Müasir insan üçün eramızdan
əvvəl IV əsr həm maraqlı, həm də sirlidir. Bu dövrün ən maraqlı
tarixi şəxsiyyətlərindən biri də Makedoniyalı İskəndər
sayılır.
İskəndərin parlaq hərbi karyerası eramızdan əvvəl 338-ci ildə
başlayıb. Bu zaman onun cəmi 18 yaşı var idi. Xeron döyüşündə
İskəndər Afina və Beotiya müttəfiq ordularının darmadağın
edilməsində müstəsna rol oynayaraq şöhrət əldə etdi. Bu hadisədən
sonra, 15 il ərzində dövrünün mahir sərkərdələri arasında onun
tayı-bərabəri olmadı. Amma e.ə. 323-cü ildə 33 yaşlı İskəndər
müəmmalı surətdə dünyasını dəyişdi.
Gənc yaşdan böyük uğurlar əldə etmiş bir şəxsiyyətin qəfil ölümü
həm qədim dövrdə, həm də sonralar bir çox iddiaların və
hipotezlərin irəli sürülməsinə səbəb oldu.
Rəsmi versiyaya görə, məhşur sərkərdə malyariya xəstəliyindən
dünyasını dəyişib. Amma bu ölümlə bağlı çoxsaylı versiyalar da
səslənib. Müxtəlif dövrlərdə İskəndərin ölümü ilə bağlı zəhər,
zəhərlənmə, gizli düşmənlər tərəfindən məhv edilmə, paxıllığını
çəkənlər tərəfindən qətlə yetirilmə versiyaları səslənib.
Beləcə, artıq 25 əsrdir ki, Makedoniyalı İskəndərin ölümü
ətrafında sirli bir tapmaca yaranıb. Cavab tapmaq mümkündürmü?
Fikrimcə, suala cavab tapmaq üçün əvvəlcə, sərkərdənin şəxsiyyəti,
onun ətrafı, dövləti və hakimiyyəti möhkəmlətmək üçün yürütdüyü
siyasəti dərindən öyrənmək lazımdır.
İskəndərin həyatına və səfərlərinə qısa bir nəzər salaq.
İskəndər e.ə. 356-cı ildə Makedoniyanın paytaxtı Pella şəhərində
anadan olub. O, çar ailəsində dünyaya gəlib. Bu isə, istedadı üzə
çıxarmaq üçün əlavə imkanlar demək idi.
E.ə. 343-cü ildən məhşur filosof Aristotel (Aristotel Platonun
tələbəsi idi. Platon isə Atlantida mədəniyyəti haqqında fikir
söyləyən ilk insandır) onun tərbiyəsi və təlimi ilə məşğul olub.
İskəndər əla təhsil almaq imkanına sahib idi. Nəticədə o, dövrünün
ən ziyalı monarxına çevrildi.
Gəncin hərbi təlimi ilə atası Makedoniya çarı II Filipp məşgul
olub. Filipp amiranə, qətiyyətli bir şəxs idi və bütün üsullardan
istifadə edərək dövlətini möhkəmləndirmək, sərhədlərini
genişləndirmək istəyirdi. Məhz onun dövründə güclü quru ordu,
qüdrətli donanma yaradıldı. Eyni zamanda Makedoniya falanqası
(qədim yunanlarda bir neçə sıradan ibarət piyada düzümü)
əhəmiyyətli dərəcədə mükəmməl səviyyəyə çatdırıldı.
II Filipp dağıdılmış şəhərləri hakimiyyəti altında birləşdirərək
vahid dövlət yaratdı. Bununla da o, oğlu üçün etibarlı əməliyyat
meydanı hazırladı. İskəndər isə, öz növbəsində, atasının
nəaliyyətlərindən istifadə edərək, ona miras qalmış hərbi gücdən
ağılla istifadə etdi. O, çoxsaylı dövlətlərin ərazisini işğal
edərək, böyük bir imperiyanın təməlini qoydu.
E.ə. 336-cı ildə II Filipp dünyasını dəyişdi (cangüdəni
tərəfindən qətlə yetirildi). İskəndər Makedoniyanın çarı oldu.
