərlərinə müxtəlif təşkilatların xətti ilə getmişəm, əfsuslar olsun ki, həmin təşkilat məni tərifləməyə aparıb, mən də olduğu kimi yazmışam, tikanın içinə gül tikmişəm, ondan sonra deyiblər, onu uzaq edin.

Gəzməyi çox sevirəm, Azərbaycandan darıxdığıma görə deyil. Sadəcə olaraq harada olursansa, oranın ab-havasını durmaq lazımdır. Məsələn, bir dəfə Çin xan haqqında esse yazırdım, Kerulen çayının sahilindəki yovşanın iyini almasam, yaza bilməzdim. Məni heç kəs maliyyələşdirmir, milyonçu da deyiləm, adi jurnalist, yazar babayam. Amma maraqlı həyat yaşayıram.

Sağ olsun dostlar, görüşlərə dəvət edirlər, təəssüf ki, yüz dəvətdən birinə gedə bilirəm. Yatmağı xoşlamıram. Özümü itirmək dərəcəsinə çatanda yatıram. Yatmağı, yeməyi itirmiş vaxt, paltara xərclənən pulu mənasız xərc sayıram. Dəbdəbəni ümumiyyətlə, qəbul etmirəm.

Səxavət Həmid: Görünür, səfərlər nəticəsində hazırlanan reportajlardan yüksək qonarar alırsınız...

- Yox, elə bir öhdəliyim yoxdur. Heç vaxt kiminsə qarşısında öhdəlik götürmürəm ki, harasa gedib reportaj yazacağam. Çalışdığım redaksiyada belə hər gün nə qədər yazı yazmaq öhdəliyim yoxdur. Broyler məhsulu deyiləm ki, hər gün bu qədər həcm verim. Bu, absurddur.

Qurban Yaquboğlu: Neçə ildir mətbuatdasınız, tənqidi və araşdırma jurnalistikasının bugünkü vəziyyəti barədə nə deyərdiniz?

- İstənilən dövrdə cəmiyyətin sosial sifarişi və çağırışları olur. Bizim jurnalistika isə zamanın çağırışlarına cavab vermir. Jurnalistikamız hazırda əfsuslar olsun ki, öz mətnində bişir. Biz xarici jurnalları oxuduqca, telekanallara baxdıqca sanki onların standart və tələblərindən daha da uzaqlaşırıq. Ən adi məsələlərə aşıq kimi yanaşırıq. Jurnalist aşıq olmamalıdır. Məsələn, deyirlər, bunu yazmaq olmaz. Xəbər, hadisə varsa, yazılmalıdır. Mənim hadisəyə yanaşmam önəmsizdir.

Eyni zamanda jurnalist tərəf ola bilməz anlayışı da absurddur. Jurnalist tərəf də tutmalıdır, tərəf də olmalıdır. Baxır hansı janrda... Publisistika subyektiv jurnalistika deyil? Yaxud Ermənistan-Azərbaycan münasibətində necə tərəfsiz ola bilərəm? Mənim xalqımın təhlükəsizliyi müzakirə mövzusudur, niyə tərəf tutmamalıyam?

Kim deyib ki, jurnalistika ancaq və ancaq yazarlıqla başlayır? Xeyr. Jurnalistika menecmentdir. Yaxşı saytın rəhbərinin jurnalist olması əksinə o saytın ziyanınadır. Yaxşı media holdinqin rəhbəri jurnalistlikdən savayı yaxşı menecment, marketoloq olmalıdır.

Araşdırma məsələsinə gəlincə, artıq jurnalistikamızın təhqiqat, araşdırma, tədqiqat və digər spesifik janrlarını sosial şəbəkələr yerinə yetirir. Problem buna çevrilib ki, bizim mediamız sosial şəbəkəyə gündəm vermək əvəzinə, sosial şəbəkədə gündəm olanı özündə əks etdirməyə başlayıb. Bu, ən böyük problemdir. Mən köhnənin nisgilini çəkmirəm. İndi köhnəni qılınc-qalxanla müdafiə edənlər nə tez unudublar ki, Şövkət Ələkbərova, Rübabə Muradova, Müslüm Maqomayev sağ olanda Azərbaycanda ən populyar mahnı “Cəmilə qızım, Cəmilə” mahnısıydı. Nə tez yaddan çıxarıblar ki, o vaxtkı Lenin, indiki Heydər Əliyev sarayında Ağadadaş Ağayevlə Baloğlan Əşrəfovun konsertləri anşlaqla keçirdi, kasetlərdəki ən populyar mahnılar Ağasəlim Çıldaq və Nizami Rəmzinin meyxanaları idi?

Bilirsiniz, bu saxtakarlıq jurnalistikaya da sızıb. Oturub deyirlər “Nyu-York Tayms” belədir, əzizim, belə qəzet olmaq üçün ən azı işə vaxtında gəlmək, redaktoru aldatmamaq, bir nənəni yeddi dəfə öldürüb icazə almamaq, yaxşı yazı yazmaq, öz fikrini camaata sırımamaq, yaxud Türkiyə qəzetindən tərcümə edib “bunu mən yazdım” kimi gülünc şeylər etməmək lazımdır.

Yaxud bizim jurnalistikanın sevdiyi mövzular var: “Eynək alarkən necə aldanmamalı”, sanki hamı “Louis Vuitton” eynəyi axtarır, sən də məsləhət verirsən, mən Sədərəyə gedirəmsə, bilirəm ki, orada hansı məhsullardır, mənə bunu niyə məsləhət görürsən?

Yaxud “Bu yazın trendləri” adlı çox sevilən mövzular var. Sanki xanımlarımız oturub fikirləşirlər bu axşam “Tiffani”dənmi alış-veriş edim, yoxsa başqa ünvanda? Və ya “Bəylərin diqqətinə: xanımı cəlb edən 10 cəhət” başlıqlı yazılar verilir. Bu nə absurddur...

Nərgiz Ehlamqızı: Yeri gəlmişkən, o yazılara sizin çalışdığınız saytda da rast gəlirəm...

- Tamamilə razıyam. Gözəl sual verdiniz. Niyəsini deyəcəyəm, Milli.az mənim üçün doğmadır, bilmirəm, məni sevir, ya yox, mən onu çox sevirəm. Milli.az Azərbaycan oxucusu üçün yazır, cəmiyyət nədirsə, ondan yazır. Mən də istəyərəm ədəbiyyatın, sənətin problemlərindən danışım, amma oxucu bunu istəmir axı... Mən də onun istədiyini verirəm, oxuyub sonra gedib Feysbukda yazır ki, Allah bizim medianı qəhr etsin, bu nə biabırçılıqdır.

Necə ki biz tənqid etdiyimiz Mirzə Cəlilin personajıyıq. Eləcə mediada da biz özümüzük. Azərbaycanda indiki şəraitdə bu saytların olmasının özü çox böyük uğurdur. Onların hansı əzab və əziyyət bahasına ayaq üstdə durduğunu rəhbərlik hamıdan yaxşı bilir.

Bu dəqiqə media ilə sosial şəbəkələr arasında amansız rəqabət gedir. Bu, bütün dünyada belədir. Hələ ki sosial şəbəkələr udur. Amma bizim qələbəmiz uzaqda deyil...

Tarix
2019.04.04 / 10:46
Müəllif
Kult.az
Şərhlər
loading...
Digər xəbərlər

Şok nüanslar: Nəsimi "bomj" kimi göstərilib - Video

Kamal Abdulla Ağabəyli ilə niyə işləmək istəmir? – Səbəb

Farslaşma gedir, musiqimiz bayağılaşır – Güneyli xanəndə

Heç vaxt tələbəni müəllimin ayağına vermərəm - Rektor

Nazarbayevə bu məsələni yazacam... - Behrudi

Quranda Günəşin sönəcəyi ilə bağlı ayə... - Alim

Atamın goruna and olsun ki, elə deyil - Vahabzadənin oğlu

Mirzə Cəlilin Polşada yaşayan nəticəsi danışdı – İlk dəfə

Xalq yazıçısına Hacı Məmmədov haqda kim təklif edib?

Azərbaycanlı yazıçı: erməni anaları mənə yazırdılar ki...

KULT
<>
Xəbər xətti
 
e-vetendash
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla