İranın Birləşmiş Ərəb Əmirliklərində iqlimə təsir göstərən texnologiyanı sıradan çıxarması nəticəsində regionda yağışların artması haqda iddiaların heç bir elmi əsası yoxdur. Müasir texnologiyalar atmosfer proseslərinə çox məhdud təsir göstərə bilir. Bəzi hallarda süni yağış yaratmaq və ya dolunu zəiflətmək mümkündür, lakin geniş miqyasda yağıntıları idarə etmək və bunu süni müdaxilə ilə əlaqələndirmək doğru deyil.
Bu sözləri Axar.az-a açıqlamasında ekoloq Rövşən Abbasov iqlim prosesləri və son dövrlərdə artan yağıntıların səbəbləri haqda iddiaları şərh edərkən deyib.
Ekspert bildirib ki, illər yağıntının və çaylarda suyun səviyyəsinə görə azsulu, ortasulu və çoxsulu dövrlərə bölünür:
“Bu, atmosfer proseslərinin hər il fərqli şəkildə baş verməsi ilə bağlıdır. Heç kim bu prosesləri tənzimləyə və ya yönləndirə bilmir. Atmosfer hadisələri müəyyən qanunauyğunluqlara əsaslansa da, ümumilikdə ixtiyari xarakter daşıyır və onları tam nəzarətə götürmək mümkün deyil.
Azərbaycanda yağıntıların bölgüsü də müəyyən mövsümi qanunauyğunluqlara tabedir. Məsələn, yay aylarında yağıntı az olur, qışda isə dağlıq ərazilərə əsasən qar yağır. Mart-aprel-may ayları isə ölkədə yağıntıların ən çox düşdüyü dövrdür. Xüsusilə mərkəzi Aran və Abşeron yarımadasında bu aylarda intensiv yağıntılar müşahidə olunur”.
R.Abbasov vurğulayıb ki, bu il müşahidə olunan yağıntıların artması da təbii proseslərlə bağlıdır:
“2010-cu ildə də oxşar daşqınlar və subasmalar qeydə alınmışdı. 2000-ci illərin əvvəllərində, 1995-ci ildə və 80-ci illərin sonlarında da yağıntıların kəskin artdığı dövrlər olub. Bu, iqlimin təbii dəyişkənliyi ilə izah olunur. Burada hər hansı qəsd və ya süni müdaxilə axtarmaq üçün əsas yoxdur”.
Qeyd edək ki, İran, İraq, Suriya və Türkiyə də daxil olmaqla, ümumilikdə regionda son ayda intensiv yağışların səbəbi kimi İranın BƏƏ-dəki “iqlim texnologiyasına” zərbə endirməsi və bu qurğunu sıradan çıxarması göstərilir. Bu iddianı İran yaysa da, Türkiyədə ciddi dəstək qazanıb.