Axar.az
Yuxarı

Paşinyan böyük qarşıdurma ilə üz-üzədir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayzanın Teleqraf.com-a müsahibəsini təqdim edir:

- 44 günlük müharibədən sonra Ermənistan, Rusiya və Azərbaycan arasında üç anlaşma imzalandı. Amma bu anlaşmalar Ermənistan tərəfindən yerinə yetirilmir. Belə bir fikir var ki, Ermənistan rəhbərliyini bu anlaşmalardan boyun qaçırmağa vadar edən Qərbdir. Siz nə düşünürsünüz: İrəvanı bunlardan yayındıran Qərbdir, yoxsa Rusiya?

- Düşünürəm ki, Ermənistan 10 noyabr atəşkəs bəyannaməsinin bölgədəki bütün nəqliyyat əlaqələrinin yenidən açılması və 11 yanvar bəyanatının Azərbaycan-Ermənistan və Rusiya arasında birgə infrastruktur layihələri yaratmaq çağırışından tam yararlanmayıb. Bu, əslində heç bir xarici təzyiqdən irəli gəlmir. Qərb və Rusiya İrəvanı yayındırmır. Fikrimcə, problem Ermənistanın daxilindəki siyasətdədir.

Baş nazir Nikol Paşinyan keçmiş "Qarabağ klanı" tərəfindən çox güclü qarşıdurma ilə üz-üzə qalıb. Bəzi siyasi rəqiblər də onu Ermənistanın 44 günlük müharibədəki rüsvayçı iştirakı və məğlubiyyətinin səbəbkarı kimi görür. Bir müddətdir ki, Ermənistanda Azərbaycanla bağlı neqativ olmayan bir ifadə işlədən hər kəs satqın hesab edilir. Buna görə də, Paşinyanın Azərbaycan və Türkiyə ilə əlaqələri yaxşılaşdırması və qeyd etdiyim sahələrdə əməkdaşlıq etməsi siyasi olaraq mümkünsüz idi.

Ancaq iyundakı parlament seçkilərində Paşinyan qalib gəldi və rəqibləri əsaslı olaraq zəiflədi. İndi isə biz görürük ki, Paşinyan aydın formada Azərbaycan və Ermənistan sərhədinin demarkasiyasında maraqlıdır. Mənim fikrimcə, o, həqiqətən də regional əməkdaşlıqlarda razılığa gəlmək arzusundadır. Bu da onun Soçi görüşündən sonra 16 noyabrda birgə bəyanatı imzalamasının əsas səbəbi idi.

Bəyanatda əvvəlki müqavilələrdə razılığa gəlinən bütün aktların həyata keçirilməsi nəzərdə tutulub. Buna görə də düşünürəm ki, əməkdaşlıq qaydasında gedir.

- Beynəlxalq Ədalət Məhkəsinin Ermənistanın Azərbaycana qarşı iddialarının təmin etməməsini necə dəyərləndirirsiniz?

- Beynəlxalq Ədalət Məhkəməsindəki proseslərini yaxından izləməmişəm. Yeri gəlmişkən, Azərbaycanın Ermənistana və Ermənistanın Azərbaycana qarşı iddiaları var. Azərbaycanın erməni mədəni irsinə və kilsələrə zərər vermədiyinin tanınması vacibdir. Mən öz təcrübəmdən bilirəm ki, Azərbaycan həm ermənilərin, həm də bütün dinlərin mədəni irslərini qorumaqda çox yaxşı iş görür. Mən özüm xristianam və Bakıda olarkən hər bazar katolik ayininə qoşulmuşam.

Azərbaycanda bir çox kilsəni ziyarət etmişəm, paytaxtdakı erməni kilsəsində də olmuşam. Azərbaycan eyni zamanda zərdüştilik, islam və yəhudi abidələrini də qoruyur. Hər birimizin Azərbaycanda olan Qırmızı Qəsəbədən, yəhudi məktəblərindən və sinaqoqlardan xəbəri var.

Azərbaycan mədəni irslərin qorunmasında möhtəşəm iş görür. Beynəlxalq Ədalət Məhkəməsinin verdiyi dörd qərara baxsaq görərik ki, Məhkəmə Azərbaycan və Ermənistanı iki ölkə arasındakı gərginliyi kəskinləşdirə biləcək hərəkətlərdən çəkinməyə çağırır.

- Son zamanlar Vaşinqtondan Bakıya edilən zənglərin sayı artıb. Hətta yaxın günlərdə ABŞ dövlət katibi Azərbaycan xarici işlər naziri ilə də görüşdü. Sizcə, bu fəallıq nədən qaynaqlanır: Vaşinqtonun əsas hədəfi nədir?

