Fevralın 2-də Moldovanın cənubunda yerləşən Qaqauz
Muxtar Vilayətində referendum keçirildi. Səsvermədə yerli sakinlər
ölkənin həyata keçirdiyi xarici siyasət kursuna münasibətini ifadə
etdi.
Qoyulan məsələlər həm mərkəzi hakimiyyət, həm də Moldova
sərhədləri kənarında birmənalı qarşılanmadı. Əksər siyasi
ekspertlər prosesin üçüncü qüvvələr tərəfindən tənzimləndiyinə
işarə etdilər. Məsələnin mürəkkəbliyi və aktuallığını nəzərə
alaraq, müsahib qismində siyasilərə deyil, ictimai xadimə müraciət
etmək qərarına gəldik. Bu prosesin görünən və görünməyən
tərəflərini tanınmış qaqauz yazıçısı, "Ana sözü" qəzetinin
redaktoru Todur Zanetlə incələyib, müzakirə edirik. Onunla
söhbətimizə muxtar vilayəti sözügedən prosesə sövq edən ideya və
təşəbbüsə aydınlıq gətiməsi ilə başlayırıq...
- Xatırladım ki, referendumun keçirilməsi barədə addıma Avropa
Birliyinin Moldova qarşısında üzvlük, əməkdaşlıqla bağlı qoyduğu
məsələndən sonra başlanıldı. Maraqlıdır, Moldova bu kursu seçəndən
sonra ölkə daxilində referendum, yaxud sorğu keçirilmədir ki,
vətəndaşlar bunu istəyir, ya yox. Aydındır ki, hər bir ölkə xarici
siyasət kursuna müstəqil qərar verir. Moldova da o cümlədən. Ancaq
müəyyən şərtlər var ki, ona əməl olunmalıdır. Qaqauziyanı
referenduma getməyə vadar edən səbəb Moldovanın Vilnüsdə Avropa
Birliyi ilə assosiativ müqaviləyə imza atması və Rumıniya
prezidenti Baseskunun verdiyi açıqlama oldu. Cənab Basesku bildirdi
ki, növbəti addım Moldovanın Rumıniya ilə birləşməsi məsələsi
olacaq. Bax, bu, tüfəngin çaxmağı rolunu oynadı. Qonşu ölkədən bu
tipli bəyantlar sonra da səslənməyə başladı. Hətta bəyanatların
tonu o qədər sərbəst xarakter aldı ki, "Rumıniya Moldovanın daxili
işlərinə qarşa bilər" kimi ifadələr media səhifələrini bəzədi.
Halqavari etiraz reaksiyaları da buradan başladı və referendum
keçirildi. Nəticədə sakinlərin rəyi öryənildi.
- Qaqauzlar nədən ehtiyat edir?
- Xatırladım ki, ötən əsirdə Qaqauziya 22 il Rumıniyanın
tərkibində olub. O günlərin xatirələri hələ də yaddaşlardadı.
Hərdən öz qaqauzlarımdan soruşuram və onlarla birlikdə tarixə
varırıq ki, ruslar yox, Sovetlər Birliyi bizə qarşı daha amansız
olub, nəinki Rumıniya. Rumıniyadan kobud davranışlar görsək də,
ötən əsrdə Sovetlər Birliyi tərəfindən biz qaqauzlar 4 dəfə
genosidə məruz qalmışıq. Süni yaradılmış aclıq illəri, güllələnmə,
Sibirə deportasiya və bunların nəticəsində Qaqauziya əhalisinin 40
faizi məhv edildi, didərgin salındı. Odur ki, həm həmin qorxular,
həm də Rumıniyanın tərkibinə keçmək qorxusu müəyyən rol oynadı.
İkincisi, əgər biz bu gün Rumıniyada yaşayan qaqauzlara baxsaq,
görərik ki, onlar ikinci dərəcəli millətlərdəndi. Bəli, bu gün bəzi
siyasiləri görürəm ki, Kişinyovda öz kabinetlərində oturub
hadisələrə tam başqa rəng qatırlar. Nənələrin, yaşlı və gənc
nəsillərin nümayəndələrinin referenduma necə həvəslə gəldiklərini
öz gözümlə görürdüm. Prosesdən öncə, demək olar ki, nazirlərin
əksər müavinləri muxtar vilayətə gəldilər. Sonra Baş nazir, daha
sonra isə parlamentarilər və media nümayəndələri gəldi. Ancaq heç
kim bu prosesi dayandıra bilmədi. Fikrimcə, yığılan sualları
referenduma saxlamaq yox, öncədən də həll etmək olardı. Xatırladım
ki, qonşu regionlar da bu təşəbbüsü dəstəklədilər. Onlar da bütün
Moldova üzrə referendumun keçirilməsini istəyirdilər. Bir sözlə,
qaydalar belədi ki, ölkə hər hansı bir beynəlxalq sənədə imza
atırsa, mütləq vətəndaşlarının da rəyini öryənməli, onlarla
hesablaşmalıdı. Bu, həm də demokratiyanın göstəricisidir. Təəssüf
ki, Moldova bunu ümumxalq müzakirəsinə çıxartmadı. Referendumun
keçirilməsi səbəbələri bunlardı.
- Deyirsiniz ki, rəsmi Kişinyov sənədi ictimai
müzakirəyə çıxartmadı. Necə düşünürsünüz, onlar muxtar vilyət
tərəfindən reaksiyanın olacağını gözləyirdilərmi?
- Fikrimcə, bilirdilər. İş burasındadır ki, Moldova həmişə
Avropadan investisiya alıb və almaqda davam edir. Bu vəsait
elə-belə verilmir. Deyirlər ki, qanunlarınızı dəyişin. Təsəvvür
edin, biz provaslav inanclıyıq, Allaha sitayiş edirik. Bizə isə
deyirlər ki, yox, bircinslilik, geylik təbliğ olunsun. Bəs, mənəvi
hisslər harada qaldı? İş o yerə çatdı ki, kilsə xadimləri bəzi
siyasiləri ciddi tənqid eləməyə başladı.
-Deməli, deyirsiniz ki, məsələ geniş müzakirəyə
çıxarılmadı. Düz başa düşdüm?
- Tamamilə düz başa düşmüsünüz. Vilnüs sammiti ərəfəsi tələsik
şəkildə bəzi rəylər öryənildi. Bütövlükdə, geniş şəkildə məsləhət
almadılar.
- Hazırda müxtar vilayətin sosial durumunu necə
qiymətləndirərdiniz? İş yerləri, kadr məsələsi və s...
- Bu sual tək Qaqauziya deyil, bütün Moldovaya şamil etmək
istərdim. Ölkə sosial problemlər içərisindədir. Bilirsiniz ki,
Rusiya Federasiyası miqrasiya qanunlarını sərtləşdirdi. Bunun
nəticəsində 250 min nəfər Moldova vətəndaşı deportasiya olunacaq.
Bunlar həm qaqauzlar, həm də digər xalqların nümayəndələridi. Demək
olar ki, əmək qabiliyyətli vətəndaşlarımız xaricdədi. Kişilərimiz
Rusiyada, qadınlar isə İtaliya, Türkiyə və Avropanın digər
ölkələrində fəaliyyət göstərir.
- Moldovada keyfiyyətli kənd təsərrüfatı məhsullarının
istehsalı ilə tanınıb. İçki növləri də bu qəbildəndi. Hazırda
Rusiya və digər xarici ölkələr məhsullar ixrac
edirsinizmi?
- Çaxır və digər spirtli içkilər çoxdandır özəl şəxslərin,
şirkətlərin əlindədi. Şəxsən mən görməmişəm ki, bu sahə üzrə məşğul
olan hansısa sahibkar bir məktəb, xəstəxana tikdirsin. Əksinə,
məsələn, Qaqauziyada məktəbləri bağlayırlar ki, əmək haqqı ödəməyə
vəsait yoxdu.
- Deyirsiniz ki, Avropadan investisiya qoyulur. Bunun
nəyi pisdir, problemi nədə görürsünüz?
- Əlbəttə, burada problemli bir şey görmürəm. Söhbət ondan gedir
ki, bu pullar hara gedir, nəyə sərmayə qoyulur. Məsələni belə
qoyardım – verilən pullar demək olar ki, Qaqauziyaya gəlib çıxmır.
Əslində isə hamı bundan yararlanmalıdı.
