Uşaqlarda normadan çox baş verən burun qanaxmaları bir sıra xəstəliklərin xəbərçisi ola bilər. Bu səbəbdən valideynlər diqqətli olmalıdır.
Axar.az səbər verir ki, bu fikirləri uşaq həkimi Altay Abdullaoğlu uşaq vaxtı bir çox hallarda baş verən burun qanamaları haqda danışarkən deyib. O bildirib ki, davamlı asqırma, öskürmə, otaq temperaturunun quru olması uşaqlarda burun qanaxmasına səbəb olur:
“Burun qanaxmaları uşaqlıq dövründə tez-tez baş verir. Çünki burun boşluğunun girişində çoxlu sayda damarlar var. Kiçik yaşlarda bu qanaxmalar ən çox burnu qurdalamaq, buruna yad cisim salan zaman baş verir. Belə qanaxmalar anidən baş verib, öz-özünə keçib gedir. Lakin normadan çox baş verən burun qanaxmaları bir sıra xəstəliklərin xəbərcisi də ola bilər.
Burun qanaxması tez-tez baş verən uşaqlarda yuxarı tənəffüs yolları xəstəlikləri, qan xəstəlikləri (trombosit azlığı, laxtalanma problemləri), allergik rinit, sinusit və farengit xəstəlikləri mümkündür. Həmçinin bəzi preparatların qəbulu zamanı da burun qanaxması baş verə bilir”.
Həkim bildirib ki, qanaxma zamanı ilk olaraq baş yüngülcə önə əyilməlidir:
“Bəzən valideynlər səhv olaraq başı arxaya əyir, bu zaman axan qanın bronxlara və ağciyərlərə keçmə ehtimalı ola bilər. Bu isə boğulmaya səbəb olar. Daha sonra burunu baş barmaqla üz sümüklərinə doğru basıb 3-5 dəqiqə belə saxlamaq lazımdır. Qanaxma davam edərsə, buz paketi qoyub bir neçə dəqiqə belə gözləmək olar. Lakin qanaxma güclü olarsa və davam edərsə, həkimə müraciət etmək lazımdır".
Qanaxmaların qarşısını almaq üçün uşağa burnunu qurdalamamağı başa salmaq, dırnaqlarını kəsmək, otağın nəmliyinə diqqət etmək lazımdır”.