"Gündəlik Teleqraf" qəzeti 8 Mart buraxılışı üçün qadın millət
vəkili Qənirə Paşayevadan "Brifinq" layihəsi çərçivəsində müsahibə
alıb. "Axar.az" həmin müsahibəni təqdim edir.
"Atam qız övladlarına daha çox diqqət
yetirərdi"
- Nərgiz Ehlamqızı ("Gündəlik Teleqraf"ın müxbiri):
Martın 7-si doğum gününüzdür. Ad gününə münasibətiniz necədir,
fərqli bir doğum günü modeliniz varmı?
- Dünyaya gəldiyim günə adi təqvimlərdən biri kimi baxıram.
Təbii ki, ailəm və yaxınlarım üçün bu günün özəlliyi olmamış deyil.
Amma mən özüm onu xüsusi şəkildə qeyd etməyi xoşlamıram. Uşaq
olanda atam qız övladlarına daha çox diqqət yetirərdi. Lap onda da
bu mərasimi ailə daxilində, yaxınlarla qeyd edirdik. İndi də fərqli
bir şey yoxdur - ailə üzvlərimiz, dostlarımız evə gəlir, toplanıb
söhbətləşirik...
Hesab edirəm ki, doğum günlərini toy mərasimi formasına çevirib
qonaq dəvət etmək düz deyil. Hərçənd yuvarlaq rəqəmdirsə,
insanların yubiley keçirməsini normal qəbul etmək olar. Özüm isə
doğum günlərində həmişə işdə oluram. Ad günü mərasiminə 8 Mart
axşamı toplaşacağıq. Həm ad günümü, həm də bayramı qeyd
edəcəyik.
- N.Ehlamqızı: Aktiv millət vəkilisiniz. Sosial
şəbəkələrdə Sizin bu fəallığınız, işgüzar səfərləriniz tez-tez
diqqətə çıxarılır, hətta müzakirə obyekti də olur. Mətbuat
xidmətiniz Bakıdakı tədbirdən məlumat yayır, bir neçə saat sonra
məlum olur ki, artıq Türkiyədəsiniz. Bu qədər enerjini hardan
alırsınız?
- Böyüdüyüm ailədə zamandan istifadə anlayışına erkən dövrdən
ciddi yanaşmışıq. Həmin vərdişlə davam edirəm. Axşamdan görəcəyim
işləri saatlarla, dəqiqələrlə dəftərə qeyd edirəm. Bir növ plan
tuturam. Sonra da işləri gördükcə, bir-bir üstündən xətt çəkirəm.
Zamandan yararlı istifadə etməyi uşaqlıqdan bizə öyrədiblər. Hər
bir insanın həyat fəlsəfəsi olur. Müəyyən düşüncə və təfəkkür
çərçivəsində hərəkət edir. "Bu həyatdan nə istəyirəm? Niyə varam?"
Necə gedəcəyəm? Mənim həyat fəlsəfəm bu üç suala cavabdan
ibarətdir. Mənimçün insanların ən faydalısı insanlar üçün faydalı
olanıdır. "Daha nə edə bilərəm" sualına ciddi önəm verirəm.
Həyatımı maraqla yaşamağı sevən insanam, rəngsiz və boş yox... Bir
günü əvvəlki gün kimi yaşamaq istəmirəm. Daha fərqli işlərlə məşğul
olmağı üstün tuturam, boşluq anlayışı mənlik deyil. Bəzən mənə
deyirlər ki, gedək 1 həftə istirahət edək. Soruşuram ki, nə
edəcəyik? Deyirlər ki, gəzib dincələcəyik. Mənimçünsə dincəlmək
anlayışının ayrıca əhəmiyyəti yoxdur...
- Nərmin Muradova ("Gündəlik Teleqraf"ın müxbiri): Bəs
yorğunluğunuzu necə çıxarırsız?
- İşlərimi dəyişərək dincəlirəm. Hər axşam ən azı 2 saat nəsə
oxumasam və yazmasam, yatmıram. Soruşurlar ki, yorulmursan?
Deyirəm, bəlkə də, bu dəyişikliklər məni yorulmaqdan xilas edir.
Eyni işlə məşğul olsam, ola bilsin, tez yorulardım. Yazmağın da
mənə faydası çox dəyir. Nəyisə yazmaqla gərginliyi atıram. Hər bir
kəsin fərqli dünyası olur. Macal eləyib həmin dünyaya daxil olursan
və bununla dincini çıxarırsan. Mənim də belə bir daxili qrafikim
var. Əlbəttə, həftə sonları ailə üzvlərimə ayrıca zaman sərf
eləyirəm, görüşüb söhbətləşirik.
- N.Muradova: Teatra gedirsiniz?
- Gedirəm.
"Xarici ölkələrdə opera tamaşalarına
gedirəm"
- N.Muradova: Öz istəyinizlə, yoxsa dəvət
edəndə?
- Xarici ölkələrdə opera tamaşalarına gedirəm. Yaxud hansısa
rəssamın sərgisinə baş çəkirəm. Məsələn, dahi rəssam Salvador Dali
məktəbini çox sevirəm. Hollandiyaya gedirəmsə, sevdiyim rəssamların
muzeyini ziyarət edirəm. Nyu-Yorkda xoşladığım müzikallar üçün vaxt
tapıram. Oteldə yatıb qalmaqdansa, yaxud şoppinqə vaxt sərf
eləməkdənsə, belə sənət və mədəniyyət tədbirlərinə qatılıram.
Azərbaycanda maraqlı əsər tamaşaya qoyulanda teatra gedirəm.
Kitabları seçərək oxuyuram, çünki hər əsərə vaxt ayırsan, çatdıra
bilməzsən.
- Qurban Yaquboğlu ("Gündəlik Teleqraf"ın redaktoru):
Azərbaycan dilindən başqa hansı dilləri bilirsiniz?
- Mən Tibb Universitetini bitirmişəm, bizdə xarici dil olaraq
fransız dili tədris olunurdu. Daha sonra bu dili təkmilləşdirmədim.
Bir ara müəllim tutdum, amma zaman olmadığı üçün inkişaf etdirmək
imkanım olmadı. İngilis dilini sıfırdan başlayıb öyrəndim.
Jurnalist fəaliyyətim dövründə xaricə səfərlərə gedəndə bu dilin
vacibliyini duydum. Hələ də ingilis dilinin üzərində işləyib
təkmilləşdirirəm. Rus dilini sovetlər dövründən müəyyən qədər
mənimsəmişəm. Bir ara ərəbcəni öyrənmək istədim.
"Misirdə böyük Azərbaycan arxivi ilə
rastlaşdım"
- Q.Yaquboğlu: Ərəbcəni niyə?
- Ərəb dili böyük bir coğrafiyanı əhatə edir. Mən İraqda,
Suriyada çalışmışam, Misirdə olmuşam. Bu dilin məkanı çox böyükdür.
Məni ərəbcəyə çəkən maraqlı məqamla Misirdə qarşılaşdım. Orada mənə
Azərbaycanın çox böyük arxivinin olduğunu dedilər. Məlum olduğu
kimi, İslamın gəlişi ilə elm paytaxtları Şərqdə inkişaf elədi,
Bağdad, Misir belə mərkəzlərə çevrildi. Bizim alim və mütəfəkkirlər
gedib orada çalışmalı oldular. Bu baxımdan Azərbaycan irsini
öyrənmək üçün ərəb dilini bilmək pis olmaz.
Ancaq ərəb dili çətindir, ona görə imtina etdim. Bu dövr bitsin,
bəlkə, həyatımızın növbəti dönəmində təkrar bu dilə qayıdıb davam
etdirəsi oldum. İngilis dili çox aktual olduğu üçün bütün gücümü
ona sərf etdim.
"Jurnalistikadan getmək asan deyildi"
- Dilqəm Əhməd ("Gündəlik Teleqraf"ın redaktoru): Şeir
yazmaq həvəsi Sizdə nə zaman yarandı? Şeirlərinizə mahnılar da
bəstələnib. Bir neçə kitabınız çap olunub... Adətən, şeirdən nəsrə
keçid baş verir. Roman yazmağı düşünürsünüzmü?
