Axar.az Teleqraf.com-a istinadən yazıçı-publisist
Taleh Şahsuvarlı ilə müsahibəni təqdim edir.
– Taleh bəy, türk tarixində qurulan hər dövlət bir türk
boyuna dayanır. Məsələn, Səlcuqlar Qınıq boyu, Ağqoyunlular
Bayındırlı boyu, Qaraqoyunlular Baharlı boyu, Osmanlılar Qayı
boyu... Bəs Səfəvilər hansı boya dayanırdı? Bəzi tədqiqatçılar
Səfəvilərin heç bir boya dayanmadığını əsas gətirib bildirirlər ki,
bu dövlətin siyasi kökü olmayıb.
– Doğrusu, sualın qoyuluşunda yanlışlıq var. Çünki bir
hökmdarın, həm də dövlət qurucusu olmuş bir hökmdarın şəcərəsi ilə
bağlı açıq sualların olması hələ onun yaratdığı dövlətin siyasi
kökü olmaması anlamına gəlmir. Ümumiyyətlə,
böyüklüyündən-kiçikliyində, əhatə etdiyi torpaq və xalqlardan,
tarix səhnəsində nə qədər qalmasından asılı olmayaraq bir dövlət
yaranıbsa, onu meydana başda siyasi şərtlər olmaqla çox sayda
faktor çıxarıb. Bu baxımdan istər Səfəvilər olsun, istər hər hansı
bir orta çağ xanədanı, xanlığı, bəyliyi, yaxud XX yüzildə çox
yaşamamış respublikalar, hamısının siyasi kökü, fundamenti var.
Səfəvilər dövlətinin tarixi qaynaqları isə daha dərində -
Azərbaycan coğrafiyasının, türk və qeyri-türk kimliklərin, siyasi
islamın kifayət qədər alt qatlarındadır. İcazənizlə, şəcərəyə
keçməzdən öncə mən bu qatlara qısa bir ekskurs edim, çünki bu
səyahət olmadan Şah İsmayılın nəcabət məsələsinin aydınlaşdırılması
da heç bir əhəmiyyət daşımayacaq. Bəribaşdan isə onu deyim ki, Şah
İsmayılın bizə adı dəqiq məlum olan ən ulu babası Səlcuqlu əmiri
Firuz şah idi.
– Yəni, məsələ o qədər dərindirmi?
– Elədir! İslamın ortaya çıxması ilə Məkkə və ətrafında yaşayan
ərəblər yarıxoş-yarızor inandırılmış, vahid topluma çevrilmiş və
mərkəzi hakimiyyət altına alınaraq dövlət qurulmuşdu. Amma islamın
peyğəmbəri dünyasını dəyişincə məlum oldu ki, onun liderliyini
könüllü qəbul edənlərin bir çoxu, eynilə islama qılınc altından
keçərək etiqad bəsləyənlər sayaq şübhə və inamsızlıq içindədir.
Daha açıq desək, islamın ərəblərin ümumi etiqadına çevrilməsində
önəmli rol oynayan səhabələr və eləcə də rəislərinin təhriki ilə
müsəlman olmuş müxtəlif qəbilələrin mənsubları vəhyə dərin şübhə
ilə yanaşırdılar. Mərkəzi hakimiyyət formalaşar-formalaşmaz iqtidar
uğrunda mübarizə başlamış, bu mübarizə islamın peyğəmbəri vəfat
etdiyi gün kuliminasiya nöqtəsinə çatmış, nəticədə dinin
yaradıcısının dəfni gecikmişdi. İndi hər nə qədər "islam barış
dinidir" deyə moizələr oxunsa da, fakt budur ki, bisətdən sonra
ərəblərin qansız-qadasız bircə günü də olmayıb.
Üstəlik, islamın doğuşu ilə ətraf səmtlərdə yaşayan yəhudi və
xristianlar da dəfələrlə basqına məruz qalmış, sərvətləri talanmış,
arvad-uşaqları əsir götürülmüş və müsəlmanlar arasında qənimət kimi
paylaşdırılmışdı. Odur ki, islam peyğəmbərinin vəfatından dərhal
sonra "riddət" dalğası meydana çıxdı. Ərəblərin önəmli bir bölümü
müsəlman kimliyindən imtina edərək bir öncəki etiqadlarına dönmək
istədilər. Bu prosesin qarşısı qılıncla və amansızcasına alındı.
Yeni dinə sahib çıxmaq istəyən, islamı zamanında bəziləri könüllü,
bəziləri müəyyən təzyiq-təhdid, o cümlədən, dünyəvi vədlər və
mükafatlar qarşısında qəbul etmiş nüfuzlu ərəblər arasında da qovğa
səngimədi və qanlı olaylara çevrildi. Bircə onu demək yetərlidir
ki, islamın dörd xəlifəsindən üçü sui-qəsd sonucunda həyatını
itirmişdi. Dördüncü xəlifə, şiələrin birinci imamı Həzrət Əli də
sui-qəsdlə öldürülmüşdü.
Müaviyyə ibn Əbu Sufyan 661-ci ildə iqtidara yiyələndikdən və
min bir kələklə "Əməvilər" adlanan xanədanı qurduqdan sonra islam
hərbi-ideoloji vasitə kimi bölgə xalqlarının kabusuna çevrildi.
Müaviyyə xilafət daxilində əsas vəzifələri öz qohum-əqrəbalarına,
qəbilədaşlarına həvalə edir, digər ərəbləri ordunun canlı qüvvəsinə
çevirir və hamısı birlikdə işğal edilmiş ərazilərin əhalisinə
üstdən-aşağı baxaraq öz soylarının aliliyini nümayiş etdirir, ərəb
olmayan müsəlmanları adam yerinə qoymurdular. Fəqət onların hücum
çəkdiyi və işğal etdikləri bölgələrdə - Farsda, Xorasanda,
Azərbaycanda və Qafqazın digər hissələrində hər baxımdan o dövrün
ərəblərindən qat-qat üstün mədəniyyətə malik tayfalar, o cümlədən,
türk boyları yaşayırdılar. Süleyman Əliyarlının "Azərbaycan tarixi
üzrə qaynaqlar" toplusunda yer alan, ilk dəfə akademik Ziya
Bünyadov tərəfindən dərc edilən və İbn Hişamın əsərində qeyd olunan
məlumata görə, sözünü etdiyimiz Müaviyə Azərbaycan haqqında
maraqlanmış və bu cavabı almışdı: "Ora türk torpağıdır. Onlar oraya
cəmləşərək bir-biri ilə qarışmış və təkmilləşmişlər".
Kəramət, fizikanın "təsir-əks təsirə bərabərdir" qanunu
cəmiyyətlər üçün də keçərlidir. Cəmiyyətlər və tarix üçün daha bir
gerçəklik odur ki, hər iqtidar öz müxaliflərini yaradır. Əməvilərin
sonunu gətirən üsyan VIII yüzilin tam ortalarında başladı. 750-ci
ildə Əməvilər taxtdan endirildi, hakimiyyətə Abbasilər yiyələndi.
Abbasilər iqtidara gələr-gəlməz ərəbçilikdən xeyli dərəcədə geri
durdular, Əməvilərlə müqayisədə digər etnik varlıqlara daha
tolerant yanaşdılar, türk, fars, kürd və digər köklərdən gələn
fərdləri dövlət iyerarxiyasında irəli çəkdilər. O sadə səbəbə görə
ki, buna məcbur idilər.
– Nə üçün?
– Bu suala cavab olaraq diqqəti bir tarixi şəxsiyyətə çəkmək
istəyirəm - Əbu Müslüm Xorasaniyə! Milli mənsubiyyəti bu gün də
tarix üçün gizəmini qoruyan Əbu Müslüm Xorasani Əməviləri taxtdan
salan üsyançıların sərkərdəsi idi. Bu gün bəzi ərəblərin,
farsların, kürdlərin və biz türklərin ona sahib çıxmaq cəhdlərində
şovinist yanaşmaları kölgədə qoyacaq pozitiv bir mənimsəmə
mövcuddur. Əbu Müslüm Xorasani faktiki olaraq sosio-kültürəl bir
etiraz dalğasının lideri olmaqla ərəbçiliyə qarşı çıxırdı və onun
qələbəsinin ən böyük tarixi faydası budur ki, Əməvilər üçün "ötəki"
olanların coğrafiyasında "İsmayıloğullarının əfəndiliyinə" öldürücü
zərbə vuruldu. Səfəvilər dövlətinin yaranmasında dərin tarixi və
siyasi köklərdən birincisi məhz bu olaydır.
– Bəs ikincisi?
– İkinci və çox ciddi tarixi qaynaqlardan biri Xürrəmilər
hərəkatı və Babəkin Azərbaycanda 22 il mövcud olmuş dövlətidir.
Babək 816-cı ildə Bəzz qalasında xürrəmilərin lideri olduqdan sonra
ərəb istehkamlarını xarabaya çevirdi, üstünə göndərilən qoşunları
dəfələrlə darmadağın etdi və Araz çayının hər iki sahilini əhatə
edən, Həmədandan Bakıya, Urmiyadan Göyçə gölünə olan ərazilərdə
faktiki olaraq öz dövlətini qurdu.
– Taleh bəy, daim müzakirə olunan mövzulardan biri də
budur: Babək türk idimi?
– Mən Babəkin etnik mənşəyinin türk olduğunu düşünürəm. Bu
barədə dəfələrlə yazmışam, mövzudan kənarlaşmamaq üçün dəlillərimi
indi təkrar etmək istəmirəm. O, hazırda tarix səhnəsində ərimiş və
türklərə qarışmış "azəri" adlanan xalqa da aid edilir. Hansı
ehtimalın doğru olmasına baxmayaraq, Babək birmənalı şəkildə
Azərbaycan coğrafiyasının övladıdır və Azərbaycan mədəni arealının
yaradıcısıdır. Mənim bayaqdan sözü gətirmək istədiyim yer məhz bura
idi – Azərbaycan mədəni arealı.
Fikir verin, Əbu Müslümün məşhur üsyanından sonra ərəb irqçiliyi
zəifləmiş, lakin yerli xalqlar ərəb xilafətinə və onun rəsmi
ideologiyası olan islama qarşı etirazlarını davam etdirmişdi. Xeyli
dərəcədə türkləşmiş, eyni zamanda, Arazın güneyində azərilərin,
quzeyində ağvanların aborigen olduğu, bu etnosların hələ Müaviyə
zamanında qaynayıb-qarışdığı yuxarıda istinad etdiyim şəkildə bizə
məlum olan Azərbaycanda tarixin ən möhtəşəm qəhrəmanlarından biri
kimi ortaya çıxmış Babək Xəzər xaqanlığının dövlət modelinə
söykənir, əski Sasani ənənələrinin, Xilafətin və Bizansın təsirində
olmayan yeni və müstəqil bir mədəni areal inşa edirdi. Dünyaca ünlü
tarixçi Lev Qumilyovun da təsdiq etdiyi kimi, Babəkin strateji
dayağı Xəzərlər idi. Ərəblər Xəzərlərlə ticarət müqaviləsi
bağlayandan sonra Babək zaman-zaman hərbi-siyasi dəstək verdiyi
Bizansı hərəkətə gətirmək istədi, lakin ağciyər Feofili
Konstantinapoldan çıxara bilmədi. O, elə bu səbəbdən məğlub olsa
da, son nəticədə Azərbaycan bir mədəni areal olaraq Qərb qarşısında
da əlahiddəlik qazandı.
– Bu mədəni arealda türk soyunun yeri və rolu nə qədər
idi?
– Talas savaşından sonra Abbasilərlə yaxınlaşmış və
bineyi-qədimdən çinlilərlə düşmən olan Asiya türkləri axın-axın
qədim Mesopotomiya hüdudlarına gəlir, Xorasan, Azərbaycan, Anadolu
ərazilərində yurd salırdılar. XI əsrin ortalarına doğru tarix
səhnəsinə Oğuz elinin Qınıq boyundan olan Səlcuqlar çıxdı. Xorasana
köç etmiş səlcuqların lideri Toğrul bəy 1038-ci ildə özünü
Nişapurda sultan elan etdi.
1055-ci ildə isə Sultan Toğrul Bağdadda at oynadan fars mənşəli
Büvehyoğullarını tarix səhnəsindən silərək Abbasi xəlifələrini öz
qoruması altına almış, başqa sözlə, əlaltısına çevirmişdi.
Ümumiyyətlə, yüzillərcə Abbasi xəlifələri türk sultanlarının
qoltuğunun altında yaşayıblar. Səlcuq dövləti adına daha bir zəfəri
Alparslan Malazgirt döyüşündə Bizansa qarşı qazandı və bununla da
türklər Anadolu bölgəsinin daimi sahibi oldular. Səlcuqların
bölgədə möhkəmlənməsinin Azərbaycan mədəni arealı üçün iki mühüm
nəticəsi oldu:
1.Azərilər və ağvanlarla müqayisədə türklər mütləq çoxluq
qazandılar, şifahi dil qətiləşdi və hər iki etnosu əritməyə
başladılar. Amma bu hələ tam mənada xalqlaşma demək deyildi.
2.Azərbaycan mədəni arealı ilə Bizans mədəni arealının Anadolu
hissəsi dominant etnos, dil və din zəminində çuğlaşdı.
Tarixin acı gerçəkliyi Böyük Səlcuq Dövlətindən yan keçmədi.
Dövlət çökməyə başladı və bu prosesin əsasında üç ciddi amil
dayanırdı:
a).Abbasi xəlifələrinin Səlcuqlardan qurtarmaq çabaları;
b). Şiə məzhəbinin bir qolu olan İsmaililərə mənsub olan Həsən
Sabbahın qurduğu xaşxaşilərin terror və propoqandaları;
3).Oğuz üsyanları.
Bu amillərin hər birinin üzərində dayanmaq vaxt aparar, buna
lüzum yoxdur. Zira, əgər elə bu sadalananlara baxsaq, artıq bölgədə
üç önəmli aktyorun - ərəblərin, farsların və türklərin ön planda
olmasını və öz strateji münasibətlərini aydınlaşdırmaq istəməsini
görmək mümkündür.
– Bu münasibətlər Səfəvilərin sayəsində aydınlaşa
bildimi?
– Onların münasibətlərinin qətiləşməsinə ilk təkanı, əslində,
moğollar verdi. XIII yüzilin ilk yarısında bölgəyə yürüşlər təşkil
edən və dövlət quran moğollar sosio-kültürəl baxımdan türklərə
doğma idilər və onları qarşısında girinc qaldıqları islamdan daha
da soyudub şaman inanclarını, buddist dünyagörüşləri aşıladılar.
Moğollar bölgədəki dinlərdən açıqdan-açığa kütlələri idarə etmək
üçün vasitə kimi istifadə edir, günün tələblərinə uyğun şəkildə
tez-tez inanc dəyişdirirdilər. Yaxşı anlaşılsın deyə bir az
qabardaraq söyləyirəm, gecə hansı dindən olan qadınla yatmaları da
onların sabahkı seçimlərinə təsir edirdi. Beləliklə, Azərbaycan və
Anadolu arealındakı türklərin inanc sistemi ərəblərdən və
farslardan ayrıldı - türklərin islam yorumları doqmalardan
uzaqlaşdı, təsəvvüfə çevrildi. Bu prinsipial dəyişim türk
təriqətlərinin və sufilərinin meydana çıxmasına rəvəc verdi.
– Həmin təriqətlərdən biri də Səfəvilər
idi...
– Tamamilə doğrudur! Şeyx Səfiəddinin təriqət quruculuğu
yönündəki çalışmalarının məğzini çılpaq şəkildə çatdıran və "Könül
risaləsi"ndə yer alan bir cümlə var: "Dərvişlər dedilər: "Midani,
nəmidani?" Bilməziz, kim quş dilimi söylərsən? Türki söylə kim
eşidən anlasın". Yüzillər keçəcək, biz eyni mesajı ustad
Məhəmmədhüseyn Şəhriyarın "Heydərbabaya salam" poemasında da
görəcəyik:
Heydər baba, Nənəqızın gözləri,
Rəxşəndənin şirin-şirin sözləri,
Türki dedim, oxusunlar özləri,
Bilsinlər ki adam gedər, ad qalar,
Yaxşı-pisdən ağızda bir dad qalar.
İndi bir beyin həmləsi ilə bu iki mesajı birləşdirsək, çıxan
nəticə budur: "Heydərbabaya salam" poemasını yazan Şəhriyar kimi
Şeyx Səfiəddinin də öncəlikli xitab etdiyi topluluq türklər idi.
Necə ki Şəhriyarın zamanın şərtlərindən dolayı farsca şeirlər
yazması onun Azərbaycan türkü olmasını sual altına almaz, eləcə də
"Pir-i-Türk" ləqəbi ilə tanınan Şeyx Səfinin də digər bir çox
dillərdə yazıb-yaratması etnik mənsubiyyəti baxımından fərqli
ehtimallar üçün əsas ola bilməz.
– Elədirsə, Səfəvilərin türk olması niyə sual altına
alınır?
– Bilirsən, qədim və orta çağlarda metal pulların üstünə
hökmdarlar öz adlarını zərb etdirirdi. Bu, həmin pulun tədavülünə
hökmdarın verdiyi qarantiya idi. Sikkələrin saxtalaşdırılması
hökmdara qarşı ən böyük sayğısızlıq sayılır və buna cəhd edənlər
işkəncə ilə edam edilirdi. Eynilə "soy-kök məsələsi" hökmdarların
iqtidarını legitimləşdirən ən əsas faktor idi, onu dəyişməyə,
saxtalaşdırmağa heç bir tarixçi öz yanından cəhd edə bilməzdi. Orta
əsr imperiyalarının ən xarakterik cəhəti odur ki, hökmdarlar hansı
etnik mənşəyə malik olursa-olsun, təbəələrinin bütününə xitab edir,
özlərini onlara doğmalaşdırırdılar. Bu, imperiya xüsusiyyətidir.
Deməyim odur ki, Səfəvilərin kökəni ilə bağlı bütün versiyaların
yaranması sarayın məlumatları daxilində baş verib. Lakin həqiqət
birdir. İndi gəlin o həqiqəti aydınlaşdıraq. Orta çağ qaynaqlarına
nəzər salanda Səfəvilərin kökəni ilə bağlı dörd iddia üçün əsas
ortaya çıxır.
– O iddialardan biri də Səfəvilərin kökünün fars
olmasıdır, eləmi?
– Bu, iddialar içərisində ən zəif və ən etibarsız olanıdır. Daha
çox populyar olan və dartışılan Şeyx Səfinin seyid olması
versiyasıdır. Ancaq əksər tarixçilər bu fikirdə həmrəydilər ki,
"seyidləşdirmə" saray tarixçilərinin məqsədli propoqandası olub,
heç bir əsası yoxdur. Başqa sözlə, Səfəvilər ərəb deyil.
– Kürddürmü?
– Bu iddia Şeyx Səfinin yuxarıda adını çəkdiyim Firuz şah adlı
ulu babasının Bəzzazın "Safvət əs-Səfa"da "Kürdi" təxəllüsü ilə
tanıdılmasına dayanır. Lakin Səfəvilərin seyidləşdirilməsi də elə
həmin kitaba əsaslanır. Buna görə də həmin qaynağa əsasən həqiqəti
ortaya çıxarmaq bir az analitik yanaşma tələb edir. Səfəviləri
"kürd" çıxarmaq isə daha çox Osmanlı və onları birbaşa "fars" elan
edə bilməyən Əhməd Kəsrəvi kimi İran tarixçilərinin siyasi
yanaşması olub. Halbuki heç Bitlisli Şərəf xan Səfəvilərin kürd
olmasına eyham belə vurmur.
Səfəvilər kürd olsaydı, Şərəf xan nədən bunu bilməz və deməzdi?
Zəki Vəli Toğanın və Faruk Sümərin irəli sürdüyü iddialar, yəni
Səfəvilərin sonradan türkləşməsi ehtimalı ona görə qəbul oluna
bilməz ki, onların söylədiyi "devşirilmə dönəmi" Firuz şah
Qızılbörkün yaşadığı dövrlə ötüşmür. O, Şeyx Səfinin altıncı
babasıdır, Şeyx Səfidən təxminən 100-150 il qabaq, yəni XII əsrin
birinci yarısında, bəlkə də bir rüb artıq yaşayıb. Bu dövrdə isə nə
Toğanın dediyi kimi Rəvvadilər, nə də Sümərin söylədiyi sayaq
Elxanilər adlı dövlət vardı. Uzunçarşılı, Bartold və Petruşevski
kimi şərqşünaslar isə Ərdəbil şeyxlərini türk kökənli sayır.
– Qeyd etdiniz ki, həqiqəti ortaya çıxarmaq üçün
qaynaqlara analitik yanaşmaq lazımdır. Maraqlıdır, bu cür yanaşma
ilə siz özünüz nə çıxarmısınız ortaya?
– Mən tarixçi və mənbəşünas deyiləm. Amma XXI əsrin adamları
istənilən orta çağ müəllifinin əsərlərinə əl gəzdirənlərdən daha
geniş informasiya və texniki imkanlara malikdir. Bu da oxu və
təhlil imkanlarını artırır, həm qaynaqlara əl gəzdirmiş adamların
hiyləsini, həm də əl gəzdirilməyən məqamlar vasitəsi həqiqəti
ortaya çıxarmağa imkan verir. Onu da qeyd edim ki, "Səfvətüs
Səfa"da bir məqam bizim Elmlər Akademiyasından Tofiq Nəcəflinin
diqqətini də çəkib və o, bildiyim qədər bu yöndə tədqiqatlarını
davam etdirir. "Səfvətüs Səfa"da açıq şəkildə deyilir ki, Şeyx
Səfinin 6-cı babası Əmir Firuz Şah Qızılbörk Ərdəbilə əmir təyin
olunaraq gəlmişdi və çoxlu var-dövləti vardı. Diqqətinizi iki
titula çəkmək istəyirəm: "əmir" və "şah".
Furuz Qızılbörk ona görə "əmir" idi ki, qoşun başçısı idi. Bəs
niyə "şah" idi? Bu sualı hələ heç kim qoymayıb. Davam edək,
Ərdəbilə qoşun yeritmək və əmir təyin etmək gücü, iqtidarı kimdə
idi Firuz Qızılbörkün zamanında? Böyük Səlcuqlu hökmdarı Sultan
Səncərdə! Bax, bu detal üzərində düşünəndə bütün daşlar yerinə
oturur. "Şah" o zamanlar təkcə dövlətin başında duran şəxslərə yox,
həm də onların şahzadələrinə deyilirdi. Yürüşə çıxmış şahzadələr
ordunun qollarından birinə başçılıq edir və əgər savaş uğurla başa
çatardısa həmin bölgəyə vali təyin olunardılar.
Digər tərəfdən, Bəzzaz Əmir Firuz şahın "İbrahim Ədhəm övladı"
tərəfindən təyin olunduğunu da yazır. İbrahim Ədhəm vaxtilə
Xorasanda yaşamış, sonra tərki-dünya olmuş övliyadır. Onun oğlunun,
övladının olub-olmaması ən azı mübahisəlidir, amma soyu davam
etsəydi belə, Ərdəbilə vali təyin etmək iqtidarında olan bir əşirət
yaratmamışdı. Dediyim kimi, tarix səhnəsində Səlcuqlular və Sultan
Səncər kimi hökmdar vardı. Orta çağ qaynaqlarında isə bu cür
təşbehlərdən, hökmdarları tarixin mifləşdirdiyi adamlarla
eyniləşdirmək, o cümlədən, "övliya balası" kimi təqdim edərək aydan
arı, sudan duru göstərmək, yaxud onların yürüşlərinə müqəddəs
missiya həvalə etmək ənənəsi vardı. Eyni zamanda, "qızıl börk",
qaynaqda keçən ifadə ilə desəm, "zərrin külah" fərqli bir baş
geyimi olmalı idi ki, ləqəb çevrilsin. Bu cür qızılla işlənmiş baş
geyimindən isə ancaq əsilzadələr, şahzadələr istifadə edə
bilərdi.
– Bütün bunları bir araya gətirib Əmir Firuz Şah
Qızılbörkün Səlcuqlu şahzadəsi və əmiri olduğunu
düşünürsüz?
– Bəli. Bu cür düşünməyimə o da qüvvət verir ki, Firuz Şah
müəyyən müddətdən sonra Azərbaycandan geri çağırılır, Gilana
göndərilir, müəyyən zaman keçir və yenidən Ərdəbilə təyin edilir.
Biz bu təyinatlarda oturuşmuş bir dövlət mexanizmi görürük. Hətta
istisna etmək olmaz ki, onun Ərdəbili tərk etməsi və Gilana getməsi
Sultan Səncərin oğuzlara əsir düşməsi ilə bağlı idi.
Onu da xatırladım ki, rəsmi tarixə görə Sultan Səncərin oğlu
olmayıb. Belə olan halda onun digər qan qohumları "şahzadə" statusu
almış olurdu. Necə ki, Böyük Səlcuqlu Dövləti Sultan Səncərin ölümü
ilə dağılandan sonra Anadolu Səlcuqlu Dövlətini bu cür qan qohumu
və şahzadə olan Süleyman qurmuşdu...
– Yəni sizin iddianıza görə Şah İsmayıl Səlcuqlu
sultanlarının soyundan və Qınıq boyundadır, eləmi?
– Məncə, elədir! Ancaq bu iddianı ilkin və fərqli qaynaqlara
baxış imkanı olan Azərbaycan tarixçiləri akademik səviyyədə
araşdırmalıdırlar. Əmir Firuzdan Şeyx Səfiyə qədər olan şəcərini
izlədikdə məlum olur ki, Şah İsmayılın həmin dövrdəki babaları
hərblə məşğul olublar. Sülalənin dini işlərə meyillənməsi Şeyx
Səfidən başlayır. İndi həmin zamandan ayrılıb, Şah İsmayıl dönəminə
bu gündən baxsaq, görəcəyik ki, Səfəvilərin xanədan boyu
Şeyxavəndlər idi.
– Kim idi Şeyxavəndlər?
– Şeyx Səfi sülaləsinin şahlıq qolu olmayanlar Şeyxavənd
tayfasında bir araya gəlmişdilər. Səlcuqluların xanədən boyu
Qınıqlar, Osmanlınınkı Qayı, Ağqoyunlularınkı Bayandur olduğu kimi
Səfəvilərin də sülalə əşirəti, doğma el-obası Şeyxavəndlər idi.
Naməlum müəllifin "Qızılbaşlar tarixi" adlı əsərində Şeyxavəndlər
Bayandur, Mosullu, Çəpni kimi ellərlə yanaşı Ağqoyunlu
konfederasiyasına mənsub tayfalar arasında göstərilir. İskəndər bəy
Münşi isə Şeyxavəndləri ayrıca el kimi qeyd edir və o zaman "taçik"
deyilən farslardan və kürd qəbilələrindən qəti şəkildə ayırır.
Nəzərə almaq lazımdır ki, Şeyxavənd elinin mənsubları Şah
İsmayıldan sonra dövrün şərtləri və onlara verilən görəvlərdən
dolayı çeşidli bölgələrdə yaşamış və siyasi ittifaqlar bağlayaraq
öz aralarına yeni qəbilələr almışdılar. Məsələn, bu cür
"sonradangəlmə" qəbilələrdən biri Kəmunə oğulları idi. Həmin elin
əsas çəyirdəyi isə Ərdəbildə idi. Daha dəqiq desək, ata yurd
Ərdəbil idi. Xalxal isə iqta torpaqları sayılırdı. Hətta Moğol şahı
Məhəmməd Hümayun Ərdəbildarülirşadını ziyarət edərkən onu Şeyxavənd
ağsaqqallarının qarşıladığını da bilirik. Bundan başqa Şah
İsmayılın oğlu, təzkirəçi Sam Mirzə Ərdəbilə təyin olunanda öz
tayfadaşlarından bəzilərinin xanədanlıq ədası ilə xalqla kobud
rəftarına şahid olub cəza tədbirləri görmüşdü. Vəliəhdlərin müəyyən
olunmasında, şahzadələrin taxta çıxmasında və saray çevrilişlərində
kifayət qədər fəal və təsirli rol oynayırdılar. Şah Təhmasib
dövründə sarayda Məsum xan isimli çox qüdrətli bir şəxsiyyət vardı
və o, Səfəvi soyundan olmaqla Şeyxavənd tayfasını təmsil
edirdi.
