Yuxarı

ABŞ 7, Rusiya isə 5 rayondan danışırsa... – Keçmiş müşavir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018.11.22, 14:12

Azərbaycan keçmiş dövlət müşaviri Qabil Hüseynlinin Axar.az-a müsahibəsini təqdim edirik:

Birinci hissə

- Hazırda KTMT böhranı yaşanır. Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan Belarus və Qazaxıstana, dolayısı yolla həm də Rusiyaya qarşı müəyyən təhdidlər səsləndirir. Əlində məhdud resursları olan Paşinyanı qorxuya salan nədir?

- Paşinyan formalaşmış, təcrübəli siyasətçi deyil. O, daha çox kütlə psixologiyasına söykənən siyasət yürütməyə çalışır. Kütləyə həddindən çox populist vədlər verir. Ona görə də kütlələrin təzyiqi ilə özündən “qəhrəman” obrazı yaratmağa çalışır, Ermənistanın mənafeləri uğrunda əzmli mübarizə apardığını göstərmək istəyir. Son günlər baş verən hadisələr həqiqətən də Ermənistana xeyir verməyən və onun indiyə qədər başına gəlməyən hadisələrdir.

KTMT genişlənmək, NATO-ya alternativ kimi formalaşmağı hədəfləyir. Bu alyans postsovet məkanındakı bir çox ölkələri öz təsir dairəsinə cəlb etmək istəyir və buna görə də tərkibində tərəfdaş, müşahidəçi kimi institutlar təsis edir. Belə institutların yaradılması Astana görüşündə təsdiq olundu. Hətta Rusiya mətbuatının iddiasına görə, təşkilatın Astana sammitinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də dəvət edilməsi düşünülürmüş. Bu məsələnin təşəbbüskarları isə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev və Belarus Prezidenti Aleksandr Lukaşenko olub, amma İrəvan bunu biləndə, guya Azərbaycanın KTMT-yə üzv qəbul ediləcəyi yönündə hay-küy qoparıb.

Əslində, Azərbaycan Prezidentinin ora dəvət ediləcəyi yönündə heç bir fakt yoxdur və Rusiya KİV-inin bu məlumatına da inanmıram. Amma Azərbaycan Prezidenti İlham Əliyevin də vurğuladığı kimi, Astana sammitində baş verənləri Bakı diqqətlə izləyirdi. Azərbaycan KTMT-də cərəyan edən prosesləri ona görə izləyir ki, burada onun maraqlarına toxunan proseslər baş verə bilər. Digər tərəfdən, orada gündəmdə baş katib seçkisi var idi. Bu seçki bizim üçün böyük əhəmiyyətə malikdir, çünki bundan əvvəlki baş katib erməni generalı Yuri Xaçaturov postundan istifadə edərək, təmas xəttindəki atışmalar və ermənilərin törətdiyi müxtəlif diversiya aktlarına Azərbaycan Ordusunun sərt cavabı zamanı KTMT-nin işə qarışması ilə bağlı məsələlər qaldırmışdı.

Astanada baş verən hadisələrdə, xüsusilə orada tərəfdaş və müşahidəçi postlarının təsis edilməsindən ermənilər xeyli xoflanıb. Onlar Lukaşenko ilə Nazarbayevi ciddi tənqid atəşinə tuturlar ki, guya iki dövlət Azərbaycanın bu təşkilatda lobbiçiliyini həyata keçirir. Bu nöqteyi-nəzərdən Azərbaycan prezidentinin son Belarus səfəri də erməniləri ciddi surətdə pərişan etdi. Əvvəla, burada bağlanan müqavilələr, keçirilən mətbuat konfransında səsləndirilən çıxışlar, eyni zamanda Lukaşenkonun həqiqətən də ürəkdən gələn səmimi sözləri Azərbaycan-Belarus münasibətlərinin strateji müttəfiqlik səviyyəsinə qalxdığını sübuta yetirdi. Hətta Azərbaycan Belarus münasibətləri MDB məkanında deyil, dünya məkanında nadir əməkdaşlıq nümunələrindən biri kimi təqdim etdi. Bu, çox böyük qiymət idi. Eyni zamanda, iki ölkə arasında ticari, hərbi əlaqələr və s. günbəgün artır. Üstəlik, Azərbaycanda Belarusun bəzi müəsisələrinin filialları açılır. Bu filialların zavodlara, müstəqil müəssisələrə çevrilmək ehtimalı var. Bu da Paşinyanı və erməniləri narahat etməyə bilməz. Paşinyanın son bəyanatında deyilir ki, bizim KTMT-də müttəfiqimiz olan ölkə bizə düşmən kəsilən ölkə ilə bizimlə qurduğu münasibətlərdən daha yaxşısını qurur.