- Deyirsiniz ciddi sosial problemlər var. Bunlara görə
radikal mahiyyət daşıyan məsələlərin referenduma qoyulması nə qədər
düzgündür? Sizə elə gəlmirmi ki, bu, böyük bir siyası
çağırışdır?
- Sizinlə razı deyiləm. Referendum barədə müzakirələr hələ
2002–ci ildən aparılırdı. Diqqətinizə çatdımaq istəyirəm ki,
namizədlər qaqauzların səsindən yalnız parlamentə düşmək üçün
isifadə edirdilər. Hazırda Moldaovada 2014-cü ildə keçiriləcək
prlament seçkisi kampaniyasına start verilib. Qeyd edim ki, mediada
yazırlar ki, seçkilər 2015-ci ilin fevral ayına təxirə salına
bilər. Bəli, referendum ətrafında bəzi şəxslər öz mənafeləri üçün
istifadə etməyə, seçki divedenti toplamağa başlayıblar.
Telekanallarda, qəzetlərdə çıxışlar - hamısı seçkilərə hesablanıb.
Ancaq referenduma qoyulan məsələlərin vaxtı çoxdan çatmışdı. Gec,
ya tez bu məsələlər muxtar vilayətin müzakirəsinə çıxarılacaqdı.
Hətta Almaniyanın Moldovadakı səfiri Komrat da tələbələr qarşısında
çıxışında referenduma münasibətini açıqladı və bildirdi ki, burada
pis nəsə görmür.
- Ancaq razılaşın ki, referendumun keçirilməsində bir
qədər radikallıq görünür. Hesab etmirsinizmi ki, dərhal iki diqqət
çəkən məqamın qoyulması – həm mərkəzi hökumtətin sosial siyasətinə
etiraz, həm də Gömrük İttifaqına mövqeyin bildirilməsi muxtar
vilayət rəhbərliyinin başqa maraqlarından xəbər verir?
- Problem burasındadır ki, Avropa Moldovanın assosativ üzv kimi
qəbul olunması 2016-17-ci illərə təsadüf edəcək. Hazırdasa cari
ilin sonuna qədər –avqust ayında məsələni birdəfəlik həll
ediləcəyini deyirlər. Deməli, Avropanın bu mövqeyi də referendumun
keçirilməsində rol oynadı, təkan verdi. Xalq öz sözünü dedi və
burada hər hansı problem görmürəm. Heç kim bizə qulaq asmaq,
dinləmək istəmirdi. İnandırım ki, əgər bütün Moldova üzrə
referendum keçirilsəydi, oxşar nəticə olacaqdı.
- Buradan iki sual doğur – bilirsiniz ki, Gömrük
İttifaqının formalaşması prosesi gedir və onun hansı şəkildə
fəaliyyət göstərəcəyi hələ sual altındadı. Digər tərəfdən isə artıq
fəaliyyətdə olan Avropa İttifaqı var. Nədən qaqauzlar Avropa
İttifaqına deyil, hələ formalaşmayan, fəalyyət göstərməyən quruma
meyl edir?
- Bir məqamı birdəfəlik başa düşün - anlamaq lazımdır ki, Avropa
üzvlük məsələsi qapılarını çoxdan bağlayıb. Səhv etmirəmsə, hətta
qurumun xüsusi bir qanunu var ki, təşkilat genişlənməyəcək. Başa
düşürsünüzmü? Moldovanın Avropa İttifaqına üzvlüyü yalnız
Rumıniyaya birləşməklə mümkündür. Məsələ də burasındadır ki,
bizimkilər bunu istəmir, yəni Rumıniya ilə birləşməyi istəmirlər.
Mən indi baş verənlərdə pis bir şey görmürəm. Ola bilər hasısa
siyasi fiqur öz marağı üçün referendumdan yararlanır, ancaq unutmaq
olmaz ki, xalq öz mövqeyini ortaya qoydu, səs verdi. Yadımdan
çıxatmamış deyim, Moldovanın şimal vilayətləri təmsilçiləri də
açıqlama veriblər ki, rəsmi Kişinyov hansısa sənədə, müqaviləyə
imza atmamışdan öncə mütləq xalqın rəyini öryənməlidi.
- Necə düşünürsünüz, Moldovanın Baş naziri Yuri Lyanke
22 yanvarda Komrat şəhərində olanda bildirmişdi ki, referenduma
gedən sakinlərin çıxarılan məsələlərin mahiyyəti barədə ətraflı
məlumatları yoxdur. Bir sözlə, nəyi səs verdiklərini dərk
etmirlər...
