"Cəbhə xətti"
layihəsində
Bayram Cankişi oğlu Muxtarov 1962-ci il mart ayının 18-də Bakı
şəhəri Keşlə qəsəbəsində anadan olub. Sonralar ailələri Binə
qəsəbəsinə köçüb, orada boya-başa çatıb, 136 saylı orta məktəbdə
oxuyub. 1985-ci ildə Sankt-Peterqburqda Mülki Aviyasiya
Akdemiyasına daxil olub, qiyabi olaraq təhsil alıb. Təhsil
müddətində Zabrat aeroportunda çalışıb. 1991-ci ildə Akademiyanı
bitirib. Ailəlidir iki övladı var.
Sözü komandirin özünə veririk:
- Döyüş bölgəsinə ilk uçuşum ikinci pilot kimi olub. Bu, 1989–cu
ilə təsadüf edir. Açığı deyim, biz oraya uçanda aglımıza da
gəlmirdi ki, burada müharibə ola bilər. İlk uçuşdan sonra dogurdan
da müharibəni hiss etdik. Sakinlərin təhlükəsizliyi llə baglı
Kəlbəcər-Yevlax yolu baglanmışdı. Camaatı helekopterlərlə aparıb
gətirirdik ki, alış-verişlərini edə bilsinlər. Kəlbərcərə gedəndə
bizə dedilər ki, orada ermənilər işıq dirəklərini yandırıblar,
rayonda elektrik enerjisi yoxdur.
Hiss etdim ki, işığımız doğurdan da sönüb
Bu özü müharibənin başlamasının işartısı idi. Düzü, o vaxtlar
əraziyə rus əsgərləri nəzarət edirdi. Biz Kəlbəcərə gələndə gördük
ki, ermənilər bizi vurmaq istəyir. Elə o vaxtı mən hiss etdim ki,
işığımız artıq doğurdan da sönüb! Qarabağda yaralanan birinci mülki
pilot mən olmuşam. Danışdıqca o günlər lent kimi gözümün önündə
canlanır. 1991-ci ildə artıq vəziyyət ağır idi. Bizə xəbər gəldi
ki, Goranboyda bizim OMON-un əsgərləri mühasirəyə düşüb. Onları
xilas etmək əmri aldıq. Belə də oldu, general Ramiz Məmmədovla
getdik. Çox yüksək bir yerdə taxıl sahəsi vardı, onları taxıl
zəmisində mühasirəyə almışdılar. Əsgərlərimizin hamısı şəhid
olmuşdu. İstədik enib meyitlərimizi götürək. Amma sən demə,
düşmənlər də bizi gözləyirmiş. Məni başımdan vurdular. Qəlpə bir
tərəfdən girib o biri tərəfdən çıxmışdı. Amma yaxşı ki, yerə
enməmişdik. Enmiş olsaydıq, hamımızı qıracaqdılar. Kapitan
pilotumuz böyük qəhramanlıq göstərdi. Uçuş manevri edib bizi ordan
xilas etdi. Ermənilər arxamızca raket atsalar da, helekopterimizi
vura bilmədi. Amma helekopterimiz deşik-deşik oldu. Dərhal
qırıcılara xəbər etdik. Güclü atışma oldu. Qırıcılarımız ərazini
bombalayıb erməniləri məhv etdikdən sonra meyitlərimiz ordan
götürüldü. Ən dəhşətlisi o idi ki, iri bədənli gənc döyüşçülərimiz
şəhid olduqdan sonra şişmişdilər, bu, çox kədərli idi.
Döyüşçülərimizi vaxtında götürə bilməməyimizə çox üzüldüm. Məni
yaralanmağım yox, şəhidlərimizi orada qoyub qayıtmagımız acıdırdı.
Məni Gəncə hospitalına apardılar, amma yayın günündə şişən
meyidlərin görüntülərini heç unuda bilmədim.
