Dövlət Musiqili
Teatrının aktrisası, Əməkdar artist Gülnar Salmanovanın səhhəti
diqqət mərkəzindədir. Tanınmış telejurnalist, aparıcı İradə İsaqın
dəstək aksiyasına start verdiyi andan mətbuat əməkdar artistin
vəziyyəti barədə məlumatları yaymağa başlayıb.
"Hazırda Gülnar Salmanovanın vəziyyəti yaxşılaşmağa doğru gedir.
Aktrisa o ağır vəziyyətdən demək olar ki, çıxıb. Mən onun evinə
gələndə aktrisa ağır vəziyyətdə idi. 3 gün idi kimsəsizlik,
baxımsızlıq üzündən ac qalan dialez xəstəsinə həmin gün, vaxtında
yardım olmasaydı, bu gün bəlkə də yaşamırdı".
Bu sözləri Şərq qəzetinə açıqlamasında İradə İsaq
söyləyib: "Mən bu ailəyə baş çəkən olmuşam. Ümumiyyətlə, bir çox
sənət adamları var ki, mən zaman-zaman onlara baş çəkməyi özümə
vətəndaşlıq borcu bilirəm. Gəlib veriliş üçün müsahibə aldıq,
reytinqli veriliş hazırladım, çıxdım getdim. Bu prinsip mənə ziddi.
Mən insanların taleyinə bu qədər laqeyd qala bilmirəm. Gülnar
xanıma da baş çəkirəm. Gəldim, onu belə ağır vəziyyətdə görəndə
inanın heyrətləndim. Dialez xəstəsi olan insan 3 gün ac qalırsa, bu
nə deməkdi? Əgər bir gün də gec gəlsəydik, yəqin ki, Gülnar xanımın
vəziyyətini stabilləşdirmək mümkün olmayacaqdı. Mən dövlət
orqanlarına müraciət etməyə tələsmədim. İlk atdığım addım ona
anında kömək etmək oldu ki, o vəziyyətdən çıxsın. "Facebook"
vasitəsilə dostlarıma müraciət etdim. Bildirdim ki, kim bacarırsa,
köməyini əsirgəməsin. Onu da qeyd edim ki, mənə bu aksiyada 12
qadın kömək göstərirdi. İlk Gülnar xanımın köməyinə qoşulanlardan
biri Gülər Əhmədova oldu. Bunu mütləq qeyd etməliydim. O, həmin gün
Gülnar xanımın evinə gəldi. Ona hər cür yardımı göstərdi. Mən 12
xanımın hamısının adını çəkə bilmirəm. Amma həmkarlarından yeganə
aktrisa Kübra Əliyeva oldu. Evindən də iki qazan yemək gətirdi.
Söhbət təkcə maddi yardımdan da getmir. Sadəcə, belə məqamlarda
mənəvi dəstək də önəmlidir. Dietoloq Leyla xanım və digər dostlarım
evə gələrək Əməkdar artistin o vəziyyətdən çıxması üçün
bacardıqlarını etdilər. Evini təmizlədik. Evinə bazarlıq etdik, onu
dialezə apardıq ki, ağır vəziyyətdən çıxsın. Bilirsiz, bir var
pulsuzluqdan acından öləsən, bir də var pulun ola-ola
baxımsızlıqdan vəziyyətin ağırlaşsın, ac qalasan. Şükür Allaha ki,
Gülnar xanım Prezident təqaüdü alır. Yəni bankda pulu var idi. Amma
baxımsızlıqdan 3 gün ac qalıb".
Maraqlandıq ki, Gülnar Salmanovanın övladları var, ya yox. Məlum
oldu ki, aktrisanın oğlu, gəlini, nəvələri var. Bu halda niyə
aktrisa 3 gün ac qalıb, onun övladı niyə ona baxmayıb, aktrisa
baxımsızlıqdan niyə belə ağır vəziyyətə düşüb? Bu suallara da İradə
İsaq elə Gülnar Salmanovanın evində olarkən cavab verdi: "Bax,
hazırda Gülnar xanımın oğlu da, gəlini də sizi eşidir,
yanımdadırlar. Gülnar xanım pulsuz qalmayıb. Sadəcə oğlu Bakıda
yaşamır. İşi ilə əlaqədar Şamaxıda ailəsi ilə yaşamaq
məcburiyyətindədir. Hərdən imkan tapıb gəlib anasına baş çəkir.
Gülnar xanım da dialez xəstəsi olduğu üçün Şamaxıya gedə bilmir.
Çünki həftədə 3 dəfə xəstəxanada dialez olunmalıdır.
Oğlu da cavandı, cavan ailədirlər. Bir az yol göstərənləri də
olmayıb deyə, anasına hansı şəkildə yardım edəcəyini bilməyib. Nə
işini, ailəsini atıb Bakıda qala bilir, nə də Şamaxıdan anasına
kömək etməyə imkanı olur. Mən də onun oğlu ilə gəlinini gətirdim,
oturub onlara vəziyyəti başa saldıq. Məsələ ondadır ki, Gülnar
xanımın 2-3 aylıq maaşı da bankda idi. Onu gedib çıxarmağa da
səhhəti imkan verməyib. Yəni pulsuzluqdan ac qalmayıb. Pulunu necə
xərcləməyi bilməyib. Biz də Gülnar xanım üçün dayə tutduq ki, hər
gün evdə onun qulluğunu tutsun. Özüm də o qadına dönə-dönə
tapşırmışam ki, aktrisaya mən də nəzarətimi edəcəm. Amma ona düzgün
qulluq olunmalıdır. Bir dənə də sürücü tutmuşuq ki, aktrisanı
həftədə 3 dəfə xəstəxanaya aparıb gətirsin ki, dialez olunsun. Yəni
onun Prezident təqaüdü ilə ən azı bunları qaydasına qoymaq olar.
Qaldı bazarlığı, yəni ərzaqla təmini, onun da bir hissəsinə oğlu
bundan sonra kömək edəcək. Sadəcə, cavan ailədir, onlara da yol
göstərməyiblər ki, dayə tutulsun, filan. Oğlu da çox mərifətli
uşaqdı. Sadəcə, təcrübəsiz cavandı. Bilirsiz, həqiqətən yaxşı
insanlar var imiş. Mənim sosial şəbəkədəki çığırışımdan sonra
müraciət edənlər də az olmadı. Mən oğlunu da ona görə çağırdım ki,
bankdan pulunu çıxarsınlar ki, aktrisanı bu vəziyyətdən çıxara
bilək. Bir də maraqlandım ki, baxın, biz evin bütün künc-bucağını
təmizlədik, nə lazımdısa aldıq. Sabah qır-qızılı, filanı ilə bağlı
söz-söhbət çıxmasın, siz də baxın. Gəlini dedi ki, evdə qır-qızıl
yoxdu, evlərində olan qızılları da özləri ilə Şamaxıya aparıblar.
İnanın, bu bir neçə gündə aktrisaya normal qulluq olunub deyə,
səhhətində xeyli irəliləyiş var. Mən Gülər Əhmədovaya, dietoloq
Leyla xanıma, Kübra Əliyevaya və digər xanımlara təşəkkür edirəm
ki, onlar həm maddi, həm mənəvi dəstəklərini əsirgəmədilər. Yenə də
qeyd edirəm ki, Gülnar Salmanova pulsuzluqdan yox, baxımsızlıqdan,
diqqətsizlikdən bu vəziyyətə gəlib çatmışdı. Mənə elə gəlir ki, hər
birimiz bir vətəndaş olaraq ətrafımızda olan insanlara laqeyd
olmamalıyıq. Mən bir çox tanınmış, bəzən unudulan sənətkarlar var
ki, onların həyatı ilə maraqlanıram, laqeyd qala bilmirəm. Bu mənim
missiyamdır. Allah hərəni bir xasiyyətdə yaradıb. Mən də bununla
rahatlıq tapıram. Əsas odur ki, Əməkdar artisti ölümün cəngindən
ala bildik".
İradə İsaq aktrisaya bundan sonra da nəzarət edəcəyini dilə
gətirdi: "İlk gündə yam-yaşıl qusmuşdu. Biz onu ayağa qaldırdıq.
Qohum-əqrəbası yoxdur. Bir bacısı var, xəstədir, yaşlıdır. O da
özünü güclə hərləyir. Gülnar xanımın nitqində problem var,
zarıya-zarıya danışır. Mədəniyyət və Turizm Nazirliyi bizə hər cür
kömək etməyə hazırdır. Sadəcə, dövlət orqanlarına müraciət etmək
istəmirəm. Gülnar xanım adi köməklə özünə gələ bilər. Dövlət
Musiqili Teatrının direktoru Əliqismət Lalayev də hər cür kömək
etməyə hazır olduğunu bildirib. Bilirsiz, mənim sözüm hamıya
aiddir. Elə qonşularına, sənət dostlarına da yenə səslənirəm.
Aktirsanın gözləri də görmür. Başına bir iş gəlsə, zəng vura da
bilməyəcək. Gözləri çox zəif görür. İşıq yanır, elə bilir ki,
qaranlıqdır. Sizin vasitənizlə Gülnar xanımın həmkarlarına çağırış
edirəm ki, bu günlərdə ona ən azı mənəvi dəstək olsunlar. Onun
yaxşılaşması üçün hələ ki, böyük məbləğə ehtiyac yoxdur. Özü də
Prezident təqaüdü alır, oğlu kömək edir. Sadəcə, mənəvi dəstək
olsunlar. Əgər görsək ki, ehtiyac var, özüm Səhiyyə Nazirliyinə də
müraciət edəcəyəm".
Xatırladaq ki, Gülnar Salmanova xərçəng və şəkərli diabetdən
əziyyət çəkir.