Axar.az
Yuxarı

Tehran rejiminin Əliyevin suallarına “cavabı”

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

İRNA agentliyinin Prezident İlham Əliyevin İrana yönəli ittihamlarına “cavabı” artıq ötən gündən müzakirə predmetinə çevrilib. Möhsün Pakayinin (Bakıdakı keçmiş səfir) qələmə aldığı və Tehranın arqumentlərini əks etdirən cavab yalnız daxili auditoriya və yaxud Azərbaycan ictimaiyyətini manipulyasiya etmək üçün deyil, həm də beynəlxalq aləmə yönəlib - əks halda, bir neçə dildə dərc etməzdilər.

Hansı ittihamlardan narahatdırlar və hansı arqumentləri var?

Prezident İlham Əliyevin iki ölkə arasında münasibətlərdə gərginliyin heç vaxt bu qədər yüksək səviyyədə olmadığı barədə sözlərini xatırladan müəllif bunun cavabını axtarır:

“Azərbaycan Respublikası Prezidentinin ilk sualı İran hərbi təliminin niyə şimal-qərb sərhədlərində keçirilməsi ilə bağlı olub. Ondan soruşmalıyıq ki, bölgədə hərbi təlimlərin əsasını hansı ölkə qoyub? Azərbaycan Respublikası Türkiyə və Pakistanla birlikdə Naxçıvanda Ermənistan Respublikasının ərazi bütövlüyünə qarşı təlim keçirmədimi? Bu təlim İran silahlı qüvvələrinin keçirdiyi “Xeybərin Fəthi”ndən əvvəl olub. İranın təlimi region ölkələrinin ərazi bütövlüyünü dəstəkləmək məqsədilə keçirilib, Azərbaycan isə Ermənistanın ərazi bütövlüyünü pozub. Niyə cənab Əliyev həmin vaxt təlimdən şikayət etmədi?!”

Deməli, Azərbaycanın Türkiyə ilə birgə Naxçıvanda təlim keçirməsini İran Ermənistanın təhlükəsizliyinə təhdid saydığından, dərhal ordusunu Arazın sahilinə göndəribmiş – guya! Erməni sevgisi İranın gözünü o qədər tutub ki, hansı arqumentlə çıxış etdiklərinin fərqində deyillər. Əgər bu, Ermənistana qarşıdırsa, onda İran niyə bundan ciddi narahatlıq keçirir? Əgər özü də etiraf edirsə ki, bu, Ermənistana qarşıdır, onda nədən rəncidə olub – xristian erməni qardaşlarının məğlub olacağı duyğusundan?

Pakayin iddiasını davam etdirərək yazır ki, Əliyev “hətta türkdilli ölkələrin sammitində erməni torpaqları ilə bağlı tarixi iddialar səsləndirdi və Zəngəzur dəhlizinin açılması və Ermənistanın bir hissəsinin öz ərazisinə birləşdirilməsi üçün hərbi yoldan istifadə etməyə çalışdığını bildirdi. Belə bir hərəkət regionun geosiyasi durumunu dəyişmək, coğrafi sərhədləri təhdid etmək, bir ölkənin ərazi bütövlüyünü pozmaq və yeni münaqişələr yaratmağa cəhd deməkdir. İran isə buna biganə qala bilməz”.

Bu, yalnız faktları təhrif etmək deyil, həm də həyasızcasına yalan danışmaq və Azərbaycana qarşı ermənilərlə birləşdiyini uğursuz ört-basdır etmək cəhdidir.

Əvvəla, Azərbaycan heç bir yerdə, heç bir zaman Ermənistanın hansısa ərazisinə iddia etdiyini açıqlamayıb, nəinki Ermənistanın bir hissəsini hərbi yolla özünə birləşdirməyi dilə gətirmək. Azərbaycan Ermənistanın ərazi bütövlüyünü çoxdan tanıyıb və dəfələrlə də bunu elan edib, Ermənistanın da Azərbaycanın ərazi bütövlüyünü tanımağını tələb edir.

