Yəqin ki, tarixlə az-çox
maraqlananlar Atlantida haqqında eşidiblər. Atlantida qədimdə
mövcud olmuş, sonra təbii fəlakət nəticəsində batmış, yoxa çıxmış
sivilizasiyadır. Bu qədim sivilizasiya haqqında filmlər çəkilib,
araşdırmalar aparılıb, kitablar yazılıb. Günü bu gün də dünya
alimləri bu barədə çalışmalarını davam etdirirlər. Amma hələ də heç
bir tarixçi Atlantidanın harada yerləşdiyini bilmir. Ümumiyyətlə,
alimlər belə bir mədəniyyətin mövcud olub-olmadığını
dəqiqləşdirməkdə də çətinlik çəkirlər. Bu səbəbdən, qədim
sivilizasiyanın izləri bütün dünyada axtarılıb. Məsələn, Şimali
Afrika ərazisində arxeoloqlar Atlantida sivilizasiyası zəncirində
çatışmayan halqanı tapıblar. Amma bu hadisə təsadüfən olub. Düzdür,
hərçənd, həyatda təsadüf deyə bir şey yoxdur, amma alimlər bu
tapıntını sırf təsadüf sayırlar...
Qəzzafi rejiminə qarşı hazırlanan əməliyyat zamanı NATO
qoşunları əvvəlcə peykdən Liviya ərazisinin çəkilişlərini
apardılar. Pilotsuz uçuş rejiminə keçid zamanı isə
aerofotoçəkilişlər apardılar. Əldə edilən fotolar mərkəzi qərargaha
ötürüldü. Hərbi analitiklər fotoları incələyərkən, Böyük Səhranın
mərkəzində yerləşən bəzi qəribə obyektlər onların diqqətini cəlb
etdi.
Hipotezlərdən birinə əsasən, NATO kəşfiyyatçılarını səhrada
tikilən suvarma sistemi maraqlandırırdı. Bu suvarma kanalını
Qəzzafi "dünyanın səkkizinci möcüzəsi" adlandırırdı. Sistemin
tikintisi 1983-cü ildə başlamış və 2010-cu ilə qədər davam etmişdi.
2 min kilometr uzunluğu olan su kanalının tikintisinə 30 milyard
dollar pul xərclənmişdi. Bu suvarma kanalının mərkəzi elementi
rolunu yerin altında yerləşən 4 böyük ölçülü çən oynayırdı.
Mütəxəssislərin fikrincə, bu yeraltı su hovuzları qədim
sivilizasiyanın mirasıdır. Bu sivilizasiya eramızdan əvvəl XI
əsrdən eramızın V əsrinədək Afrikada mövcud olub.
Qəzzafi rejimi devrildikdən sonra britaniyalı arxeoloqlar Böyük
Səhranın qumları arasında qədim yaşayış məskəni aşkarladıqlarını
bəyan etdilər. Bu tikililər evdən çox qəsrə oxşayırdı. Alimlərin
fikrincə, bu binalar yeni eranın ilk əsrlərində inşa edilib. Bu
həcmdə tikintilər qətiyyən tarixin o dövründə Şimali Afrikada
yaşayan köçəri tayfalara məxsus deyildi. Bundan başqa, açıq-aşkar
görünürdü ki, bu qədim qalalar xırda detalına qədər
layihələndirilərək tikilib. Bu isə yüksək səviyyədə inkişaf etmiş
sivilizasiyadan xəbər verir. Adi köçəri tayfalarda isə belə bir
inkişafın olması qətiyyən mümkün deyil.
Arxeoloqlardan biri, doktor Martin Sterrinin bildirdiyinə görə,
alimlər qədim sirli ölkə sayılan Qaramantidanın izlərini tapıblar.
Amma bu günə qədər də qədim zamanlarda dünyada yaşayan
qaramantilərin həyat tərzi, mədəniyyəti haqqında heç bir məlumat
yoxdur. Amma alimlərin qaramantilərin atlantların törəməsi olduğu
barədə fikirləri var və onlar bu iddianın dəqiq olduğunu
bildirirlər.
Ən qəribəsi odur ki, bu qədim xalqın dəqiq adını heç kəs bilmir.
Deyəsən, onları ilk dəfə yunanlar Qaramanti adlandırıblar. Sonradan
romalılar da bu addan istifadə ediblər.
Elm dünyasında qəbul edilmiş bir hipotezə görə, qaramantilər
Aralıq dənizinin ağ irqinə məxsusdurlar. Onlar ya egeyli, ya
etrusk, ya da sardlar olub.
Bu nəzəriyyəni sübut edən faktlardan biri də qayaüstü
rəsmlərdir. Bu rəsmlərdə cəng arabaları təsvir edilib. Bu isə miken
incəsənəti üçün xarakterik sayılır. Eyni zamanda qeyd etmək
lazımdır ki, çəkilmiş arabaların konstruksiyası egeylilərin
istifadə etdiyi arabalarla eynidir. Başqa bir versiyaya görə isə,
qaramantilər Səhranın qərb hissəsində yaşayan temexu
qəbiləsidir.
Bununla belə, qeyd etmək lazımdır ki, bu hipotezlər və digər
faktlar qaramantilərin eramızdan əvvəl və eramızın ilk illərində o
dövr üçün xarakterik sayılmayan sivilizasiyaya necə çatdıqlarını
izah edə bilmir. Qaramantilər necə inkişaf ediblər? Bu inkişaf
səviyyəsini haradan əldə ediblər?
Kimdən öyrəniblər? Suallar çoxdur.
Qədim xalq haqqında məlumatı alimlər qədim yunan və qədim Roma
tarixçilərinin əsərlərindən əldə ediblər. Bu məlumatlara görə,
Qaramantidanın ərazisi eramızın 150-ci ilində təxminən 180 min
kvadrat kilometr olub.
Arxeoloqların fikrincə, Qaramantida dövləti sakinlərinin əsas
məşğuliyyəti bağçılıq (oazislərdə) və əkinçilik olub. Onlar xurma,
buğda, üzüm və zeytun yetişdirirdilər. Səhrada bu işləri görmək
asan məsələ deyildi. Bu səbəbdən, qaramantilər güclü suvarma
sistemi qurdular. Amma bu sistemi qurmaq millimetrinə qədər
işlənmiş çox dəqiq mühəndis hesablamaları tələb edirdi. Bu tikinti
üçün nə qədər zaman və güc lazım olduğunu, qədim xalqın tikinti
zamanı hansı biliklərdən istifadə etdiyini söyləmək çox çətindir.
Amma hər bir tunelin uzunluğu bir neçə kilometrdir. Nəzərə almaq
lazımdır ki, tunellərin sayı 200-dən çox olub. Kanal vasitəsilə
əldə edilən suyun köməyi ilə qaramantilər Səhra ticarətinin mərkəzi
hissəsinə çevildilər. Minlərlə kilometr məsafə qət edən karvanlar
Yunan arxipelaqı adalarından, Aralıq Dənizi sahillərində yerləşən
dövlətlərdən Səhraya parça, çaxır, bitki yağları, silah, metaldan
hazırlanmış əşyalar, gümüş, qiymətli ağac materialları, ekzotik
heyvanlar və hətta qul gətirirdi. Hər bir karvan vergi ödəyirdi.
Alimlərin fikrincə, Qaramantida bu vergilərin hesabına o qədər
gəlir əldə edirdi ki, bu pulu bəzi müasir Afrika dövlətlərinin
büdcəsi ilə müqayisə etmək olar. Alimlər eyni zamanda Afrika
əhalisinin məhz qaramantilər vasitəsilə texniki nailiyyətlər və
sivil dünyanın bilikləri ilə tanış olduqlarından əmindirlər.
Amma bir müddət sonra ölkə tənəzzülə uğradı. Onun süqutu üzücü
və uzunmüddətli oldu. Romalılar ölkəni işğal etdilər. Bundan sonra
Qaramantidanın ərazisinə donatist dini hərəkatının (rəsmi
xristianlığın əleyhinə hərəkat) üzvləri soxuldular. Eramızın V
əsrində Qaramantida yenidən müstəqillik əldə etdi. Amma bu
müstəqillik qısa sürdü. Çünki bir müddət sonra ölkəyə soxulan
ərəblər dövləti tamamilə dağıdıb talan etdilər. Qaramantidanın
əhalisi digər xalqlara qarışaraq əridi. Ölkə haqqında xatirələr isə
zaman keçdikcə insanların yaddaşından silindi.
Bir çox alimlər qaramantilərin qədim atlantların nəslindən
olduğunu iddia edir. Amma isveçrəli arxeoloq Sanqter Atlantidanın
Troya olduğunu sübut edən bəzi faktlar tapıb. Söyləmək lazımdır ki,
Troya və Atlantidanın tarixində bəzi faktlar oxşardır. Belə ki, hər
iki dövlətin dəniz donanması eyni sayda – 1200 gəmidən ibarət olub.
