Slavyan Universitetinin dekanı Elnarə Tofiqqızının
ölümünə səbəb olan hərbi hospitalın cərrahının rütbəsi endirilib,
"Medi Sina" klinikasının isə onkoloji əməliyyatlar üçün lisenziyası
yox imiş
Musavat.com xəbər verir ki, həkim səhlənkarlığı
nəticəsində dünyasını dəyişən tənqidçi, Bakı Slavyan
Universitetinin dekanı Elnarə Tofiqqızının işi ilə bağlı proses
Nəsimi Rayon Məhkəməsində davam edir.
Hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçən prosesdə Müdafiə
Nazirliyinin Baş Klinik Hərbi Hospitalının onkoloqu, E.Tofiqqızının
əməliyyatına rəhbərlik edən cərrah-onkoloq Mahir Məmmədov ifadə
verib. Cərrah ifadəsində bildirib ki, süd vəzisində əməliyyatla
bağlı müayinə aparmayıb, sadəcə, müayinənin nəticələrinə baxaraq
təsdiqləyib. Onun sözlərinə görə, əməliyyat onkoloji olub və ölüm
anestezioloqun səhlənkarlığından baş verib.
Daha sonra M.Məmmədov məhkəmə istintaqı zamanı ziddiyyətli
ifadələr verib. O, ibtidai istintaqa cərrahi əməliyyat zamanı
anestezioloq Firuz İbrahimovun öz vəzifəsini yerinə yetirmədiyini
bildirsə də, məhkəmədə ifadəsini dəyişib.
Cərrah qeyd edib ki, F.İbrahimov əlindən gələni edib. İbtidai
istintaqa isə "anestezioloqun nəzərindən qaçıb" ifadəsini vermişdi.
Zərərçəkmiş "bəs hamı hər şeyi edibsə, klinika düzgün seçilibsə,
əməliyyat uğurlu aparılıbsa, sağlam insan necə dünyasını dəyişib?"
deyərək etirazını bildirib.
M.Məmmədov bu faciədən vicdan əzabı çəkdiyini söyləyib.
A.Niftəliyev isə ona "inanmıram ki, vicdan əzabı çəkəsən. Vicdan
əzabı çəkən şəxs adam öldürən günü dərhal işə qaçıb, tez-tələsik
sənəd saxtalaşdırmaz və iki gün əvvələ məzuniyyət götürməzdi"
deyib.
Ardınca M.Məmmədov məhkəmə istintaqı zamanı etiraf edib ki,
əməliyyat üçün "Medi Sina" klinikası məhz onun tərəfindən
seçilib.
"Medi Sina" klinikasının isə onkoloji əməliyyatlar üçün
lisenziyası olmadığı üzə çıxdı. Həmçinin M.Məmmədov əməliyyata görə
nazir tərəfindən cəzalandırıldığını və polkovnik-leytenant
rütbəsinin alındığını, mayor rütbəsinə endirildiyini açıqlayıb.
Cərrah M.Məmmədov rütbəsinin ondan alınmasının işdən əlavə
kommersiya fəaliyyəti ilə məşğul olmasını göstərib. Zərərçəkmiş
tərəf isə nazirliyin sözügedən əmrində başqa xüsusatın olduğunu
bildirib. Ona görə də zərərçəkmişin hüquqlarını müdafiə edən Səməd
Vəkilov həmin əmrin surətinin nazirlikdən alınması barədə vəsatətlə
çıxış edib.
Dövlət ittihamçısı Elçin Nağıyev isə bu vəsatətin təmin
edilməməsini istəyib. S.Vəkilov bildirib ki, prokurorun vəsatətə
etirazı dövlət ittihamını obyektiv müdafiə edəcəyinə şübhə oyadır.
Odur ki, zərərçəkmiş tərəf E.Nağıyevin dövlət ittihamçısı kimi
prosesdən uzaqlaşdırılmasını istəyib və növbəti prosesdə yazılı
vəsatətlə çıxış edəcəyini vurğulayıb. Hakim isə zərərçəkmiş tərəfin
nazirliyə sorğu göndərməklə bağlı vəsatətini təmin edib.
Məhkəmədə daha sonra əməliyyat zamanı tibb bacısı işləmiş
Ruhiyyə Abbasova da ifadə verib. Onun da ifadəsində ziddiyyətli
məqamlar ortaya çıxıb. Tibb bacısı ibtidai istintaqa anestizioloq
F.İbrahimovun öz vəzifəsini layiqincə yerinə yetirmədiyini bildirsə
də, məhkəmədə bunun tam tərsini söyləyib. Tibb bacısı deyib ki,
əməliyyatdan 15-20 dəqiqə sonra xəstənin halı pisləşib:
"Mahir həkim Firuz doktordan soruşdu ki, bir problem var? Firuz
həkim dedi ki, narahat olma. Sonra Firuz əl-ayağa düşdü,
dərman-zad... nəsə eləyirdi". Prokurorun "ibtidai istintaqa demisiz
ki, kənardan gətirilən dərmanlar vurulub, hansı naməlum dərmanlar
idi" sualına R.Abbasova "bilmirəm" cavabını verib.
Anestzioloq F.İbrahimov isə prokurorun suallarını
cavablandırarkən qeyd edib ki, əməliyyat briqadası cərraha tabedir.
Buna baxmayaraq, əməliyyat zamanı hər hansı problem çıxarsa,
cərraha məlumat vermək borcu olmadığını bildirdi. Dövlət
ittihamçısının "bəs nə vaxt problemlə bağlı məlumat verilməlidir"
sualını anestezioloq "ürək fəaliyyətini dayandıranda" deyə, cavab
verib.
Mahir Məmmədov isə ürəyin fəaliyyətini dayandırdığını hiss
etdiyi üçün Firuz həkimə "monitora bax, nəsə düz deyil" dediyini
bir daha xatırladıb. Dövlət ittihamçısı "ürək dayanıbsa, niyə
cərraha siz xəbər verməmisiniz, cərrah sizə xəbərdarlıq edib" sualı
isə açıq qalıb.
Hakim növbəti prosesi yanvarın 21-i, saat 12:00-a təyin
edib.
Xatırladaq ki, mərhum E.Tofiqqızı ötən il sentyabrın 20-də "Medi
Sina" klinikasında süd vəzi kanalının popilloması əməliyyatı zamanı
həkim səhlənkarlığından dünyasını dəyişib.
Sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda iş üzrə cinayət
işi başlanılıb. Aprelin 10-da isə iş Nəsimi Prokurorluğundan
alınaraq, Bakı Şəhər Prokurorluğuna, müstəntiq Vaqif Süleymanovun
icraatına verilib.
Nəsimi Rayon Məhkəməsində yalnız həkimlərdən biri - anestezioloq
Firuz İbrahimov CM-in 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) və
320.1 (hüquqi sənədləri bilə-bilə saxtalaşdırma) maddələri ilə
ittiham olunur.
Prokurorluq onkoloq Mahir Məmmədov və assistent Fərəcullah
İdrisovun əməllərində vergidən yayınma və dələduzluğa cəhd faktları
aşkarladığından, araşdırılması üçün materiallar müvafiq olaraq
Vergilər Nazirliyinin İstintaq İdarəsinə və Nəsimi Rayon Polis
İdarəsinə göndərilib.