Bu dəfə tanınmış şair Qəşəm Nəcəfzadə ilə həmsöhbət
oldum. Onun həyata, insanlara, ədəbiyyata münasibətini öyrənmək
istədim. Və söhbətimiz alındı. Bu da bir insan taleyi, yaradıcı
adamın ömür yoludur. Elə bu ömür yolu ilə "İnsan taleyi"
layihəsində tanış olun.
Qəşəm müəllimə verdiyim ilk sualımın qıcıq verəcəyini
anlayırdım, deyəsən, heç yanılmadım da:
- Qəşəm Nəcəfzadə haqda çox danışılır, çox yazılır, bəhs
olunur. Etiraf edək ki, bütün bunlar birmənalı deyil. Bəs sən özün
kənardan Qəşəm Nəcəfzadəyə necə dəyər verərsən, onun haqda bəhs
etsən, nəyi və necə yazarsan?
- Haqqımda danışılanlar birmənalıdır, yüz mənalıdır, fərqində
deyiləm. İstərdim ki, sən o mənanın bir-ikisini deyəsən. Məncə, elə
bir şey yoxdur. Məni sevən və ya sevməyən var.
- Elə götürək sevən və sevməyənləri, sözsüz ki, onların
danışıqları fərqli olmalıdır.
- Sözsüz, bu da təbiidir. Sevməyənlərim sevənlərimi öyrətməklə
məşğuldur. Bunu da bilirəm. Olsun. Ancaq özüm haqqında belə
deyərdim, peşəkar müəllim, yazıçı, şair və yaxşı dost.
İşıqların yanmağı da şeirim kimidir
- Qəşəm, uzun illərdir ədəbiyyatda külüng vurursan, həm
nəzm, həm də nəsr nümunələrində qələmini sınamısan. Özünü daha çox
harada rahat hiss edirsən?
- Külüng vurmuram, sadəcə, ara-sıra yazıram, ara-sıra da çap
olunuram, ən çox nəsr əsrlərimdə rahatam. Oğlum Kəramətdə, Turalda
narahatam, qızım Sevincdə rahatam. Məndə qəribə bir xasiyyət var.
Evə çox bağlı adamam. Əgər otaqların hansı birinin lampası
yanmırsa, istifadə olunmasa da, həmin gecə onu düzəltməsəm, gözümə
yuxu getməz. İşıqların yanmağı da şeirim kimidir. Yaradıcılığımda
ən çox axtarışlarıma, təcrübəmə, faktlarıma müşahidələrimə,
xatirələrimə arxayınam.
- Ənənəvi şeir formasından birdən-birə modern,
postmodern, sərbəst, ağ şeir formalarına da keçid etdin, necə başa
düşmək olar, bu bəzi dikbaş şeir yazanlara "mən də belə yazmağı
bacarıram" demək deyildi ki?
- Kiməsə, nəyisə sübut etmək üçün yazmamışam. Mənim təfəkkürüm
elədir: qoşma, sərbəst, epik, lirik, modern, postmodern və sair. Bu
qanunlara inanmıram və heç bir "izmə" də arxayın deyiləm. Ancaq
şeirin bir yolu var: nə yazırsansa yaz, amma yaxşı yaz. Sonrası nə
ola, ola. Vəssalam! Həyatda da beləyəm. Sən inanarsan ki, mən
suvaq, döşəmə, tavan vura bilirəm, hörgü işini bacarıram? Şeirimdə
də beləyəm.
Ədəbiyyatla aramıza müqavilə olmayıb
- Səncə, ədəbiyyatımıza verdiklərinlə, ədəbiyyatımız
adına qazandıqlarını müqayisə etsək, hansı çox olar?
- Ədəbiyyatla aramızda belə müqavilə olmayıb. Amma ev-eşiyim,
maşınım oğlanlarımın evi qonorarımın hesabınadır. Sovet vaxtı çıxan
kitablarımla da ev, maşın almışdım. Onu da qeyd edim ki, mən
1995-ci ildən 2004-cü ilə qədər cəmi 10.000 tirajla çıxan
kitablarımı müqavilə əsasında rayon təhsil və mədəniyyət şöbələrinə
satmışam. 2007-ci ildə Hollandiyada ingilis və holland dillərində
çıxan kitablarıma yaxşı qonorar aldım. İndi də köşə yazılarımla
dolanıram.
- Sən nə istəyirdin, nəyə nail oldun?
- Elə bir planım, istəyim olmayıb. Allahımdan çox razıyam, əsas
budur ki, heç kəsə pul borcum yoxdur, kreditim vardı, o da bitdi.
Heç kəsə, heç nəyə hirsli deyiləm. Çox rahatam.
- Ürəyinin ağrısından zaman-zaman şikayətli idin. Allaha
şükür, indi əməliyyatdan sonra gümrah görünürsən, amma insanların
ürəyi, xüsusilə şairlərin ürəyi daima ağrı çəkir, çox şeyi içindən
keçirir. De, ürəyin qüsurlu olub ağrıması və şair olaraq ürəyindən
keçən ağrıların hər hansı oxşar cəhəti varmı?
- Ürəyimdəki anadangəlmə ürək qüsuru məni çox sındırıb. 53 il
təngnəfəs yaşamışam. Orta məktəbdə və universitetdə bədən tərbiyəsi
dərslərindən məni həmişə ayırıb kənarda qoyublar. Qızların yanında
utanmışam. Çox idmançı oğlanlar mənim xəstə ürəyimə lağ eləyiblər.
İndi onların çoxu həyatda yoxdur, elə ürək xəstəliyindən ölüblər.
Həkimlər deyirdi ki, gərək əməliyyat olunasan. Pul lazım idi. Pul
da yox, bir yandan da qorxurdum. Kəramət altı aylıq körpə olanda
onu qucağıma götürməyə ürəyim imkan vermirdi. Kəramət böyüdü, 25
yaşına çatdı, ürəyimi əməliyyat etdirdi. Pulu o qazandı, 10 min
manat. Bakıda Neftçilər xəstəxanasında gözəl həkim Rəşad Mahmudov
ürəyimi əməliyyat elədi. Hər şey uğurlu oldu. Əməliyyatdan 10 gün
sonra Kəraməti 25 yaşında qucağıma ala bildim. Ürəyimlə bağlı bütün
problemlər aradan qaldırıldı. İndi futbol oynayıram, qaçıram, nə
qədər istəsəm. Faiq, bu ürək ağrısı dəhşətlidir. Qaldı ki,
yaradıcılıq ağrısına, bu, çox yüngüldür. Buna ürək sağlam olsa,
dözməyə nə var.
Mirələmov haqqında yazmışam...
- Səni bəzən o məsələdə ittiham edirlər ki, ədəbiyyat
çinovnikləri haqda xoş danışırsan. Amma tənqidi fikirlərin də
yetərincədir. Səncə, sənin niyə ancaq xoş yazdıqlarını görür,
kiməsə nüfuzuna, vəzifəsinə görə xoş gəlmək istədiyini
deyirlər?
- Mən gözəl yazıçı Hüseynbala Mirələmov haqqında yazmışam, yaxşı
da yazmışam, özü də yaxşı eləyib yazmışam. Ayrı heç kəs haqqında
bir kəlmə də olsun yazım ola bilməz. Başqa yazılarım var,
"Azərbaycan" jurnalında Aydın Məmmədov, Əli Kərim, İsa İsmayılzadə,
Ələkbər Salahzadə, bir sözlə, dünyasını dəyişən yazıçı və
şairlərimiz haqqında yazmışam və bu silsilə hələ də davam edir.
"Ulduz" jurnalında da gənclər haqqında silsilə esselər yazıram.
Məgər bu adamlar ədəbiyyat çinovnikləridir?
- Qəşəm, ədəbi mühitdə dost dediyin çoxdur, düşmən
münasibətini gördüyün?
- Sağ olsunlar, hamısı mənim oxucularımdır. Sonrası lazım
deyil.
- Hansısa yazarla şəxsi münasibətlərini onun bədii
yaradıcılığına münasibətdə qabartdığın vaxtlar olubmu?
- Yazı məsələsində onlar mənim ağlıma gəlmir. Ən çox obrazın
xüsusiyyətləri, quruluşu, hərəkətləri mənim üçün maraqlıdır. Pis,
yaxşı insan olmağı yox. Heç nəyi qabartmıram. Olduğu kimi
yazıram.
- Bu yaxınlarda bir neçə hekayəni oxudum. Bəzilərində
pessimizm olsa da, hamısında həyata, insana sevgi də var. Sən
şükranlıq etməyi elə yazılarda bacarırsan, yoxsa əməllərində də bu
var?
- Həyatda olanları gətirirəm yazıya. 500 səhifəlik hekayələr
kitabım çap olunacaq. Onların hamısı xatirələrimdir. Mən keçmişi
yaxşı bilirəm və onu heç vaxt unutmuram. Ən çox zaman keçmiş və
gələcəkdir. Gələcəkdən xəbərim yox. Keçmişi də yaşamışam. İndiki
zamansa sapın beli kimi bir şeydir, bir saniyəlikdir. Keçmişə çox
bağlıyam. Mən xatirələrimdən elm yaratdım.
Mənim içim çöl kimi ucsuz-bucaqsızdır
- Qəşəm, bu inkaredilməz faktdır ki sən bəzi qələm
adamlarına dost deyirsən, amma oğlun onların elə simalarından yazır
ki, onlara dost deməyə adamın dili gəlmir. Hansınız daha
dəqiqdir?
- Oğlum Kəramət Böyükçöl çox istedadlıdır, elə şeylər var ki,
mən ondan öyrənmişəm. Onun səhvləri də məni öyrədir. Yaradıcılığına
qarışmıram, daha doğrusu, sözümə baxmır, bunu bilirsən, Faiq.
Kəramət ən pis adamda da yaxşı nəsə tapa bilir, elə bunun özü də
yaradıcılıqdır.
- Yəni demək istəyirəm ki, sənin illərlə topladığın adam
tanımaq təcrübəni gənc yazar Kəramətin çevik baxışları alt-üst
etmir ki?
- Vallah, adam tanımaq təcrübəm də yoxdur. Kim nə istəyir,
eləsin. Gedən getsin, qalan qalsın. Ancaq yaradıcılıq təcrübəm var.
Bunu qazanmışam. İşim, pulum, vəzifəm, fəxri adım olmaya bilər, o
demək deyil ki, mən məğlub edilmişəm. Əsla, yox. Mənim içim çöl
kimi ucsuz-bucaqsızdır, içimdə min adam itər, yüz adam məğlub
olar.