Oralar sanki cəhhənəm idi
İki ay müalicə alıb daha da vəhşiləşmiş formada geri, aviasiyaya
döndüm. Artıq döyüş bölgəsinə getmək istəyirdim. 1992-ci ildə
Qarabağa uçurduq. Kəlbəcər daglıq yer olduğu üçün oraya gedəndə
təcrübəli pilotlar lazım olurdu. Bilirsiz, oralar çox vahiməli idi,
insanları xilas edəndə ananın balasından ayrı düşməsi, balanın
ananı fəryadla axtarması hələ də gözlərimin önündədir. Bunu yaşamaq
üçün orada olmaq lazım idi; mən nə qədər danışsam da, sözlə ifadə
edə bilmirəm. Bütün əsəblərim, ruhum gərgin idi. Oralar sanki
cəhhənəm idi.
Ana qürurla oğlunun ayağını dəfn etdi
Bir dəfə də döyüş bölgəsindən meyitləri daşıyacaqdıq, bir şeyə
şahid oldum. Meyitləri yüklədilər, elə oldu ki, baxdım, bir ayaq da
gətirib qoydular vertolyota. Həmən əsgərimizi raket elə aparmışdı
ki, onun yalnız bir ayağı ələ gəlmişdi. Meyitləri Yevlaxa aparanda
bir ana da oğlunun ayağını sanki tam bir meyitmiş kimi qururla
təhfil alıb dəfn etməyə apardı. Deməli, bir ana üçün oglunun ayağı
belə, böyük təsəlli imiş. Bunu heç vaxt unutmayacam!
Onlar həmin vertolyotda yanıb kül oldular
Bir gün Milli Qəhrəman Yavər Əliyevlə uçurduq. Vertolyotumuz
Şuşanın üstündə vurulmuşdu. Vertolyot da yana-yana düşür. Bunu kadr
olaraq TV-lər çox göstərib. Milli Qəhrəmanlar - Seryogin, Səfa
Axundov, Ərəstun Mahmudov idi həmin vertalyotda. Mütəllbovun vaxtı
idi. Ermənilər adi bir tüfənglə də vertolyotları vura bilirdilər.
Bildiyiniz kimi, vertolyot heç də ucuz bir vasitə deyil.
Yadımdadır, Milli Qəhrəman Ərəstun Mahmudov ilk dəfə Qarabağ
torpağna uçanda torpağı öpmüşdü. Onda o qədər torpaq, vətən sevgisi
vardı ki... Onlar həmin vertolyotda yanıb kül oldular! O şəhidləri
də götürmək üçün yenə də biz getmişdik. Bilirdik ki, ermənilər bizi
də gözləyir. Rəhmətlik Qlininko və mən olmuşam qəhrəmanlarımızı
götürən.
Tək qalan Xədicə xala
Kəlbəcərin Narışdar kəndində evində olduğumuz Xədicə xala vardı,
xatirimdə nuranı ağbirçək kimi qalıb. İşğal zamanı hər kəs o kəndi
boşaldıb qaçanda Xədicə arvad tək qalmışdı kənddə. Bunu mənə bir
nəfər danışdı. O deyirdi ki, hava qaranlıq idi, mən Xədicə xalanı
səslədim. Qadın dizin-dizin sürünərək mənim yanıma gəldi. Deyir,
amma sonra bilmədim Xədicə xalanın sonu necə oldu?
Utancaq yaralı döyüşçü
Qubadlının Muradxanlı kəndində çoxlu yaralılar vardı. Vertolyota
minmək üçün insanlar bir-birini tapdayıb irəli keçiridi. Amma
vertolyot yüz nəfəri apara bilməzdi. 20 nəfərdən artıq adam götürə
bilməzdik. Bu əsnada mən bir yaralı əsgər gördüm. Əlində silahı bir
daşın üstündə oturmuşdu. Heç vertolyota tərəfə də baxmırdı. Onun
baxışları ancaq yanan kəndə tərəf dikilmişdi. Bu, çox dəhşətli idi.
O, sanki utandığından biz tərəfə yox, döyüş gedən tərəfə baxırdı.
Ona yaxınlaşdım, zorla mindirdim yanıma. Belə insanlar az olur,
onun gözlərində vətən, torpaq eşqi alovlanırdı, desəm, yalan olmaz.
Adı Mərdan Babayev idi. Bilirsiz, insanlara peyğəmbər, imam sevgisi
olur a, məndə ona qarşı bundan on dəfə artıq hörmət yarandı. O
deyirdi ki, daha ağır yaralılar var, onları aparın. Nəysə, 12 il
sonra o adamı tapıb görüşdüm. Bu, unudulmaz bir xatirədir
mənimçün.
Ermənilər vertolyotlarımızı ovalyırdı
Ermənilər Laçında beş əsgərimizi öldürmüşdü. Kimə demişdilər ki,
gedib onları Bakıya gətirsin, hər kəs bir bəhanə ilə aradan
çıxmışdı. Mən uçuş zolagında idim, dedilər ki, Yavər (rəhmətlik
Milli Qəhrəman) səni çağırır. Gəldim. Dedi, Muxtarov, Laçına getmək
lazımdır. Vəziyyət çox ağır idi, ermənilər vertolyotlarımızı
ovalyırdı. Nəysə, biz dağların arasıyla deyilən yerə çatdıq. 7 saat
gözlədik. Yaralıları, meyitləri ordan götürdük. Gecə idi. İşıqlarla
uça bilmirdik, ermənilər vura bilərdi. Məcbur qalıb priborsuz
uçurduq. Dağlar hündür olduğu üçün 3000 metr yüksəkliyə qalxdıq.
İçəridə meyit iyi, siqaret qoxusu… Vəziyyətimizi təsəvvür edirsiz
də… Nə isə, ermənilər başladılar bizi raket atəşinə tutmağa. Bu
zaman vertolyotun təchizatı xarab oldu, düşündük ki, düşürük. Amma
Allah kömək oldu. Vertolyotu düşməyə qoymadım. Səhər saat 5-də
gəlib Yevlaxa çata bildik. Yerə endikdən sonra bir-birimizi
qucaqlayıb sevinc göz yaşları tökdük.
Məncə, Qarabağda hər kəs vuruşub
Nə qədər başsiz bədən, bədənsiz baş, parçalanmış, yay vaxtı
şişmiş meyit daşımışıq. Ölən ölür, amma onları daşıyan məhv olur,
mənəvi, fiziki sarsıntı keçirir. Məncə, Qarabağda hər kəs vuruşub,
hər kəs əziyyət çəkib, amma biz pilotlar qədər kimsə əziyyət
çəkməyib. Mən buna görə də qururluyam.
Saxarovun arvadının axmaq sifətinə…
Akademik Saxarovun arvadının Bakıya gəlməsi yadınızda olar.
Bilirsiz də, ermənipərəst idi, bir də fransadan Baronessa Koks,
Böyük Britaniyadan da lordlar palatasından gələnlər vardı. Bizə
dedilər ki, bizi Ermənistanın Hatex kəndi var, ora aparın ki,
vəziyyəti yerində müşahidə edək. Biz də dedik ki, ay qardaş, burda
müharibə gedir, ora gedəndə bizi vururlar. Arada Saxarovun
arvadının axmaq sifətinə baxırdım, qəribə baxışları vardı. Bir
suyundan da Maşaya oxşayırdı, başına bir şal da çəkmişdi. Lordlar
palatasından olan adam mənə vəsiqə göstərib dedi ki, mən
filankəsəm. Dedim, ay qardaş, biz göydə olanda erməni nə biləcək
sən kimsən? Bizi vursalar vuracaqlar. İndi sən mənə niyə vəsiqəni
göstərirsən?
Nə isə, onları aparmadıq. Vahid Naxışla avtomobillə getdilər
oraya. Bu da yadda qalan bir xatirə idi. Xocalı faciəsində də
rəhmətlik Çingiz Mustafayev bizimlə getmişdi ora. Sonra 1995-ci
ildə atəşkəs oldu. Döyüş zamanı evli idim. Ancaq başımız o qədər
müharibəyə qarışmışdı ki, heç ailə yada da düşmürdü…