Həkim terroru nəticəsində dünyasını dəyişən tənqidçi,
Bakı Slavyan Universitetinin dekanı Elnarə Tofiqqızının ölümü ilə
əlaqədar açılmış maddi və mənəvi təzminat davası ilə bağlı Yasamal
Məhkəməsinin qərarından verilən şikayətə bu gün Bakı Apellyasiya
Məhkəməsində baxılıb.
Bu barədə Axar.az-a zərərçəkən Anar Niftəliyevin vəkili Fərhad
Mehdiyev məlumat verib. Vəkil qeyd edib ki, növbəti iclas dekabr
ayının 17-də keçiriləcək:
"Məhkəmədə cavabdehlərdən ancaq assistent Fərəcullah İdrisov
iştirak edirdi. Ancaq məhkəməyə nə Elnarə Tofiqqızının
əməliyyatının həyata keçirildiyi "Medi Sina" lkinikasının
təmsilçisi, nə onkoloq Mahir Məmmədov, nə də anestezioloq Firuz
İbrahimov gəlmişdi. Biz prosesdə mövqeyimizi müdafiə etdik və haqlı
iddialarımızı qanunvericiliyin tələblərinə uyğun bir daha
səsləndirdik. Yasamal Rayon Məhkəməsi cərrah Mahir Məmmədovla
Fərəcullah İdrisovu maddi məsuliyyətdən azad etmişdi. Halbuki
cərrahiyyə otağı bərbad vəziyyətdə olan klinikada əməliyyatın
keçirilməsini təşkil edən onlardır. Həmçinin, anestezioloqun
buraxdığı qüsurlarda da cərrahların təqsiri var".
F.Məmmədov prosesin ilk gününün normal keçdiyini, hakimin
iddialara normal münasibət bəslədiyini vurğuladı:
"Hakim İkram Şirinov bizi anlayışla qarşıladı. Təbii ki, bu, ilk
iclas idi. Bundan sonra hələ qarşıda çox iclaslar olacaq və
hakimlər kollegiyasının mövqeyi onda daha aydınlığı ilə
görünəcək.
Yasamal Rayon Məhkəməsi bu iş üzrə sadəcə 10 min manat maddi
təzminat ödənilməsi qərarı çıxarmışdı. Bu, bir insan ölümünün
qarşılığında verilə biləcək olduqca gülünc təzminatdır. Necə ola
bilər ki, şərəf və ləyaqətin təhqirinə görə, məsələn, Nazpəri
Dostəliyeva tanınmış sənətkar İlhamə xanımın iddiası ilə 50 min
manat cərimə edilir, amma burda 2 azyaşlı uşağın anasının
səhlənkarlıqla öldürülməsinin qarşılığında 10 min kompensasiya
ödənməsi qərarı çıxarılır? Əlbəttə, mən şərəf və ləyaqətə görə
çıxarılan bu qərarı dəstəkləyirəm, çünki bu, insan hüquqlarının uca
tutulmasıdır. Ona görə də hesab edirik ki, bu qətl işində çıxarılan
kompensasiya qərarı qətiyyən adekvat deyil və biz də iddiamızda bu
presedenti misal göstərərək, adekvat kompensasiyanın çıxarılmasını
xahiş etdik.
Yasamal Rayon Məhkəməsi çox məsuliyyətsiz qərar çıxarmışdı,
ancaq ümid edirik ki, Apelyasiya Məhkəməsi işə daha obyektiv
baxacaq.
Məhkəmə növbəti iclası dekabrın 17-ə təyin etdi. İnanmaq
istəyirik ki, proses ədalətli olacaq və istədiyimiz qərarı
məhkəmədən ala biləcəyik".
Xatırladaq ki, mərhum E.Tofiqqızı ötən il sentyabrın 20-də "Medi
Sina" klinikasında əməliyyat zamanı həkim səhlənkarlığından
dünyasını dəyişib. Sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda iş
üzrə cinayət işi başlanılıb. Hazırda cinayət işinin istintaqı
yekunlaşaraq, Nəsimi Rayon Məhkəməsinə göndərilib.
Nəsimi Rayon Məhkəməsində cinayətkar həkimlərdən biri –
anestezioloq Firuz İbrahimov CM-nin 124.1 (ehtiyatsızlıqdan adam
öldürmə) və 320.1 (hüquqi sənədləri bilə-bilə saxtalaşdırma)
maddələri ilə ittiham olunur. Onkoloq Mahir Məmmədov və assistent
Fərəcullah İdrisovun əməllərində vergidən yayınma və dələduzluğa
cəhd faktları aşkarlandığından, araşdırılması üçün müfaviq olaraq
Vergilər Nazirliyinin İstintaq İdarəsinə və Nəsimi Rayon Polis
İdarəsinə göndərilib.
Zərərçəkənlər isə qarşı tərəfdən 750 min manat maddi və mənəvi
təzminat ödənməsi tələbi ilə paralel olaraq məhkəmə iddiası
qaldırıblar.