13:38
Dekabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Tərtərə səfərlərini başa çatdıraraq Ağdam rayonuna gediblər.
Axar.az xəbər verir ki, dövlət başçısı və xanımı xalqımızın ümummilli lideri Heydər Əliyevin Ağdam rayonunun Quzanlı qəsəbəsində ucaldılmış abidəsinin önünə gül dəstələri qoyublar.
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya son vaxtlar rayonda görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verib.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 3-də Ağdam rayonunun Quzanlı qəsəbəsində Heydər Əliyev Mərkəzinin açılışında iştirak ediblər.
Prezident İlham Əliyev Mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.
Mərkəzlə tanışlıq zamanı dövlət başçısına və xanımına məlumat verildi ki, ümumi sahəsi 1900 kvadratmetr olan binanın inşası yüksək səviyyədə həyata keçirilib. Mərkəzdə Ulu Öndərin mənalı həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar nümayiş olunur. Burada Ulu Öndərin həyat və fəaliyyətinə dair tarixi sənədlərə də geniş yer verilib. Ümummilli Liderin uşaqlıq, gənclik və tələbəlik illəri, həmçinin sovet dövrünə və müstəqillik illərinə aid müxtəlif fotoları maraqla qarşılanır. Bu fotolarda ümummilli lider Heydər Əliyevin istər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə Azərbaycana rəhbərlik edərkən ölkəmizin inkişafına xüsusi diqqət göstərməsi dolğun əksini tapıb.
Mərkəzlə tanışlıqdan sonra dövlət başçısı və xanımı Ağdam rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdülər.
Sonda xatirə şəkli çəkdirilib.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 3-də Ağdam rayonunun Quzanlı qəsəbəsində yeni inşa edilmiş Bayraq Muzeyinin açılışında iştirak ediblər.
Dövlət başçısı muzeyin binasının rəmzi açılışını bildirən lenti kəsdi.
Muzeylə tanışlıq zamanı Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya məlumat verildi ki, inşaat işləri bu il ərzində həyata keçirilib. Muzeyin ümumi sahəsi 300 kvadratmetr olan binasında 146 eksponatın sərgilənməsi üçün hər cür şərait yaradılıb. Bayraq Muzeyində tariximizin müxtəlif dövrlərinə aid eksponatlar, Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin bayraqları, xəritələr, konstitusiyalar, orden və medallar, bir sözlə, müxtəlif dövlət rəmzləri qorunur.
Muzeydə müstəqillik dövrümüzün tarixi hadisələrinə də geniş yer verilib. Bütün bunlar həm Ağdam gənclərində, həm də rayona gələn qonaqlarda şanlı tariximiz haqqında geniş təsəvvür yaratmağa imkan verir. Bu, həm də cəbhə bölgəsində yaşayan soydaşlarımızda, xüsusilə də gənc nəsildə vətənpərvərlik hisslərinin daha da güclənməsinə xidmət edir.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin təməlqoyma mərasimində iştirak ediblər.
Prezident İlham Əliyev Ağdam Muğam Mərkəzinin təməlini qoyub.
Dövlət başçısı Mərkəzin inşasının keyfiyyətlə və vaxtında başa çatdırılması ilə bağlı tapşırıqlarını verib.