Həkim terroru nəticəsində dünyasını dəyişən tənqidçi,
Bakı Slavyan Universitetinin dekanı Elnarə Tofiqqızının ölümündə
təqsirli bilinən anestezioloq Firuz İbrahimovla bağlı Nəsimi Rayon
Məhkəməsində növbəti hazırlıq iclası keçirilib.
Bu barədə Axar.az-a zərərçəkən Anar Niftəliyevin hüquqi
nümayəndəsi Səməd Vəkilov məlumat verib. S.Vəkilovun sözlərinə
görə, məhkəməyə hazırlıq iclası növbəti həftəyə, 1 dekabr tarixinə
təyin edilib:
"Bu dəfə də hazırlıq iclasının növbəti həftəyə keçirilməsinə
səbəb cinayət prosessual qanunvericiliyinə edilən dəyişiklik oldu.
Cinayət prosessual qanunvericiliyinə edilən dəyişikliyə görə,
zərərçəkən tərəfin nümayəndəsi qismində və ya vəkil olan şəxs
Azərbaycan Vəkillər Kollegiyasının üzvü olmalıdır. Mən zərərçəkən
tərəfin hüquqlarını müdafiə edən vəkiləm və həm istintaqda, həm də
məhkəmədə Anar Niftəliyevin nümayəndəsi kimi çıxış etmişəm. Ancaq
hazırda cinayət prosessual qanunvericiliyinə edilən dəyişikliyə
görə mən məhkəmə prosesində iştirak edə bilmirəm. Hakim mənim
zərərçəkən tərəfin nümayəndəsi kimi məhkəmədə çıxış edə
bilməyəcəyimi bildirdi. Bu da zərərçəkən tərəfin narazılığına səbəb
oldu. Hakimin sözlərinə görə, bu dəyişiklik bizim proses
başlayandan sonra edilib. Qanunun isə geriyə qüvvəsi yoxdur. Mən
artıq istintaq orqanı tərəfindən zərərçəkən şəxsin nümayəndəsi kimi
tanınmışam. Mənim məhkəmədə iştirakıma izn verilməməsi zərərçəkən
tərəfin müdafiə imkanlarını məhdudlaşdırır. Həmçinin onun hüquqi
müdafiəsinin təşkil olunmasına maneçilik törədir. Biz qanunun
geriyə qüvvəsinin olmadığını, həmçinin digər dediyim əsasları
gətirdik və mənim iştirakıma şərait yaradılmasını istədik.
Digər tərəfdən, qarşı tərəfin vəkili istintaq materialları ilə
tanış olsa da, o, materialların ksero-surətinin tam həcmdə ona
hələlik təqdim edilmədiyini söylədi.
Hər iki səbəbə görə məhkəməyə hazırlıq prosesi təxirə salındı.
Hazırlıq iclası dekabrın 1-də, saat 14:00-da davam edəcək".
Qeyd edək ki, noyabrın 19-da başlayan hazırlıq iclası qarşı
tərəfin istintaq materialları ilə tanış olmaması iddiası əsasında
noyabrın 25-nə qədər təxirə salınmışdı.
Xatırladaq ki, mərhum E.Tofiqqızı ötən il sentyabrın 20-də "Medi
Sina" klinikasında əməliyyat zamanı həkim səhlənkarlığından
dünyasını dəyişib. Sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda iş
üzrə cinayət işi başlanılıb. Aprelin 10-da isə iş Nəsimi
Prokurorluğundan alınaraq, Bakı Şəhər Prokurorluğuna, müstəntiq
Vaqif Süleymanovun icraatına verilib.
Hazırda cinayət işinin istintaqı yekunlaşaraq, Nəsimi Rayon
Məhkəməsinə göndərilib.
Nəsimi Rayon Məhkəməsində cinayətkar həkimlərdən biri –
anestezioloq Firuz İbrahimov CM-nin 124.1 (ehtiyatsızlıqdan adam
öldürmə) və 320.1 (hüquqi sənədləri bilə-bilə saxtalaşdırma)
maddələri ilə ittiham olunur. Prokurorluq onkoloq Mahir Məmmədov və
assistent Fərəcullah İdrisovun əməllərində müvafiq olaraq vergidən
yayınma və dələduzluğa cəhd faktları aşkarlandığından, faktların
araşdırılması üçün materiallar Vergilər Nazirliyinin İstintaq
İdarəsinə və Nəsimi Rayon Polis İdarəsinə göndərilib.