Gürcüstanın eks prezidenti,
SSRİ-nin keçmiş xarici işlər naziri Eduard Şevardnadzenin olduqca
maraqlı və hətta sensasiya hesab oluncaq memuarından Azərbaycana da
bu və ya digər formada dəxli olan bəzi hissələri təqdim edirik.
Hesab edirik ki, bu kitabda qeyd olunanları hamının bilməsi
vacibdir, ona görə ki, oxuduqlarınız kiminsə fərziyyəsi yox,
yaşadıqları və iştirakçısı olduğu tarixi hadisələrin heyrətamiz
xronologiyasıdır.
Əvvəli burada
İraqın Küveyti ilhaqı: öhdəliyi öz üzərimə
götürürəm...
"Soyuq müharibə" tabutuna vurulan sonuncu mismar...
Mən və Beyker bir-birimizlə mütəmadi olaraq görüşürdük. Onun
Moskvaya səfər etməsinin zamanı da yetişdi. Mən onu "rus möcüzəsi"
olan Baykal gölünə aparmağı qərara almışdım. O vaxt Baykal
ətrafında böyük hay-küy yaranmışdı. Gölün ətrafında sellüloz zavodu
və başqa müəssisələr tikilmişdi. Bununla da onu məhv edirdilər.
Gölü qorumaq üçün böyük hərəkata başlanılmışdı. Tanınmış Sovet
dissidenti və insan hüquqlarının barışmaz müdafiəçisi, "Nobel"
mükafatı laureatı Andrey Saxarov da bu hərəkatda iştirak edirdi.
Sonda isə Qorbaçov Baykalın müdafiə olunması barədə əmrə imza
atdı.
Deyirlər ki, Baykalı görməyən demək olar ki, Rusiyanı görməyib.
Tamamilə razıyam.
Bir sözlə, Moskvada xahiş etdim və Baykalı təsvir edən
materiallar - şəkillər və videokasetlər gətirildi. Sonra onları
Beykerə də göstərdim və Baykala getməyi qərara aldıq. İrkutska,
oradan isə vertolyotla Baykala uçduq. Beyker Baykalın gözəlliyindən
vəcdə gəldi: "Möcüzədir", - dedi. Dedim ki, Baykal Rusiya üçün,
Amerika Vayominqi kimidir. Balıq ovuna çıxdıq, yenə də heç bir
nəticə əldə edə bilmədik. Beyker Monqolustana, mən Moskvaya uçmalı
idim. Getməzdən qabaq dedi: "Vaşinqtondan bildirdilər ki, İraq
Küveytə hücum etmək istəyir".
İnanmadım - İraq-İran müharibəsi bitməmiş yeni cəbhənin açılması
İraq üçün təsəvvüredilməz idi. Bu müharibə qurtarmaq bilmirdi. İki
tərəflə müharibəni dayandırmaq barədə danışıqlar aparmaq
istəyirdim, amma nəticəsiz idi, indi isə Küveyt… Təkrar edirəm,
inanılmaz idi. Heç bir məntiqə sığmırdı. Beykerə də belə dedim.
Razılaşdı: "Düz deyirsən" - dedi, amma kəşfiyyat göstəricilərini
neyləyək?! Sonra Monqolustana uçdu və növbəti gün zəng etdi:
"Moskvaya gəlirəm, kiminsə bilməsini istəmirəm. "Vnukovo-2" hava
limanında qarşılaya bilərsən?"
Qarşıladım. Kiçik bir otaqda oturduq. Narahat şəkildə dedi:
- İraq ordusu Küveyt sərhədini keçib. Kəşfiyyat doğru xəbər
veribmiş.
- Nə edə bilərik?
- Biz Küveyti müdafiə edərik, amma buna BMT-nin Təhlükəsizlik
Şurası qərar verməlidir ki, islam dünyası bu addımı başqa cür
qiymətləndirməsin. Bizə TŞ-dən Sovet İttifaqının dəstəyi lazımdır,
özü də olduqca təcili.
Razılaşdım. Açıq aqressiya hiss olunurdu, amma Sovet İttifaqının
İraqla sıx əlaqələri var idi. İşğalçını müdafiə edə bilməzdik.
Əsasən İraq, bu addımı bizə söykənərək atmışdı. Bilirdi ki, razı
olmayacağıq və onun əleyhinəyik, buna görə də ciddi arqumentə malik
olduğumuz üçün İraqı yox, Amerikanı dəstəkləyirdik. Beykerə yardım
etməyə söz verdim. Hər şeyi öz üzərimə götürdüm. Qorbaçovun bunun
əleyhinə olmayacağına əmin idim. Elə oradaca - hava limanında
Sovet-Amerika birgə bəyanat layihəsini hazırladıq və mətbuat
nümayəndərilə görüş keçirdik. Beyker bəyan etdi ki, İraq Küveytə
hücum etdi və Təhlükəsizlik Şurasının gözlənilən qərarına müvafiq
olaraq öz yardımımızı etmək fikrindəyik. Bu işdə bizi
dəstəklədiyinə görə mən Şevardnadzeyə minnətdaram. Bu hadisə
1990-cı ilin 3 avqustunda baş vermişdi...
Beykeri yola saldıqdan sonra Qorbaçova zəng etdim və hər şeyi
ona açıqladım. Onu da dedim ki, İraqın bizim üçün böyük maraq kəsb
etməsinə və orada minlərlə vətəndaşımızın işləməsinə baxmayaraq, bu
yardımın əleyhinə çıxmaq olmaz. Razılaşdı və əlavə etdi ki, bütün
cavabdehlik mənim üzərimə düşür. Yalnız bizim xalqın və
hakimiyyətin qarşısında məsuliyyətdən yox, eləcə də beynəlxalq
ictimaiyyət və siyasi dairələr qarşısındakı cavabdehlikdən söhbət
gedirdi.
Çox əziyyət çəkdim. Qəribə olsa da, bu bəyanatı müzakirə
edərkən, elə Xarici İşlər Nazirliyindəcə problemlər yarandı. Məni
azlıq dəstəkləyirdi. Müavinlərimin bəziləri və ekspertlər qarşı
çıxırdı: kimi təqdimatın, kimi də bəyanatın əleyhinə idi. Bizim
İraq və Yaxın Şərqlə həqiqətən də yaxın əlaqələrimiz vardı. Buna
görə də, onların mövqeyi ciddi əsaslara söykənirdi, amma mənim
yalnız bir regionla və bir ölkə ilə əlaqələrin münaqişəsini deyil,
eləcə də bütün dünyanın gələcəyini və Sovet İttifaqının bu
gələcəkdə rolunu, Sovet İttifaqının yeni siyasi kursunun davamını
nəzərə alan mövqeyim də əsassız deyildi.
Başqa yol yox idi. Kollektiv qərar əvəzinə, birnəfərlik qərar
qəbul etdim. Cavabdehliyi də bütövlükdə öz üzərimə götürdüm və…
Zaman mənim haqlı olduğumu təsdiq etdi.
Mən Beykerə söz verdim ki, BMT tərəfini tutacağam və Qorbaçovun
razılığı ilə sözümün üzərində dayandım. Lakin bu sistem yox, epizod
idi. Necə də olsa, xarici siyasət xarakterini ifadə edirdi.
Öz həmkarlarımı İraqa göndərdim və Səddam Hüseynə ismarladım ki,
bizim vətəndaşlarımızın təcili surətdə İraqdan çıxarılmasına
başlanılmazsa və o buna köməklik göstərməsə, münaqişəyə biz də
qoşulacağıq. Amerikalılar isə Bağdada daxil olacaqdılar. Həqiqətən
də bizim vətəndaşlarımızın evakuasiyası çox sürətlə və itkisiz baş
tutdu.
Dövlət tərəfindən bu cür aşkar ifadə edilmiş mövqe ilə yanaşı,
Səddamı "sakitləşdirmək" və onunla ümumi dil tapmaq cəhdi var idi,
çünki o, Sovet İttifaqının "dostu" hesab olunurdu. Bu məqsədlə
vasitəçilik fikrində olan Səddamın yaxın dostu Yevgeni Primakov
əvvəl Bağdada, sonra isə Vaşinqtona səfər etdi. Mən bu səfərin
əleyhinə idim, hətta bunu Qorbaçova da dedim: "Ölkənin iki xarici
siyasəti ola bilməz".
Səfərlərin heç biri fayda vermədi. Primakov Səddam Hüseyni heç
nəyə razı sala bilmədi. Buş isə kəskin şəkildə cavab verdi:
"Səddamın günahları Hitlerin günahlarına bərabərdir. Onunla
danışmaq və ona nəyisə bağışlamaq olmaz!". Sonra "Səhrada fırtına"
başladı. Beyker zəng etdi və soruşdu (görünür, onu bir tərəfdaş
kimi mənim fikrim də maraqlandırırdı):
- Bağdada qədər 100 km qalır. Necə fikirləşirsən, Bağdada
girək?
- Mən qərar verməli olsaydım, Bağdada girməzdim.
- Niyə?
- Bağdad öz tarixinə, mədəniyyətinə və adət-ənənələrinə görə bu
region üçün xüsusi şəhərdir. Bu isə sizin haqlı olmağınızı kölgə
altında qoyacaq.
Az sonra yenidən zəng etdi və dedi: "Haqlı idin, prezident qərar
verdi ki, Bağdada girmək olmaz".
Elə prezident Corc Buş da o zaman demişdi: "Ölkələr arasında
yeni tərəfdaşlıq əlaqələrinin zamanı yetişdi. Biz bu gün bənzərsiz
və dəyərli bir məqam qarşısındayıq. Fars körfəzi böhranı öz
ciddiliyinə baxmayaraq, bizə əməkdaşlığın tarixi mərhələsinə
keçməyə imkan yaradır. Bu qarşıdurma zamanın kökündən "yeni dünya
nizam-intizamı" doğa bilər".
Zaman keçəcək və Beyker öz memuarlarında qeyd edəcək: "Mən və
Şevardnadze "Vnukovo" hava limanında görüşərkən və o bizim
tərəfimizi saxlayarkən "Soyuq müharibə" başa çatdı. Biz birgə
bəyanatla "Soyuq müharibə" tabutuna sonuncu mismarı vurduq". Bu,
həqiqətən də belə idi.
Ardı var...
Moderator.az">
Moderator.az