Dünən Azərbaycan kino
sənətinə böyük itki üz verdi. Əməkdar artist, unudulmaz rolları ilə
böyük tamaşaçı sevgisi qazanmış aktyor Ələsgər Məmmədoğlu uzun
sürən xəstəlikdən sonra dünyasını dəyişdi.
Axar.az əməkdar artist Ələsgər Məmmədovdan aldığı son müsahibəni
təqdim edir:
- Ələsgər müəllim, gəlin, bir az uzağa gedək,
uşaqlığınıza...
- Mən Bakının məşhur "Kubinka" adlanan məhəlləsində doğulub,
böyümüşəm. Tanınmış yer idi. Tapılmayan mallar orada tapılardı.
Mənim doğum günüm bəşəriyyətin yenidən dünyaya gəldiyi vaxta
təsadüf edir – İkinci Dünya müharibəsinin sonuna. Kasıbçılıq olub.
7 yaşımda atam rəhmətə gedib. Qardaşımın 2 yaşı var idi. 14 yaşım
olanda təsadüfən Dram Teatrında tamaşaya baxdım. C.Cabbarlının
"Almaz" və Şekspirin "Qış nağılı" əsərlərinə... Elə özümdən asılı
olmayaraq xoşum gəldi sənətdən. Həmin vaxt "26-lar adına mədəniyyət
sarayı" var idi. Professor Lütfi Məmmədbəyovun Xalq teatrı idi.
Tamaşalarına biletlə gəlirdilər. Repertuarı da gözəl idi. Əvvəlcə,
Lütfi müəllim məni götürmədi. Dedi ki, get Əkrəm müəllimin uşaq
dram dərnəyinə. Dedim, yox, mən buranı istəyirəm. Kütləvi səhnələrə
çıxaram. Səssiz rollara.
- 14 yaşınızda?
- Hə, 14 yaşımda. 2 ildən sonra mən zavodda işə girdim.
- Bəs orta məktəbdə oxumurdunuz?
- Pis oxuyurdum orta məktəbdə. Səkkizinci sinifdən çıxartdılar
məni. 44 nömrəli məktəbdə onuncu sinfə kimi oxudum. Sonra Qənnadı
fabrikinin yanındakı axşam məktəbində 11-ci sinfi bitirib,
İncəsənət Universitetinin axşam şöbəsinə daxil oldum.
- Aktyorluq fakültəsinə?
- Kino aktyoru. Amma kinoya heç vaxt həvəsim olmayıb, təsadüfən
gəlmişəm. Dublyaja gedirdik, bir nəfər mənə dedi ki, kinoya
çəkilmək istəyirsən? Dedim, nə bilim. "Rəqiblər" filminin sınaq
çəkilişi gedirdi. Arif müəllim də baş operator idi. Mənə bir top
verdi. Dedi, bax aparata. Tima Bəkirzadəyə rusca "on podoydyot" -
dedi. Beləcə düşdüm kinoya. Həmin vaxt Montin zavodunda
işləyirdim.
- Azərbaycan aktyorlarından sizə kim daha çox stimul
verdi aktyor olmağa?
- Mənim Möhsün Sənanidən xoşum gəlirdi. Bizim teatrda işləyən
aktyorlardan Siyavuş Aslana hörmət edirdim. Siyavuş "Nənəmin şahlıq
quşu"nu oynayanda köhnə univermaqdan "Ana-uşaq" kafesinə qədər hamı
bilet axtarırdı.
- Onda neçə yaşınız var idi?
- 26-27 yaş... Biz o teatrda çox əziyyət çəkdik. Hərdən cavan
aktyorlara deyirəm ki, bir cümlə demək üçün Nəcəfə pul verirdik.
İndi baş rolları oynamırlar. Əsas rolları bəyənmirlər. Bir dəfə
"Şir evdən getdi" filminə çəkilirdik. Senkeviç var idi – şiri
oynayan. "Malıy" teatrda işləyirdi. Deyir, getdim müdirin yanına,
məndən soruşdu ki, maaşını artırım? Dedim, yox, rol istəyirəm.
Cavab verdi ki, rol yoxdur.
O vaxt oynayandan da bir tamaşanı ardıcıl neçə il oynayırdıq.
