Artıq 7 ildən çoxdur ki, Azərbaycan Yazıçılar Birliyi
üçün dövlət tərəfindən ayrılan torpağın əriyərək göz-görəsi yoxa
çıxması müşahidə olunur.
Axar.az-a bu haqda xəbər verən bir qrup yazıçı 2008-ci ildə
yazıçıların mənzil şəraitinin yaxşılaşdırılması üçün dövlət
tərəfindən Xətai rayounu, G.Şıxliniski küçəsi, 2942-ci məhəllədə
ayrılan torpaq sahəsi ilə bağlı qalmaqalın böyüdüyünü deyiblər:
"Mənzilə ehtiyacı olan yazarların dəfələrlə AYB rəhbərliyi
qarşısında bu məsələni gündəmə gətirmək cəhdi də birmənalı olaraq
öz həllini tapmayıb".
Əməkdaşımız məsələ ilə bağlı AYB-də olub. Birliyin mənzil
komisiyyasının sədri, AYB sədrinin müşaviri Rauf Aslanov binanın
tikilməsinə görə cavadeh olmadığını deyib:
"Bu, komissiya sədri kimi mənim səlahiyyətlərim daxilində deyil.
Biz Mənzil komissiyasının üzvü olaraq mənzillərin bölünməsi işinə
baxırıq. O ki qaldı AYB üzvləri üçün torpaq sahəsinin olmasına, bu
həqiqətdir. Düzdür, həmin sahə qeyri-qanuni olaraq nə vaxtsa iki
işbaz tərəfindən özəlləşdirilmişdi. Lakin biz məhkəmə yolu ilə
həmin ərazini geri qaytara bildik və kooperativ binanın tikilməsi,
səndələrin hazırlanması başqa adama həvalə olundu. O da düzdür ki,
həmin yer kooperativ evin tikilməsi üçün verilib. Yeri hər hansı
bir şirkətə güzəşt edib oradan 10 faiz mənzil götürmək düzgün
olmazdı".
Müşavir bu məsələdə kimin cavabdeh olduğunu açıqlamasa da,
araşdırmamızın sonucu olaraq bu adamın AYB sədrinin müavini, Nazim
İbrahimov olduğunu öyrənə bildik.
Bəs görəsən 7 ildən artıq bir vaxtda niyə bina tikilmir?
Yazarların mənzilə ehtiyacı yoxdur, yoxsa binanın tikilməsinə məsul
olan şəxs səhlənkarlıq edir? Bəlkə torpağdan başqa niyyətlə
istifadə etmək istəyir? Bu haqda AYB üzvləri nə düşünür?
Bu işlər niyə gizli aparılır?
AYB üzvü, şair Maarif Soltan: "Açığı, mən bu
məsələləri mətbuatdan eşitmişəm və qəti xəbərim yoxdur ki, həmin
yer haradadır, neçə hektardır, binanın neçə bloklu, neçə mərtəbəli,
neçə mənzilli olması nəzərdə tutulub. Bina tikmək üçün, kooperativ
və qeyri-koopertiv, təbii ki, vəsait lazımdır və bu vəsait də
bildiyim qədər nə AYB-də var, nə də AYB üzvlərində. Belə olduğu
halda, bu problemi ya dövlətin köməyi ilə həll etmək olar, ya
güzəştli kredit götürməklə. Ya da hansısa tikinti təşkilatlarından
birinin köməyi və vasitəsi ilə. Mətbuatdan eşitdiyimə görə, hansısa
tikinti təşkilatıyla 90/10% nisbətində (10 faiz AYB-yə) artıq
müqavilə bağlanıb. Bu praktikadan yaxın keçmişdə bir dəfə istifadə
edilib və acı nəticələrini də görmüşük. Belə şərtlə müqavilə
bağlamaq, açıq deyim ki, sadəcə, rüsvayçılıqdır – realda yerin
qiyməti də məlumdur, hər kv.m-in maya dəyəri və satış qiyməti də.
Bu reallıqdan istifadə edərək, kooperativ üzvləri də müəyyən məbləğ
ödəməklə, güzəştli şərtlərlə həmin binadan xeyli mənzil ala bilər.
Sizin suallarınızı cavablandırmaq məqsədilə mən bir neçə tikinti
təşkilatıyla əlaqə saxladım və bu məsələnin şərtlərilə maraqlandım.
Ən az təklif edən təşkilat - 30 % təklif etdi, yəni tikilən mənzil
sahəsinin 30 %-ni bizə vermək şərtilə. Belə olduğu halda bəs niyə
10%-lə müqavilə bağlanır, yerdə qalan 20% (ən azı) necə oldu? Hər
halda bunun üstündə düşünməyə dəyər və belə olduğu halda bu işlər
niyə gizli aparılır və məsələn, niyə tender keçirilmir? Daha bir
problem, lap elə həmin o 10% hazır olandan sonara hansı prinsiplə
bölünəcək? Deyilənə görə, ev növbəsində adam yoxdur və guya növbə
prinsipi ləğv olunduğuna görə növbəyə də heç kim götürülmür".
Şair Akif Əhmədgil: "Adam adama alqış edəndə deyir, evin
tikilsin... İndi ev tikmək, bina tikmək o qədər də asan məsələ
deyil. Əgər Yazicilar Birliyinin rəhbərliyi torpaq sahəsi almağa
nail olubsa, bu, özlüyündə təqdirəlayiq bir işdir".
Mənim tanıdığım Anar müəllimin…
Şair Əkbər Qoşalı: "Şah-şair Xətainin adını
daşıyan rayonun Şıxlinski küşəsində dövlət tərəfindən yazıçılar
üçün torpaq ayrılması necə də rəmzi, rəmzi olduğu qədər də
ümidvericidir, deyilmi? Mən belə demək mümkünsə, metafizik
baxımından da, fiziki baxımından da o ünvandakı evin məhz yazıçılar
üçün ucaldılacağına inanıram. Əgər kim(lər)sə o ünvan üzərində
şəxsi çıxarları baxımından "Gecikdirmə, ləngitmə oyunu" oynayırsa,
uduzacaq, adıyaman nizamları pozulacaq inşallah. Açığı, mən şəxsən
Anar müəllimin evsiz yazıçıların ev almasından yana olduğuna
inanıram - mənim tanıdığım Anar müəllimin, əgər oyun varsa da, o
oyunu pozacağına da inanıram. Bir az da konkret olsaq, dövlət
torpaq ayırıbsa, xeyli yazıçının da evə ehtiyacı varsa, bu iş illa
da görülməli - irəli götürülməlidir. Başqa yolu yoxdur".
Bakıda 1 milyon boş mənzil var
Nurəddin Muğanlı: "Bu məmləkətdə yaşayış
mənzilə ən çox ehtiyacı olan elə qələm sahibləri - yazıçılardı.
Dediyiniz ünvanda nə tikildiyini bilmirəm, amma onu bilirəm ki,
Bakıda 1 milyon boş mənzil var, bir o qədər də evə ehtiyacı
olan..."
Dövlətimizin yer ayırmaq təşəbbüsü gözəldir
Şair Ayaz Arabaçı: "Evsizlik bütün yazarların
yaralı yeridir. Əslində, biz qələmin və Allahın ümidinə dolanan
adamlarıq. Belə götürəndə də demək olar ki, mənim nəslimə mənsub
olan yazarların, içi mən qarışıq heç birimizin evi yoxdur.
Dövlətimizin yer ayırmaq təşəbbüsü gözəldir, Allah bayrağını uca
eləsin, amma süründürməçilər və tamahkarlardan da belimiz bağlı
deyil. Burda çirkin niyyətlər də olmamış deyil".
Jurnalistlərə ev veriləndə…
Fərqanə Mehdiyeva: "Ev problemi biz yazarların
ən yaralı və agrılı yeridir. Torpagın verilməsi müsbət və
sevindirici haldir. Amma mənzil tikintisinin yubanması bizi narahat
edir. 7 il az müddət deyil. Niyə yubanır, niyə bu qədər ləngiyir?
Bəlkə bu məsələyə insafla yanasıla... Bəlkə bu iş həvalə olunan
səxsi də narahat edə. Evsiz-esiksiz qalan sair, yazıçıların taleyi
ürəkləri titrədə. Jurnalistlərə ev veriləndə biz yazarlar sevindik.
Sevindik ki, bizlərə də bir isıq ucu olar. Ümidimiz qırılmasın
təki. Təki üzümüzə gələn baharın səməniləri kimi bizim də mənzil
almaq ümidlərimiz göyərsin".
İki oğlum subay qocalır
Sabir Yusifoğlu: "Ev-eşiyi kim istəmir ki?!
Evimdə iki oğlum subay qocalır. Hər ikisi də yazardı. Səbəb:
evsizlik!.. Sadəcə, sözü öldürüblər. Ciddi sözə və söz adamına
nəinki ev, heç qiymət verən də yoxdu".
Prezidentə müraciət etsək
Aləmzər Sadıqqızı: Yazıçıların evə ehtiyacı
hamıdann çoxdur.
Prezidentimiz bizə torpaq ayırir, həm də ikinci dəfə, amma
nədənsə heç kim "xoşbəxt" ola bilmir. Niyə bir dəfə mənzillə bağlı
yığışıb diskusiya aparılmır? Məncə, yazarlarımız başda Anar müəllim
olmaqla Prezidentə müraciət etsək, o torpaqda ev də tikilər, hələ
hərəyə bir kitab rəfi də bağışlanar".
Bu işə vaxt ayıra bilmirəm
Xatırladaq ki, haqqında bəhs olunan torpaqda tikiləcək binanın
sənədlərini hazırlamaq və müqavilə bağlamaq Nazim İbrahimova həvalə
olunub. Sədr müavini isə əməkdaşımıza, artıq bu işlə məşğul
olmayacağını bildirib:
"Mən hansısa MTK ilə müqavilə dağlamaq istəyirdim ki, tikilən
mənzilin 10 faizini alaq. Lakin son vaxtlar bunun üstünə çox
gedildiyinə və vaxtımın az olmasına görə bu işə vaxt ayıra
bilmirəm".
Sədr müavini kooperativ binanın tikilməsinin özünü
doğrultmayacağını da deyib, sonda isə, ümumiyyətlə "bu işlə məşğul
olmayacağam", - deyib.