– Şah İsmayıla və ondan sonrakı Səfəvi şahlarına tutulan
ən böyük irad o idi ki, hökmdar soyundan gəlmirlər. Bu iradlar
qarşısında nədən Səfəvilər Səlcuqlu soyundan gəldiyini
gizlədirdilər?
– Şah İsmayıl hakimiyyətə gələnə qədərki dövrdə onun
əcdadlarının öz hökmdar soyunu gizləməsi tamamilə anlaşılandır.
Sultan Səncərdən sonra Böyük Səlcuqlu dövləti dağılmışdı.
Hakimiyyət əldən çıxıbsa "mən hökmdar soyundanam" deməyin və iddia
ilə çıxış etməyin axırı məlumdur-ölüm! Odur ki, Əmir Firuz şahın
davamçıları daha çox əllərində olanı qorumalı idilər və qorudular
da. Ancaq onlara qarşı xarici və daxili basqılar da var idi.
Məsələn, gürcülər Ərdəbilə hücum eləmiş və Şeyx Səfinin babası Əmir
Qütbəddini yaralamışdılar. Ancaq ondan daha əvvəl son dərəcə
maraqlı bir hadisə olmuşdu. Belə ki, Əmir Firuz Şahın nəvəsi
Məhəmməd uzun müddət yoxa çıxmışdı. Guya onu axtarıb tapmamış və
öldüyünə qənaət hasil edib ehsan paylamışdılar. Ancaq bir sürə
sonra həmin şəxs üzə çıxdı və elan edildi ki, sən demə, doğru yolda
olan, yaxşı cinlər onu oxumağa aparıblarmış. Bu məqam onu göstərir
ki, xanədana real təhdidlər olduğundan varis məqsədli şəkildə
gizlədilib və gizlədildiyi dövrdə ona yaxşı təhsil verilib. Şeyx
Cüneyd, Şeyx Heydər dövründə isə Səlcuqlu mənsubu kimi çıxış etmək
onlara sərf etmirdi. Çünki zahirən hakimiyyət istəmirdilər. Şah
İsmayıl və Şah Təhmasib zamanında "Səlcuqluyam" demək sizə nə qədər
qəribə görünsə də, türk boyları içərisində mərkəzdənqaçma
meyillərini gücləndirəcəkdi. Daha sonrakı dövrdə isə zatən şəcərəni
aparıb Məhəmməd peyğəmbərə bağladılar, Səlcuqlu mənsubiyyətinə
ehtiyac qalmadı.
– Taleh bəy, düzdürmü Şah İsmayıl 14 yaşında hakimiyyətə
gəlib? 14 yaşında uşaq nə bilirdi dövlət nədir? Deməli, pərdə
arxasında onu idarə edənlər olub. Bu zaman başqa bir sual yaranır:
pərdə arxasındakı gizlin əllər kimlər idi?
– Orta əsrdə mütləq monarxiyaların formalaşması və davamiyyəti
üçün taxta çıxacaq şəxsin yaşı xüsusi şərt deyil. Əsas sistemdir.
Səfəvilərin bir təriqət kimi genişlənməsinin və gələcəkdə siyasi
iddialara düşəcək qədər iri miqyas almasının arxasında Əmir
Teymurun Ərdəbil ocağına göstərdiyi diqqət və qayğı da dayanır.
Türküstanın Barlas oymağından olan Əmir Teymur antoqonist kültürlər
sayılan iranlılarla turanlıların qovğasında öz soyunu ucaldan fars
şairi Firdovsinin Tus şəhərindəki məzarı başına gəlmiş, ayağı ilə
qəbrə toxunaraq "Qalx da, aşağıladığın türkü gör" deyə tarixə damğa
vuran məşhur cümləsini tələffüz etmişdi. Bu cür yüksək səviyyədə
ulus anlayışına sahib olan Teymur Şeyx Səfi ocağının piri ilə
Ərdəbildə hörmət-izzətlə görüşmüş, onun xahişi ilə Anadoludan əsir
götürdüyü türklərin hamısını azad etmiş, təmənnası olmamasına
rəğmən mürşüdə xeyli pul və yeni ərazilər bağışlamışdı. Sonradan
"rumilər" adlanan və ətraf qəsəbələrdə, şəhərlərdə məskunlaşan
həmin Anadolu türkləri və Teymurun bağışladığı ərazilərin gəlirləri
Səfəvilərin sosial və iqtisadi dayaqlarını daha da artırmışdı.
Nəticədə Ərdəbil mürşüdləri Ağqoyunlu sarayı ilə qohum olmuşdular.
Şeyx Cüneyd Uzun Həsənin bacısı Xədicə bəyimlə evlənmişdi. Şah
İsmayıl isə Şeyx Heydərin Uzun Həsənin qızı Aləmşah bəyimlə
izdivacından doğulmuşdu.
Şeyx Heydər və atası Şeyx Cüneyd hakimiyyət iddialarına çata
bilməmişdilər. İsmayıl isə Sarıqamış qurultayında Şah elan
edilmişdi və həmin qurultayda iştirak edən ellərin mütləq
əksəriyyəti türk idi. O türklər də, o türklərin ideoloji təşkilatı
halına gəlmiş Səfəvi sufi ocağının müridləri də dövlətin nə
olduğunu yaxşı bilirdilər. Reha Bilgenin "1514" adlı əsərində bütün
bunlar çox gözəl izah olunur. Qurulan dövlətin başı Azərbaycanda,
gövdəsi Anadoludaydı, zira, baş da, gövdə də türklər idi. Bayaq
Azərbaycan mədəni arealı ilə Anadoludakı mədəni arealın türk
dominantlığı ilə birləşməsindən danışmışdım. Şah İsmayıl məhz bu
kültürün taxta çıxardığı fiqur idi. Onun taxta çıxmasına çalışan
təcrübəli türklər isə pərdənin arxasında deyil, məhz önündə idilər.
Çünki Şah İsmayılın üzü bəzən pərdə ilə, yəni niqabla örtülürdü və
bu da onun mistikasını artırırdı. Lakin hökmdarın türk lələləri
Hüseyn bəy Şamlının timsalında həmişə aşkarda idilər. Şah İsmayıl
ona ən çox təsiri olan Hüseyn bəyin vəzifəsini hakimiyyətə gələndən
bir neçə il sonra dəyişdi. Ona görə də onu təsir altında qalmış,
idarəolunan fiqur kimi səciyyələndirmək mümkün deyil.
– Rəsulzadə deyir: "Bizi İran-Səfəvi mühitindən azad
etmək üçün rusları Allah göndərdi". Sizcə, Rəsulzadə niyə bu cür
düşünürdü? Yaxud, nə üçün A.Bakıxanov və Rəsulzadə kimi böyük
şəxsiyyətlər Türkmənçay müqaviləsini İran-Səfəvi tarixi mühitindən
qurtuluş hesab edirdilər?
– Mən Rəsulzadənin belə bir fikir söylədiyi iddiasına, - amma
içərisində "Səfəvi" sözü keçməyən şəkildə - Güntay Gəncalpın
yazısında rast gəlmişəm. Güntayın iddiasına görə Rəsulzadə "Qafqaz
türkləri" adlı əsərində "İran mühitindən bizi azad etmək üçün rus
adlı düşməni Allah göndərdi" yazır. Mən Məhəmməd Əminin həm "Qafqaz
Türkləri", həm də "İran türkləri" adlı əsərlərini oxumuşam, amma
elə cümləyə rast gəlməmişəm. Bəlkə də diqqətimdən yayınıb, yaxud
indi xatırlamıram. Amma "Qafqaz Türkləri"ində Rəsulzadə bir fars
deyimi səsləndirir və təxminən mənası budur ki, əgər Allah istəsə
düşməndən də xeyir tapmaq olar.
Əlbəttə, bu olsa-olsa obrazlı yanaşmadır. Məmməd Əmin
Rəsulzadənin daha konkret sözü isə budur: "Beş yüz sənədən bəri
İranda hökmdarlıq edənlər həp türk irqindən gəldilər". Yaxud
Rəsulzadə "Azərbaycan mədəniyyətinin qaynaqları" əsərində
Səfəvilərə övgülər yağdırır, bu dövlətin bütün qurucu gücünün türk
olduğunu söyləyir, şairlərin Şah İsmayıla "Türki-tacdar" deyə xitab
etməsini məmnuniyyətlə xatırlayır. Eləcə də dəfələrlə oxuduğum
Abbasqulu ağanın "Gülüstani-İrəm" əsərində Şah İsmayıla və
Səfəvilərə qarşı hər hansı qərəz yoxdur.
– Bəs siz necə bilirsiniz, doğrudanmı "Azərbaycan"
adında bir ölkənin tarixə girməsinin səbəbi Türkmənçay müqaviləsi
olub?
