Ana səhifə Siyasət |
15:45
Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovla erməni həmkarı Zöhrab Mnatsakanyan arasında Vaşintonda bu gün keçiriləcək görüş öncəsi Ermənistanın Baş naziri Nikol Paşinyan verdiyi açıqlama ilə diqqət çəkib.
N.Paşinyan Qarabağda müharibənin hələ başa çatmadığını bildirib.
Mövzunu Rusiyanın tanınmış ictimai xadimi, tarixçi-alim Oleq Kuznetsov Axar.az-a şərh edib. Kuznetsov bildirib ki, Nikol Paşinyan “müharibə başa çatmayıb” deməkdə haqlıdır.
“Azərbaycan və Ermənistan arasında ərazi problemi həll olunmayıb və bu mənada Paşinyan obyektiv şəkildə ortaya çıxan bir faktı ifadə edib. Şok terapiyası vasitəsilə Paşinyan erməni ictimaiyyətinə mövcud olan obyektiv reallıqdan xəbər verib.
Ötən bu 25 ildən sonra tərəflərin əsgərlərinin səngərlərdə dayandığı, 2016-ci ilin aprelində genişmiqyaslı, ancaq lokal xarakter daşıyan hərbi toqquşmalar yaşandığı, həftədə bir neçə dəfə cəbhə xəttindən Ermənistana sink tabutlar göndərildiyi, Paşinyanın kiçik oğlu Azərbaycanın işğal edilmiş torpaqlarında hərbi xidmət keçdiyi halda, həqiqətən, hansı müharibənin başa çatmasından bəhs etmək olar?”, - ekspert qeyd edib.
Onun sözlərinə görə, belə bir bəyanatın Azərbaycan və Ermənistanın XİN rəhbərlərinin Vaşinqton görüşü ərəfəsində verilməsi faktı sözügedən görüşün dəyərini artırır. Çünki buna qədər analoji görüşlər tamamilə texniki xarakter daşıyırdı.
“İndi Ermənistanın xarici işlər naziri, bu bəyanatın işığında, azərbaycanlı həmkarına yəqin ki, Azərbaycanın ali siyasi rəhbərliyinə çatdırılması üçün bəzi sənədləri təqdim etməlidir. Bu mənada, həqiqətən də sözügedən bəyanatın işığında XİN rəhbərlərinin görüşü texniki görüş çərçivəsindən kənara çıxır və müəyyən siyasi səviyyəyə çatır”, - Kuznetsov söyləyib.
“Hələ Dmitri Medvedyevin prezidentliyi dövründə, Soçi görüşündə Azərbaycan-Ermənistan münasibətlərində bütün siyasi qərarların qəbulu, hətta siyasi məsələlərin müzakirəsi prezidentlər səviyyəsinə qədər qaldırıldı. Buna görə də xarici işlər nazirlərinin görüşləri daha çox texniki xarakter daşıyırdı. İki ölkənin xalqları sülhə hazırlamaq barədə razılığa gəldiyi və bu öhdəliyin şəxsən XİN rəhbərlərinə həvalə edildiyi İlham Əliyev və Nikol Paşinyan arasındakı əvvəlki görüşü xatırlasaq, o zaman XİN rəhbərlərinin Ermənistan-Azərbaycan dialoqunda iştirak səviyyəsi daha da aşağı endi. Belə olan halda xarici işlər nazirləri hansısa anlaşılmaz və ya tam anlaşılmayan humanitar məsələləri müzakirə etmək üçün hansısa jurnalist, ictimai xadim, mədəniyyət xadimlərinin neytral ərazilərdə - Gürcüstan və ya Rusiyada görüşlərini koordinasiya etməli idilər. Bu görüşlərin müharibənin davam etməsi faktının təsdiqlənməsinə qədər anlamı sıfıra bərabər idi. Müharibə davam edirsə, xalqları sülhə hazırlamaq üçün hansı humanitar əlaqələrin atılmasından söhbət gedə bilər?”, - politoloq bildirib.
O qeyd edib ki, görüş zamanı nələrin müzakirə edildiyini və hansı addımların təklif olunduğunu konkret olaraq anlamaq üçün iki ölkənin xarici siyasət qurumlarının rəsmi bəyanatlarını gözləmək qalır:
“Çünki əgər ölkələr müharibənin başa çatmadığını deyirlərsə, Ermənistan Azərbaycanla müharibə şəraitində olduğunu faktını etiraf edir və bununla belə XİN rəhbərləri görüşürlərsə (hansı ki, məntiqi cəhətdən uyğun gəlmir), müvafiq olaraq məhz hərbi münaqişənin siyasi cəhətdən tənzimlənməsi istiqamətində hansısa təkliflər irəli sürülməlidir”.
Tarix
2019.06.20 / 21:43
|
Müəllif
Nərminə, Orxan
|