Pakayin iddia edir: “İran Qarabağ və bu ölkənin 7 rayonu məsələsində Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəklədiyi kimi, eyni zamanda prinsipial siyasətinə əsaslanaraq, Ermənistanın da ərazi bütövlüyünü dəstəkləyir; çünki regional qarşıdurmanın və təhlükəsizliyin davam etməsi İranın qonşuları ilə iqtisadi əməkdaşlığına maneədir”.

30 il Azərbaycan ərazilərinin 20 faizə yaxını işğalda qaldığı müddətdə İran nə zaman Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün Ermənistana ciddi şəkildə təzyiq edib? Əksinə, İran 1992-ci ilin may ayında guya vasitəçilik etmək təşəbbüsü ilə çıxış edərək, Azərbaycanı arxayın salmaqla, Şuşanın işğalına birbaşa dəstək verib!

İran komandanı Qasım Süleymani dəfələrlə Qarabağa səfər edərək, erməni terrorçularla görüş keçirib və həmin görüşlərdə Azərbaycanın ərazilərinin işğalı müzakirə predmeti olub – bu barədə fotofaktlar da var.

Azərbaycan Ermənistana işğal etdiyi əraziləri boşaltmaq üçün iqtisadi təzyiqə başlayarkən, İran faktiki olaraq İrəvanın əsas ticarət tərəfdaşına çevrilib. Təsadüfi deyil ki, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan “İranın bizə yardımları olmasaydı, çoxdan məhv olmuşduq” deyə, açıq şəkildə etiraf etmişdi.

Müsəlmanların müqəddəs şəhərlərindən olan Qüdsün İsrailin işğalından guya dəhşətli dərəcədə narahat olan və İsraili islamın düşməni elan edən İran Qarabağda 165 məscidin məhv edilməsinə, məscidlərə donuz bağlanmasına ləzzətlə şahidlik edib, “müsəlman torpağının” işğalda qalması üçün hər zaman ciddi şəkildə çalışıb.

Əgər Azərbaycan və Türkiyənin Naxçıvanda birgə təlimi Ermənistanın beynəlxalq səviyyədə tanınan ərazilərinə “təhdid yaradırdısa” və İran buna laqeyd qalmayaraq, ordusunu Araz sahilinə yığmışdısa, Azərbaycan torpaqlarına qarşı təhdid yox, faktiki işğal vardı, həm də 30 il boyunca: İran niyə bircə dəfə məsələyə “laqeyd” qalmayıb, ordusunu Zəngəzur istiqamətinə toplayıb, Ermənistana xəbərdarlıq etmədi?

Azərbaycan yalnız və yalnız 10 noyabr 2020-ci il bəyanatına uyğun olaraq, Ermənistandan Naxçıvana maneəsiz yol tələb edir. İran bunu “ərazi bütövlüyünün pozulması” hesab edirsə, onda Laçın dəhlizinin niyə Azərbaycanın ərazi bütövlüyünü pozduğunu düşünmür?

Əksinə, Laçın dəhlizindən istifadə edib, Azərbaycanın daxilində separatizmin güclənməsi üçün 30 min civarında olan Xankəndi ermənilərinə pulsuz yanacaq daşıyır, ərzaq paylayır, Xankəndi və ətrafında “layihələr” həyata keçirir. Bəs bütün bunlar Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünün pozulması demək deyil?

Zəngəzur dəhlizi gündəmə gələn kimi İran dərhal, qaça-qaça yüyürüb, Qafanda konsulluq açmaq və konsulluğu qorumaq adı ilə əraziyə qüvvələr yerləşdirməyə başladı. Ermənistan nə boyda dövlətdir, nə qədər əhalisi var ki, Qafanda da konsulluq açılsın? İran niyə 30 ildir Qafanda konsulluq açmırdı, niyə yalnız Azərbaycan ərazilərini bərpa edəndən və Zəngəzur dəhlizi məsələsi gündəmə gələndən sonra Qafanda konsulluq qondarmaq yadına düşdü?

Azərbaycan Zəngəzur dəhlizi ilə Orta Dəhliz yaratmaq ideyasını aktivləşdirən kimi İran niyə Şimal-Cənub dəhlizini gündəmə gətirib? Axı bu martşrutun heç bir perspektivi yoxdur, dağlardan keçir, onkilometrlərlə tunellər qazmaq isə bir neçə onmilyarda başa gələ bilər. Bütün bu xərcləri nəzərə alaraq, heç bir perspektivi olmayan “dəhlizə” İran niyə cəhd edir?

Məqsəd yalnız və yalnız Azərbaycanın müəlliflik etdiyi iqtisadi layihələrə qarşı çıxmaq, Bakının logistika mərkəzinə çevrilməsini əngəlləmək, inkişafına mane olmaq, regionda erməni separatizmini qızışdırmaqla, Azərbaycan üçün daimi təhlükəsizlik problemi saxlamaqdır.

Yenə 1992-ci ilə qayıdaq: Azərbaycan Prezidenti Ayaz Mütəllibov islam ölkələrinin konfransı üçün İranda olarkən Xocalının mühasirəyə alındığı barədə məlumat aldığını və buna görə ovaxtkı İran Prezidenti Rəfsəncani ilə görüşdüyünü bildirmişdi. Kömək istəmişdi, Rəfsəncani isə heç cür müdaxilə edə bilməyəcəyini demişdi.

Niyə İran ordunu sərhədə gətirib, azərbaycanlıların – müsəlmanların soyqırıma məruz qalmasının qarşısını almaq üçün təlimə başlayıb, İrəvana rəsmi xəbərdarlıq etmədi? Axı, “laqeyd” deyil, işğala qarşıdır, ərazi bütövlüyünün vacibliyini düşünür!

Ərazi bütövlüyü məsələsində bu qədər “prinsipialdırsa”, İran xüsusi xidmət əməkdaşları hazırda Xankəndidə nə gəzir? Niyə Azərbaycandan izn almamış ora xüsusi missionerlər göndərib? Onlar Xankəndidə kimə təlim keçir, özləri ilə nə gətiriblər, nəyə hazırlaşırlar?

Ölkə daxilində bu qədər sosial-siyasi problemləri olduğu halda İran niyə Ermənistan üçün milyardlar xərcləyir? İran xalqına hesabat verilirmi ki, müsəlman torpağının işğaldan tam azad edilməməsi üçün xristian Ermənistana nə qədər vəsait peşkəş edilir?

Pakayin daha sonra Prezident İlham Əliyevin İran azərbaycanlıları ilə bağlı fikirlərinə toxunur:

“O (İlham Əliyev – red.) yaxşı bilir ki, Azərbaycanın on milyonluq əhalisi İrana aiddir və öz vətənindən zorla ayrılıblar. İndi belə tarixi iddialar irəli sürülsə, İranın deyəcək çox şeyi olacaq. İran İslam Respublikası Azərbaycan Respublikasının müstəqilliyini tanıdı və bu ölkə ilə dostluğu qorumaq üçün tarixi iddialar irəli sürməyə çalışmadı və yaxşı olar ki, cənab Əliyev tarixi məsələləri tarixçilərin öhdəsinə buraxsın və iki ölkə arasında yaxşı münasibətlərin olmasına çalışsın”.

Əvvəla, Gülüstan və Türkmənçay müqavilələri Rusiya ilə İran arasında deyil, Çar Rusiyası ilə Qacarlar dövləti arasında bağlanıb. Qacarlar isə türk dövləti idi, başında da türk sülaləsi dayanırdı. Bunun indiki fars millətçiliyinin başa keçdiyi İran adlı dövlətə heç bir aidiyyəti yoxdur.

İkincisi, Çar Rusiyası Araz çayından şimalda olan Azərbaycan xanlıqlarını işğal edib, o xanlıqlar ki, müstəqil idilər və Qacarlar dövləti ilə ciddi bağlılıqları olsa da, bu dövlətin tərkibində deyildilər.

