Həkim terroru nəticəsində dünyasını dəyişən tənqidçi,
Bakı Slavyan Universitetinin dekanı Elnarə Tofiqqızının işi ilə
bağlı Nəsimi Rayon Məhkəməsində növbəti proses davam
etdirilib.
Axar.az xəbər verir ki, hakim Şəlalə Həsənovanın sədrliyi ilə
keçən prosesdə Müdafiə Nazirliyinin Baş Klinik Hərbi Hospitalının
onkoloqu, əməliyyatı edən cərrah Mahir Məmmədov ifadə verib.
E.Tofiqqızın həyat yoldaşı, zərərçəkən Anar Niftəliyevin
hüquqlarının müdafiəçisi Səməd Vəkilov M.Məmmədovu məhkəmə
istintaqı zamanı ziddiyyətli ifadələr verdiyi üçnü ona suallar
ünvanlayıb. Həkim ibtidai istintaqa cərrahi əməliyyat zamanı
anestezioloq Firuz İbrahimovun öz vəzifəsini yerinə yetirmədiyini
bildirsə də, məhkəmədə ifadəsini dəyişib.
O, F.İbrahimovun işini layiqincə yerinə yetirdiyini
bildirib.
M.Məmmədov məhkəmə istintaqı zamanı etiraf edib ki, əməliyyat
üçün "Medi Sina" klinikası məhz onun tərəfindən seçilib. "Medi
Sina" klinikasının isə onkoloji əməliyyatlar üçün lisenziyası
olmayıb. Həmçinin, əməliyyata görə nazir tərəfindən
cəzalandırıldığını və polkovnik-leytenant rütbəsinin alındığını,
mayor rütbəsinə endirildiyini açıqlayıb.
Cərrah M.Məmmədov rütbəsinin ondan alınmasının işdən əlavə
kommersiya fəaliyyəti ilə əlaqəli olduğunu söyləyib. Zərərçəkmiş
tərəf isə nazirliyin sözügedən əmrində başqa xüsusatın olduğunu
bildirib. Ona görə də S.Vəkilov həmin əmrin surətinin nazirlikdən
alınması barədə vəsatətlə çıxış edib.
S.Vəkilov qeyd edib ki, dövlət ittihamçısı Elçin Nağıyevin bu
vəsatətin təmin edilməməsi barədə çıxışı onun dövlət ittihamını
obyektiv müdafiə edəcəyinə şübhə oyadıb. Odur ki, zərərçəkmiş tərəf
E.Nağıyevə etiraz edib və növbəti prosesdə yazılı vəsatətlə çıxış
edəcəyini bildirib.
Hakim zərərçəkmiş tərəfin qaldırdığı vəsatəti təmin edib.
Məhkəmədə daha sonra əməliyyat zamanı tibb bacısı işləmiş
Ruhiyyə Abbasova da ifadə verib. Onun da ifadəsində ziddiyyətli
məqamlar kifayət qədər olub. Tibb bacısı ibtidai istintaqa
anestizioloq F.İbrahimovun öz vəzifəsini layiqincə yerinə
yetirmədiyini bildirsə də, məhkəmədə bunun tam tərsini
açıqlayıb.
Hakim növbəti prosesi yanvarın 21-i, saat 12:00-a təyin
edib.
Xatırladaq ki, mərhum E.Tofiqqızı ötən il sentyabrın 20-də "Medi
Sina" klinikasında süd vəzi kanalının popilloması əməliyyatı zamanı
həkim səhlənkarlığından dünyasını dəyişib. Sentyabrın 25-də Nəsimi
Rayon Prokurorluğunda iş üzrə cinayət işi başlanılıb. Aprelin 10-da
isə iş Nəsimi Prokurorluğundan alınaraq, Bakı Şəhər Prokurorluğuna,
müstəntiq Vaqif Süleymanovun icraatına verilib.
Nəsimi Rayon Məhkəməsində yalnız həkimlərdən biri – anestezioloq
Firuz İbrahimov CM-nin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) və
320.1 (hüquqi sənədləri bilə-bilə saxtalaşdırma) maddələri ilə
ittiham olunur. Prokurorluq onkoloq Mahir Məmmədov və assistent
Fərəcullah İdrisovun əməllərində vergidən yayınma və dələduzluğa
cəhd faktları aşkarladığından, araşdırılması üçün materiallar
müvafiq olaraq Vergilər Nazirliyinin İstintaq İdarəsinə və Nəsimi
Rayon Polis İdarəsinə göndərilib.