– "Azərbaycan" adında respublikanın meydana çıxmasının səbəbləri
daha dərindir- alt qatda mədəni areal amilinə, üst qatda dünyada
gedən ulusallaşma prosesinə dayanır. Gülüstan və Türkmənçay
müqavilələri bağlananda Quzey Azərbaycanda xanlıqlar mövcud idi. Bu
xanlıqlar Qacarlarla Romanovlar arasında vurnuxurdular, amma
həlledici döyüşlərdə onlardan heç birinə qarşı qoyacaqları güc yox
idi. Tarixin təbii axarına görə ya onlardan biri güclənib
qalanlarını özünə birləşdirməli, tədricən Tehrana sarı gedib
Qacarları devirməli, ya da daha böyük güclərdən tam asılı
düşməliydilər. Osmanlı-rus savaşlarında birincilərin məğlub
olmasından sonra həmin böyük güc Romanovlar oldu və Qacarları Quzey
Azəraycandakı torpaqlardan vaz keçməyə sövq etdi.
İngilislər Hindistanı işğal edəndə olduğu kimi, bütün
imperiyalar hər hansı ərazini tutanda yerli xalqlara "sizin
yaxşılığınız üçün gəlmişik" deyir və onlara yeni nələrsə verirlər.
Ruslar da elə deyirdi və həqiqətən gətirdikləri bir yenilik vardı-
"bilgi". Həmin bilgininin çoxunu özləri istehsal eləmir, Avropadan
götürürdülər, bu başqa məsələ. Amma fakt budur ki, on-on beş kəndi
birləşdirən xanlıqda yaranan bilgidən iri imperiyada cəmlənən bilgi
müqayisə olunmaz dərəcədə çox olmalıdır. Odur ki, rus işğalı
Azərbaycana elmi-mədəni baxımdan töhfə kimi görünə bilər, ancaq əsl
mahiyyətdə elə deyil. Rus işğalının Azərbaycana vurduğu ən böyük
zərbə həm Çar dövründə, həm də Sovetlər dövründə aristokratiyanı
sıradan çıxarmasıdır. Təsəvvür edin, Çar dövründə Erməni və
Gürcülərə əsilzadələrin təşkilatlanmasına imkan verilirdi, lakin
Azərbaycanda yox. Bu, müasir terminlə desək, insan kapitalının
əzilməsi, məhv edilməsi və bir xalqın potensialının üzə çıxmasına
və genişlənməsinə təkan verən ən mühüm sosial təbəqənin məhvi idi.
Baxın, Bakıda neft amilinə görə yaranan milyonerlər təbəqəsi xalq
üçün nə qədər iş görüb- məktəblər açıb, binalar tikib, erməni
basqınlarına qarşı müqavimət təşkil edib...
– Əgər Türkmənçay müqaviləsi bağlanmasaydı necə
olacaqdı?
– Tarix obyektiv gerçəklikdir, hər nə qədər keçmiş də olsa. Ona
görə də bu cür suallara birmənalı cavab vermək mümkün deyil. Ancaq
bir beyin həmləsi etmək doğrudan da maraqlı olardı. Əgər həmin
müqavilələr bağlanmasaydı, mənim fikrimcə, Qacarlar Quzey
Azərbaycandakı xanlıqları mərkəzi hakimiyyətə tabe edəcəkdi. Çünki
Abbas Mirzənin qarşısında yerli xanlıqlar deyil, rus ordusu vardı
deyə Qacarlar geri çəkildi. Yuxarıda söylədiyim bilgi Romanovlar
kimi, Osmanlıya, Qacarlara da gəlmişdi. Odur ki, çox ciddi
proseslər gedəcək və həmin proseslər sonucu Qacarlara qarşı fars və
islam basqısı güclənəcəkdi. Qacarlar türk olsalar da, dövlət
təşkilatı farsların əlində idi. Farslar istəyəcəkdilər ki,
türklərdən yaxa qurtarsınlar. Bunun məhz belə olduğunu da gördük,
çünki "Türkmənçay"dan 100 il sonra Pəhləvilər gəldi iqtidara. Elmin
və mədəniyyətin bölgəyə daxil olması, sekulyarların meydana çıxması
isə dini müqaviməti gücləndirəcəkdi. Bu zaman Qacarlar özləri də
millətçiliyə meyillənəcək və onları bəsləyən gövdəyə- Güney və
Quzey Azəraycandakı qacar tayfalarına ehtiyacları artacaqdı.
Pəhləvilər ona görə Qacarları devirə bildilər ki, Romanovların
Quzey Azəraycanı işğal etməsindən sonra Qacarlar onları bəsləyən
tarixi kökdən- bilirsiniz ki, Qacarların tarixi məskəni Gəncə və
ətrafı idi- məhrum olmuşdular. Onu da xatırlayaq ki, 1906-cı ildə
İranda inqilab olmuş və dövlət quruluşu olaraq konstitusiyalı
monarxiya seçilmişdi. Bütün bunları nəzərə alanda, mənim qənaətim
belə formalaşır ki, əgər Türkmənçay müqaviləsi olmasaydı və digər
xarici basqılar da dəf edilsəydi, "Azərbaycan" yenə bir dövlət adı
olaraq meydana çıxacaq, dövlətin quruluşu konstitusiyalı monarxiya,
rəmzi hakimiyyətdə Qacarlar olacaqdı. "Azərbaycan" adı isə ona görə
meydana çıxacaqdı ki, farslar respublika şəklində öz müstəqil
dövlətlərini quracaq və onu Pəhləvilərin etdiyi kimi rəsmən "İran"
adlandıracaqdılar.
– Şah İsmayılın böyük bir imperiya yaratması, imperiya
təfəkkürü formalaşdırması və türk dilini ilk dəfə rəsmi dövlət dili
elan etməsi Əzizə Cəfərzadənin "Bakı 1501" kitabından başqa hansı
tarixi qaynaqlarda öz əksini tapmışdır?
– Əzizə Cəfərzadə Azərbaycanın ən gözəl yazıçılarından biridir,
öz dövrünə və biliklərə əsasən həmin kitabı yazıb. Zamanında çox
oxunan əsərlərdən biri olub və indiki dövrün informativ
imkanlarından çıxış edib əsərə hər hansı şəkildə irad bildirmək
bizim naqisliyimiz olardı. Ümumiyyətlə, tarixi romanlardan və
filmlərdən öyrənmək yanlışdır. Ancaq bu filmlərin və romanların
tarixə maraq oyatması yaxşı haldır. Buna görə də Əzizə Cəfərzadə də
daxil, bütün tarixi roman müəlliflərini sayğı ilə anıram. Əzizə
xanımın həmin kitabı səhv etmirəmsə 1981-ci ildə çap olunub. Oqtay
Əfəndiyevin "16-cı əsrin əvvəllərində Azərbaycan Səfəvilər
Dövlətinin yaranması" kitabı isə ondan 20 il öncə işıq üzü görüb.
Ayrıca Yaqub Mahmudovun və Zabil Bayramovun da bu mövzuda çox
dəyərli tədqiqatları var. Zülfiyyə Vəliyeva və Bilal Dədəyev kimi
gənc alimlərin maraqlı tədqiqatları var. Artıq Türkiyə də, Avropa
da Oqtay Əfəndiyevin "Azərbaycan Səfəvilər Dövləti" termini önə
çıxır.
– Taleh bəy, Şah İsmayıl türk dilini ədəbi əsər yazacaq
səviyyədə bilirdimi? Axı o, 3-14 yaş arası türk olmayan bir
mühitdə- Gilanda yaşamışdı. Dili bu yaşlarda öyrənmək
mümkündürmü?
– Dirili Aşıq Qurbaninin sözləridir:
Bu dünyada bir haqq divan,
O dünyada cənnət-məkan.
Qoy var olsun, türki zəban,
Şah Xətai, Şah Xətai!
Şah İsmayıl müasiri olan Qurbaninin bu misralarından sonra
əslində çox sözə ehtiyac yoxdur. Şah İsmayılın türkcə şeir yazması
və türkcə yazmağa meyilli olması barədə qaynaqlarda yetərincə
məlumat var. Şah İsmayıl təxminən bir yaşında anası ilə birlikdə
İstəxr qalasında məhbus edilmiş, beş il orada qalmışdı. Gilanda isə
altı il yarım yaşamışdı. Karkiya Mirzə Əli ona ərəb və fars dilləri
öyrətmək üçün Şəmsəddin Lahicini müəllim təyin etmişdi. Şah
İsmayılın İstəxr qalasında da, Gilanda da gündəlik danışıq dili
türkcəydi. İstəxrdə Ağqoyunlu Uzun Həsənin qızı yanında idi,
Gilanda isə Hüseyn bəy Şamlı qoruyucusu və tərbiyəçisi idi. Türkcə
danışmaq üçün ətrafında kifayət qədər adam- müridləri, onların
ailələri vardı.
– Xətai bir şeirində yazır ki, Əli olmasaydı, bütün
peyğəmbərlər cəhənnəmə gedərdi. O, nə üçün belə düşünürdü?
Peyğəmbərlər hansı cinayəti işləmişdilər? Cinayətkar olmuşlarsa da
Əli niyə onlara xilas etməli idi?
"Ol Əlisən kim, qamu peyğəmbərə sənsən şəfi,
Cümlə bu ümmidilənqapuna gələr xasüam"
– Xətainin bu şeirindən peyğəmbərlərin cəhənnəmə gedə biləcəyi
nəticəsini çıxarmaq mümkün deyil. İslam inancına görə Məhəmməd
peyğəmbərin yeri cənnətdir, hətta cənnətin ən yaxşı, ən mənzərəli
hissəsidir. Dini baxımdan bu məsələ dartışılmazdır. Səfəvi
təriqətinin inanc sistemindən baxsaq, Ərdəbil sufiləri heç zaman
Həzrət Əlini peyğəmbərlə eyni səviyyəyə qoymayıb, ondan üstün
tutmayıb, Allahla eyniləşdirməyib. İslamda "Əlallahılar" deyilən
bir zümrə var, bu mövqedən onlar çıxış ediblər. Hətta deyiblər ki,
Allah vəhyi əslində Əliyə göndərmişdi, Cəbrayıl tapşırığı səhv
yerinə yetirib. Ancaq bu zümrənin Səfəvilərə heç bir dəxili yoxdur
və hakimiyyət zamanlarında Səfəvilər onlara qarşı sərt mövqe
tutub.
Sizin söylədiyiniz beytin anlamı isə budur ki, bir çox türk
təriqətlərində olduğu kimi, Səfəvi mürşüdlərinin sofistikasında Əli
"qapı" hesab edilirdi. Bu da Məhəmməd peyğəmbərin hədis kimi qeydə
alınan bir kəlamına əsaslanırdı. Quranda "evlərinizə qapıdan girin"
deyə bir ayə də var. Bütün peyğəmbərlər də həm öz evlərinə, həm də
Tanrı evlərinə qapıdan girməli olduğu və girdikləri üçün Əli
onların "şəfisi" kimi təqdim edilib. Çünki qapıdan girməzlərsə,
ayəni pozar, günaha batar və ilahi qəzəbə tuş gələrlər. Sufizmin,
xüsusən türk sufizminin gözəlliyi, cəlbediciliyi də elə bundadır
ki, qatı ehkamlardan uzaqdır və zehni gəzişmələr edir. Bu məsələni
açan "şathiyyat" adlı bir termin də var. Təriqətçilərlə
şəriətçilərin arasındakı ixtilaflardan birini ehtiva edir. Yəni,
sufilərin zahirən dinə zidd, peyğəmbərə istehza, Allaha şirk kimi
səslənən sözləri, əslində, batində belə anlamda deyil.
– Taleh bəy, Şah İsmayılın fars dilini yüksəltməsini nə
ilə izah edirsiniz?
– İspanlar Amerika qitəsindəki And dağlarının ətrafını ələ
keçirəndə yerli xalqlar "quipu" adlı bir yazıdan istifadə edirdi.
Bu, bizim anladığımız qaydada yazı deyildi, iplərə düyün vurur,
bununla mühasibatlıq işləri aparırdılar. Amma dəqiqlik o dərəcədə
idi ki, ispanlar orada qurduqları dövlətdə vergi mühasibatını
"quipu"dan yararlanaraq aparmağa başladılar. Özləri bu yazıdan
istifadə edə bilmədiklərinə görə həmin işi yerlilərə tapşırdılar.
Amma tezliklə sorun çıxdı. Yazı və hesablamanı əlində tutan
yerlilər məhz bu amilin sayəsində ispanları sıradan çıxarmaq
həddinə gəldilər. Eyni problemlə Azərbaycan, Anadolu, Xorasan və bu
kimi bölgələri əhatə edən bəlli regionda üzləşməyən heç bir türk
xanədanı olmayıb. Osmanlı bir qədər fərqləndi ona görə ki, paytaxtı
İstanbula daşıyandan sonra Bizans ənənəsinin üzərində bərqərar
oldu. Amma Osmanlı sarayında fars dilinin rolu nə qədər idisə Şah
İsmayılın sarayında da elə o qədər idi. Yəni, daha çox ədəbiyyat
dili idi.
Saray dili türkcə idi, imperator türkcə danışır, divan türkcə
keçirilirdi. Bir sıra fərmanlar və məktublar məqsədinə görə,
farsca, yaxud başqa bir dildə yazıla bilərdi. Ancaq dövlətin sahibi
ordu, ordunun sahibi türklər idi. Türklər isə farslara "taçik"
deyir və onları dövlət təşkilatının bel sütunu olan ordudan kənarda
saxlayırdılar. Hətta Məhəmməd Xudabəndə zamanında məşhur vəzir
Mirzə Salman hərbi əməliyyata qatılmış və hərbi işlərə burun
soxmağının bədəlini canı ilə ödəmişdi. Ümumiyyətlə, tarixdən az-çox
məlumatı olan adamlar bilir ki, Şah İsmayıl dövründə farsların
Səfəvi sarayındakı imtiyazları və rolu onların Səlçuqlu sarayındakı
mövqeyindən qat-qat az, məhdud idi.
– Füzuli Şah İsmayıla həsr etdiyi "Bəngübadə"ə poemasına
yazıb:
"Ol ki, başlar zamanda bəzmi-fərağ,
Padşahlar başından eylərəyaq"
Bu misralarda Füzuli Şah İsmayılın Şeybani xanın başını
kəsib qafasından şarab qədəhi düzəltməsinə işarə
etməyibmi?
– Doğrusu, hazırda "Bəngü-badə"nin süjetini tam olaraq
xatırlamıram, ona görə də bu alleqorik poemanın konteksindən
çıxarılmış misraları yorumlamaq istəmirəm. Məhəmməd Füzuli kimi
Azərbaycan və Şərq poeziyasının ən önəmli simalarından birinin Şah
İsmayıla, onun şahzadələrinə şeirlər ithaf etməsi yox, etməməsi
təəccüblü olardı. Çünki Məhəmməd Füzulini yüksəldən dalğa ilə Şah
İsmayılı yüksəldən dalğa istər türklük, istərsə də təsəffüv
baxımından eyni idi.
Şah İsmayılla Şeybani xan arasındakı mücadilənin əsl səbəbi Şah
İsmayılla Sultan Səlimin, Sultan Səlimlə Şeybani xanın arasındakı
qovğalarla üst-üstə düşür. Şeybani xanın məğlubiyyətindən sonra
onun kəllə skeletinə qızıl çəkilərək badə düzəldilməsi, həmin
badədən isə Şah İsmayılın şərab içməsi İskəndər bəy Münşi
tərəfindən də yazılıb, mən ordan oxumuşam. Bu fakt mənim Şah
İsmayıla münasibətimə heç bir təsir göstərmir. Çünki mənim
mənimsədiyim 21-ci əsrin humanist baxışlarının ortaya çıxması üçün
Şah İsmayıldan sonra 500 il keçib.
– İddia olunur ki, bu dövrdə Osmanlı islam dünyasının
təmsilçisi idi, Səfəvilər dövlətinin ideologiyası isə islam
dünyasını parçalayırdı. Osmanlılarla Səfəvilər arasında müharibə
məhz bu səbəbdən baş vermişdir. Bu fikrə münasibətiniz
necədir?
– Münasibətim çox pisdir. Fikrin arxasında xilafət zehniyyəti
dayanır. 1517-ci ildə Sultan Səlim Misiri türk məmlük sultanlarının
əlindən almış və onlara bağlı olan Abbasi xəlifəsini özü ilə
İstanbula gətirmişdi. Zatən moğolların Bağdada 1258-ci il
hücumundan sonra Abbasilərin elə bir çəkisi qalmamışdı, bu dəfə
türk məmlüklərin qoltuğunun altına girmişdilər. Sonra III
Mütəvəkkil İstanbulda öldü, Sultan Səlim xəlifə yetkilərini üzərinə
götürdü. Bu olay hər şeyi aydın edir. Əvvəla, Osmanlılarla
Səfəvilər arasında ən qanlı savaş- Çaldıran döyüşü 1514-cü ildə,
yəni Sultan Səlimin xəlifə olmasından qabaq baş vermişdi. Həmin
dövrdə Məhəmməd peyğəmbərin qurduğu islam dövlətinin rəsmi xəlifəsi
və sözdə təmsilçisi Abbasilərdən idi. Nə Səfəvilərin, nə də
Osmanlıların belə bir yetkisi yox idi.
Digər yandan, məsələ sünni-şiə problemi də deyildi. Məmlüklər
türk və sünni idilər. O zaman Sultan Səlim onların üstünə niyə
gedirdi? Belədə niyə deyilmir ki, islam dünyasını Sultan Səlim
parçalayırdı? Əgər belə deyilmiş olsaydı, bu da yanlış olacaqdı.
Çünki məsələ kimin hansı ideologiya daşıyıcısı olmasında deyil,
kimin nə qədər ərazidə iqtidar sahibi olması və nə qədər güclü
dövlətin başında durması idi. Sultan Səlimin Səfəvilərlə
probleminin əsasında o dayanırdı ki, Anadolu türkləri axın-axın
Qızılbaşlığı qəbul edirdilər. Bu isə Anadolunun tamamının tezliklə
Səfəvilərin ixtiyarına keçmə ehtimalını yaradırdı.
Tarixdə elə bir mərhələ, elə bir dövlət və hökmdar olmayıb ki,
Anadoluya hakim olsun, amma İstanbulu ələ keçirmək istəməsin. Yəni,
Anadolunun tamamilə Səfəvilərin əlinə keçməsi bir sonrakı addımda
İstanbulun mühasirəyə alınması və tutulması demək idi. Sultan Səlim
təbii olaraq Şah İsmayılın bu şansı yaxalamasını istəmədi və
çeşidli provokasiyalarla onu vaxtından qabaq döyüşə sövq etdi.