- Son həftə və aylarda Bayden administrasiyasının Azərbaycan və Ermənistan arasındakı əlaqələrə daha çox diqqət yetirdiyi ilə mən də razıyam. Bunun çox yaxşı hal olduğunu düşünürəm. Dövlət katibi Blinkenin Türkiyə xarici işlər naziri Çavuşoğlu və ya Rusiya xarici işlər naziri Lavrov arasında olan telefon danışıqlarının mətnlərinə baxsanız görərsiniz ki, hər dəfə ABŞ-ın Qafqazla bağlı maraq və diqqəti qeyd edilib.

Blinken bunu bir neçə gün əvvəl Starkovda Lavrovla görüşündən sonra bildirdi. Bu fəallığın mənbəyi Bayden administrasiyasının öz strateji planını qurması və Azərbaycanın işğaldan azad edilən bölgələrində Ermənistan ilə stabil sülhün saxlanmasının çox yaxşı olduğunu dərk etməsidir. Bunlar regional sabitlik, iqtisadi artım, Türkiyə və digər NATO müttəfiqləri və iki ölkə üçün çox vacibdir.

ABŞ-ın Azədbaycanla bağlı bir çox strateji maraqları var və hamımız bilirik ki, Amerikada güclü bir erməni diasporu mövcuddur. Bütün bu səbəblərə görə Bayden administrasiyasının nəhayət, ümumilikdə Cənubi Qafqaza və xüsusilə Azərbaycan və Ermənistan əlaqələrinə daha ciddi və strateji bir yanaşma sərgilədiyini düşünürəm.

- Ukrayna ətrafında gərgin vəziyyət müşahidə olunur. Rusiyanın Ukrayna ilə sərhədlərində xeyli sayda canlı qüvvə və hərbi texnika yerləşdirdiyi haqda məlumat var. Rusiyanın Ukraynaya işğalçı hücum ehtimalını yüksək hesab edənlərin sayı çoxdur. Bəs siz bu haqda nə düşünürsünüz?

- Ukrayna ilə bağlı əlbəttə ki, təhlükə mövcuddur. Bütün dünyada hazırda ən birinci xəbər Rusiyanın Ukrayna ilə sərhəddə hərbi quruculuğudur. Rusiyanın hazırda sərhəddə 100 minə yaxın hərbi dəstəsi var. Beynəlxalq xəbərləri izləsək görərik ki, Ağ Ev Rusiyanın 2022-nin əvvəlində Ukraynanı 174 minlik bir qoşun ilə işğal edəcəyi barədə xəbərdarlıq edir.

Baydenin Putinlə ötən günkü görüşünün əsas mahiyyəti Ukraynanının yenidən işğal olunmasının Rusiya üçün çox ciddi nəticələri olacağını bildirmək idi. Bu nəticələrə Rusiyanın artıq rublu dollara çevirmək imkanının olmayacağı daxildir. Bu isə Rusiyanın neft və qaz sata bilməyəcəyi deməkdir.

Rusiya sərhədlər arası maliyyə əməliyyatlarının tənzimlənməsi üçün beynəlxalq sistem olan “SWIFT” sistemindən (Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti) uzaqlaşdırıla bilər. Bununla tək ABŞ-ın yox, eyni zamanda NATO-nun da Ukraynaya hərbi və silah dəstəyində əhəmiyyətli dərəcədə artım olacaq.

ABŞ-ın və NATO-nun Polşa və Baltikyanı ölkələrdəki mövcudluğu da artacaq. ABŞ-ın NATO müttəfiqləri ilə birlikdə digər bir cavabı isə “Şimal Axını 2” boru kəməri layihəsinin ləğv edilməsi olacaq. Putin Ukraynanı işğal etmək istədiyinə işarə edə bilər, ancaq Bayden də buna cavab olaraq bu addımın atılmasının çox böyük neqativ nəticələri olacağını işarə edir. Bu nəticələr hətta o qədər böyük ola bilər ki, onlar Putinin Rusiya daxilindəki gücünü də təhdid edə bilər.

Tarix
2021.12.09 / 12:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

XİN: Fransa kimi böyük dövlətin naziri bunu anlamır

Səfirlik Pekresin iddialarına cavab verdi

İlham Əliyev və Putin Ukraynanı müzakirə etdi

Malayziya rəsmisi Azərbaycana gələcək

Ən böyük xeyriyyəçi Heydər Əliyev Fondudur - Prezident

Nikol xalqını başa salır ki, Qarabağ onların deyil...

Ceyhun Bayramov Avstriyaya getdi

Ankara Zəngəzur şərtindən imtina edib?

ABŞ Qafqazdan “qapı açmaq” istəyir – Perinçək

Prezident Monteneqro parlamentinin sədri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla