Təxəllüs götürmək ədəbi yaradıcılıq kimi qədim tarixə malik bir ənənədir. Hələ XVII əsrin ortalarında "Əsl adların gizləndiyi imzalar və nişanlar haqqında" (1652) adlı ədəbi araşdırma yaranmışdı.
Adı çəkilən əsərdə yazıçı və şairlərin təxəllüslərinin mənbə və mənşəyi təhlil edilirdi.
Açıq mətbuatda nəşr olunan müəlliflərin, demək olar ki, əksəriyyəti təxəllüs və yaxud təxəllüslərdən istifadə edib. Səbəblər müxtəlifdir: təvazökarlıq, uğursuzluqdan qorxmaq, təqibdən yaxa qurtarmaq, ailədəki narazılıqlar və sadəcə, öz adının səslənməsinin estetik zövqünə uyğun gəlməməsi.
Xeymə (çadır, alaçıq) ustasının oğlu şair, riyaziyyatçı, filosof və astronom Qiyasəddin Əbül-Fəth Ömər ibn İbrahim bütün dünyada Ömər Xəyyam adı ilə tanınır. Şairin ailəsinin irsi məşğuliyyətinin adından götürdüyü (fars dilində çadır üçün istifadə olunan parça "xeymə" adlanır) ədəbi təxəllüsü məhz "çadır ustası" kimi də tərcümə edilir.
Luis Keroll – Çarlz Latuic Docson, "Alisa Möcüzələr Ölkəsində" əsərinin tanınmış müəllifi həm də riyaziyyatçı, fotoqraf, məntiq filosofu və ixtiraçı olub. Təxəllüs təsadüfi seçilməyib: Yazıçı öz adını – Çarlz Latuic – latın dilinə tərcümə edir və tərcümədən yaranan "Karolüs Lüdovikus" ingiliscə Keroll Luis kimi səslənir. Sonra yazıçı sözlərin yerini dəyişdirir. Ciddi alimin öz adı ilə nağıllar nəşr etməsindən söhbət belə gedə bilməzdi. Yazıçının əsl soyadı onun nağıl qəhrəmanlarının adında – yöndəmsiz, lakin iti fəhmli və zirək quş Dodonun adında qismən əksini tapırdı. Nağılçı bu obrazda özünü əks etdirib.
Kir Bulıçev adı ilə tanınan rus yazıçısı, məşhur fantaziyalar müəllifi İqor Vsevolodıç Mojeyko 1982-ci ilədək əsl adını gizli saxlayıb. Yazıçı ehtiyat edirdi ki, uzun illər əməkdaşı olduğu Şərqşünaslıq İnstitutu fantastikanı qeyri-ciddi məşğuliyyət hesab edərək onu işdən çıxaracaq. Təxəllüs yazıçının həyat yoldaşı Kira Alekseyevna Soşinskinin adından və anası Mariya Mixaylovna Bulıçevanın qızlıq familiyasından götürülüb. Əvvəlcə İqor Vsevolodıçin təxəllüsü "Kirill Bulıçev" idi. Sonralar kitabların üz qabığında qısaca "Kir." yazmağa başladılar, sonra isə nöqtəni də ixtisar etdilər və beləliklə, "Kir Bulıçev" alındı. Kirill Vsevolodıç Bulıçev imzasına da ara-sıra rast gəlinir. Oxucuların əksəriyyəti isə yazıçıya "Kir Kirilloviç" – deyə müraciət edirlər.
Luis Keroll-Docsondan daha əvvəl öz əsl soyadını ədəbi qəhrəmana başqa bir yazar – Pyer-Oqyusten Karon verib. Bütün dünyada Bomarşe adı ilə tanınan dramaturq məhz odur. O, ədəbi qəhrəmanı bərbər Fiqaronun adını fils (oğul) və Caron sözlərinin birləşməsindən yaradıb. 1756-cı ildə Karon dövlətli dul qadınla evlənir və arvadının mülkünün adına uyğun olaraq familiyasına de Bomarşe sözünü əlavə edir (sonradan zadəgan titulunu da mənimsəyir). Xoşbəxt nikah alınmadığından ər-arvad tezliklə ayrı yaşamağa başlayır. Toydan on ay sonra Bomarşenin arvadı qəflətən vəfat edir, ancaq onun sayəsində Karona nəsib olmuş ad həmişəlik yazıçıya qalır.