Göründüyü kimi, Cənubi Qafqazda Azərbaycan üçün əhəmiyyətli olan proseslər gedir. Bu gəlişmələrin lokomotivlərinin Lukaşenko və Nazarbayev olduğunu hesab edirəm. Lukaşenkonun Dağlıq Qarabağ məsələsinə dair səsləndirdiyi fikirlər həddindən artıq cəsarətli və Azərbaycanın ərazi bütövlüyünü müdafiə edən, münaqişənin beynəlxalq hüquq müddəaları çərçivəsində həll edilməsini tələb edən fikirlər idi. Bu mövqeyə görə hətta Azərbaycan Prezidenti İlham Əliyev Lukaşenkoya təşəkkür etdi.

- Paşinyanın bu təhdidləri növbədənkənar seçki və öz reytinqini itirmək təhlükəsiylə bağlı ola bilərmi?

- Sözsüz! Hazırda Paşinyanın bir nömrəli qayğısı seçkidə parlamentdə üstünlüyün qazanılmasıdır. O, hakimiyyətin bütün rıçaqlarını ələ keçirmək və özünün koalisiyaya ehtiyac olmadan təkhakimiyyətliliyini təmin etmək istəyir. Bu məqsədlə də onun KTMT-yə qarşı çevirdiyi tənqidlər, Azərbaycanla, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı söylədiyi sərsəm fikirlər daxili auditoriyaya yönəli, səs ovuna çıxmış adamın hərəkətləridir. Amma desək ki, Paşinyan bütövlükdə Ermənistanın həyati maraqlarına daxil olan məsələlərə biganədir, bu yanlış olar.

- Millətçi ruhunda olan auditoriyanın “demokrat lideri” anlayışı ola bilərmi?

- Ermənistanda millətçilik (bəzi hallarda şovinizm – Q.Hüseynli) əhval-ruhiyyəsi yüksək səviyyədədir. Zənnimcə, belələrindən biri də Paşinyandır. Demokratiya ilə bu cür azğın millətçiliyi uzlaşdırmaq o qədər də asan məsələ deyil. Bu işin sonunun necə olacağını seçkidən sonra görəcəyik. Zaman keçdikcə Ermənistan razılaşmalar, kompromislər üçün yer qoymur. Məsələn, işğal edilmiş ərazilərdə Suriya ermənilərinin məskunlaşdırılması, burada müəyyən infrastrukturların yaradılması prosesi sürətlə davam edir. Hətta əvvəl Laçın dəhlizi haqqında danışanda biz böyük inadkarlıqla bildirirdik ki, bu yolu İrəvana yalnız icarəyə verə bilərik, amma onlar indi Vardenis rayonundan Ağdərəyə qədər yol çəkiblər. Bu günlərdə məlum oldu ki, Livan ermənilərinin topladığı ianə - 100 milyon dollar (bir az inandırıcı gəlmir – Q.H.) hesabına Dağlıq Qarabağın cənub hissəsindən Ermənistan ərazisinə sırf hərbi xarakterli yol çəkmək istəyirlər. Ermənilər gələcəkdə hər hansı müharibə ehtimalını nəzərə alaraq, bu addımı atır. Fövqəladə vəziyyət yarandığı hallarda Dalıq Qarabağa Ermənistandan lazım olan hərbi texnika və digər vəsaitləri daha sürətlə gətirməyin mümkün olması üçün bu yolun tikilməsini istəyirlər.