- Gərək baş nazirin köməkçisi ona çatdırardı ki, xalq hara
getdiyini, nəyə səs verdiyini dəqiqliyi ilə bilirdi. Mən sizə hətta
artığını da demək istərdim: bəli, bizim muxtar vilayətin başqanı
bunu öz xidmətləri kimi təqdim etmək istəyir. Ancaq əminliklə deyə
bilərəm ki, nə başqan, nə də digər şəxslər prosesə təsir
etməmişdilər, xalq nə istədiyini gözəl bilirdi. Düşünürəm ki,
burada cənab Lyanke səhvə yol verib. Fikrimcə, çevrəsi onu ətraflı
məlumatlandırmayıblar.
- Deyirsiniz ki, Moldaovanın Avropa Birliyinə üzvlüyü
yalnız Rumıniyaya birləşməklə mümkündür. Məsələn, şərti götürək –
Qaqauziya Muxtar Vilayəti üçün nə fərqi var Moldovanın tərkibində
olmaq, yaxud Rumıniya ilə birləşmiş Moldovanın tərkibində
olmaq?
- Önəmli məqama toxunduğunuza görə, təşəkkür edirəm. Yeri
gəlmişkən, bu sual tez-tez verilir və mənim həmin suala cavabım
birmənalı olur. Qonşuluğumda yüksək ranqlı siyasətçi yaşayır və biz
onunla tez–tez bu məqamı müzakirə edirik. Deyirəm ki, qulaq as, bax
odur, vur, sındır qonşunun divarını və elə birlikdə bir ailə kimi
yaşayın. Dərhal emosional cavab verir ki, bəyəm belə şey olar?
- Məsələni bir az da konkretləşdirək, mediada, siyasi
dairələrdə tez-tez ifadə olunur ki, Moldova daxilində baş verənlər,
konkret olaraq Qaqauziyadakı proseslər üçünçü tərəfin əli ilə idarə
olunur, təsir edilir. Hətta konkret üvan da göstərirlər. Məsələn,
Roqozin və Jirinovski kimi rusiyalı siyasətçilər məsələ ilə
əlaqədar olduqca qalmaqallı açıqlamalar verdilər. Roqozin bir qədər
də irəli gedərək, xatırlatma etdi ki, Avropaya üz tutan "Moldova"
adlı qatar iki vaqonunu itirə bilər. Bu, aşkar müdaxilə
deyilmi?
- Bilirsiniz, məşhur deyim var – od olmayan yerdən tüstü çıxmaz.
Mənim əlimdə tutarlı faklar yoxdur ki, deyəm bəli, kənar qüvvələrin
müdaxiləsi var. Amma bilirəm ki, bu hadisələrdən öncə muxtar
vilyətin rəhbərliyi Moskvaya səfər etdilər. Ola bilər ki, hansısa
təlimat alıblar. Lakin xatırladım ki, referendum özəl qaqauziyalı
sahibkarın vəsaiti hesabına keçirildi. Ona görə ki, mərkəzdən
muxtar vilayətin büdcəsinə referendumun keçirilməsinə vəsaitin
ayrılmasına qadağa qoyulmuşdu. Odur ki, həm dediyim sahibkar, həm
də xalq fərdi təşəbbüsləri ilə bunu həyata keçirdilər.
- İctimai xadimsiniz. Marqlıdır, görəsən hörmətli yazıçı
Todur Zanet şəxsən üçüncü ölkələrin müdaxiləsinə necə
baxır?
- Bir daha demək istəyirəm – mən xalqımlayam və xalq öz
istəyini, məramını ifadə etdi. Burada kənar qüvvələrin təsiri nə
qədər oldu – hesab edirəm ki, bu, əhəmiyyətli deyil artıq. Xalq
gəldi və öz sözünü dedi. Bir məqamı diqqətinizə çatdırmaq istərdim:
nədənsə mərkəzi media mənsubları təkcə qaqauzların adını çəkir.
Axı, muxtar vilyətdə digər xalqların nümayəndələri də yaşayır -
bolqarlar, macarlar, ukraynlılar və s. Onlar da öz mövqelərini
bildirdilər. Bu, tək qaquzların deyil, həm də onların münasibəti
idi. Başa düşürsünüzmü? Amma nədənsə tək qaqauzların adını
hallandırırlar...
