"Ziyafət kişidir mənim adım, "luboy" oğlandan soruş,
deyəcəklər sənə, necə adamam. Nə olsun burda
işləyirəm?!"
Səsə tərəf döndüm və bu səsin sahibi diqqətimi həmən çəkdi.
Pilləkənlərin üstündə dayanmışdı və həmsöhbətinin "aradan
çıxmasına" mane olurdu... Həmsöhbəti qulaq asır və onun dediklərini
candərdi təsdiqləyirdi:
- Adam sifətindən tanınır, kim kimdir. Səndə naxələflik olmaz.
Mən razı...
Gəl indi səni maraq çəkməsin, nə etsin. Kişinin dayandığı
pilləkənin arxasındakı qapının üstündəki şəkil buranın tualet
oduğundan xəbər verir. Yuxarı qalxıb içəri keçirəm. Paytaxtımızdakı
Cəzaçəkmə Müəssisələrindən birinin qarşısındakı bu ayaqyolunun
səliqə-sahmanına baxan kişi özündən çox razı görünürdü.
Koroğlu kimdir? Tanımıram...
Ayaqyolu çox səliqəlidir. Hətta şəhərin ən bərkgedən şadlıq
evlərinin də ayaqyolusu bu səliqəyə həsəd apara bilər.
Əlüzyuyanın üstündəki elan da diqqətimdən yayınmır. "Burada
nəzərdə tutulacaq əməldən başqa heç bir iş görülə bilməz!"
Əstəğfirullah, yəni doğurdan da bu ayaqyolunda hansısa sirr
gizlənir? - düşünərək özümü bir qədər məşğul göstərirəm. Ziyafət
kişinin çənəsinin altından canını qurtaran kişi aralanan kimi
soruşuram:
- Koroğluya qohumluğun çatmır ki? – şələ bığlarına görə
soruşuram və söhbətə körpü salmaq istəyirəm.
- Nə?! Koroğlu kimdir? Kopooludur, Koroğlunu tanımıram. Haqqında
eşitmişəm. Amma görməmişəm. Mən "voobşe" heç kimi görmürəm. Ancaq
adamlarını, yaxınlarını görürəm. O da əgər lazım oluramsa...
"Hə, deyəsən ilişdi", fikirləşirəm və bir qədər də
yaxına gəlirəm:
- Mənə dedilər səninlə əlaqə saxlayım... - özümü lap
film qəhrəmanları kimi aparıram.
- Kim dedi? – o da mənim kimi səsini aşağı salır...
- Adam vardı, dedim, görüşüb söhbət edək. Özü xəbər
göndərib ki, nə sözüm varsa, sənə deyim...
- "Özü" kimdir, sən nə danışırsan, mənə heç kəs heç nə
deməyib?
Sənə kim dedi, mənimlə əlaqə saxla?
Özümü müəmmalı durumda qalmış, əlacsız adam kimi aparıram.
Siqaret yandırıb dərindən nəfəs alıram. Yazıq görkəm alan sifətimə
baxan gözləri az qala hədəqədən çıxacaq qədər böyüyür:
- Səni birinci dəfədir görürəm, sənə kim dedi, mənimlə əlaqə
saxla?
- Yəqin səhv gəlmişəm, mən dedilər ki, Ziyafət kişi ilə
görüşərsən. Hələlik... – adını bayaq öz dilindən
eşitmişdim.
Tualetə, "ubornıya" televizor?
Çölə çıxıram. Ayağa qalxır, stolun arxasından kənara
çəkilir:
- Bir dur görüm, səhv gəlməmisən, düz gəlmisən, Ziyafət kişi
mənəm. Geri dönürəm. Bir az da söhbət edirəm. Suallarımı cavabsız
qoymur. Maraq isə onu az qala üzür. İntizarda saxlayıram və
mövzudan yayınıram:
- Bura niyə televizor qoydurmursuz?
- Hara? Tualetə, "ubornı"ya televizor? – Kirpiklərini tez-tez
qırpıb deyir, sonra da: - Nə bilim, deyərəm. Amma hara qoymaq olar,
burda yer yoxdur axı...
- Niyə, səliqəlidir bura, təmizdir, lap kabinetə
oxşayır.
- Deyirsən səliqəsiz olsun?
- Yox, niyə ki! Yaxşıdır. Bığların əladır, belə bığı hər
kəs saxlaya bilməz..
Əlini bığlarına çəkir. Xoş təbəssüm üzünə yayılır:
- Bizim nəslimizdə bığsız adam olmayıb. Hələ babamın bığını
görəydin, bax-bax, düz buracan, - əllərini qulaqlarının dibinə
aparır.
- Çoxdandır burdasan?
- Səhər tezdən gəlmişəm də, həmişəki kimi.
- Yox e, burada işləməyini soruşuram.
Kim pulu çox istəmir ki?
- Yox, "sedmoy"da "Cıdır düzü" restoranında işləyirdim. Bir dəfə
məhərrəmlik vaxtı toylar olmayanda ağız açdım, dedi, gəl bax xoşun
gəlsə, otur işlə.
- Kim dedi?
- Elə özü dedi. Mənim başqaları ilə işim olmaz. Həmişə birinci
ilə işi görərəm.
- Haqqı da elə özünə verirsən onun?
- Nə haqq?
- Burdan yığılanları.
- Yox əşşi, o buranın puluna qalıb?
- Nə əcəb? Axı o, pulu çox sevir...
- Kim pulu çox istəmir ki... Rəhmətliyin oğlu, elə pula görə
oturmuşuq da burda.
Ziyafət kişinin marağı daha da artır. Arada içəri keçənlərin
verdiyi qəpikləri alıb cibinə boşaldır.
- Bura səliqəlidir, düz deyirsən, çörəyim burdan çıxır. Qadınlar
da, kişilər də burdan istifadə edir. Dustaq yanına gələnlərdi.
- Bəzi müğənnilər var ki, deyir imkansız adamların
toyunda pulsuz oxuyaram. Olub ki, içəri keçmək istəyən olsun və
imkanı olmasın ödəməyə, onu pulsuz buraxasan?
- Niyə olmayıb ki? Olub. Bəs bu adam neynəsin, buraxmayacam,
gedəcək ağaclığa...
- Deyirsən Koroğlunu tanımırsan hə...
- Vallah yox, indi əvvəlki kimi deyil, gündə biri bir adla peyda
olur. Kriminal aləmdir də... bilirsən, mən "sedmoy"da yaşayıram.
Hər gün gəlib-gedirəm. Günə, Allah bərəkət versin, 20-25 manat
qalır. Saat 4-də bağlayıb gedirəm. Amma məni "oformut" ediblər işçi
kimi. Heç onu almıram da, nəyimə lazımdır axı.
- Şadlıq evindən pisdir ki bura?
- Yox, bura yaxşıdır. Bilirsən, sənə deyiblər ha, məni gör, bax
mənim əsas işim odur. Kim adam tapa bilmir, mən onlara yardımçı
oluram, burda o qədər adamların məsələsi həll olunur ki...
- Məsələn, hansı məsələlər?
- Bax, əgər yeri pisdirsə, yaxşı kameraya keçirtmək lazımdırsa
və sair. Düzdür, burda pis kamera yoxdur, təzə tikilib, hər şey
yaxşıdır. Amma müsəlmanıq da, pul verən də rahat olur ki, adamımız
yaxşı yerdədir.
- Deyirsən, indi mən desəm, bizim uşağın yerini
yaxşılaşdırmaq olar da?..
- Vallah, sən dilli-dilavər adama oxşayırsan, niyə özü ilə
danışmamısan axı?..
- Səni məsləhət bildilər...
Kamera yox, güdükçü yox...
Ziyafət kişi ilə söhbətimiz uzun çəkdi. Cəbrayıl rayonunun
Süleymanlı kəndindən olmasını, qaçqınlıq dövründən sonra tez-tez
Rusiyaya gedib işləməsindən, 7-ci mikrorayonda qeyri-qanuni
tikililəri sahiblərindən aldıqdan sonra icra başçısı olmuş Hüseyn
müəllimin göstərişi ilə bu tikililərin sökülməsinə başçılıq
etməsindən, burda işə düzəldikdən sonra özünə xeyli dost
tapmasından bəhs etdi.
- Elə bu ayaqyolunun belə təmiz olmasının da bir sirri ondadır
ki, burda kabinetlərdə ciddi məsələlər həll olunur. Heç kəsin
ağlına gəlməz burda kim hansı məqsədlə içəri keçib. Kamera yox,
güdükçü yox...
Vaxt tamam olub. Ziyafət kişi ilə sağollaşmaq istəyirəm. Tələsik
soruşur:
- Axı sən demədin sənə nə lazım idi? Koroğlu kimdi?
- Ziyafət kişi, bığlarına görə soruşmuşdum. Qoç
Koroğlunun bığlarına bənzəyir bığların... Haqqında yazı yazmaq
istəyirəm, icazə verərsən?
- Yaz da... amma yaz ki, mən Aygün Kazımovanı Röyadan çox
istəyirəm. Televizoru isə özüm alıb qoyacam...