Üstəlik, Qarabağ separatçılarının liderinin Fransaya, ABŞ-a səfəri də ciddi narahatlıq doğurur və doğurmalıdır. Maraqlıdır ki, bu şəxsin getdiyi ölkələrin hamısı ATƏT-in Minsk Qrupunun həmsədr olduğu ölkələrdir. Onlar baş verən hadisələrlə bağlı o qədər də tutarlı cavab verə bilmirlər. Məsələn, Makron Frankfoniya sammiti üçün İrəvana gəldi və özü ilə birlikdə Kanadanın baş nazirini də gətirdi. Həmin zaman proqram tutulmuşdu ki, bölgədə tarazlığı qorumaq üçün Makron Ermənistandan sonra Azərbaycana da səfər etsin, amma bu səfər reallaşmadı. Əvəzində isə onun ardınca Fransanın böyük şəhərlərinin bələdiyyə sədrlərinin iştirakı ilə nümayəndə heyəti Dağlıq Qarabağa gəldi. Burada Şuşa, Xankəndi və bir sıra rayon mərkəzləri ilə əməkdaşlıq haqqında müqavilələr imzaladı. Bu da hər cür hüquq normalarını pozan, bütövlükdə Dağlıq Qarabağa dair danışıqlar prosesi yolunda ciddi əngəllər törədən bir hərəkət idi.

Bir tərəfdən Avropa Parlamenti, NATO-nun Brüssel sammitində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanat qəbul edilib, Brüssel sammitinin yekun bəyanatında son dövrlərdə postsovet mıkanındakı bütün münaqişələrin ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğu bildirilir, beynəlxalq təşkilatların demək olar ki, hamısı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, amma digər tərəfdən bu məsələni nizama salmağa təhkim edilmiş və bu təşkilatlarda əsas söz sahibi olan ölkələr, onların başçıları bu cür ürəkbulandıran, ciddi narahatlıq doğuran hadisələrin yaşanmasına imkan yaradırlar.

- Ümumiyyətlə, son illər NATO-nun sammitlərində daha aktiv şəkildə mövcud münaqişələrin ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı müddəalar yer alır. Boltonun və ABŞ nümayəndələrinin son zamanlar səsləndirdiyi bəyanatları nəzərə alsaq, proses elə təsir bağışlayır ki, sanki Qərb bölgədə olan münaqişənin Azərbaycanın xeyrinə həllini istəyir. Yoxsa bu aktivliyin arxasında başqa hansısa plan da var?

- Əvvəla onu deyim ki, Qərbin özü də separatizm dalğası ilə üzləşməyə başlayıb. Məsələn, İspaniyada Kataloniya, bask, İngiltərədə Şotlandiya, Fransada Sardiniya məsələsi və s. var. Yəni Qərb gördü ki, aqressiv separatizm dünya düzəninə, iqtisadi inkişafa necə xələl gətirə bilər. Əlbəttə, Qərbin Rusiya ilə bağlı planları tələb edir ki, Rusiyanın sərhədləri boyu yerləşən bəzi rejimlərdə müəyyən dəyişikliklər həyata keçirilsin. Azərbaycanla bağlı bütün məsələləri Qərb əla bilir. Yaxşı başa düşür ki, Ermənistan Azərbaycana təcavüz edib. Doğrudur, bu təcavüz faktı beynəlxalq sənədlərin heç birində fiksə edilməyib. Ermənilərin bağırmaqlarına baxmayaraq, bilinən odur ki, ölkədəki 65-70 minlik ermənidən uzaqbaşı 2000 əsgər çıxarmaq olar. Bu qədər əsgərlə isə Azərbaycanın 20% ərazisini istila etmək mümkün deyil. Bunu ABŞ, Fransa, Almaniya da yaxşı başa düşür.

ATƏT-in əksər sammitlərində postsovet məkanındakı münaqişəli məsələlərdə çıxarılan qərarlar ərazi bütövlüyünün xeyrinə olub. Budapeşt, Lissabon sammiti və s. İndi də tərəflər deyir ki, Cənubi Qafqazda mövcud status-kvonu qoruyub saxlamaq olmaz. Bu məsələdə ABŞ daha fəaldır, çünki ABŞ Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq edir və Rusiyanı özünün az qala bir nömrəli düşməni hesab edir. Bu sanksiyaların yeni dalğası da gələcək. Həmçinin İranla münasibətlər həddindən artıq pisdir və pisləşməkdə də davam edir. Onlara qarşı da sanksiyalar tətbiqi davam edəcək. Başqa tərəfdən isə Çinlə ABŞ-ın münasibətləri hələ ki, ticarət müharibələri səviyyəsindədir. Bunun isti müharibə səviyyəsinə getməsi ehtimalı da var. Ona görə də ABŞ indidən həm Cənubi Qafqazda, həm də Orta Asiyada öz mövqelərini möhkəmləndirmək istəyir.