Gülüstan və Türkmənçay müqavilələri ilə Rusiya “İrandan” torpaq ələ keçirməyib, Rusiya və Qacarlar Azərbaycan xanlıqlarını bölüşdürüblər – Arazdan şimalı Rusiya, Arazdan cənubdakı xanlıqları Qacarlar özünə birləşdirib.

Arazdan şimaldakı xanlıqların işğalı zamanı Qacarların daxilindəki mərkəzdənqaçma meyilləri səbəbindən Fətəli şah heç qoşun da göndərə bilməyib, yalnız oğlu Abbas Mirzənin tez-tələsik yaratdığı və məhz “Azərbaycan ordusu” adlanan qüvvələr Rusiya qoşunları ilə savaşa girib. Qacarlar dövləti öz soylarından olan xanların kömək xahişini yerinə yetirə bilmirdilər, vəziyyətdən çıxmaq üçün isə Abbas Mirzə bu son çarəyə əl atmışdı və geri çəkilməyə də məcbur oldu.

Min il – tam min il indi İran dediyiniz dövləti ayaqda saxlayan da, qoruyan da, qüvvətləndirən də Azərbaycan türkləri olub: Səlcuqlardan ta 1925-ci ilə qədər.

Yəni Tehranın tapşırığı ilə rəsmi agentlikdə cavab yazmağa çalışan şəxs, tarixə baş vurarsansa, tam başqa mənzərə ortaya çıxar: tarixlə tarixçilər məşğul olmalıdırlarsa, müzakirəyə hazırıq!

İran ilk gündən Azərbaycanın müstəqilliyini tanımamaq üçün hər şeyi edirdi. Hətta 27 oktyabr 1991-ci ildə Əli Əkbər Vilayəti (o zaman XİN başçısı idi) Azərbaycanın müstəqilliyini tanımayacağlarını rəsmən elan etmişdi. Yalnız Avropanın bir neçə ölkəsi və İsrail Azərbaycanın müstəqilliyini tanıdıqdan sonra İran Ermənistanla eyni gündə, 25 dekabrda Azərbaycanın müstəqilliyini tanımağa sadəcə məcbur oldu.

Azərbaycanın müstəqilliyini tanımaq artıq zərurətə çevrilmişdi və ona görə 2 ay müddətində İran fikrini dəyişdi. Yoxsa İran dərhal XİN başçısını Rusiyaya göndərib, “SSRİ-nin sərhədlərinin saxlanması üçün hər şey etməyə hazırıq” deməzdi.

O ki qaldı İsraillə bağlı Tehranın nağıllarına, bir daha İran hakimiyyətinə xatırladaq:

İranın məhz antimüsəlman, antiislam və erməniyanlı siyasəti Azərbaycanı məcbur etdi ki, İsraillə ciddi əlaqələr qursun. Əgər qonşu İran müsəlman qardaşlarının haqq və hüququnu tapdamaq, onun işğalı üçün dəridən-qabıqdan çıxmaq siyasətindən əl çəksəydi, Azərbaycan İsraillə əlaqələrini heç vaxt bu dərəcədə inkişaf etdirməzdi.

Azərbaycan ərazilərini işğal etdiyi üçün İsrail Ermənistanla geniş ticari-siyasi əlaqələr qurmur; İsrail Azərbaycanın hərbi baxımdan güclənməsi üçün hər şey edir, xaricdəki diasporu Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında müstəsna rol oynayır; bu xalqın övladları Azərbaycanı dogma bilir, ərazi bütövlüyümüz üçün savaşıb, savaşır. Bunların qarşılığında İsrailə münasibətimiz necə olmalıdır?

İslam birliyi, müsəlman ləyaqəti üçünsə İran Səudiyyədən dərs alsa yaxşıdır. Ərəbistan ümumiyyətlə, 30 il boyunca işğalçı Ermənistanda səfirlik belə açmayıb, Azərbaycan əraziləri işğal oldunduğu üçün Ermənistanla diplomatik əlaqələr qurmayıb.

