Ukrayna ilə Rusiya arasında ədalətli və uzunmüddətli sülhə aparan yol danışıqlar prosesindən keçir.
Axar.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Antalyada NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin iki günlük qeyri-rəsmi görüşünün nəticələrinə həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Rusiya-Ukrayna dialoqunun bərpası barədə qərar münaqişə tərəflərinin iradəsinin və ABŞ-ın atdığı addımların nəticəsidir.
“Fikrimcə, proses davam etməlidir. Hər iki tərəf atəşkəs ideyasını prinsip etibarilə dəstəkləyir, lakin mövqelərdə fərqlənir. Sülhə nail olmaq hədəf olaraq qalırsa, tərəflər müəyyən addımlar ata və ümumi sülh gündəliyinin formalaşması üçün müəyyən güzəştlərə gedə bilərlər. Biz əvvəldən bildirmişik ki, bacardığımız qədər töhfə verməyə hazırıq. Rusiya və Ukrayna arasında uzunmüddətli sülhə ümid edirik. Düşünürəm ki, ümid üçün kifayət qədər əsas var”, – deyə Türkiyə diplomatiyasının rəhbəri vurğulayıb.
Hakan Fidan qeyd edib ki, hazırkı mərhələdə vasitəçilərin qarşısında ciddi vəzifələr durur.