Taxta keçdikdən bir neçə ay sonra o, şimali-qərbi Balkan
yarımadasına yürüşə çıxdı. Bu ərazilərdə çoxsaylı get və triball
tayfaları yaşayırdı. Qısa müddətə bu tayfaların müqavimətini
sındıran çar onların ərazisini öz dövlətinə qatdı. Beləliklə,
İskəndər saray əyanlarına atasından heç də geri qalmadığını sübut
etdi.
Gənc sərkərdə qısamüddətli və uğurlu hərbi əməliyyatdan sonra
istirahət edə bilmədi. Çünki çaparların gətirdiyi xəbərə görə,
Makedoniyaya son beş il ərzində birləşdirilmiş Orta Yunanıstan
şəhərlərində üsyan başlamışdı. Görünür, Filippin ölümü bu şəhər
sakinlərini ruhlandırıb və onlar müstəqillik barədə düşünməyə
başlayıblar. Amma onlar İskəndərin atasının yerini qısa müddətə
tuta biləcəyini düşünməmişdilər.
İskəndər isə kiçik bir ordu ilə üsyan qaldırmış şəhərlərə hücum
etdi. Üsyançılara qarşı amansız olan sərkərdə, tezliklə hər kəsə
Makedoniyada hakimiyyətin zəifləmədiyini, əksinə, daha da güclü,
qəddar və sərt olduğunu sübut etdi.
Qısa müddət ərzində çarlığın ərazisində sakitlik və qayda-qanun
hökm sürməyə başladı. Gənc monarxın "dəmir pəncəsi"ni qısa müddətə
dostları da, düşmənləri də hiss etdi. Bəlkə də, İskəndərin yerinə
başqa adam olsaydı, sakitləşib taxtında oturub, həyatını yaşayardı.
Amma o, fərqli davrandı.
Artıq e.ə.334-cü ildə atasının dostu Antipartı Pelladaya canişin
təyin edən İskəndər güclü qoşun ilə Dardanel boğazını keçərək İran
dövlətinin ərazisinə daxil oldu. Əhəmənilər dövləti ona qarşı böyük
ordu göndərsə də, Qranik çayı ətrafında baş verən savaşda fars
ordusu darmadağın edildi.
Bu müharibə Kiçik Asiya uğrunda gedən mübarizədə həlledici oldu.
Fars əsarətində inləyən sahilyanı yunan şəhərləri xilaskarı, yəni
İskəndəri sevinclə qarşıladılar. Onlar III Daryanın satraplarını
qovaraq, şəhər qapılarını Makedoniya orduları üçün açdılar. Demək
olar ki, bir neçə ay ərzində Lidiya torpaqları farslardan
təmizləndi. Bu ərazilərdə Makedoniyalı İskəndərin hakimiyyəti qəbul
edildi.
Güclü düşməni üzərində ciddi qələbə qazanan gənc və şöhrətpərəst
monarx ordusu ilə birlikdə İran ərazisinin dərinliklərinə doğru
hərəkət etdi. Çar III Daranın rəhbərliyi altında güclü fars ordusu
onun qarşısına çıxdı.
E.ə. 333-cü ilin payızında İsse şəhəri ətrafında həlledici döyüş
oldu. Bu savaşda Əhəmənilər ordusu Makedoniya ordusuna nisbətdə 3
dəfə güclü olsa da, İskəndərin sərkərdəlik qalibiyyəti qələbə
qazanmasıma vəsilə oldu. Farslar ağır məğlubiyyətə uğradı. III Dara
rüsvayçı formada qaçaraq xilas oldu.
Bu qələbədən sonra Aralıq dənizi sahilləri yunan-makedoniya
ordusunun nəzarəti altına keçdi. İskəndər nəinki parlaq sərkərdə,
eyni zamanda müdrik və uzaqgörən siyasətçi idi. O, ordusunu
Əhəmənilər sülaləsinin hakimiyyəti altında olan Misirə tərəf
yönəltdi. Xilaskar kimi qədim piramidalar ölkəsinə qədəm basan
İskəndər kahinlərin dəstəyini əvvəlcədən təmin etmişdi. Kahinlər
onu Amon Allahının oğlu və Misirin fironu elan edirlər.