Prinsipial mövqe budur, ləyaqət də, beynəlxalq qanunlara əməl etmək də! İşğalçı ölkəni ayaqda saxlamaq üçün milyardlar xərcləmək, hazırda isə dəhlizin açılmasına qarşı çıxmaq həm beynəlxalq saziş sayılan 10 noyabr bəyanatına mane olmaq, həm dövlətlərin daxili işlərinə qarışmaq, həm də bölgədə təfriqə yaymaqdır.

İran 40 milyonluq azərbaycanlının adi hüquqlarını belə tanımır, onlara ana dilində təhsil almasına imkan vermir, Azərbaycan əyalətlərinə investisiya yatırmır, assimilyasiya siyasəti aparır, güc və zor üstündə bir rejim qurur, müsəlman qardaşlarının qətliamına, torpaqlarının işğalına şərait yaradır, sonra da islam həmrəyliyindən, müsəlman qardaşlığından danışır?

Bu, riyakarlıq, islamı öz şovinist məqsədləri üçün istismar etməkdir.

M.Pakayin Azərbaycanın “qonşu dövlətlərin işinə qarışmaqdan çəkinməyə” çağırır, “yeni reallığı qəbul etməyə” səsləyir, ancaq Xankəndiyə qanunsuz dəstə göndərir, sisternlərlə yanacaq daşıyır, Ermənistanı məcbur edir ki, Zəngəzur dəhlizinin açılmasına imkan verməsin və s.

Ermənilər kimi, bəzi İran ekspertləri də oğurluğa öyrəşiblər: “Regionda yeni reallığın qəbulu” termini də, anlayışı da İlham Əliyevə məxsusdur, Pakayin!

Tehran deyil də, biz, həm də “ümid” etmirik, əminik ki, İran yeni geosiyasi reallığı qəbul edəcək, öz xalqının və qonşu xalqların hüquqlarına hörmətlə yanaşmağa başlayacaq, nəhayət, qonşu dövlətlərin daxili işlərinə qarışmayacaq, din pərdəsi altında Azərbaycana və Gürcüstana (azərbaycanlılar arasında) təfrikçi mollalarının ixracını, Ermənistana isə İran xalqının milyardlarının ixracını durduracaq…

Tehran rejimi buna məcburdur, çünki İran xalqı tələb edir: İran xalqı ondan oğurlanan yüzmilyardlarla vəsaitlə ayətullahların övladlarının xaricdə hansı zəngin həyat yaşadığını artıq bilir; İran xalqı artıq çox gözəl bilir ki, onları çadraya bürüyən ayətullahların övladları hansı eyş-işrət məclisləri keçirirlər, necə açıq-saçıq geyinib-gəzirlər.

İran artıq qəsb edilən hüququnun, talanan sərvətinin, embarqolar, təzyiqlər altında çürüyən ömrünün hesabını mütləq soracaq.

O gün çox yaxındadır – 80 gündür xalq o günə doğru yol gəlir, Pakayin!

Tarix
2022.12.06 / 21:42
Müəllif
Anar Niftəliyev
Şərhlər
Digər xəbərlər

Təzyiq cəhdi iflasa uğradı: Vardanyan narahatdır…

Bayramov Çavuşoğlunu təbrik etdi

Azərbaycan Türkiyəyə başsağlığı verdi

Azərbaycan ordusunun təchizatı üzərində işləyirik - Akar

İrəvanda müzakirə: Rus ekspertlərə ermənilərin cavabı…

İlham Əliyev fərman imzaladı

Bakıya qarşı plan: ermənilər "əsas gücü" işə saldı

Lavrovun açıqlamasında “sevinməli” nə var?

9 ölkə İstanbuldakı konsulluqlarını niyə bağladı?

Bakıda mühüm iclas: Prezident çıxış etdi - Video

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla