Məşhur kaman ustası,
Azərbaycanın Xalq artisti Habil Əliyevlə indi oxuyacağınız
müsahibənin sonunda ustad sənətkar gəldiyi bir qərarı bizə açdı:
"Artıq bundan sonra media ilə bütün bağlarımı kəsirəm. Bu, verdiyim
sonuncu müsahibədir. Daha müsahibə vermək barədə
düşünmürəm..."
Ölənlərin
siyahısında...
- Habil müəllim,
özünüzü necə hiss edirsiniz?
- Hələ ki, Allaha şükürlər olsun,
özümü ölənlərin siyahısında görmürəm. Əgər qəfil surprizlər olmasa,
özümdə yaşamaq üçün xeyli enerjinin olduğunu görürəm. Şükürlər
olsun, gümraham.
Gör o mənimçün nələr
edib
- Gümrahlığınızı
kamançaya borcluyuq, yoxsa gözəl həyat
yoldaşınıza?
- Eh (gülür)... Kamançaya
borcluyam. Kamança üçün heç nə etməmişəm, amma gör o mənimçün nələr
edib. Kamança məni demək olar ki, bütün dünyada tanıdıb. O mənə
ailə qurub, övladlarımı ailə sahibi edib. Bunları mən etməmişəm,
kamança edib. Ona görə də mən kamançaya həmişə borcluyam. O məni ac
qalmağa qoymayıb.
Xəcalət
çəkirəm
- Bildiyim qədərilə bir
zamanlar musiqiçi olduğunuz üçün peşmançılıq çəkmisiniz. Buna səbəb
nə olub?
- Hərdən oturub özüm-özümə sual
verirəm: "Ay Habil, gəldin bu dünyaya, yaşadın, bəs dünyada nə
elədin?" Sonra fikirləşirəm ki, kamança çaldım. Elə bu an yenidən
özümə sual verirəm: "Habil, elə kamança çalıb bu dünyadan
köçəcəksən, bəs bu boyda dünyaya kamança çalmağa gəlmişdin?" Bax
bunları düşünəndə xəcalət çəkirəm. Amma onu da deyim ki, mən təkcə
kamança çalmamışam, bu alətlə bir əhvalat danışmışam. Əyləncə
musiqisi boş musiqidir. Əsl musiqi gərək dinlənilən olsun. Əgər
insanlar musiqinin nə demək istədiyini dərindən anlayırsa, o zaman
musiqiçi də özünü xoşbəxt hiss edəcək. Bu həm də musiqiçidə
məsuliyyət yaradır. Mən dinləyicilərimdən çox razıyam.
Yerlə işim
qurtarıb
Hər insanın özünün duyğusu,
özünəməxsus dünyagörüşü var. Bəzən sənətdə elə şeylər görürəm ki,
onu başqa musiqiçilər görmür. Mən hər şeyin əslini görə bilirəm.
Həyatın, dünyanın, yerdə baş verən hər şeyin. Hərdən mənə elə gəlir
ki, artıq yerlə işim qurtarıb. İndi göydən öyrənmək istəyirəm.
Yüksəklərə qalxmaq, orda baş verənləri görmək, öyrənmək istəyirəm.
Yeni şeylər görmək istəyirəm.
Sözlərim sanki bitib,
tükənib
- Yeni şeylər gördükdə
sizi ancaq onlar düşündürəcək, yoxsa ara-sıra keçmişə də nəzər
salacaqsınız?
- Keçmişimlə bağlı elə də çox
düşünmürəm, amma hərdən danışıqlarıma görə peşiman oluram. İndi
hiss edirəm ki, mən keçmişdə çox şeyi olduğu kimi ya hiss
etməmişəm, ya da hər şey mənim bildiyim kimi olmayıb. İndi ağlımda
elə bir məqam yoxdur ki, konkret olaraq onu misal çəkim, amma
keçmişdə verdiyim müsahibələrə indi qulaq asanda görürəm ki, çox
zəifdir, həyatım, təcrübəm, fəlsəfi düşüncələrimlə uyğun gəlmir.
İstəyirəm elə bir söz deyəm ki, yeni olsun. Amma sözlərim sanki
bitib, tükənib.
Hər şeyim var, amma nəsə
çatışmır
- Nə qədər çox şeyə
sahib olsaq da, hər kəsin həyatında müəyyən şeylər var ki, daim
əskik olur. Sizdə əskik olan nədir?
- Rəhmətlik Bəxtiyar Vahabzadə
həmişə deyirdi ki, hər şeyim var, amma nəsə çatmır. Mən bu cümləni
çox gözəl anlayıram. Çünki insan dediyin daim yeni nəsə əldə etmək
istəyir. Mənim də hər şeyim var, amma nəsə çatışmır. Lakin bu o
demək deyil ki, dünya mən istəyən kimi olmalıdır. Həyatda yaşayan
bütün canlıların xeyrinə olmalıdır. Həyat saat kimi işləyir. Hər
biri də ömürdən gedir. İlahi, sənin mənə verdiyin ömür bu idi? Mən
Allahın verdiyi ömrü xərcləyirəm, görək sonda ona nə ala biləcəyəm?
Çox insan var ki, ömrünü dəyərləndirə bilmir. Gərək ömrə elə şeylər
alaq ki, onu qoyub gedəndən sonra da bizdən sonrakılara gərəkli
olsun.
Daha kamança çalmağa
utanıram
- Bildiyim qədəri ilə
artıq 10 ildən çoxdur ki, kamandan uzaqlaşmısınız. Hələ tez
deyilmi?
- Bu qədər tez uzaqlaşmağımın
səbəblərindən biri adətlərimizlə bağlıdır. Mən milli dəyərlərə
qiymət verən adamam. İstəmirəm ki, nəticələrim gözlərini açıb, məni
kamança çalan görsünlər. Onlar utanar ki, bu boyda kişi oturub
kamança çalır. Daha kamança çalmağa utanıram. Gərək mən əzəldən
musiqiçi olmayaydım. Çünki sənətlə yaşayıb, sonda sənətdən gedən
vaxtda peşiman olmağın nə mənası var... Sənəti başa düşəndən sonra
bu mənə çox kiçik gəldi. Bu sənət məni çox yaxşı yaşadıb.
Hökümətimiz də məni yaxşı yaşadıb. Heç nədən korluq çəkməmişəm.
Ancaq yenə deyirəm, dərk edəndən sonra bu sənət mənə çox kiçik
gəldi, halbuki mən çox böyük bir işin ucundan tutub, onu inkişaf
etdirə bilərdim. Bu yolu seçməyimin səbəbi bəlkə də tənbəlliyim
olub.
O mənim sirrimi aləmə
yayır
- Kamanla Habil Əliyev
arasında heç kəsin görə bilmədiyi gizli bağ
nədir?
- Bəli, bizim aramızda gizli,
qırılmaz bağ var ki, hələ onu heç kim görməyib. Biz onunla
bir-birimizi başa düşür, qəbul edirik. Onun nə dərdi oldu mənə
danışır, mənim də nə dərdim oldu ona deyirəm. Nə sözüm oldu,
birinci kamanıma deyirəm, o da mənim sirrimi aləmə yayır
(gülür).
Musiqi o dünyadan gəlmə
sənətdir
- Sizcə, gənclərimizdən
bu sənəti davam etdirəcək namizədlər varmı?
- Gənclərə, orta yaş qruplarına
qulaq asanda görürəm ki, nəsə əskikdir. Bilirsiniz, musiqini bu
dünyada öyrənmirlər. Gərək onu o dünyadan gələrkən, özünlə
gətirəsən. Musiqi o dünyadan gəlmə sənətdir. Bu istedad körpəlikdən
verilən xəzinədir. İnsan böyüdükcə, o da onunla birlikdə inkişaf
edir. Əsl musiqi budur. Bəzi çalğıçılar var ki, onlara özlərindən
başqa heç kəs qulaq asmır.
Elə bilərlər bu ailənin
yiyəsi olmayıb
- Habil bəy, çox vaxt
görürsən, valideynin peşəsi nədirsə, övlad da o peşənin ardınca
gedir. Bəs sizin ailədən musiqiçi çıxmamağına səbəb nə
oldu?
- Bir ailədə bir musiqiçi bəs
eləyər. İkincisi barədə düşünmək lazım deyil. Sonra elə bilərlər bu
ailənin yiyəsi olmayıb (gülür). Hər əlində kaman tutan musiqiçi ola
bilməz axı. Əgər bu sahədə varsansa, gərək əlindəki aləti başa
düşəsən. Gərək onu xəcalətli buraxmayasan.
İtalyanın kamança
görməyi
- Müəllim,
səfərlərinizdən yadda qalan maraqlı bir şey...
- İtaliyada konsertdə idik, xeyli
musiqiçilər var idi. Hiss etdim ki, onlar kamança ilə çox
maraqlanır, ona diqqətlə baxırlar. Konsert zamanı bunu xeyli hiss
etmişdim. Sonda konsert qurtardı və onlar səhnəyə yaxınlaşaraq
tərcüməçini çağırdılar. Tərcüməçi məndən soruşdu ki, "bu aləti özün
düzəltmisən?" (Gülür). Mən isə onlara kamançanı izah etdim. O qədər
təəccüblənmişdilər ki, maraqlarını gizlədə bilmirdilər.
Bir vaxtlar bazarda
badımcan satıb, özünü dolandırıb
- Habil müəllim, Nazim
Ağayevlə aranızda baş verənlər medianın gündəmindən düşmək
bilmirdi. Deyirlər, indi olduqca mehribansınız...
- Tamamilə yalan xəbərdir.
Bilirsiniz, o hara, mən hara... O bizlərin tay-tuşu deyil axı. O nə
işlə məşğuldur, hansı peşənin sahibidir, heç bilmirəm. Bir vaxtlar
badımcan, xiyar gətirib bazarda satıb, özünü dolandırıb. Nazim
müğənni kimi mənim siyahımda olmayıb, heç ola da bilməz. O nə vaxt
oxuyub ki, hələ bir mənim siyahıma da düşə?! Mənim siyahımda
Azərbaycanın ən tanınmış muğam ustadları dayanır. O onların
siyahısına nə ilə düşə bilər? Badımcanla, xiyarla?! Onun heç
mədəniyyəti də yoxdur. Nə sənəti var, nə də sənətkar kimi titulu.
O, həmişə uşaqların siqaret almağa göndərdiyi birisi olub. Mənim
onunla heç vaxt münasibətim olmayıb və heç vaxt ola da bilməz. Bu
cür insanlar sənəti murdarlayırlar.
Gör kimlər gəlib soxulub da
sənətə
- Söhbət qalmaqallardan
düşmüşkən saytlardan birində Əlibaba Məmmədov sizin haqqınızda
deyib ki, "kasıb uşaqlar idik, onu toylara aparırdım, məndən çox
ona yaxşılıq edən olmayıb". Bu fikirlə razısınız?
- O deyib? (gülür.) Mən ömrümdə bir
dəfə də olsun, onunla bir toyda işkirak etməmişəm. O hara, toy
hara, mən hara?.. Gör kimlər gəlib soxulub da sənətə. Mən heç
özümlə onu toya aparmazdım axı...
Beləcə, illərim
ötdü...
- Bu sənət sizdən
nələri alıb-qopartdı?
- Hər şeyimi - gəncliyimi,
cavanlığımı oğurladı bu sənət. Mən ən gözəl illərimi sənətimə həsr
etdim. Ermənilərin Azərbaycan musiqisini oğurlamaq cəhdləri məni
bir az da sənətimə bağladı. Çox möhkəm dayandım. Və beləcə illərim
ötdü, qocaldım.
60 ilin
yoldaşı...
Məşhur kaman ustası, Azərbaycanın
Xalq artisti ilə görüşmüşkən onun həyat yoldaşı ilə də
söhbətləşdik. Şərqiyyə xanım ömür-gün yoldaşını, həm də öz Xalq
artistini olduqca gözəl və dəqiq anlatdı. Şərqiyyə xanıma ilk
sualım belə oldu:
- Xalq artisti ilə eyni
evdə yaşamaq, üstəlik onun həyat yoldaşı olmaq necə bir
şeydir?
- O mənim həm həyat yoldaşım, həm
də Xalq artistimdir. Mən onun vurğunuyam. Buna səbəb isə sadəcə,
onun həyat yoldaşı olmağım deyil. Adicə efirdə ona aid veriliş
gedəndə qeyri-ixtiyari televizorun səsini açıb, ekranın başına
keçirəm. Mənim üçün o əvəzolunmaz sənətkardır.
Habil sənətdə çox tez
tanınıb-sevildi. Bu evi bizə Prezident verdirdi. Ailə quranda heç
nəyimiz olmayıb, hər şeyi zamanla əldə etmişik. Habillə ailə
qurduğuma görə özümü xoşbəxt hiss edirəm. Hər ailə kimi bizim də
çətinliklərimiz olub. Amma bunlar xoşbəxt çətinliklər idi. Biz
bir-birimizə həmişə dəstək olmuşuq.
Həmişə ona
inanmışam
Ona o qədər çox inanmışam ki, heç
vaxt qısqanmamışam. Hərdən universitetdə qızlar mənə deyirdi ki,
Habil heç sənə diqqət ayırmır. Burdan gedir, ordan gəlir. Amma mən
həmişə ona inanmışam.
Həmişə özümə qarşı istilik
hiss edirdim
Gözəl qız deyildim ki, özümə əmin
olum. Amma onda həmişə özümə qarşı istilik hiss edirdim.
Övladlarımızdan Rəvan demək olar ki, eynən Habilə bənzəyib. Hər
həssas mövzuya kövrəlir. Habilin kövrəlməyi isə hələ gənclik
illərindən var idi. O çox kövrək, rəhimli insandı. Nə yaxşı ki,
onun həyat yoldaşıyam. Onunla qürur duyuram!
2014-02-28 13:57:20