Şair Aqşin Yenisey mərhum jurnalist Elçin Səlcuq
haqqında danışır:
– Aqşin, Elçin Səlcuqu ilk dəfə necə gördün, sizi kim,
harda və hansı şəraitdə tanış elədi?
– Səhv etmirəmsə, 2001-ci il idi, "Azadlıq" qəzetində şeirlərim
çıxmışdı. O vaxt qəzetin redaksiyası Xalq Cəbhəsi partiyasının
Xəqani-33-dəki qərərgahında yerləşirdi. Gəzə-gəzə axşamüstü gedib
oradakı məşhur çayxanaya çıxmışdıq, Zamin Hacı, Murad Köhnəqala və
balacaboy bir kişi oturub çay içirdilər. Muradı o vaxt yeni
tanıyırdım. Məni Zamin Hacı və Elçinlə tanış elədi. Heç on dəqiqə
keçməmişdi ki, Elçin artıq məni çayxananın ortasındakı hovuzun
yanına dalaşmağa çağırdı. Yəni kişisənsə, dur gəl ortada dalaşaq,
kim döysə o haqlıdır. Ondan eşitdiyim ilk söz bu olub: "Ə,
qurumpet, ya skazal!".
– Niyə dalaşmaq istəyirdi ki? Söhbətiniz nə üstündə çəp
gəlmişdi?
– Murad bizi tanış eləyəndə Elçinin məşhur jurnalist olduğunu
söylədi. Mən də dilucu etiraf etdim ki, oxumamışam. "Oxumamışam"
deyən kimi Elçin qabağımdakı armudu stəkanı götürüb qırağa qoydu və
bağırdı ki, oxumamısansa bizim çayı içmə. Sonra lap əsəbiləşdi.
Çaxır tuluğuna oxşayan çantasından bir qəzet çıxarıb öz yazısını
göstərdi və əmr etdi ki, on dəqiqə vaxtın var, get bir qıraqda bu
yazını əzbərlə, gəl danış. Hətta çayxanada laqqırtı vuranların
üstünə bağırdı ki, sakitliyi təmin edin. Sözsüz ki, ömrümdə birinci
dəfə gördüyüm adamın belə ötkəmliyi xoş olmadı. Dava da buna görə
düşdü.
– Bildiyimə görə, Elçin Səlcuqun belə işləri çox olub.
Ancaq nədənsə, hamı onu çox istəyirdi. Səncə, onu sevimli bir
insana çevirən nə idi, hansı özəl cəhətləri vardı?
– Elçin kimi adamları hamı çox istəyə bilməz, yalan söhbətdir.
Çoxu onu yola verirdi. Heç o da hamını çox istəmirdi. Elçinin ilk
baxışda üzünün, paltarının energetikasından adam tanımaq istedadı
var idi. Əvvəllər mənə elə gəlirdi ki, onu adamlarla konfliktə
çəkən içkinin üzə çıxardığı aqressiyadır. Amma sonralar gördüm ki,
Elçin insanları qabaqcadan tanıyaraq, onları gələcək əclaflıqlarına
görə cəzalandırır, söyür, acılayır. Onun söydüyü elə bir adam
tanımıram ki, sonradan bu söyüşə layiq olmaq üçün cəmiyyətdə
əlindən gələni eləməsin. Ölümünə yaxın demək olar ki, bütün
dostları ondan üz çevirdilər, həm də ən yaxınları.
– Sənin Elçinlə münasibətin dostluq səviyyəsində idimi?
Onun xətrinə dəydiyin və sonra peşman olduğun məqamlar olubmu?
Yoxsa həmişə incidən Elçin tərəf olurdu?
– Bizi tanıyanlar bilir ki, onu ən çox aldadan adam mən idim
dostlar arasında. Qoy birini danışım. Bir dəfə kəndə gedəndə pulum
az idi, Elçinə dedim ki, bir az pul ver kənddən gələndə sənə
ovçulardan çöl ördəyi alım gətirim. Pulu aldım, gələndə isə ona öz
həyətimizdən üç-dörd kənd toyuğunun qanad-quyruğunu kəsib gətirdim.
Toyuqları çöl ördəyi adıyla ona verəndə şübhələndi, ora-buralarına
baxıb soruşdu ki, bəs qırmalar bu quşların harasına dəyib,
bədənlərində güllə yeri yoxdu axı. And içdim ki, özüm güllə başına
dəyən ördəkləri seçdim ki, yeyəndə qırma dişlərini sındırmasın.
Sonra uşaqlardan öyrənəndə ki, ona çöl ördəyi adına həyət toyuğu
soxuşdurmuşam, bir ay məni itirib axtarmadı. Çox olub belə
hadisələr. Amma sözün əsl mənasında mənim Bakıda tanıdığım ən yaxın
dostum idi.
– Görəsən, sizi bir-birinizlə dost eləyən nə idi? Hansı
xüsusiyyətlər vardı ki, onu ancaq Elçində tapmaq olardı, başqa heç
kəs o cür deyildi.
– Çox maraqlıdır ki, heç nə. Onun və mənim olan şərik heç
nəyimiz yox idi. Görünür, bu "heç nə" bizi bütün ənənəvi dostluq
məsuliyyətlərindən azad edirdi.
Hərdən mənə elə gəlirdi ki, o, bizə də bizimlə yeyib-içməyə yox,
öz dalınca gəlirdi.
– Bu gün Elçin həyatda yoxdur. Ancaq sənin kimi yaxın
dostları onun haqqında çoxlu xatirələr danışır və yaşadır. Bəs bir
gün dostlar da həyatda olmayanda Elçin Səlcuqu nə yaşadacaq, hansı
yazısı, hansı əsəri onu unudulmağa qoymayacaq?
– Onu deyim ki, heç Elçin özü də yazılarında iddialı deyildi.
Elə adamlar ki, tale onları başqalarının mətnində yaşamaq üçün
gətirib çıxarır ədəbiyyata. Onlar elə bil, öz həyatlarını yazıçı
olmaq üçün yox, qəhrəman olmaq üçün fəda edirlər. Mən Elçini
xatırlayanda Yadıma Hessenin Knulpu, Kamyunun Mersosu və onlarla bu
cür əsər qəhrəmanı düşür. Bu cür insanlar olmasa, ədəbiyyat,
yazıçılar əliyalın qalar oxucu qarşısında.
– Bayaq dedin ki, tale Elçin Səlcuqu başqalarının
mətnində yaşamaq üçün gətirib çıxarıb ədəbiyyata. Bəs sən özün
hansısa bir əsərində Elçini obrazını yaratmağı
düşünürsənmi?
– Mənim gələcəkdə yazacağım əsərlərdən birinin qəhrəmanı mütləq
Elçinin prototipi olacaq. Sadəcə, o, obrazı yaratmaq üçün Elçinin
həyatının heç olmasa, kalkasını yaşamaq lazımdır. Yəni mən hələ
özümü onun həyatına layiq yazıçı bilmirəm. Onun ölüsü də bir ədəbi
obraz kimi mənim diriliyimdən qat-qat güclü və canlıdır.
– Maraqlıdı, belə yaxın dost olmusunuz, bəs nə əcəb bu
günə kimi onun haqqında ayrıca bir məqalə yazmamısan.
– Məqalə yox, bayaq dediyim kimi, onun prototipini bir əsərdə
yaratmaq istəyirəm. Xeyli qeydlərim, əhvalatlarım var. O, elə adam
idi ki, adam onu bir görəndə sevinirdi, bir də ondan ayrılanda.
– Ona şeir də həsr eləməmisən?
– Bir neçə şeir yazmışam. O, öləndən sonra mesaj kimi bənd-bənd
yazıb Şahbaz Xuduoğluna göndərdiyim "Axşamçağı" şerini onun
dilindən yazmışam. Amma içkili olduğum üçün belə bir şeir yazdığımı
xatırlamırdım, ta Şahbaz bəy o şeri öz telefonundan köçürüb Elçinin
xatirə jurnalında çap edənə qədər.
– Elçinlə son görüşünüz yəqin ki, yadındadır. Nə
danışırdı?
– Ölümündən bir həftə əvvəl bizə gəlmişdi. Xəstəxanadan təzə
çıxsa da, içirdi. Çox aydın şəkildə dedi ki, daha yaşamaq üçün heç
bir əsası qalmayıb. Təsəlli verməyin mənasız olduğunu görüb, gücüm
yalnız ona çatdı ki, mədəmin ağrıdığını bəhanə edib onunla içməkdən
imtina etdim, dərman almaq adıyla evdən çıxdım. Bilirdim ki, tək
qalıb darıxacaq, çıxıb harasa gedəcək. Axşam qayıdanda gördüm ki,
evdə nə qədər kartof, soğan, yağ, qənd var, hamısını yığıb
aparıb.
– Hara getmişdi ki?
– Gecənin bir aləmi başqa nömrədən zəng etdi ki, Şaiq
Vəligildəyəm. Sonra öyrəndim ki, bizdə tək içəndə Şaiq Vəli zəng
edib ki, pulum yoxdu, evdə də hər şey qurtarıb. Elçində o cür ağır
vəziyyətdə, özü də içkili süfrədəki, soyuducudakı, səbətdəki nə
varsa yığıb Sumqayıta, onlara aparıb. Gücü son tikəsinə çatıb. Heç
üç gün keçmədi ki, Səlcuqdan ölüm xəbərini aldım.
– O, bir dəfə yaxşı müalicə almışdı, xeyri də olmuşdu.
Təzədən içməsəydi, yaşayacaqdı. Görəsən, o, niyə içirdi, dərdi nə
idi?
– Belə bir həyatı olan adam, səncə, qolf oynaya bilərdi?
– Tez-tez deyirlər ki, Elçin mərd adam idi. Yaxından
tanıdığın bir insan kimi deyə bilərsənmi onun mərdliyi nədə idi və
bu mərdlik hansı məqamlarda üzə çıxırdı?
– Mən inanmıram ki, Elçin nə vaxtsa kiməsə nəyisə məhz mərd adam
olduğu üçün etmiş olsun. O, sadəcə, öz inandığı həqiqətin tərəfində
ölümə gedəcək qədər səmimi idi.
– Elçin Səlcuqun həqiqəti nə idi?
– Deyim ki, onun həqiqəti heç də həmişə düz-əməlli bir şey
olmurdu. Məsələn, o bir dəfə yanında bərkdən siqnal verib onu
qorxutduğu üçün avtobus sürücüsü ilə yolun ortasında əlbəyaxa oldu.
Yəni onun üçün inandığı həqiqətin balacası-böyüyü yox idi.
– Yəqin, sən bilərsən, Elçinin ürəyində qalan hansısa
bir arzusu vardımı? Yoxsa arzularla yaşayan adam
deyildi.
– O öləndə mən çox fikirləşdim ki, görəsən, onun hansı arzusu
ürəyində qaldı. Ha fikirləşdim, belə bir arzu ağlıma gəlmədi. Mənə
elə gəlir ki, onun uğrunda yaşadığı şeylər özündən qabaq ölmüşdü
həyatda.
– Aqşin, bəs olub-keçənləri xatırlamaqla aran necədi?
Elçini yada salan şeylər nələrdi?
– Mən hər gün Elçinin lazım olduğu yerləri görürəm cəmiyyətdə.
Və gəldiyim nəticə budur ki, Elçin kimi adamlar nə Azərbaycan
ədəbiyyatının, nə Azərbaycan jurnalistikasının, nə də Azərbaycan
ailəsinin itkisidir. Elçin Azərbaycanın azadlığının itkisidir.
Teleqraf.com