İraq Şam İslam Dövlətinin
(İŞİD) adını "İslam Dövləti" olaraq dəyişdirib Əbu Bəkr Bağdadini
"xəlifə" elan etməsi Əl Qaidə və digər sələfi qruplar arasında
parçalanmaya gətirib çıxarıb.
Bu qruplar arasında "İslam Dövləti"nin katibi Şeyx Əbu Məhəmməd
əl Adnaninin "Bütün müsəlmanlar xəlifəyə biət etmək
məcburiyyətindədirlər" çağırışını rədd edənlər var.
Əl Qaidənin ən önəmli şəxslərindən olan Əbu Katada Əmmanda
məhkəmə zalında Əl Nusra Cəbhəsi və İŞİD sıralarında döyüşənləri Əl
Qaidə lideri Ayman əl Zəvahirinin əmirliyi altında birləşməyə
çağırıb. Bundan başqa sələfilərin önəmli liderlərindən olan Əbu
Məhəmməd əl Makdisi (İssam Berkavi) də xilafət elan edilməsini rədd
edib.
9 qruplaşma Xilafəti rədd etdi
Artıq "İslam Dövləti"nə biət edən və etməyən qruplaşmalar bəlli
olub. İraq-Suriya sərhədində yerləşən Əbu Kamal adlı yerdə yerli Əl
Nusra Cəbhəsinin komandanının Bağdadiyə biət etməsi sıraların bəlli
olmasının ilk siqnalı oldu. Onun ardınca Əl Nusranın Şərqi Quta
komandanı Əbu Cəfər əl Şami, Əbu Zəhra əl İordani və Əbu Həmzə əl
Ənsari kimi komandanlar Bağdadiyə biət etdiklərini elan etdilər. Əl
Nusra ilə birlikdə döyüşən Səhabə ordusu və Bilad-i Şam da "İslam
Dövləti"nə tabe olduqlarını bildirdilər.
Buna baxmayaraq, İslam Cəbhəsi, Mücahidlər Ordusu, Suriya
Müsəlman Alimlər Ali Şurası, İslam Birliyi Şəri Heyəti, İdlib İslam
Heyəti, Hələb İslam Heyəti kimi 9 təşkilat "İslam Dövləti"ni
tanımaqdan imtina etdilər.
Əl Qaidənin maliyyə mənbəyi olan küveytli Həmid bin Əli və
Londonda yaşayan misirli sələfi lider Hani Sibai də xilafət elan
edilməsinə qarşı çıxdılar. Suriyada döyüşən Əl Qaidəyə külli
miqdarda maliyyə yardımı göndərən Qanim əl Mutayri böyük güclərin
"İslam Dövləti"ni dağıdacaqlarını bildirərək, xilafət elan
edilməsini yersiz addım hesab edib.
Xilafətin yaranmasına sevinənlər arasında Ərəbistan
yarımadasındakı Əl Qaidə də var. Bu təşkilatın nisbətən gənc
üzvləri "İslam Dövləti"nə üz tutur.
İraq daxili münaqişəyə çəkilir
Xilafət və biət münaqişəsinin ən çox təsir edəcəyi yer isə
İraqdır. Maliki hökumətinə qarşı qiyam qaldıran sələfi qruplardan
olan Mücahidlər Ordusu və Ənsar əl Sünnə ideoloji cəhətdən İŞİD-ə
yaxın olsalar da, bu mübarizənin yalnız İraq daxilində
aparılmasının tərəfdarıdılar. Müsəlman Qardaşlarının İraq qanadı
olan Hizbi İslami isə sünnilərə muxtariyyət verilməsini
istəyir.
Dünyəvi fikirləri ilə seçilən İslam Ordusu və 1920 İnqilab Alayı
isə sünni ərazisinin yaradaılmasından əlavə, sünnilərin
hüquqlarının təminatını da tələb edir. Bəəsçilərin idarə etdiyi
Nəkşibəndi Ordusu da 2003-cü ildəki işğal nəticəsində itirdiklərin
qaytarmaq niyyətindədir. Bütün bu hadisələrin fonunda sözügedən
qrupların "İslam Dövləti" ilə toqquşacağı qaçılmazdır.