Bu bölgələr kifayət qədər stratejidir. Cənubi Qafqazda Azərbaycanın tutduğu coğrafi mövqe, onun strateji əhəmiyyəti kifayət qədər yüksəkdir. Geniş dəmiryol, şose əlaqələri, dəniz yolu, Cənubi Qafqaz regionuna daxil olan ərazilərin böyük hissəsinin Azərbaycanın payına düşməsi ölkəmizin əhəmiyyətini daha da artırır. Azərbaycan öz dəmiryol qovşaqlarının əhəmiyyətinə görə dünya ölkələri arasında qabaqcıllar sırasındadır. Ölkənin hava və dəniz yolları da kifayət qədər stratejidir. Belə olan şəraitdə Azərbaycan və Gürcüstana bir növ Avropa ilə Asiyanı birləşdirən çox etibarlı bir nəqliyyat dəhlizi kimi yanaşılır.

ABŞ-ın strategiyasında bu bölgələrdə öz təsirini gücləndirmək var, amma bu yolda ən böyük maneə Dağlıq Qarabağ probleminin həll edilməməsidir. Bu məsələdə ABŞ müəyyən təşəbbüslər göstərir. Hətta Con Bolton Cənubi Qafqazda səfərdə olarkən Qarabağla bağlı kritik açıqlama verdi, amma bununla yanaşı Dağlıq Qarabağdakı oyuncaq rejimin başçısının ölkəyə buraxılması da könül bulandıran hadisələrdir.

Zənnimcə, ABŞ-ın strateji maraqları içərisində üstünlük təşkil edən məsələ Ermənistanı Rusiyanın təsirindən uzaqlaşdırmaq, Gürcüstanda daha da möhkəmlənmək, Azərbaycanın Qərbə daha çox inteqrasiyasını sürətləndirməkdir. Bakı artıq Avropa Birliyi ilə ikitərəfli əməkdaşlıq haqqında saziş imzalayır. Bu sazişin müddəaları 2 ay bundan öncə Brüsseldə paraflandı. Bu ilin axırına doğru həmin sazişin imzalanması gözlənilir. KTMT haqqında, orada müşahidəçi statusu ilə bağlı müxtəlif fikirlərin ortaya çıxmasına baxmayaraq, Azərbaycan həmin sazişi imzalamaqdan vaz keçməyəcəyini bəyan edib. Güman edirəm ki, bu sazişin imzalanması baş tutacaq.

- 90-cı illərdə ABŞ-ın bölgəyə marağı daha çox idi. Hətta xarici siyasət məsələləri üzrə keçmiş dövlət müşaviri, mərhum Vəfa Quluzadə deyirdi ki, Heydər Əliyevin hakimiyyəti dönəmində Bakı ABŞ-a Azərbaycanda hərbi bazalarını yerləşdirməyi belə təklif etmişdi. Təbii ki, bu təklif müəyyən şərt qaşılığında edilmişdi. 90-cı illərin sonunda Vaşinqtonun bölgəyə marağı azaldı. İndi Rusiya və İran məsələsiylə bağlı marağın bərpa olunduğu müşahidə edilir. Bu dəfə Bakıya ABŞ bazası təklif edilə bilərmi?

- Əlbəttə, həmin illərdə ABŞ-ın niyyətləri daha təmiz idi. Dünya düzəninin mahiyyətinə uyğun olaraq, Vaşinqton postsovet məkanında bəzi demokratik, insan haqları ilə bağlı dəyişikliklərin həyata keçirilməsi ilə məşğul olmağa cəhd edirdi, amma indiki cəhdlərin mayasında ABŞ-ın geostrateji maraqlarının toqquşduğu ölkələrə qarşı postsovet məkanındakı digər ölkələri səfərbər etmək istəyi dayanır. Azərbaycan bu nöqteyi-nəzərdən həm İrana, həm də Rusiyaya qarşı mübarizə üçün əlverişli məkan sayıla bilər, amma Azərbaycan kiçik ölkədir və özünün milli maraqları var. Bakı heç vaxt qonşularının maraqlarına zidd hərəkət etməz və bu onun siyasi səmimiyyətinə yaddır.