Hər iki ölkənin ərazisində şimal küləkləri əsirdi. Təbii ki, bu tip
faktlar fonunda isveçrəli alimin iddiasını ciddi qəbul etmək
çətindir. Bununla belə, Sanqterin iddiasını başqa alimlər və
tarixçilər də təsdiq etdilər. Onların fikrincə, atlantların Afinaya
yürüşü, dəniz xalqlarının Miken, Levant və Kritə yürüşü ilə eyni
hadisədir.
Homer tərəfindən yazılmış mənbələrdə bəşəriyyətin tunc dövründə
əldə etdiyi uğurlar, möhtəşəm abidə və tikililərdən bəhs edilir.
Platonun əsərlərində də antik şəhərlərin dəniz xalqları tərəfindən
işğalına qədər yüksək templə inkişaf etdiyi və çiçəkləndiyi qeyd
edilib. Beləcə, ola bilsin ki, Troya elə güc vasitəsilə nüfuzunu
qonşu ölkələrə yaymaq istəyən Atlantida olub. Amma qədim Atlantida
sivilizasiyasının məhv tarixinin eramızdan əvvəl 10-12 min il
əvvələ təsadüf etməsi alimlərin bu fikrinin üstündən qalın bir xətt
çəkir.
Buna görə də Troya və Atlantida eyniləşdirilməsi baş tutmur.
Çünki bu hipotezi rədd edən, yalanlayan bir çox faktlar var. Bu
tarixi faktlara istənilən tarix kitabında rast gəlmək
mümkündür.
Atlantidanın harada yerləşməsi ilə bağlı başqa bir teoriya da
mövcuddur. Paulina Zalitski və Poy Veynsverq adlı iki alim
sualtı-robotların köməyi ilə Kuba sahillərində tədqiqat aparıblar.
Tədqiqat nəticəsində onlar qədim şəhərin bir hissəsini tapıblar.
Onların iddiasına görə, Bermud üçbucağının dərinliklərində böyük
bir şəhər yerləşir. Bu şəhər okean səviyyəsindən 600 fut
dərinlikdədir. Alimlər Atlantidanı tapdıqlarından əmindirlər və
onun yaşının 10 min ildən çox olduğunu iddia edirlər. Batmış
şəhərin mərkəzində onlar bir neçə sfinks heykəli, 4 böyük piramida
və təyinat məqsədi naməlum olan başqa bir neçə tikili, çoxsaylı
heykəllər aşkar ediblər. Qeyd etmək lazımdır ki, bu qədim şəhər bir
neçə onillik əvvəlcədən tapılıb. Amma alimlər Kubada raket böhranı
olduğu üçün tədqiqata start verə bilmirdilər.
Alimlərin sözlərinə görə, sualtı piramidaların yaranması bu
rayonda böyük meqapolisin mövcud olmasından xəbər verir. Bu
meqapolis dəhşətli zəlzələdən sonra dağılıb və dənizdə suyun
səviyyəsi qalxdığı üçün məhv olub. Bu iddia Atlantidanın mövcudluğu
və məhvi ilə bağlı dolaşan əfsanə ilə üst-üstə düşür. Bu hipotezi
sübut etmək, yəni Kubanın inkişaf etmiş bir mədəniyyətin parçası
olduğunu təsdiqləmək üçün alimlər, Kuba ərazisində tapılan
piramidaların üzərinə oyulmuş, qədim ornamentlərə çox bənzəyən
piktoqram və simvolları misal gətirirlər. Bundan başqa, alimlər
piramidaların formaca Misir ehramlarını xatırlatdığını sübut
ediblər. Bu piramidalar da iri daşlardan tikilib. Amma sualtı
piramidalar ölçülərinə görə Giza piramidaları və Xeops ehramından
dəfələrlə böyükdür.
Tarixçilər yüksək templə inkişaf etmiş sivilizasiyanın məhvinə
səbəb olan faciənin Buzlaşma dövrünün sonlarında baş verdiyindən
əmindirlər. Bu dövrdə dəniz səviyyəsi indiki səviyyəsindən təxminən
400 fut aşağı olub. Alimlərin fərziyyəsinə görə, atlantların
istifadə etdiyi texnologiya müasir texnologiyadan qat-qat üstün
idi.
Atlantida adlı qədim sivilizasiyanın taleyi haqqında min ildən
çoxdur ki, mübahisələr gedir. Hər il bu qədim mədəniyyətin harada
ola biləcəyi haqqında yeni iddialar, hipotezlər ortaya atılır. Hər
dəfə də müxtəlif ərazilərin, qitələrin adı çəkilir. Bununla belə,
bütün alimlərin ortaq fikrincə, yeni məlumatlar qədim Atlantidanın
tarixinə yenidən nəzər salmağa məcbur edir. Ola bilər ki, bu yeni
iddialar bəşəriyyətin tarixini dəyişə bilər. Bu qədər inkişaf etmiş
və çox yüksək səviyyəli texnologiyaya sahib bir sivilizasiyanın
məhvdən qurtula bilmədiyini düşünmək, tapmaq alimlərin ən böyük
arzusudur.
Başqa bir iddiaya görə, Atlantidanın izləri Baham adalarının
birində, müəmmalı Bimini yolunda tapılıb. 1968-ci ildə
amerikalılar, daha sonra isə bütün dünya qəribə sualtı yol haqqında
məlumat əldə etdi. Bimini adasının üstü ilə uçan amerikalı pilot
şəffaf suda qəribə tikili gördü. Evə qayıtdıqdan sonra o, bu barədə
jurnalistlərə məlumat verdi.
Burada, 3-9 metr dərinlikdə iki nəhənf plitələrdən hazırlanmış
paralel cığır vardı. Eni 90, uzunluğu 500 metr olan yol müxtəlif
ölçü və formalı tikililərlə əhatə edilmişdi. Onlardan bəzisi
plitələrdən tikilmiş meydança, bəziləri isə dam örtüyü olan binalar
idi. Maraqlısı odur ki, Baham adaları sakinləri bu sualtı yol
barədə çoxdan məlumatlıdırlar və onların fikrinə görə, burada Tanrı
insanlara xeyir-dua verir. Mətbuatda yaranmış səs-küydən sonra
Atlantidanın izlərini görmək üçün yüzlərlə tədqiqatçı və avantürist
Bimini adasına yollandı.
Akvalanqistlər tərəfindən yoldan başqa daş sərdabələr, nəhəng
meydançalar, məbədlər tapıldıqdan sonra bəzi materialları tədqiq
etmək üçün su altından çıxarmaq barədə qərar qəbul edildi.
Tədqiqatın nəticələri cəmiyyəti şoka saldı: plitələrin yaşı 14 min
ilə yaxın idi. Bu isə Platonun Atlantida ilə bağlı iddiası ilə
üst-üstə düşürdü. Amma kəşflər bununla da bitmədi: plitələrin
tərkibi onların əvvəlcə quruda yaradıldığını, sonradan su altında
qaldığını göstərirdi. Bu yenilikdən sevinən tədqiqatçılar plitələri
bir-birinin ardınca sudan çıxarmağa başladılar. Sualtı binalardan
birinin analizi zamanı alimləri yeni bir sürpriz şoka saldı:
plitənin yaşı digərlərinə nisbətən iki dəfə çox idi! Bu zaman başqa
bir teoriya ortaya çıxdı. Yeni hipotezə əsasən Atlantida sakinləri
bu tikintini sifariş ediblər. Bütün işi isə yadplanetli
sivilizasiyanın nümayəndələri həyata keçiriblər.
Baham adalarındakı tapılan qədim mədəniyyətin izləri ilə
əlaqədar olaraq iki əsas teoriya irəli sürüldü. Birinci teoriyaya
görə, yol və tikililər okeanda olan cərəyanlar (su axınları) və ya
sualtı vulkan püskürməsi nəticəsində təbii yolla əmələ gəliblər.
İkinci teoriyaya əsasən, bu plitələr ballastdır (gəminin,
aerostatın və sairənin tarazlığını saxlamaq üçün götürülən yük və
ya başqa ağırlıq) və gəmilər tərəfindən səyahət zamanı buraya
atılıb. Həqiqətən də, qədim dövrlərdə ballast əvəzinə məhz daş
qəliblərdən istifadə edirdilər. Amma bu əraziyə necə ola bilərdi
ki, yüzlərlə gəminin ballast boşaltsın? Bu suala heç kəs cavab verə
bilmir. Yəqin ki, yaxın illərdə Atlantidanın yeni izləri tapılacaq.
Ümid edirik ki, yaxın illərdə tarixçilər və arxeoloqlar
Atlantidanın sirrini, nəhayət ki, tapacaqlar...
Publika.az