Mark Tvenin əsl adı Semuel Lenqhorn Klemensdir. Yazıçı təxəllüs kimi çayın dərinliyinin ölçülməsi üçün üçün işlədilən "merka-dve" (mark-twen) sözünü götürüb. "Merka-dve" – gəmilərin keçə bilməsi üçün yetərli olan dərinlikdir. Paraxodda maşinist işləyən gənc Klemens bu sözü tez-tez eşidirdi. Yazıçı etiraf edir: "Mən əlinə yenicə qələm almış jurnalist idim, mənə təxəllüs lazım idi... və bu adın imzaladığı hər bir yazının sarsılmaz həqiqət olmasının əlaməti, rəmzi və zəmanətinə çevrilməsi üçün əlimdən gələni etdim; bütün bunlara nail ola bildimmi? Bu suala mənim cavab verməyim düzgün olmazdı".
Anna Axmatova – rus şairəsi Anna Andreyevna Qorenko öz təxəllüsünə görə tatar xanı Axmatın nəslindən olan nənəsinə minnətdar olmalıdır. Nənəsinin familiyisı Axmatova idi və bu ad gənc şairənin təxəllüsünə çevrilir. Sonralar Anna Andreyevna yazırdı: "Yalnız on yeddi yaşlı dəlisov qız rus şairəsi üçün tatar familiyası götürə bilərdi... Mən ona görə təxəllüs götürmək qərarına gəldim ki, atam şeir yazdığımı öyrəndikdə "Mənim adımı biabır etmə", – dedi. Mən də "Heç sənin adın mənə lazım da deyil", - deyə cavab verdim..."
Məşhur yazıçı, tərcüməçi və ədəbiyyatşünas Korney İvanoviç Çukovskinin doğum tarixi də, adı da macəravi romanları xatırladır. Nikolay Vasilyeviç Korneyçukov Poltava kəndlisi Yekaterina Korneyçukun və zadəgan əsilli Peterburq tələbəsinin qanunsuz nikahdan doğulmuş oğlu idi. Üç il birgə yaşadıqdan sonra atası qeyri-qanuni ailəsini – qızı Marusya və oğlu Nikolayı atıb gedir. Qeyri-qanuni doğulmuş uşaq kimi Nikolayın doğum haqqında şəhadətnaməsində, ümumiyyətlə, ata adı yox idi. Bütün bunlar Korneyçukovun ədəbi yaradıcılığının ilkin çağlarında üzüntülərə səbəb olmuş və ədib "Korney Çukovski" təxəllüsünü götürmüşdü. Sonralar "yalançı ata adı" – "İvanoviç" də buraya əlavə edilərək onun əsl adına çevrildi. Belə ki, yazıçının övladları Koreneyeviç Çukovski inisialını daşıyırdılar.
Eduard Veniaminoviç Savenkoya Eduard Limonov təxəllüsünü rəssam dostu fikirləşib tapıb. Gənc "Ediçka" belə hesab edirdi ki, bu ad onu rəqibləri arasında mütləq fərqləndirəcək. Qalmaqallı yazıçı və tanınmış siyasətçi olan Limonov özü artıq çoxdan bir çox kitabın personajına çevrilib.
Müasir dövrün ən məşhur yazarlarından olan Boris Akuninin təxəllüsü 1998-ci ildə yaponşünas, filoloq və tərcüməçi Qriqoriya Çxartişvilinin imzası kimi ədəbi aləmə daxil olur. "Akunin" sözü yapon dilindən "qəddar dahi" kimi tərcümə olunur. Yazıçının özü belə deyir: "Ümumiyyətlə, bu təxəllüs məsələsi kələk gəlmək üçün quraşdırılmayıb. Təxəllüs mənə ona görə lazım oldu ki, yazıçılıq işi bütün digər məşğuliyyətlərimə qətiyyən bənzəmirdi". Çxartişvili başqa təxəllüslərlə də çıxış edir.
Daha bir tanınmış yazıçı Zaxar Prilepin heç də Zaxar deyil. Prilepinin əsl adı Yevgenidir. Nə üçün təxəllüs kimi məhz "Zaxar" adını götürdüyünü indi yazıçı heç özü də xatırlamır. "Mən yazmağa başlayanda yəqin sırf estetik baxımdan Yevgeni xoşuma gəlməyib. Fikrimcə, "Zaxar" daha gurultulu səslənir. Həm də ki ulu babam ata xətti ilə Zaxar olub, hələ üstəlik atamı da həyət-bacada Zaxar deyə çağırardılar. Dedim, bir halda ki belə bir soy adımız var, qoy mən də elə Zaxar olum".