Bu yolla sərkərdə sadə insandan Tanrıya çevrildi, bu isə onun
rəqibləri arasında çaşqınlıq və ixtilafa səbəb oldu. Çünki Tanrıya
qarşı savaşmaq özü də böyük cəsarət tələb edirdi.
Məhz bu dövrdən sonra Makedoniyalı İskəndər yaxın ətrafındakı
insanlardan uzaqlaşmağa başlayır. Ona sadiq olan Antipatr, Ptolemey
Laq, Perdikka, Filota, Parmenion, Qara Klit, Hefestion kimi qoşun
başçıları İskəndərin zalım münasibətini hiss etməyə başladılar.
Narazılıq tezliklə özünü biruzə verdi. Filota tərəfindən təşkil
edilən sui-qəsd planı hazırlandı. Filota çarın qeydsiz-şərtsiz
etibar etdiyi qoşun sərkərdəsi Parmenionun oğlu idi. Amma sui-qəsd
təxirə salındı və qoşun yenidən İran dövlətinə geri qayıtdı. Çünki
III Dara yeni qoşun toplamışdı.
Həlledici döyüş e.ə. 331-ci ilin oktyabrında Qavqamel
yaxınlığında baş tutdu. Bu dəfə də farslar ağır məğlubiyyətlə
üzləşdi. Məğlubedilməz Kir və Artakserksin sələfi rüsvay olaraq
döyüş meydanından qaçdı. Amma Dara tezliklə Bess adlı satrap
tərəfindən qətlə yetirildi. Bess özünü İran çarı elan etdi. Amma
bir ildən sonra makedoniyalılar tərəfindən əsir edilən Bess
işgəncəli ölümə məhkum edildi.
III Daranın ölümündən sonra İskəndər İran imperiyasının paytaxtı
Babilə daxil oldu və özünü Əhəmənilər sülaləsinin varisi elan etdi.
Şəhərdə möhtəşəm bir saray tikdirən imperator yunan və
makedoniyalılardan başqa, fars əyanlarını da ətrafına topladı.
Gənc çar getdikcə əsl dostlarından və pərəstişkarlarından
uzaqlaşırdı. Hakimiyyət artıq onun gözlərini qamaşdırmışdı.
İskəndər qəddar diktatora çevrildi. Azad və demokratik Yunanıstanda
tərbiyə almış elladalılar üçün bu, qəbuledilməz idi. Bu səbəbdən
təxirə salınmış sui-qəsd planı yenidən işə düşdü. Filota
getterləri, yəni məhşur ailələrdən olan gəncləri ətrafına topladı.
Amma sui-qəsdçilər arasında satqın vardı. Orta Asiyaya səfər zamanı
İskəndər bu plandan xəbər tutdu. Onun əmri ilə Filota və atası
qətlə yetirildi. Amma bu qətllər vəziyyəti düzəltmədi. Makedoniya
və Yunanıstandan olan ali zümrənin narazılığı dərin kök atmışdı.
Bəlkə, İskəndərin ölümünə də məhz bu prizmadan baxmaq lazımdır?
Tezliklə, İskəndərə qarşı yeni sui-qəsd təşkil edildi. Bu dəfə
təşkilatçılar tanınmış saray əyanlarının övladları idi. Onlar çarın
şəxsi mühafizə dəstəsində qulluq edirdilər. Sui-qəsdçilərin başçısı
Hermolay idi. Onu edam etdilər və bir müddət sakitlik yarandı.
E.ə. 328-ci ildə yaxın silahdaşı Qara Klit imperatoru doğma
atasının ruhuna dönük çıxaraq özünü Tanrı Amonun oğlu elan etməkdə
suçladı. Əsəbiləşən İskəndər Kliti masa arxasındaca qətlə
yetirdi.
Amma bu daxili çəkişmələr onun sərkərdəlik qabiliyyətinə
qətiyyən təsir etmirdi. Şərqə doğru hücumlar davam edirdi.
Hindistanın işğalı da İskəndərin planına daxil idi. Amma bu səfər o
qədər də uğurlu alınmadı. Əgər İranda Makedoniya ordusuna xilaskar
kimi baxırdılarsa, Hindistanda vəziyyət fərqli idi. Çoxsaylı
tayfalar və kiçik dövlətlər uzaqdan gəlmiş işğalçının təbəəliyini
qəbul etmək niyyətində deyildi. Makedoniya ordusu güclü müqavimətlə
qarşılaşdı.