Sultan Səlim taxt qovğasında atası ilə döyüşmüş, doğma qardaşlarına
qıymış adamdı. Bunu Sultan Səlimə ittiham olaraq söyləmirəm. Onu
anlatmaq istəyirəm ki, oğulun ataya, qardaşın-qardaşa qılınc
çəkdiyi bir çağda Çaldıran savaşına poetik ovqatda yanaşmaq
yersizdir. Burada tərəflərdən hansınısa fitnəkarlıqda suçlamaq
absurddur.
– Bəs Şah İsmayıl Əbubəkirə, Ömərə, Aişəyə lənət
oxutdurması müsəlmanları rahatsız etmirdimi?
– Hansı müsəlmanları? Şah İsmayıl siyasi iddia ilə ortaya
çıxanda hər dərədə bir müsəlman dövləti, bəyliyi vardı. O dövlətlər
arasında və içərisində o qədər daxili çəkişmələr vardı ki,
Əbubəkirə, Ömərə, Osmana, Aişəyə lənət oxunub-oxunmaması sadə
əhalinin heysiyyatına az təsir edirdi. Bir də məgər Şah İsmayıl və
onun xanədanı, əyanları, təbəələri müsəlman deyildi? Birdəfəlik
yadda saxlamaq lazımdır ki, Əbubəkrin, Ömərin, Osmanın və Aişənin
lənətlənməsini bir ənənə olaraq nə Şah İsmayıl, nə də Səfəvilər
yaradıb. Bu məsələnin heç farslara da dəxili yoxdur. Əməvilər
dövründə Həzrət Əli və varisləri- "Əhli Beyt" lənətlənirdi,
imamların tərəfdarları da qarşılığında onlara eyni mahiyyətdə cavab
verirdilər. Bu məsələnin kökü çox dərinlərə- Aişə ilə Hz. Əli
arasındakı düşmənçiliyə, "Cemeldöyüşü"nə gedib çıxır.
Səfəvilər üçünsə onların lənətlənməsi ilk növbədə siyasi məsələ
idi. "Biz" və "onlar" ayırımını yapmayan heç bir dövlət, imperiya
ola bilməz. Onları lənətləmək və Həzrət Əliyə, imamlara sahib
çıxmaqla "məzlumların müdafiəçisi" statusuna yiyələnirdilər. İmam
Hüseynin Kərbaladakı müsibətindən sonra şiəlik siyasi baxımdan
"haqqın və məzlumun yanında olmaq" etiqadı sayılırdı. Strateji
hədəf isə Məkkə və Mədinəni ələ keçirmək, Abbasi xilafətinə son
vermək idi. Şah İsmayıl bu məqsədə Şeybaniləri bitirəndən dərhal
sonra çatmaq istəyirdi, lakin Osmanlıların dinc
durmayacağınıbildiyindən məmlükləri müvəqqəti dövr üçün öz tərəfinə
çəkmək istəyirdi.
– Şah İsmayıl hakimiyyəti ələ keçirmək üçün türkləri
bir-birindən ayırıb, şiəliyi dövlət ideologiyasına çevirib...
Sizcə, bu kimi fikirlərin müəllifinin məqsədi nə ola
bilər?
– Azərbaycanda mütəmadi olaraq bu cür cəfəng fikirlərlə çıxış
edən iki nəfər var. Biri GüntayGəncalpdır, biri də Fazil Mustafa!
Hər ikisi yarımalim və yarıməlumdurlar. Etikam sonuncu sözü daha
çox oynatmağa imkan vermir. Bu adamların Azərbaycanın və Türk
dünyasının tarixi şəxsiyyətlərinə qarşı tutumunun arxasındakı əsl
məqsədlər və qüvvələr hələ tam üzdə deyil.
Konkret olaraq, Fazil Mustafanın Azərbaycanda tarixən
formalaşmış dini münasibətlər balansını pozmaq cəhdinin arxasında
türk, hətta Osmanlı məfkurəsi dayanmır. İlk növbədə ona görə ki,
"türk ruhlu islam" (hər nə qədər qüsurlu olsa da, öz ifadəsi ilə
deyirəm) elə qızılbaşlıqdır. Həmçinin Osmanlı sultanlarının heç də
hamısı eyni etiqadda və islama eyni dərəcədə bağlı olmayıblar.
Osmanlı sarayında da, Səfəvi sarayında da həmişə şərabın ən əlası
içilib. Fateh Mehmet, İldırım Bəyazid, Sultan Səlim, III Murad
qəşəng içən olublar. Gəncliyində Sultan Süleyman da içib, daha
sonra içkini yasaqlayıb. Eynilə Şah Təhmasib tövbə edərək içkiyə
qarşı sərt mövqe tutub.
Səfəvi və Osmanlı sultanları Həcc ziyarətinə getmirdilər. Fateh
Mehmet Bayrami, İkinci Bəyazid Mevləvi, Sultan Səlim Zeyniyyə
ocağına bağlı idi. Ümumiyyətlə, Osmanlı padşahlarının mənsub olduğu
təriqətlər arasında Xəlvətilik, Nəqşilik və Mevləvilik cərəyanları
daha üstün olub. Şah İsmayılın bu məsələdə fərqi odur ki, o birbaşa
öz atalarının qurduğu sufi ocağına bağlı idi və həmin
təkkəninmürşüd-i-kamili idi. Az öncə yuxarıda adını çəkdiyim
bayramiliyin çıxış nöqtəsi birbaşa Səfəvi ocağı idi. Bayramiliyin
qurucusu Hacı Bayram Vəlinin ustadı Şeyx Həmid- Somuncu xoca Şeyx
Səfi ocağında şagird olmuş, on illərlə Ərdəbildə yaşamışdı. Daha
sonra Anadoluda ilk Səfəvi pirlərinin propoqandasını yürütmüşdü.
Hacı Bayram Vəlinin şagirdi isə Sultan Mehmet Fatehin müəllimi və
İstanbul yürüşünün mənəvi qılavuzuAğşəmsəddin idi. Bayramilik
Səfəvi təriqətinin bir filialı kimi ortaya çıxmış, xəlvətilik və
nəqşibəndilik kimi cərəyanların da baxışlarını öz doktrinasına
qatmışdı. Bütün bunları nəzərə alaraq qətiyyətlə demək olar ki,
Sultan Mehmet Fateh inanc baxımından Səfəvi konfessiyasının
yetirməsi idi.
Qısası, "türk ruhlu islamın" təşəkkül forması, ha şiə olsun, ha
sünni, sufi təriqətləri idi. Amma Fazil Mustafadan soruşsanız
deyəcək ki, mən məzhəb, təriqət qəbul eləmirəm, istinadım ancaq
Qurandır. Onun avantürizmi da elə burda üzə çıxır. Məgər Fazil
Mustafa Quranı orijinal variantda oxuya bilir? Sən ərəbcə
yazıb-oxuya bilmirsənsə, istinadın ancaq Quran ola bilməz. Bu
avantüranın məğzini ortaya çıxarmaq üçün efirdən Fazil Mustafanın
ərəblərin zamanında Azərbaycanı işğal yox, fəth etdiyini
söylədiyini xatırlamaq yetərlidir. Terminologiya hər şeyi ortaya
qoyur. Bu əməviçilikdir. Əgər sən öz tarixi coğrafiyanın işğal yox,
fəth edildiyini düşünür və buna haqq qazandırır, öyürsənsə deməli,
köləsən. Ona görə də Fazil Mustafa "bir gün bəy kimi yaşamaq qırx
il qul kimi yaşamaqdan yeydir" deyən Babəki həzm edə bilmir, onun
azadlıq anlayışına, Səfəvilərin dövlətləşmə sürəcinə qarşı
çıxır.
Bizim sosial təkamül "mem"lərimizin əsasında Babəkin azadlıq,
Şah İsmayılın dövlətçilik anlayışı, xürrəmilik- qızılbaşlıq tandemi
dayanır. İndi Fazil Mustafa deyir ki, Səfəvilər-Azərbaycanın
xəstəlik tarixçəsidir. Mən də cavab verirəm ki, Səfəvilik xəstəlik
tarixçəsi deyil, xalqımızın imperial arxa fonu- "backround"dur, sən
get Babəkə, Şah İsmayıla, Atatürkə, hətta səni cavan yaşında yüksək
pilləyə qaldırmış Elçibəyə münasibətdə verdiyin allergiyanın
səbəblərini araşdır.
– Taleh bəy, Səfəvilər nədən süqut etdi?
– Bu suala hərə bir cür cavab verir. Rəhimə Dadaşovanın
Səfəvilərin son zamanları ilə bağlı çox maraqlı tədqiqatı var. O
araşdırma ilə tanış olanda mənzərə göz önünə sərilir. Ümumi
konteksdə bu süqutu Çaldıran döyüşünə bağlayırlar. Ancaq bu
populist yanaşmadır. Çünki imperiyalar elə ona görə imperiyadır ki,
ən ağır zədələr qarşısında da özünü qoruya və ayağa qalxa bilir.
Səfəvilərin daxili baxımdan tənəzzülə aparan gen deqredasiyası idi.
Bu deqredasiyaya ikinci İsmayıl səbəb oldu. Şah Təhmasib vəfat
edəndən- hərçənd mən onun təbii əcəllə öldüyünə inanmıram- sonra
xanədan boyu olan Şeyxavəndlər və Ustaclılar Şahzadə Heydəri,
hərəmxana, sufilər və türkmənlər ikinci İsmayılı müdafiə edirdi.
Nəticədə Şahzadə Heydər öldürüldü, ikinci İsmayıl isə taxta
çıxandan sonra bütün təcrübəsinə rəğmən qalada saxlandığı günlərin
əvəzini eyş-işrətlə çıxmağa üstünlük verdi.
Əvvəlcə, bütün şahzadələri qətl etdirdi, daha sonra özü
öldürüldü. Qısacası, Şahzadə Heydər də, ikinci İsmayıl da vəliəhd
kimi səhv seçim idi. Doğru seçim İskəndər bəy Münşinin kitabında
işarə etdiyi kimi Şahzadə Mustafa idi. ŞahzadəMustaf ikinci İsmayıl
kimi soyun kökünü kəsməyəcək, Məhəmməd Xudabəndə kimi
olub-bitənlərdən xəbərsiz qalmayacaq, Səfəvilərin dəniz donanmasını
yarada biləcək dövlətçi fiqur idi. Səfəvilərin çökməsinin digər
əsas səbəbi budur ki, dəniz nəqliyyatının genişlənməsi ilə "İpək
yolu" sıradan çıxdı. Şiəlik bu məsələdə önəmli rol oynamır. Əgər
Səfəvilər sünni olsaydı belə, bircə bu amil xaric dəyişməyən
şərtlər altında aqibət yenə eyni olacaqdı. Eyni zamanda, heç kim
bir orta çağ dövlətinə "sən ideologiyandan əl çəkməli idin" də deyə
bilməz, bunu deyən xəstədir. Çünki orta çağda dini özünə ideologiya
eləməmiş hər hansı dövlət yoxdur. Sekulyarizm çox-çox sonralar
meydana çıxıb.
– Sizcə, Səfəvilər, daha sonrakı dövrdə isə Qacarların
dövlət olaraq farslaşmasının arxasında nə dayanır?
– Qacarlarla Səfəviləri müqayisə etmək doğru olmaz! Çünki
Səfəvilər dönəminin başlanğıcında farslar imtiyaz və mövqe sahibi
deyildilər. Bürokratiyanın farslaşdığı, ordunun türklərin əlindən
çıxıb muzdluların ixtiyarına verildiyi, türk dilinin sarayda
sıxışdırıldığıdönəmdə belə onlar türklərlə eyni status
qazanmadılar. Qacarlar dövründə isə Rəsulzadənin yazdığı kimi,
baxmayaraq ki, xanədan türk idi, amma farslar toplumda türklərə
eyni statusda, bürokratiyada isə daha üstün idilər. Bu günkü İran
İslam Respublikası şiə ideologiyasına, fars üstünlüyünə, hər
ikisini birləşdirən sistemin onurğası isə seyidlik institutuna
dayanır.
Seyidlər Səfəvilərin ilk dövründə nəzir-niyazla könlü alınan,
hörmət edilən, amma məsafədə saxlanan təbəqə idi. Hətta Şah
Təhmasib onları saraydan qovmuşdu da. Şah İsmayıl və Şah Təhmasib
dövründə Şeyx Səfi ocağının sufiləri ayrıca bir təbəqə idi, onları
Kamili-Mürşüd sayılan Şahın adından xəlifə koordinasiya idi.
Sufilər seyidlərdən daha təsirli idilər, hansı ki, ikinci İsmayılın
taxta çıxmasında da əsas rolu onlar oynadılar. Ancaq elə bu
güclərinə görə də dağıdılar və seyidlər getdikcə önə çıxdılar,
hətta ali şəcərəyə də müdaxilə etdilər.
Zira, bu seyidləşmə də özü-özlüyündə toplumsal baxımdan fars
üstünlüyü yaratmırdı. Mənim fikrimcə, Səfəvilərin də, Qacarların da
farslaşmasının tarixi əsasında paytaxtın dəyişməsi dayanır.
Hakimiyyət kimin əhatəsindədir? Bu çox mühüm sualdır ona görə ki,
həm verilən qərarlar əsas auditoriya olaraq paytaxt əhalisinə xitab
edir, həm də əsas təhdid onlardan gəlir. Bu, monarxiyalarda da
belədir, respublikalarda da. Paytaxt Təbrizdə və Qəzvində olduğu
zaman siyasi farslaşma mümkün deyildi. Paytaxt İsfahana daşınınca
buna ilk münbit şərait yarandı, çünki dövlətin üst qurumu
Azərbaycan mədəni arealını tərk elədi. Qacarların əfşarlardan daha
uzun müddət hakimiyyətdə qalmasının səbəbi isə odur ki, Qacarlar
Təbrizi "vəliəhdlərin taxtı" etməklə həmin arealdan tam
qopmamışdılar. Amma fakt budur ki, Səfəvilərdən sonra tarixə
Əfşarlar, Əfşarlardan sonra Qacarlar çıxdı. Yəni Səfəvilər
özlərindən sonra tarixə fars dövləti vermədilər. Özləri kimi iki
türk xanədanı verdilər. Kimdən nə törəməsi dövlətçilik baxımından
da mühümdür.
– Bəs Nadir şahın Tehranı paytaxt eləməsi necə, eyni
nəticəyə gətirib çıxarmadımı?
– Əslində, Şah Abbasın paytaxtı İsfəhana, Nadir Şahın Tehrana
köçürməsinin strateji hədəfləri aydındır və strateji hədəf kimi
doğrudur. Bu addımlar Azərbaycan mədəni arealının genişləndirməyə
də xidmət edə bilərdi. Ancaq bu cür olmadı. Niyə? Ona görə ki, biz
bayaqdan Səfəvilərdən, Osmanlılardan, Əfşarlardan, Qacarlardan,
İrandan danışırıq, amma Turandan yox. Son yüz illərdə Turandan
axının dayanması belə bir nəticə ortaya çıxardı. Hazırda
Türkmənistanda nə qədər əhali var?
– Təxminən, 5 milyon olarmı?
– Aşağı-yuxarı elədir. Bir anlıq fərz edək ki, Oğuz Birlyi
yaratmaq istəyirik, bütün şərtlər lehimizədir, sadəcə Tehranda və
İsfahanda demoqrafik şərtləri azacıq dəyişmək lazım. Tehransız və
İsfahansız Oğuz Birliyi də yaratmaq mümkün deyil, çünki hər ikisi
tranzit ərazilərdədir. Türkmənistan 5 milyon adamla bu prosesi
dəstəkləyə bilməz axı... Odur ki, tarixə not düşsün deyə deyirəm,
əgər bu ölkədə kimsə strateji düşünürsə və ya düşünmək istəyirsə,
gözlərini Çindən, Çindəki türklərdən çəkməsin. Çin qazanının qapağı
onsuz da bir gün mütləq qalxacaq. O qapaq qalxanda Səfəvilərin
bizim strategiyamız baxımından nə qədər lazımlı tarixi resurs
olduğunu hər kəs görəcək.
– Taleh bəy, son bir sualla söhbətimizi yekunlaşdıraq.
Səfəvilərin milli dövlət olduğunu göstərən əsas faktlar
hansılardır?
– Səfəvilər qurulanda dünyanın siyasi xəritəsində heç bir "milli
dövlət" yox idi və ola da bilməzdi. Çünki millətləşmə və ulus
dövlətlərin formalaşması Avropadakı sənaye inqilabından sonrakı
dövrə aiddir.
– Bəs Şah İsmayılı bizə sevdirən nədir?
– Şah İsmayılı bizə sevdirən odur ki, Arazın hər iki sahilini,
yəni bugünkü Azərbaycan Respublikasını, bugünkü Ermənistandakı
tarixi torpaqlarımızı və Güney Azərbaycanı əhatə edən, Anadoluya
uzanan, hələ Babək zamanında formalaşdığını söylədiyimiz mədəni
arealda Azərbaycan məfhumuna və türk kimliyinə dayanan dövlət
qurub. Səlcuqlular, Qaraqoyunlular və Ağqoyunlulardan fərqli olaraq
Səfəvilər "Azərbaycan" anlayışı üzərində, Arazın hər iki sahilini
tam əhatə edən şəkildə dövlət qurublar və onu imperiyaya
çeviriblər. Azərbaycanı öz gorxanaları sayırdılar. Şah İsmayılın
"Sizə Gülüstan qalası lazımdır, yoxsa Azərbaycan taxtı" sualı bunun
əyani sübutudur. Bu dövlətin qurucuları olan tayfalar birmənalı
olaraq bizim atalarımızdır, Azərbaycan xalqının etnogenizində
iştirak edən və aparıcı yer tutan boylardır. Biz ayrıca bir millət
olaraq formalaşmışıq və bu millətin coğrafiyası Azərbaycandır -
bizim tarixi "depomuz" Səfəvilərdir. "Bütöv Azərbaycan" adlı qatar
relslərin üzərinə o depodan çıxıb və müxtəlif stansiyalardan
keçərək demokratik hədəflərinə şütüyür. Odur ki, biz canımızla,
qanımızla, ruhumuzla, şüurumuz və təhtəlşüurumuzla Səfəviyik, Şah
Xətayiyik!