1964-cü ildə Sovet İttifaqı üçün o dövrdə sensasiya
sayıla biləcək dəhşətli bir hadisə baş verir: Sovet qırıcısının
pilotu hərbi təyyarə ilə birlikdə Türkiyəyə qaçır və orada siyasi
sığınacaq alır.
1961-ci il böhranından kifayət qədər uğurlu çıxan və
hegemonluğunu bir daha sübut edən, hərbi-iqtisadi-siyasi gücü ilə
dünyaya meydan oxuyan Sovet İttifaqında bu cəsarəti kim göstərə
bilərdi? Dünyanı bir KQB kabusu dolaşdığı məqamda bu addımı atan
şəxs Sovet xəfiyyəsinin əlindən qurtula biləcəyini necə düşünə
bilərdi?
Bu, o illər idi ki, Sovet kəşfiyyatı ABŞ-ın özündə əməliyyatlar
keçirirdi: Con Kennedi olayından tutmuş ABŞ aliminin bir gecəyə
oğurlanıb-qaytarılması və ixtirasının ələ keçirilməsinə qədər elə
bir mif dolaşırdı ki, KQB-ni dünyanın ən mükəmməl kəşfiyyatı
imicinə yüksəltmişdi.
Yalnız bir düşüncə yardım edə bilərdi. 1964-cü ildə Sovet
İttifaqında Xruşşov loyallığı hələ tamamilə çəkilməmişdi və
"Brejnev buntu" dəmir çətiri daha da qalınlaşdırmamışdı. Bütün
bunların KQB casuslarının dünyanı saran fəaliyyətinə aidiyyəti
olmasa da, ölkədən qaçıb da salamat yaşamağa kiçicik bir stimul
verə bilərdi.
Hər nədirsə, əksəriyyətimizin əsl ad-soyadını və hansı zərurətin
onu rəsmi Ankaraya sığınmağa məcbur etdiyini bilmədiyimiz,
Türkiyədə "Mehmet Altunbay" kimi tanınan soydaşımızın izinə
düşürük. Sırf təsadüfən Bakıya gəlmiş Türkiyənin tanınmış iş
adamlarından Necati Keserdən dostlar vasitəsilə xəbər tuturuq ki:
Mehmet Altunbay adlı belə bir azərbaycanlı varmış və Necati bəy
onunla birgə işləyibmiş.
Əslində, Necati bəy onun haqqında daha çox məlumat öyrənmək üçün
Azərbaycanda Mehmet bəyin taleyi ilə maraqlanıb. Amma burda məlum
olub ki, Bakıda onun haqqında ümumiyyətlə bilgi yoxdur.
Sovet sistemi bu hadisəni elə yat-yut edib ki, təyyarənin
qaçırılması da Mehmet Altunbayın varlığı kimi ilğıma çevrilib.
Əlbəttə ki, belə olmalıydı: kimsənin ağlının ucundan belə keçə
bilməzdi ki, Sovet qırıcısını oğurlamaq, qaçırtmaq və bir NATO
ölkəsinə sığınmaq, hətta sağ-salamat, ömrünü sonacan yaşamaq
olar.
İlk ip ucu kimi vaxtilə "abi" deyib yanında işlədiyi Mehmet
Altunbay kimi tanınan azərbaycanlının vətəninə indi iş adamı kimi
sərmayə qoymağa gələn Necati bəyi aradıq.
(əvvəli
burada)
- Necati bəy, Məhmət bəy Oqtaydan başqa uşaqlarının
olduğunu deyirdimi heç?
- Oqtayın o zaman 4-5 yaşı olardı. Dedim ha, danışmazdı, elə
oturub dərin-dərin düşünərdi.
MƏHMƏT ALTUNBAY GƏNCƏDƏN İDİ
- Siz onu da bilmədiniz ki, o, Azərbaycanın harasından
idi?
- Bu vaxta qədər Azərbaycanın harasından olduğunu bilmirdim.
Oğlu bu gün məktub göndərdi, ondan öyrəndim. Gəncədən imiş. Oğlu
1989-cu ildən sonra iki dəfə Azərbaycanda olub, Gəncəyə gedib,
qohumlarının qəbirlərini tapıb, dualar oxuyub. Oqtay bu gün, elə
siz gələrkən mənə məktub göndərib. İstəsəniz o məktubu oxuyum.
- Buyurun, gözəl olar.
Eynəyini taxır, mobil telefonun geniş monitorunda
Oqtaydan gələn məktubu oxuyur:
"Dəyərli abi, mesajınızı indi oxudum. İşlərimin çoxluğundan
internetə bu gün girə bilmişəm. Feysbukda göndərdiyiniz dostluq
təklifini də qəbul etdim. Rəhmətlik atamın ən böyük arzusu dünyadan
köçmədən əvvəl bir dəfə də olsa məmləkətini görə bilmək idi. Amma
olmadı, ömrü yetmədi..."
Necati bəy məktubun oxunuşuna ara verir. Kövrəlir,
səsi titrəyir, gözlərinin yaşı eynəyinin arxasından yanağı boyu
süzülür. Və çiyinləri əsir, xırda-xırda hıçqırır. Bu qos-qoca bir
iş adamının, yaşlı bir kişinin göz yaşları, sızlaması deyildi, bu
14-15 yaşlı bir çocuğun titrəyişi, sızlaması idi. Necati bəy artıq
1964-65-ci illərə qayıtmışdı. Kimsəsiz, kasıb bir uşaq olaraq,
vətənindən uzaqlarda yaşayan qərib bir adama sığındığı, işçisi
olduğu zamanın içində idi... onu toxtamağa çağırıram və xahiş
edirəm ki, məktubun ardını fotomüxbirimiz İsmi oxusun. Telefonu
əməkdaşımıza uzadır. İsmi oxuyur:
"Mən 1989-cu ildən sonra bir neçə dəfə Azərbaycana getdim.
Bakıda və atamın doğulduğu Gəncədə oldum. Böyüklərimizin
qəbirlərinin üstə dualar oxudum. Necati abi, mən hələ İsveçrədəyəm.
"501 nömrəli hücrə" filmin təəssüf ki, kopyası da əlimdə mövcud
deyil. İnşallah vaxtım olanda və Türkiyəyə gəldiyimdə bu filmin
çəkimində payı olan Ankara Quru Qoşunları Komutanlığı foto-film
studiyası arxivindən filmin neqativlərini əmanətən alıb filmin 1
kopyasını özüm üçün köçürdüb və əlbəttə sonra geri verəcəm. Və o
zaman əlimdə 1 CD və ya kaset olacaqdır. İnşallah, bu,
gerçəkləşdiyində sizinlə əlaqə saxlayacam. Yazdığı kitablara
gəlincə, məndə kitablar əlbəttə ki, Türkiyədədir. Amma siz Ankaraya
döndüyünüz zaman kitabları Azərbaycan Kültür Dərnəyindən təmin edə
bilərsiniz. Salam və sayğılarımla Oqtay Altunbay".
Necati bəyin gözləri divarın bir küncünə dikilib.
Xəyalı isə hələ də özünə ata kimi gördüyü Məhmət bəyli günlərdədir.
Onu xəyallarından ayırmaq istəyirəm:
- Deyirsiz ki, arada sizinlə söhbət edərdi. Deyin, ən
çox nələrdən danışardı?
- Çox az danışardı. İş barədə və xırda söhbətlər... o, mənimlə
demək olar dərdləşməzdi. O öz xəyallarının dostu idi. Uzaqlara
baxardı, bizlər yaxınları gördüyümüz kimi o uzaqları görərdi,
sanki...
Səsin titrəyişi, hıçqırtının müşayiəti hələ sona
çatmayıb. Hiss edirəm ki, bu günün tarixi üçün abisi ilə az
danışmasından narahatdır; Gərək çox şeyləri
öyrənəydi...
- Sonradan siz özünüz bir iş adamı oldunuz, işçiləriniz
oldu. Necati bəy, necə oldu, Məhmət bəyin sizə etdiklərindən bir
məktəb keçmiş kimi öyrənib də işçilərinizə tövsiyələriniz
oldumu?
O, İŞÇİLƏRİNİ İNCİTMƏZDİ
- Əlbəttə ki. Məhmət bəy öz yanında işləyənlərlə insan kimi
davranardı. Onları sadəcə işçi kimi görməzdi. Elə görsəydi, mən bu
gün onun üçün göz yaşı tökməzdim ki...
- O vaxtlar sizin, ailənizin maddi durumu necə
idi?
- Biz çox kasıb idık. Mən kasıb olduğuma görə oxuya bilmədim.
Getdim orda işlədim, ailəmə kömək etdim. 6 sinif oxumuşam
mən...
- Oqtayın məktubundan belə başa düşdüm ki, Məhmət bəyin
bir neçə kitabı da çıxıbmış.
- Məndə bir-iki kitab vardı. Amma 1968-ci illərdə itirdim o
kitabları. Çox işlər oldu, köçdük və sair... Bir də Məhmət abinin
dəyəri xüsusilə yoxluğundan sonra bilindi.
- Siz əsgər gedənə qədər heç o kitabları
oxudunuz?
- Bəli. Amma çox şey yadımda qalmadı.
O BİR ƏFƏNDİ İDİ
- Yer adı, məkan adı tanış deyildi deyə, yadınızda
qalmadı, ya uşaq təfəkkürünün o dərəcəyə
qalxmamasından?
- O zamanlar uşaq olduğumdan çox şey başa düşmürdüm. İndi Məhmət
abini başa düşürəm. O zamanlar mən nə bilim ki, Vətən həsrəti
nədir. O bir əfəndi idi, sevirdik onu, amma çəkdikləri,
düşündükləri nə idi, bilməzdik ki...
- Mən bir şeyi öyrənmək istəyirəm. Heç deyirdimi babam,
ya dədəm Gəncədə kimlərdən idi?
- Yox, mən uşaq idim deyə, elə şeylər danışmazdı.
- Kiminsə üstünə hirslənməyi, əsəbiləşdiyi
olurdumu:?
TƏMKİNLİ KOMUTAN
- Yox, heç vaxt. Qətiyyən, iş zay olsa da, onun səsinin
qalxdığını qəti eşitməzdim. Təmkinli, tədbirli əfəndi, komutan
idi.
- Türk Cümhuriyyəti Məhmət bəyi qəbul etdi. Ona - keçmiş
Sovet zabitinə, komutana yatırım yapmaq üçün yardım etdimi,
görən?
- Ordu heç vaxt kənara iş verməzdi. Ona kömək edirmiş deyə, iş
vermişdilər. Axı onun atelyesi orduya soba hazırlayırdı. Bu onun
qayğısına qalınmasıydı.
- Azərbaycan türkü Məhmət bəyi tanıdıqdan sonra
ağlınızdan keçdimi türklərin yaşadığı o qədər də uzaq olmayan,
sərhədləri möhkəm bir dövlət, bir ölkə də var dünyada?
- Bilmirdim. Bizim tariximizdə elə şeylər öyrətmirdilər. Hərçənd
mən 6 il oxumuşdum. Azərbaycan haqda Məhmət abidən öyrəndim,
tanıdım. O mənim kimi bunu bilməyən çox adamımıza türkün böyük bir
ərazidə və hər yerdə olmasını tanıtmaq üçün gəlmişdi sanki...
KİMƏ BAXIRAMSA, MƏHMƏT ABİNİ GÖRÜRƏM
- Sizə Azərbaycanı ilk tanıdan, sevdirən Məhmət bəy
oldu?
- Bəli. Mən burada kimə baxıramsa, Məhmət abini görürəm. Onu
sevdiyim üçün onları Məhmət abi kimi qəbul eləyirəm.
- Heç evində oldunuzmu?
- Oldum. Bayramda 2-3 dəfə evinə getdim. Bizdə dini bayramda
kiçiklər evlərə gedib böyüklərin əlini öpərlər. Mən onun əlini
öpərdim və bu mənə şərəf verərdi.
- Bəs Novruz bayrami?
- Yox, biz Novruz bayramından xəbərsizdik.
BAXIŞLARI GÜLƏRDİ
- Nə vaxtsa onu bayram əhval ruhiyyəsində gördünüzmü,
yoxsa həmişə qayğılıydı?
- Həmişə qayğılıydı. Dərin-dərin fikirləşərdi. Çox az gülərdi.
Dəftərxanada oturardı, fikrə gedərdi. O, fikirli olanda da fərqli
olardı. Baxışları gülərdi, bəzən, çöhrəsində qayğı hiss olunardı.
Həm də çox qüvvətli idi, mənəvi cəhətdən də...
RUSLAR TÜRK OVUNA ÇIXIB
- Siz indi iş adamısız, Ankarada böyük şirkətiniz var.
Azəbaycanda da nümayəndəlik açmısız. Bəs nə üçün Azərbaycana gec
gəldiniz? Axı bir doğmalıq vardı.
- Yox, mən Azərbaycana gec gəlmədim. İlk dəfə 1990-cı ildə
gəldim. Batuma getdim, oradan Tiflisə gəldim. Orada bir neçə dostum
vardı. Mən onlara dedim ki, məni Azərbaycana aparın, Azərbaycanı
görmək istəyirəm. O vaxt da burda böyük qarğaşa vardı. 20 yanvar
hadisələri baş vermişdi. Mahaçkalaya gəldim. Bizi buraxmadılar.
Amma Qubaya qədər gələ bildim. Dedilər siz türksüz, indi Bakıda
ruslar türk ovuna çıxıb...
- Sizin danışığınızda bizim Azərbaycan ifadələri də var.
Bunlar Azərbaycana gələndən sonra oldu, ya Məhmət bəydənmi
götürdünüz?
- Gələndən sonra çox oldu. Mən Azərbaycana gələndə buradakı
dostlarımın danışığının 20 faizini başa düşürdüm. Amma bir kəndə
getdiyim zaman 50-60 faizini rahat anlayırdım. Onlar bizim köhnə
nənələrimizin, dədələrimizin danışdığı dildə danışırdılar. Amma
Bakıda əhalinin çox faizi rusca danışırdı. Bizim köhnə
insanlarımızla sizin kənddə yaşayanların dili eynidi. Bəzi sözləri
də indi eşidərkən yadıma salıram ki, Məhmət abi də bu sözləri
işlədərdi.
Necati bəylə söhbətimiz bitir. Onun işgüzar görüşləri var, heç
biz də onu o qədər incitmək istəmədik. Sonda minnətdarlığını
bildirdi:
- Məni 50 il öncəyə apardınız. Uşaqlığıma döndüm. Abimi gördüm,
mənə həyatı, işi, insanlarla münasibət qurmağı o öyrədib, ondan
görüb, götürmüşəm. Allah onu rəhmət eləsin. Ruhuna dualarım
var...
P.S. Bu dəqiqələrdə Məhmət Altunbayla bağlı çox
önəmli məlumat aldıq. Necati bəylə müsahibənin birinci hissəsini
oxuyan Məhmət Altunbayın Avropada yaşayan oğlu Oqtay Altunbay
müsahibimiz vasitəsi ilə saytımıza məktub göndərib. Atası haqqında
bilmədiyimiz çox ilginc məlumatların az bir qismini yaza bildiyini
qeyd edib. Axar.az-a göndərilən məktub türkcəmizə uyğunlaşdırılan
kimi saytımıza yerləşdiriləcək.