- Amma qonşumuz olan iki böyük gücün ən yaralı olduğu bölgələri də Azərbaycanla sərhəddə yerləşir...

- Doğrudur. Amma Azərbaycan öz ərazilərində ABŞ-ın üçüncü ölkəyə qarşı istifadə edə biləcəyi hansısa baza və yaxud kiçik müşahidə qrupu xarakterli dəstənin yerləşdirilməsinə izn verməyəcək. Baza və hərbi məsələ bir yana, Azərbaycan hətta İrana və Rusiyaya qarşı tətbiq edilən sanksiyalarda öz üzərinə heç bir öhdəlik götürməyib. Əvvəl tətbiq edilən sanksiyalar zamanı da Azərbaycan belə bir öhdəlik götürməmişdi. Bakı bu yeni sanksiyalara da qoşulmayacaq. Azərbaycan öz maraqlarına uyğun hərəkət edəcək. Bu maraqlar da qonşu dövlətlərlə normal, bərabərhüquqlu münasibətləri qoruyub saxlamaq tezislərindən irəli gəlir.

- Sizcə, Azərbaycanın ABŞ və AB ilə münasibətlərini inkişaf etdirməsinə şimal qonşumuz normal yanaşmağı bacaracaq?

- Əvvəla onu deyim ki, Azərbaycanın Qərblə münasibətləri hər zaman qaydasında olub. Bizdən əvvəl AB ilə sazişi Ermənistan imzalayıb. Azərbaycan AB ilə yalnız ikitərəfli əməkdaşlıq haqqında saziş imzalamaq niyyətindədir. Ola bilsin ki, bu razılaşmayla yanaşı, Azərbaycan hətta KTMT-də də müşahidəçi sifətində iştirak etsin - Azərbaycanın maraqlarına uyğun olarsa, biz bunu da müşahidə edə bilərik. Yəni Qərblə münasibətlərdə Ermənistan bizdən çox qabaqdadır. Eyni zamanda, Ermənistan KTMT-yə də üzvdür. Bu, Rusiyanı narahat etmir. Azərbaycan da uzun müddətdir ki, Qərb ölkələri ilə normal münasibətlər qurur və bu münasibətləri inkişaf etdirir. Biz dəfələrlə bəyan etmişik ki, tarazlaşdırılmış siyasət yürüdürük. Bu siyasət bizə dünyanın istənilən ölkəsi ilə əlaqə saxlamağa imkan verir. Bizim digər ölkələrlə qurduğumuz əlaqələrdə əsas diqqət etdiyimiz məqam bu əlaqələrin 3-cü bir ölkənin əleyhinə çevrilməməsidir. Biz Qərblə əlaqələr saxlayanda bunun Rusiyanın əleyhinə istifadə ediləcək məqamlarına və yaxud Rusiya ilə münasibətləri korlayacaq məqamlarına həssaslıqla yanaşırıq. Hər bir halda Qərblə münasibətlərin inkişaf etdirilməsi Azərbaycan üçün çox əhəmiyyətli istiqamətlərdən biridir. Digər tərəfdən postsovet məkanındakı digər ölkələr də bu münasibətləri inkişaf etdirməkdə maraqlıdır. Məsələn, Qazaxıstan, Özbəkistan indiyə qədər ABŞ-la münasibətləri o qədər də yüksək səviyyədə deyildi. Amma Nazarbayevin, Mirziyayevin Vaşinqtona səfərindən sonra bu münasibətlər inkişaf etməyə başladı. Hətta bu gün belə bir fikir var ki, Qazaxıstanın Aktau bölgəsində ABŞ-ın kiçik bir bazası yaradılacaq.