E.ə. 326-cı ildə Gidaspe çayı ətrafında baş verən müharibə
Makedoniyalı İskəndərin həyatının sonuncu böyük savaşı idi. Bu
savaşda onun rəqibi çar Por idi. Porun ordusunda fillər və cəng
arabaları çox olsa da, o, məğlib oldu və əsir düşdü. İskəndər bu
savaşdan sonra yarımadanın içərilərinə doğru irəliləyə bilmədi.
Çünki aramsız müharibələrdən yorulan əsgərlər açıq-aşkar
narazılıqlarını bildirdilər. Sərkərdə geriyə dönmək barədə qərar
qəbul etdi. O, ordunu üç hissəyə böldü. Birinə özü, digərinə Krater
rəhbərlik edirdi. Üçüncü qoşun isə Nearxın rəhbərliyi altında dəniz
yolu ilə vətənə qayıtdı.
Bununla da İskəndərin Şərqə doğru yürüşü başa çatdı. Səfər
ümumilikdə 10 ilə yaxın davam etdi. Çar Babilə qayıtdı və dövlət
işləri ilə məşğul olmağa başladı. III Daranın böyük qızı Statirlə
ailə quran İskəndər makedoniyalıları da fars qızları ilə evlənməyə
məcbur etdi. Onun qəddarlığı və sərtliyi yeni narazılıqlara səbəb
oldu. Makedoniyalı əsgərlər üsyana qalxdılar. Çünki uzun illər
doğma vətəni, ailələrini görməyən əsgərin səbri tükənmişdi. Çar isə
onları Babildən buraxmırdı. İskəndər üsyanın başçılarını edam
etdirsə də, vəziyyətə tam nəzarət etmək üçün döyüşçüləri vətənə
yola saldı. Çar Babildə qərar tutdu. Burada o, yeni səfər üçün
planlar cızırdı. Onun məqsədi Ərəb yarımadasını və Karfageni işğal
etmək idi. Bu dövrlərdə Karfagen qərbi Aralıq dənizi sahillərinin
ən qüdrətli dövləti idi. E.ə. 323-cü ildə səfər hazırlığı
ərəfəsində ölkənin müxtəlif bölgələrindən ordu dəstələri Babilə
gəlir, donanma gücləndirilir, yüksək komandanlıqda dəyişikliklər
edilirdi.
Səfərə bir həftə qalmış böyük qonaqlıq təşkil edildi. Növbəti
səhər İskəndərin vəziyyəti pisləşdi. Onun hərarəti yüksəldi,
qızdırma başladı. Gün keçdikcə diktatorun vəziyyəti pisləşirdi. O,
yaddaşını itirir, yaxın dost və qohumlarını tanımırdı. Müəmmalı
xəstəlik iki həftə davam etdi və İskəndərin ölümü ilə başa
çatdı.
Makedoniyalı İskəndər e.ə. 323-cü ildə, 32 yaşında vəfat etdi.
Onun ölümündən sonra imperiyası Suriya, Misir, Vifinya, Perqam,
Makedoniya kimi dövlətlərə parçalandı. Hər bir dövlətin başında
diadoxlar, yəni Makedoniya ordusunun qoşun başçıları dayanırdı.
Ptolemey Laq Misirə yerləşdi və böyük sərkərdənin mumiyalanmış
cəsədini özü ilə apardı (bununla da Böyük İskəndərin varisi
olduğunu nümayiş etdirdi). Nilin deltasında böyük sərkərdə üçün
sərdabə inşa edildi və sarkofaq sərdabəyə yerləşdirildi.
Sərdabə haqqında sonuncu dəfə məlumat Roma imperatoru Karakall
tərəfindən verilib. O, 215-ci ildə İskəndəriyyədə (e.ə. 332-ci ildə
İskəndər tərəfindən salınmış şəhər) olub və məqbərəni ziyarət edib.
Bu tarixdən etibarən məqbərə haqqında heç bir məlumat olmayıb. Bu
günə qədər də heç kəs İskəndərin sərdabəsinin taleyini bilmir.
Böyük İskəndərin ölümünün sirri barədə tarixçilərin fikirləri
haçalanır. Məsələn, bir qrup tarixçinin fikrinə görə, makedoniyalı
çarın ölümündə birbaşa günahkar Makedoniya canişini Antipatr olub.
Bir versiyaya görə, Qərbə hazırlanan yürüşdən əvvəl İskəndər
Antipatrdan vəzifəsini alaraq, onun yerinə başqa adam təyin etmək
istəyib.
Antiaptr ona sadiq əyanların köməyi ilə imperatoru zəhərləyib.
Amma bu versiya bir az inandırıcı səslənmir. Çünki e.ə. 323-cü ildə
Antiaptrın 73 yaşı var idi. Yaşlı və müdrik qocanın bu dərəcədə
hakimiyyət hərisi olması inandırıcı deyil. E.ə. 319-cu ildə
Antipatr da dünyasını dəyişib.
Başqa bir versiyaya görə, İskəndərin ölümündə günahkar onun
müəllimi Aristoteldir. 61 yaşlı filosof niyə tələbəsinə qıyaraq,
onun çaxır qədəhinə zəhər atmalıdır ki? Eyni zamanda unutmaq lazım
deyil ki, İskəndər dünyanı işğal etdiyi müddətdə Aristotel Afinada
sakit həyat sürürdü. E.ə. 335-ci ildən Afinada məskunlaşan filosof
məktəb açaraq elmlə məşğul olub. Sərkərdənin ölümündə Aristoteli
günahkar bilən tarixçilər, onun pula qarşı həris olduğunu, Karfogen
tərəfindən pulla tutulduğunu iddia edirlər. Karfagen idarəçiləri
İskəndərin planlarından xəbərdar idilər. Onlar təhlükəsizliklərini
təmin etmək üçün filosofu ələ aldılar və gənc sərkərdəni məhv
etdilər. Aristotel güclü əlaqələrə malik idi. Onun pərəstişkarları
arasında cəmiyyətin istənilən təbəqəsindən adamlar var idi. Yaxşı
pul mükafatı qarşılığında İskəndəri aradan götürə biləcək adam
tapmaq Aristotel üçün asan idi.
Həmin vaxtlar filosofun sağlamlıq durumu heç də yaxşı deyildi.
İskəndərin ölümü isə onun əcəlini yaxınlaşdırdı. Çünki qəmli xəbəri
alan Afina əhalisi üsyana qalxdı və Aristoteli şəhərdən qovdular.
O, həyatının son aylarını Egey dənizində yerləşən Evbey adasında
keçirdi.
Başqa bir versiyaya görə, qətldə günahkar İskəndərin
yunan-makedon əyanlarıdır. İskəndərin qoşun başçıları onun fars
əyanları ilə yaxınlığından narahat idilər. Bu səbəbdən onlar
ittifaq quraraq Böyük İskəndəri zəhərlədilər. Onun ölümündən sonra
başçılar sərt rəhbərdən qurtuldular və böyük torpaq sahələrinə
sahib oldular. Amma bu versiya da həqiqətə uyğun deyil. Çünki
hadisə qərbə yürüşdən öncə baş vermişdi. Səfər isə çox böyük
var-dövlət, qənimət vəd edirdi. Ona görə də qoşun başçıları
İskəndərə qıya bilməzdilər. Çünki sərkərdə yaşadıqca onun
ətrafındakı insanlar varlanırdılar.
Bəlkə, İskəndər, doğrudan da, hansısa xəstəlikdən vəfat edib?
Rəsmi versiyaya görə, o, malyariyadan dünyasını dəyişib. Ola bilər
ki, İskəndəri ağcaqanad sancıb və nəticədə, o, malyariyaya tutulub.
Mümkündür. Amma başqa bir sual ortaya çıxır: onun ətrafında,
yaxınlığında olan heç kəs bu xəstəliyə yoluxmadı. Deməli, ağcaqanad
yalnız İskəndəri sancıb?
Bütün bu suallar günümüzdə hələ də cavabsız qalıb. Dünyanın ən
böyük fatehlərindən sayılan Böyük İskəndərin vaxtsız və qəfil ölümü
uzun müddət tarixçilərin baş sındırdığı mövzulardan biri
olacaq.
Publika.az