Ötən gün Lonovoyun 80 illiyi idi. Deyir, mən bir rolu 60 il
oynadım. Bizim teatrda da olur. "Əliqulu evlənir"i neçə illər
oynadım. Amma məhəllədə mənim aktyor olmağıma pis baxırdılar. "Tı
çto, durak? Sən alverçi olarsan, biznesmen olarsan. Sənin hardan
ağlına gəlib aktyor olmaq? Bizi biabır eləmisən", - deyirdilər.
- Sizi məşhur edən film hansıdır?
- "Bəyin oğurlanması"... Görənlərin çoxunun o film yadına
düşür.
- Bir az özəl sual vermək istəyirəm. Xanımlar istəyir
ki, məşhur adamla ailə qursun. Ailə quranda siz aktyorluğa yeni
başlamışdınız. Nə dərəcədə təsiri oldu?
- Həyat yoldaşım uzaq qohum idi. Tibb bacısı işləyirdi. Elə
sakitcə təklif elədim ki, mənə ərə gələrsən? Razılaşdı, evləndik,
40 ildir artıq.
- O vaxtkı Azərbaycan teatrı, kinosu və tamaşaçısı ilə
indikilər arasında fərq nədir?
- O vaxt televiziya insanların ürəyinə girmişdi. Eləcə də teatra
meyil çox idi. Kinolarımız sovet vaxtı baxılmırdı. Sovet dağılandan
sonra filmlərə baxılmağa başlandı.
- Amma çoxları deyir ki, o vaxt kinomuz daha yaxşı idi.
İndi gülməli, yersiz, şit zarafat filmləri çəkilir.
- Sən serialları qatma. O başqa sənətdir. Film çəkilmir axı...
Çəkilən də efirə getmir. Mən son illərdə bir dənə "Cavad xan"
filmini bilirəm. Bir də "Axırıncı dayanacaq".
- Filmə çəkilməyə o vaxt üçün nə qədər qonorar
alırdınız?
- Onun pulu yadımdan çıxıb. "Qərib cinlər diyarında" filmindən
1700-ə yaxın pul aldım. Bir ay boş idik. Getdik İliç buxtasında
kütləvi səhnə çəkdik. Sonra nə qədər axtardıq özümüzü heç ekranda
görmədik. Təsəvvür elə, 90 min pulum var idi. 9 dənə ev
alardıq.
- Ədəbiyyatla maraqlanırdınızmı?
- O vaxt Dostoyevskinin ən çox dəbdə olan əsəri "Cinayət və
cəza" idi.
- İndi hansı əsərləri oxuyursunuz?
- Axırıncı oxuduğum Ordubadinin "Gizli Bakı", Mehdi Hüseynin
"Səhər", Dostoyevskinin "Alçaldılmış və təhqir olunmuş insanlar",
"İdiot" və s. əsərləridir.
- Sizə deyirdilərmi oynadığınız əsəri əvvəlcə
oxuyun?
- Demirdilər. Rejissor başa salırdı və təbii ki, əsəri
oxuyurduq. O tamaşanı 2-3 dəfə də Moskvada görmüşdüm. Yenə deyirəm,
fitri istedad başqa şeydir. Nikita Mixalkova deyirlər ki, yaxşı
film çəkmək üçün nə lazımdır? Deyir, birincisi, ssenari, ikincisi,
ssenari, üçüncüsü, ssenari.
- Sizin bu filmlərə az çəkilməyinizin, belə deyək də,
Yaşar Nuri, Siyavuş Aslan, Rasim Balayev qədər populyar
olmamağınızın səbəbi nədir?
- Əlbəttə, rollar. Onlar böyük rollar oynayıblar.
- Sizə niyə vermirdilər bu rolları?
- Mənim fakturam elə idi ki, gərək mənimçün yazardılar baş rolu.
Məsələn, Fazil Salayev gözəl aktyor idi. İstedadlı insan idi. Fazil
heç nə edə bilmədi. Ceyhun Mirzəyevin böyük istedadı var idi. Amma
adi bir fəxri ad bilmədi.
- Xarici ölkələrdən təklif almısınızmı?
- Bir xarici filmə çəkilmişəm – "Tehran-43". Çörçil, Ruzvelt,
Stalinin görüşündən bəhs edir.
- Gənc aktyorlardan kimləri bəyənirsiniz?
- Rövşən Kərimduxt, Anar Heybətov, Vəfa Zeynalova – bunları
bəyənirəm.
- Gələcəyə nə planınız var?
- Heç bir şey yoxdur. Heç ümidim də yoxdur. Moskvadan aktyorlar
danışırlar. 80 yaşında aktyorlar 500 filmə çəkiliblər. Hərəsinin öz
teatrı var. Eyni həvəslə işləyirlər. Etuş gəlmişdi bura, 93
yaşında. Öz teatrı, tamaşaçısı var. Alesya Fredeyevin 70 illiyində
Medvedyev şampan açır, Putin təqdim edir. Onu görən ətraf da eyni
reaksiya verir. İldə 2-3 dəfə Heydər Əliyev gəlirdi. O birilər də
baxırdı ona gəlirdi. Muğam niyə qalxdı? Mehriban xanımın gözü onun
üstündədir. Hamısı da ona görə. Çox böyük şeydir qayğı. Çox
qəribədir. Biz 90-cı ildə Naxçıvanda Heydər Əliyevlə görüşdük. Bizə
elə şeylər danışdı ki! Çox qəribə yaddaşı var idi.
- Bu də görürsən ki, harınlamış biri siqnalı basır
küçənin ortasında və Siyavuş Aslan "Ələsgər"
qışqırır...
- O, əvvəla istəkdən gəlir, ikinci də neçəsi məni saxlayıb
maşınına dəvət edib ki, 300 manat verib, sizin adınızı yazdırmışıq.
Mən də deyirəm ki, 150 verəydin, özüm oturardım da (gülür).
Kaloritli filmdir. Çox baxılır. Bilirsiniz nə pisdir? Mən həmişə
deyirəm, bu qədər film gedir, tamaşalar verirlər. Heç kimi
maraqlandırmır ki, bu kimdir. Əgər Moskvada yaxşı iş görmüsənsə,
mütləq xeyirini görəcəksən.
- Azərbaycanlı aktyorlardan, rejissorlardan,
məşhurlardan hansı ilə ailəvi yaxınlığınız olub?
- Heç biri ilə.
- Bu gün bəs?
- Elə bu gün də. Bir daha Siyavuş Aslan, Yaşar Nuri
doğulmayacaq. Ola bilər ki, başqa adamlar gəlsin. Bilirsiniz,
teatra münasibət bu gün çox pisdir, gəlmirlər. Əgər yaxşı münasibət
olsaydı, gələrdilər. Gəlsələr, nə olacaq mənim üçün? 300 manat, 250
manat maaş artacaq. Elə teatrlar var 180 manat maaş verirlər. Maaş
qalxmalıdır, filmə qayğı göstərilməlidir. İncəsənət Universitetinə
tələbə qəbulu başqa cür olmalıdır. Mütləq istedadlı adamlar
gəlməlidir. İstedadlı adamların gəlməyi üçün də maddiyyat
olmalıdır. Mozalan çəkirdilər bu yaxınlarda. Mənə 50 manat
verirdilər. Deyirəm ki, 50 manat ayıbdır. Deyir, daş
daşıyırsan?
Amerikada artistlər daş daşıyırlar bəyəm? Artistlərə başqa cür
baxırlar. Çəkiliş çox çətindir. 6-7 saat işığın altında dayanmaq
çox ağırdır.
- Hansısa serialda çəkilmisiniz?
- Yox, dəvət eləməyiblər.
- Dəvət eləsələr?
- Əlbəttə. Niyə də yox?!
- Mən eşitdiyimə görə, siz daha ciddi mövzular
istəyirsiniz.
- Gözləsəm, bəlkə, gəlmədi. Yaşamaq da lazımdır. O gedənlər var
e, elə bilirsiniz, xoşbəxtlikdən gedirlər?
- ...Xoşbəxtsiniz?
- Nə xoşbəxtəm, nə bədbəxt.
- Azərbaycan tamaşaçısının sizə qayğısından, sevgisindən
razısınızmı?
- Bizim sənətə?
- Yox, Ələsgər müəllim olaraq, aktyor olaraq sevgidən,
qayğıdan razısınızmı? Yetərincə sevilirsinizmi?
- Sevilsək də, sevilməsək də, oradan heç nə gəlmir. Nə xeyir
gəlir, nə ziyan...
- Siz sevgi deyəndə nəyi nəzərdə tutursunuz? Hökmən nəsə
pul gəlməlidir?
