İtaliyanın “L’Opinione” qəzetində italiyalı tədqiqatçılar Corcia Pilar və Domeniko Letizianın müəllifi olduğu “Azərbaycan və İsrail: iqtisadi əməkdaşlıq və multikulturalizm arasında” adlı məqalə dərc olunub.
Axar.az xəbər verir ki, məqalədə Azərbaycanın müxtəlif millətlər və dinlərin sülh içində birgə yaşama nümunəsi olduğu, burada dini qruplara məxsus fərdlərin etiqad azadlığının konstitusiya ilə qorunduğu, bu istiqamətdə Azərbaycan hökumətinin apardığı siyasətdən söz açılıb.
Əhalisinin mütləq əksəriyyətinin müsəlman olduğu Azərbaycanın, eyni zamanda, xristianlığın ən qədim məskənlərindən olduğu, ölkədə xristian və yəhudi icmalarının da yaşadığı və Azərbaycan dedikdə tolerantlıq və müxtəlif inancların qarşılıqlı hörmətinin başa düşüldüyü qeyd olunub.
Bunun bariz nümunəsinin simvolu kimi Azərbaycan və İsrail arasında siyasi, iqtisadi və xalqlararası münasibətlərdən danışan müəlliflər bildiriblər ki, Azərbaycan İsraillə yaxın əlaqələrə malik azsaylı müsəlman ölkələrindən biridir və burada yəhudi icması cəmiyyətin ayrılmaz tərkib hissəsidir.
Məqalədə İsrail Baş naziri Benyamin Netanyahunun ötən ilin sonlarında Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü barədə yazılıb, hər iki ölkə liderinin Azərbaycan-İsrail əməkdaşlığı və Azərbaycanda müsəlman və yəhudilərin sülh içində birgə yaşamasının dünyaya nümunə olması barədə fikirlərinə istinad olunub.
Məqalədə, habelə yəhudi icmasının Azərbaycandakı həyatı, ölkəmizin paytaxtında və digər şəhərlərində çoxsaylı sinaqoqların, məktəblərin fəaliyyət göstərdiyi, İsrailin Azərbaycan neftinin ən böyük alıcılarından olduğu yazılıb.