- Görünür, ətraflı məlumatın olmaması belə fikirlərə yol
açır. Keçək başqa suala – siz, şəxsən yaranmış vəziyyəti krızis
həddindəmi qiymətləndirirsinz, belədirsə, bundan çıxış yollarını
nədə görürsünüz?
- Deməli, hesab edirəm ki, vəziyyət çıxılmaz həddə deyil.
Qənaətim belədir ki, Moldova rəhbərliyi qaqauzların da səsini
eşitsin. Ölkə konstitusiyasında göstərildiyi kimi, onların da
haqları tanınsın. Xalqdan düşmən obrazı yaratmağa ehtiyac yoxdur.
Ailədə olduğu kimi, sakit tərzdə və masa arxasında problemlər həll
olunmalıdır. İnan ki, heç kim Moldovadan ayrılmağı düşünmür.
- Onda belə sual verim, deyək ki, yaxın vaxtlarda,
hərçənd bu inandırıcı görünmür, Avropa İttifaqı Moldovanı ayrılıqda
üzvlüyə qəbul etməyə hazır olduğunu bəyan etdi. Muxtar vilayət
yenəmi öz mövqeyində qalacaq? Bu zaman Avropa ilə əməkdaşlığı
dəstəkləyəcəksinizmi?
- Buna belə cavab verərdim – yaxın gəlcəyə proqnoz verməkdə
çətinlik çəkirəm. Ola bilər, ola bilər ki, xalq sonra yaxşı həyat
şəraitinə, mükəmməl iqtisadiyyata "hə" desin. Təəssüf ki, bunu hələ
görmürük. Hətta qəribə bir vəziyyət yaranıb indi, əgər əvvəl
insanlar ailəsinə pul göndərirdisə, hazırda ailələrini də
aparırlar. On il sonra nə olacaq? Deyə bilmərəm. Qənaətimcə, hər
bir oyunda ədalətlilik, düzgünlük olmalıdı. Baxın, sual olunur,
ölkə bir neçə səhifəlik müqaviləyə imza atır, olmazdımı ki, buna
qədər sənədləri vətəndaşların müzakirəsinə buraxasan... Necə ki,
bunu Gürcüstan edir.
- Referendumun keçirilməsinin səbəblərini dediniz. Bu
prosesdən sonra mərkəzi hakimiyyətin davranışında fərq gördünüzmü?
Deyirsiniz ki, onlar vətəndaşlara izah etməlidir. Bu təmaslara
start verilibmi?
- Fikrimcə, onlar başa düşdülər ki, qarşıdan gələn parlament
seçkiləri təxirə salına bilər. Referendum göstərdi ki, hazırkı
iqtidara inam elə də böyük deyil. Hesab edirəm ki, nəticə
çıxaracaqlar.
- Bütün bunlar muxtar vilayətin müstəqilliyinin elan
olunmasına gətirib çıxara bilərmi?
- Ölkə qanunverciliyi və vilayət qanunlarına əsasən Qaqauziya öz
müstəqilliyini elan edə bilməz. Bunun üçün gərək Moldova da öz
müstəqilliyini itirmiş olsun.
- Mürəkkəb vəziyyət yaranıb. Deyirsiniz ki, vilayət
müstəqilliyini elan edə bilməz, region belə sərbəstliyə malik
deyil. Belə olan təqdirdə, Qaqauziyanın ayrılıqda referenduma
gedərək, olduqca böyük bir məqama – Gömrük İttifaqına meyllə bağlı
məsələyə sərbəst şəkildə müsbət fikir bildirməsi nə qədər qanuni və
hüquqidir?
- Diqqətinizə çatdırım ki, ölkə Konstitusiyasında istənilən aul,
kənd konsultativ referendum keçirə bilər. Muxtar vilayətin
keçirdiyi referendum da bu qəbildəndir. Hesab edin ki, bu,
sorğudur. Mərkəzi hakimiyyətin reallaşdırdiği siyasətə
münasibətdir. Qanun pozulmayıb. Obrazlı desək, bu deməkdir ki,
hörmətli kapitan, gəminin istiqamətini dəyişəndə sərnişinlərlə də
məsləhətləş.