Açıq etiraf edək ki, indiyə qədər Dağlıq Qarabağ məsələsi ilə bağlı yaranan problemlərin hamısında Rusiya iştirak edib. Problemin dondurulmasında da Rusiyanın payı böyükdür. Problemin həll variantlarında ABŞ tərəfi 7 rayondan erməni qoşunlarının çıxarılmasını tələb edirsə, Rusiya tərəfinin təkliflərində gah 2, gah 5 rayon öz əksini tapır. Bu məsələlərdə də Rusiya ermənilərin maraqlarını müdafiə edən şərtlər irəli sürür, yəni Dağlıq Qarabağa müvəqqəti status verilməsini istəyir. Belə görünən problemin yaranmasında o zamankı Yeltsin rəhbərliyinin hədsiz dərəcədə böyük rolu olub. Xocalı soyqırımı və digər faciələr də bura daxildir. Bütün bu soyqırımlar rus qoşunlarının yaxından iştirakı ilə həyata keçirilib. Bu gün isə problemin həllinin bütün açarları demək olar ki, Rusiyanın əlindədir. Ermənistan isə Rusiyanın diktəsi ilə oturub durur.

Rusiyanın problemin tam həllini istəyib-istəmədiyi məsələsində birmənalı fikir söyləmək çətindir, amma Moskva ritorik formada təkrar edir ki, Rusiya gücü çatan qədər münaqişənin həllinə kömək etməyə çalışır, bu məsələdə tərəflər özləri razılaşmalıdır. Bu məsələnin həll edilməsi üçün beynəlxalq hüquq normaları, qəbul edilmiş konvensiyalar var. Problemli məsələlərin nizama salındığı örnək ölkələr kifayət qədərdir, amma nədənsə, Rusiya beynəlxalq hüquqa deyil, daha çox gah iki dövlətin özlərinin razılaşması fikrini ortaya atır, gah da Rusiyada olan müəyyən dairələr Dağlıq Qarabağın prosesə qoşulmasını deyir. Mənə belə gəlir ki, Paşinyanın danışıqlar prosesində Dağlıq Qarabağın da tərəf kimi iştirak etməsini söyləməsi Rusiyadakı bəzi dairələrin sifarişidir. Buna baxmayaraq, Rusiya da anlayır ki, Azərbaycan Moskva üçün strateji cəhətdən daha əhəmiyyətlidir.

Xəzər dənizinin statusunun müəyyənləşdirilməsinə dair konvensiyanın imzalanmasında Azərbaycan kifayət qədər böyük rol oynadı. Doğrudur, bu, Xəzərin tam statusu demək deyil, amma Azərbaycan istədi ki, Xəzərin statusu ilə bağlı ortada bir sənəd olsun. Azərbaycan Astara-İran arasındakı dəmiryol körpüsünü, eləcə də 40 km-lik bir sahədə dəmiryolunun çəkilməsini öz üzərinə götürdü. İran Astarasından İranın Rəşt şəhərinə qədər çəkiləcək dəmiryolunun maliyyəsini də Azərbaycan qarşılayacaq. İrana faizsiz 400 milyon dollar kredit verdi.

Yəni Ermənistana “tarixi nöqteyi-nəzərdən” Rusiya üçün maraqlı bir strateji tərəfdaş ola bilər, amma əhəmiyyətli tərəfdaş deyil. Ermənistan yalnız Rusiyadan nəyisə qopartmaq üçün yaranıb. Amma Azərbaycan Rusiya üçün strateji cəhətdən daha əlverişli, iqtisadi əhəmiyyəti olan, dostluğa sadiq ölkə kimi hər zaman yaxşı nümunələr ortaya qoyur.

- Qarabağ problemini yaradan bir ölkənin indi Qarabağ probleminin həllinə şərait yaradacağı mümkündürmü?

Ardı var...

Tarix
2018.11.23 / 09:19
Müəllif
İlkin, Firuzə
Digər xəbərlər

Yaqub Eyyubov Paşinyanın müavini ilə görüşdü - Video

Əli Əsədov İrakli Kobaxidzeni təbrik etdi

Paşinyan xahiş etdi: Putini həbs etməmək üçün...

Milli Məclisin iclası başladı

Mirzoyan Finlandiya prezidentinə Bakı ilə sülhdən danışdı

Rusiyaya yeni cəbhə açıldı: Kreml nə edəcək?

Tramp elan etdi: Andiçmədən dərhal sonra ilk qərarı…

KTMT Qarabağda İrəvanın tərəfində vuruşmamalı idi...

Moskvanın Ərdoğana sualları olacaq - Nə baş verir?

Suriyada hücumun arxasında Türkiyə dayanır? - Atabəy

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla