"Əsəddən fərqli olaraq, ABŞ-ın kürdlərə muxtariyyət
verilməsini aşkarcasına bəyan etməməsinin arxasında bəlli səbəblər
dayanır".
Bu sözləri Axar.az-a açıqlamasında son günlər Suriyada yaşayan
kürdlərə muxtariyyat verilməsi ilə bağlı Bəşər Əsədin və ABŞ-ın bu
məsələdəki müsbət mövqeyini şərh edərkən politoloq Fərhad Mehdiyev
deyib. O, ABŞ-da əksər senatorun kürdlərə muxtariyyət verilməsinin
çoxdan irəli sürdüyünü bildirib:
"Hətta nəinki muxtariyyət, ayrıca dövlət qurulmasını da
istəyirlər. Amerikalılar bunu ta Vilsonun zamanından irəli
sürürlər. Sadəcə olaraq, bu gün bunun açıq şəkildə dilə
gətirilməməsinin əsas səbəbi Türkiyədir. Çünki rəsmi Ankara
şiddətli şəkildə buna qarşı çıxır. İrana gəldikdə isə amerikalılar
onları o qədər də saymırlar. Bu gün kürdlərə muxtariyyət
verilməsini Amerika sırf Türkiyəyə görə açıq şəkildə bəyan etmir.
Ancaq onların bu istəyi çoxdan var. İndi də muxtariyyət barədə
ara-sıra onun-bunun ağzı ilə danışırlar. I Dünya müharibəsindən
sonra amerikalılar regionda kürd dövlətinin yaradılmasının hər
zaman tərəfdarı olublar. Əsəd isə indiki vəziyyətdə güc balansını
öz tərəfinə çəkmək məqsədi güdür. Xüsusilə də İŞİD-ə qarşı vurulan
zərbələrdən sonra kürdləri öz tərəfinə çəkməklə hakimiyyəti bölgədə
yenidən bərpa etməyə çalışır. Bu, onun üçün bir fürsətdir. Ancaq
amerikalılardan fərqli olaraq, Əsəd bunu dilə gətirmirdi. İndiki
mərhələdə o, muxtariyyət sözü verməklə kürdləri öz tərəfinə çəkmək,
yerdə qalan müxalif qüvvələri sındırmaq və ölkəni yenidən nəzarəti
altına götürmək üçün buna getdi".
Politoloq müstəqil kürd dövlətinin yaradılmasının tarixi
gizlinlərinə toxunaraq önəmli məqamları bölüşüb:
"1920-ci- ildə "Müttəfiq dövlətlər və Türkiyə arasında bağlanmış
sülh" - Sevr müqaviləsinə görə, Ermənistanın dərhal qurulması və
gələcəkdə kürd dövlətinin yaradılması nəzərdə tutulmuşdu.
İmperialist ölkələrin "kürd dövləti" planı onsuz da var idi. Vudro
Vilson I Dünya müharibəsinin sonunda 8 prinsip ortaya atdı.
Bunlardan biri də Yaxın Şərqdə "xalqlara öz müqəddəratını
təyinetmə" prinsipi idi. Burada kürdlərin də adı keçirdi. Yəni bu,
amerikalılar üçün yeni ideya deyil.
Türkiyənin Amerika ilə NATO müttəfiqi olması məsələsi də var.
Buna görə də Amerika ən azından indi bir hökumət olaraq bunu dilə
gətirmir. Diqqət etsək, Şimali İraqda Şimali Kürdüstan muxtar bölgə
kimi yaradılıb. Yəni plan yavaş-yavaş həyata keçirilir. Görünür,
İran üzərində nəzarəti həyata keçirə bilmirlər. Çünki Kürdüstan
yaradılarsa, dörd dövlətin - İraq, İran, Suriya və Türkiyənin
ərazisində yaradılacaq".
Politoloq hazırda planın birinci mərhələsinin başladığını
vurğulayıb:
"Fikir verin, Kobani İŞİD-in əlinə keçəndə bu bölgə uğrunda
şiddətli mübarizə getdi. Nəyə görə məhz Kobani? Çünki İraqın
şimalında kürd bölgələri var və bunlar İraqdakı Kürdüstana
birləşdikdə, həmin kürd dövləti yaranır və dərhal dənizə çıxış əldə
olunur. Buna görə də Kobani İŞİD-in əlinə keçsəydi, koridorun əldən
çıxma təhlükəsi yaranacaq və çıxış olmadıqdan sonra isə Kürdüstan
asılı vəziyyətdə qalacaqdı. Bax əsas məsələ bundan ibarətdir. Bu,
hazırda planının bir mərhələsidir. Əsəd bu mesajı verməklə kürdləri
öz tərəfinə çəkərək ən azından Kürdüstan xaricində Suriyada
nəzarəti bərpa etməyi düşünür. Burada söhbət təkcə Suriyada olan
kürdlərdən getmir. Eyni zamanda, Bərzaninin dəstəyi də önəmlidir.
Əsəd indi bunun hesabını aparır".
Qeyd edək ki, Əsəd kürdlərə muxtariyyət verilməsinə dair ilk
ismarıcını dilə gətirib və məsələnin qanunlar çərçivəsində müzakirə
edilə biləcəyini bildirib. Bir neçə gün öncə isə ABŞ-da 2016-cı il
prezident seçkisində namizəd olacaq senator Rand Paul kürdlərə öz
dövlətlərini qurmaq üçün şans verməyin lazım olduğunu
bildirib.