- Sevgi bilirsən nədir? Əgər biri tanınırsa, Moskvada nəsə
eləyir pul qazanmaq üçün. Səni havayı sevsinlər. Sən də ac qarına
sevil. Hara qədər gedəcəksən?
- Belə çıxır ki, sizi çox sevməklərinin mənası yoxdur.
Əsas puldur.
- Pul yox. Dolanmaq üçün maddi təminat lazımdır. Sevəndə nə
olur? Cibə nə gəlir?
- Bəs cavan qalmağınızı nəyə borclusunuz?
- Allaha... O özü saxlayır.
- Filmlərinizdə daha çox gülüşə üstünlük verirsiniz.
Həyatınızda da – evdə, ailədə, küçədə də beləsiniz? Yoxsa tamam
fərqli bir adamsınız? Məsələn, türk aktyor Kamal Sunal həyatda çox
ciddi adam olub.
- Bəli, həyatda çox ciddiyəm. Evdə də uşaqlarım inanmırlar ki,
mən artistəm. Bunlar başqa-başqa işlərdir. Yaxşı vaxtda işləmişik,
zövq almışıq. Maraqlıdır ki, onda heç pul adamın yadına
düşmürdü.
- Mən belə başa düşürəm ki, siz bu sənətə maddiyyata
görə gəlməmişdiniz. Amma indi düşünürsüz ki, maddiyyat
mütləqdir.
- İndi nə sənət var, nə maddiyyat. Zövq alıb yaşamaq üçün heç
olmasa, biri olsun də.
- Azərbaycan gəncliyindən razısınızmı?
- Yenə də deyirəm, o dövr gənci ilə bu dövr gənci çox
fərqlidir...
- Fərq nədir?
- Fərq – ölkənin inkişafı. Bütün dünyaya baxıb müqayisə edə
bilirsən.
- Bax, tanınmış aktyorsunuz. Polis tanıyır, məmur
tanıyır – hamı tanıyır sizi. Bütün insanların da həyatda sənət
problemləri, ailəvi problemləri, məişət problemləri olur. Sizin
Ələsgər müəllim olmağınız, tanınmış biri olmağınız sizə polisdə, ya
başqa yerdə kömək olubmu?
- Çox olub. Nə zaman getmişəmsə, imtina edən olmayıb.
- Uşaqlarınız da özü qəbul olub, oxuyub?
- Oğlum Memarlıq və İnşaat Universitetini 21 yaşında bitirib.
Hörmət barədə narazılığım yoxdur.
- İndiki yumoristlərin sizə münasibəti
necədir?
- Rafaellə Coşqunu yaxından tanımıram. Amma Tahirgil məni
çəkiblər. "Məşədi İbad"da Hambal rolunda. Ondan sonra da
görməmişəm.
- Ən çox rəhmətə gedən aktyorlardan kimlər üçün
darıxırsınız, onunla oturub söhbət etmək istəyərdiniz?
- Hamısı üçün. Onlar maraqlı adamlar idi. Artistlikdən başqa
insan kimi də maraqlı idilər.
- Dünya aktyorlarından kimi bəyənirsiniz?
- Mənim Rac Kapurdan xoşum gəlirdi. Böyük aktyor idi. İtalyan
aktrisası Sofi Loren, indi yaradıcılıqdan uzaqlaşıb. Gürcü
aktyorlardan da bəyəndiklərim var. Gürcülərin tamaşalarına çox adam
gəlir.
- Gürcülər demişkən, biz bu müharibədən sonra
ermənilərlə düşmən olduq. Gürcüstan filmləri, Ermənistan filmləri,
Rusiya, Dağıstan – bunların hansı sizi daha çox cəlb edir? O
aktyorlardan dostlarınız varmı?
- Var, gürcü dostlarım var... O vaxt gürcü kinosu var idi. İndi
alınmadığına görə çəkmirlər. Festival keçirdirlər. İkisinə biz
getmişdik. Elə bil bayram idi, bayram!
- Yəni Gürcüstanda belə bizdən çox hörmət var
sənətə?
- Bəli. Teatra orda böyük hörmət var. Gedirik Türkiyəyə, Trabzon
nə boyda şəhərdir? 2500 dollar maaş alır aktyorlar. Bir aydan bir
də həmin maaşı mükafat verirlər. Nə qədər film çəkilir...