Köstlerə görə, Hitlerin qaz kameralarında boğdurduğu
yəhudilərin əksəriyyəti Xəzər türkləri olub.
Britaniyanın yəhudi əsilli alimi Eran Elhaik aşkenaz
yəhudilərinin türk əsilli olduğunun sübuta yetirildiyini
söyləyir.
Musavat.com-un xarici mediaya istinadən yaydığı
məlumata əsasən, Eran Elhaik bu barədə tezislərini "Genome Biology
and Evolution" (Genom biologiyası və Tərəqqi) adlı elmi jurnalda
yayınlayıb.
İsrail təvəllüdlü, Texas Hyuston Universitetində, Marilend-Cons
universitetində doktorluq araşdırması həyata keçirən Eran Elhaik
"Avropa yəhudilərinin soyunun itən həlqəsi: Ren və Xəzər
nəzəriyyələrinin müqayisəsi" adlı məqaləsində Aşkenaz yəhudilərinin
əsl kökünün Xəzər türkləri olduğunu göstərib.
Elhaikə görə, türk boylarının bir qismi 8-cü əsrdə yəhudiliyə
keçmiş və köç yollarından istifadə edərək Avropa qitəsinə doğru
irəliləyiblər. Elhaik müasir yəhudilərin ortaq kökə sahib
olmadığını yazır. Ona görə onların kökləri Yaxın şərqdə, yəni
Fələstində yaşayan yəhudilərə deyil, Xəzər, yəni türk mənşəli olub
digər tayfalarla qarışanlara dayanır. Elhaikin bu nəzəriyyəsi yəhudilərin ortaq bir
nöqtədən gəldiyini iddia edən bir çox elmi tezisi
çürüdür.
Elhaik öz araşdırmalarında daha da irəli gedərək, aşkenaz
yəhudilərinə məxsus idiş dilinin DNT köklərini Türkiyənin
şimal-şərqindəki İpək yolunun kəsişməsinə yaxın yerlərdə yerləşən
İşkenaz, Eşkenez, Aşhanas və Aşuz adlı dörd kənddən qaynaqlanmış
ola biləcəyini , habelə idişin həmin yollarda ticarət edən Aşkenaz
və İran yəhudiləri tərəfindən əmələ gəldiyini bildirib.
Eran Elhaik Pol Vekslerlə birlikdə dərc etdiyi məqalədə idiş
dilinin türk, slavyan və iran mənşəli olduğunu da irəli sürüb.
Onların fikrincə bu dil sonradan alman dilinin təsiriylə xeyli
dəyişikliyə məruz qalıb.
Bu idişin german dil qrupundan olması fikrinin inkar edilməsi
deməkdir.
Alimin fikrincə aşkenaz yəhudilərinin kökləri VIII-XI əsrlərdə
indiki Ukrayna ərazisində hökm sürən türk dövləti, Xəzər
xaqanlığına dayanır.
Məlumat üçün qeyd edək ki, aşkenazlar Mərkəzi Avropada
formalaşmış yəhudi subetnik qrupudur. Avropada bu terminin
işlənilməsinə ilk dəfə XIV əsr mənbələrində rast gəlinir. Tarixən
aşkenaz yəhudilərinin böyük əksəriyyəti üçün danışıq dili idiş
(alman-yəhudi dil qrupu) olmuşdur.
İkinci dünya müharibəsi zamanı baş verən holokostun
qurbanlarının böyük əksəriyyəti də aşkenaz yəhudiləri olmuşdu
(vikipediya).
Məqalə müəllifləri araşdırmalarında yəhudiləşmiş xəzər
türklərinin köç marşrutunu izləmək üçün "Geographic Population
Structure GPS" (Coğrafi Əhali Strukturu) metodundan istifadə
ediblər.
Alim bundan ötrü xeyli coğrafi və tarixi mənbə toplamış, habelə
367 yəhudi (bunların içərisində dağ və fars yəhudiləri də var) ilə
müxtəlif xalqlardan olan 600 nəfərin genomlarını müqayisə edib.
Alınan nəticələr aşkenazların türklərlə, yunanlarla, iranlılarla
qohum olduğunu üzə çıxarıb.
Ümumiyyətlə, aşkenaz yəhudilərinin türk əsilli olması fikri ilk
dəfə səslənmir.
Hələ keçən əsrin 70-ci illərində Macar yəhudisi Artur Köstler də
yəhudilərin 12 boyundan əlavə, Xəzər türklərindən əmələ gələn 13-cü
qəbiləsinin də olduğunu irəli sürmüşdü. Köstler 1976-cı ildə
yazdığı "13-cü qəbilə" adlı kitabında Şərqi Avropa (aşkenazi)
yəhudilərini türk əsilli olduğunu iddia etmişdi. Köstlerə görə,
Hitlerin qaz kameralarında boğdurduğu yəhudilərin əksəriyyəti də
Xəzər türkləri olub.
Köstler də 9-cu əsrdə Xəzərlərdən ayrılaraq Macarıstana köç edən
Kabarların da türk olduğunu və onların macar yəhudilərinin kökünü
təşkil etdiyini yazıb.
Köstlerə görə xüsusilə monqol istilası zamanı yəhudi dininə
keçmiş xəzərlər qərbə istiqamət götürərək burada yaşayan xalqlara
qarışıb assimilyasiya olmasına rəğmən dinlərini qoruyub saxlaya
biliblər. Həmin insanlar sonradan Avropada Aşkenazi yəhudi camaatı
kimi formalaşıblar.
Bu səbəbdən Köstler aşkenazilərin əslində türk olduğunu
bildirir.
Qeyd olunur ki, orta əsrlərin böyük hissəsində Şərqi Avropa
türklərin nəzarətində olub. 576-cı ildə Göytürklərin Krımın Kerç
qalasına etdiyi səfərdən sonra Qara dənizin şimalı da tamamilə
türklərin hakimiyyəti altına keçib. Həmin dövrlərdə Xəzərlər,
peçeneqlər, uz və qıpçaq kimi xalqlar növbə ilə monqol istilasına
qədər bölgəni idarə ediblər.
Şərqi Avropada qurulan ilk türk dövlətlərindən ən qüvvətlisi və
ən uzun ömürlüsü Xəzər xaqanlığıdır. Xəzər xaqanlığı Qara dənizin
şimalına qədər hakimiyyətini genişləndirən Qərbi Göytürk dövlətinin
davamı kimi meydana gəlib. Göytürklər VII əsrin başlanğıcında Xəzər
dənizi və Qara dəniz arasında dağınıq halda yaşayan Sabar, Ogur və
Onogur kimi türk tayfaları qüvvətli bir birlik kimi
təşkilatlandılar və bu birlik "Xəzərlər" adı altında tarixdə iz
qoydu.
Tarixi mənbələr Xəzərdə əhalinin əsasən "Göy tanrı dini" və
şamanizmə etiqad etdikləri bilinir. Lakin daha sonra türklər, ən
çox da oturaq həyata keçirən əhali səmavi dinlərə meylləmməyə
başlayıblar.
Ərəblərin Herodotu olaraq bilinən tarixçi Əl Məsudiyə (896-956)
görə Xəzərlər də asanlıqla din dəyişdirən xalq olublar. Məsudi
Xəzərin paytaxtı İtildə 7 hakimdən ibarət ali məhkəmə strukturunun
olduğunu yazır.
Həmin hakimlərdən biri şamanist, ikisi müsəlman, ikisi xristian,
ikisi də yəhudi dininə mənsub olublar.
Xəzər xaqanı Bulan xan 740-cı ildə yəhudi dininə keçib.
Bir sıra tarixçilərə görə, xəzərlərin ərəblərə qarşı mübarizəsi
və İslamı kütləvi şəkildə qəbul etməmələri Şərqi Avropa tarixinin
dəyişilməsində müəyyən rol oynadı. Belə ki, əgər onlar İslamı qəbul
etsə idi, bu gün Rusiyanın və Şərqi Avropanın əksər xalqları
müsəlman olacaqdı (vikipediya).
Tarixi mənbələrə əsasən Xəzər xaqanı Bulanın yəhudiliyi din
olaraq qəbul etməsinin arxasında geopolitik səbəblər durub. Çünki
xaqan islamı qəbul etməklə ərəblərin, xristianlığı qəbul etməklə
isə Bizansın hegemoniyası altına düşəcəyindən çəkinirdi.
Xaqanlığın paytaxtı əvvəl Səməndər, sonra İdil şəhəri idi.
Xaqanlığın yəhudiliyi rəsmi din olaraq qəbul etməsindən sonra
bir çox yəhudi termini və adları rəsmi mənbələrdə üstünlük təşkil
etməyə başlayıb.
Təsadüfi deyildir ki, tarixdə Bulan xaqandan sonrakı Xəzər
xaqanlarının adları yəhudi kökənli idi. Bunların arasında Bünyamin
(880-900-cü illər), Aron (900-930), Yosef (930-960) və s. göstərmək
olar.
Buna rəğmən xəzərlər öz türk kökənini heç vaxt unutmayıblar.
Yuxarıda adı çəkilən macar yəhudi alimi Artur Kösler də öz
araşdırmalarında vacib bir sənədə diqqəti çəkib.
Bu sənəd Xaqanbəy Yusif Harun oğlu ilə Əndəluslu yəhudi dövlət
xadimi və mütəfəkkiri Hasday bin İshak ilə əlaqədardır. Belə ki,
Hasday Əndəlusda ikən İrandan gələn tacirlərdən müstəqil bir yəhudi
xaqanlığının mövcudluğunu eşidir. Əvvəlcə buna inanmayan Hasdaya
bunun doğru olduğunu, hətta xaqanlarının adının Yusif (Josef)
olduğunu söyləyirlər. Əmin olduqdan sonra Hasday Yusifə məktub
yazaraq (960-cı ildə) onların Fələstindən gəlib-gəlmədiklərini
öyrənməyə çalışır. Çünki yəhudi xalqının qollarının çoxu məhv
olduğundan Hasday, bəlkə də onların həmin qollardan biri olduğunu
düşünür. Beləliklə, Hasdayla Yusifin katibləri arasında yazışmalar
başlayır.
Orada Xəzər xaqanı xəzərlərin sonradan yəhudi dininə döndüyünü
iddia edir və köklərinin Nuhun oğlu Sama (Semit sözü burdan
yaranıb-red.) deyil, digər oğlu Yafəsə dayandığını bildirir.
Xaqan öz məktubunda soylarının Nuhun oğlu Yafəsin nəvəsi,
özlərinin babası saydığı Toqarmadan gəldiyini yazır: "Dədələrimzdən
qalan soy qeydlərindən öyrəndiklərimizə görə, Toqarmanın 10 oğlu
vardı. Bunlar Uyğur, Dursu, Avar, Hun, Basili, Tarniak, Xəzər,
Zagora, Bulqar və Sabirdir. Biz 7-ci oğul Xəzərdən gəlməyik".
Xəzər xaqanlığı özünün ən qüdrətli çağlarını yaşadıqdan sonra
10-cu əsrdə tənəzzül dövrünə keçdi və 11-ci əsrin əvvəllərində
süqut etdi. Amma bu xaqanlıq Avropa tarixində əbədi qalacaq izləri
qoymağı bacardı.
Qeyd edək ki, əksər türk xalqlarının İslam dininə etiqad
etməsinə rəğmən xristian (qaqauzlar) və yəhudi türk topluluqlarına
bu gün də rast gəlmək mümkündür.
Xəzər xaqanlığından yəhudi dininə keçən türklərdən bu
günlərimizə sadəcə karaylar və krımçaqlar qalıb.