- Bu ənənə mühitdən gəlir. Bizim vaxtımızda orta məktəblərdə
yaxşı oxuyanları fərqləndirir, onlara iş tapşırır, birini sinif
nümayəndəsi, o birini komsomol katibi təyin edirdilər. Mən heç
zaman bu vəzifələri tutmamışam. Amma məktəbin divar qəzetinin baş
redaktoru idim. Hətta jurnalist kimi çalışanda da o divar
qəzetlərinin bəzilərini məktəbdən sökməmişdilər. Atam filoloq, əmim
ədəbiyyatçı idi. Ailədə ədəbiyyat havası vardı. Ailəmiz həm də
ədəbi məclislərin keçirildiyi yer idi. Ədəbiyyat və mədəniyyət
sahəsinin böyük şəxsiyyətləri bizim evimizə toplaşar, bəzən sübhə
qədər söhbət edər, müzakirə qurardılar. Mən belə mühitdə
böyümüşəm.
Uşaq vaxtı məktəbdə hansı peşənin sahibi olmaq istədiyimizi
soruşanda oğlanlar, adətən, hüquqşünas, qızlarsa həkim olmağa
üstünlük verərdilər. Mən isə jurnalist olacağımı deyərdim. Amma iş
elə gətirdi, jurnalistikaya birbaşa gəlmədim. Nənəm istəyib ki,
anam həkim olsun, ancaq o, həkimliyin dalınca getməyib. Buna görə
hər ikisi birləşib mənim həkim olmağımı istədilər. Hələ o vaxtlar
balaca hekayələr yazırdım. Başqa maraqlarım da vardı. Şahmat
yarışlarına gedirdim, zona yarışlarında qalib olduğumu
xatırlayıram. Dövlət televiziyasında "Bayatı" verilişinin aparıcısı
Aleksandr Qriç bizə qonaq gəlirdi. Rayonda oxuyurdum, Qriç deyirdi
ki, bu uşağı Bakıya aparmaq lazımdı, amma valideynlərim, xüsusən
anam razı olmurdu ki, burada da yaxşı təhsil verəcəyik...
Mən jurnalistikaya gələndə atam siyasi jurnalistikadan çox
publisistika ilə məşğul olmağımı istəyirdi. Ancaq dövrün tələbləri
vardı. Məni xəbər və siyasi jurnalistika cəlb edirdi. Bununla belə,
müəllif yazıları da yazır, onların bəzilərini ssenariyə çevirirdim.
ANS televiziyasında xəbərlərdən başqa cümhuriyyət dövrü ilə bağlı
arxivlərdə ən çox işləyənlərdən biri mən idim. Hər halda Dövlət
Arxiv İdarəsinin rəhbəri Ataxan Paşayev belə deyirdi. Cümhuriyyət
haqda "Apreldən əvvəl may", İraq hadisələri ilə bağlı "Gözdən iraq"
filmlərinin ssenarisini yazmışdım. Qondarma erməni soyqırımı ilə
bağlı Türkiyənin bölgələrini gəzdim, ona aid sənədli filmin
ssenarisini yazdım.
Jurnalistikadan getmək asan deyil. Hər bir yaradıcı insanın
içində daim yazmaq aclığı olur. İllərlə davamlı şəkildə, hər gün
nəsə yazırsansa, birdən-birə tamamilə ondan kənarda qalmaq mümkün
deyil. Kimsə mənə hansısa mövzuda yazmağı məcbur eləmir. Amma
yazmaq ehtiyacı duyuramsa, əl saxlamıram.
- D.Əhməd: "Brifinq"də qızlarımız da əyləşib, onlara
jurnalistikadan millət vəkilinə gedən yolun sirrindən bəhs
edərdiniz...
- Onun hansısa sirri yoxdur. Jurnalistikada çalışanda siyasətə
gəlməyi düşünmürdüm. Həyatda hər zaman bir prinsipim olub: harada
olursan ol, peşəkar ol, yaxşı və seçilən ol... Jurnalistikada heç
vaxt düşünməmişəm ki, burdan tramplin kimi istifadə edim. Hər hansı
sahədə çalışıramsa, demək, bu işin haqqını verməliyəm. Həmişə bunun
iddiasında olmuşam. Düşünürəm ki, insanın həyatı mərhələlərdən
ibarətdir. Gözləmədiyimiz hansısa məqamda həyatımızın dəyişmə
nöqtəsinə gəlirik. Ona görə qızlara bir tövsiyəm var: çalışdıqları
yerin ən yaxşılarından olsunlar, addım atmaq istəyəndə
qorxmasınlar.
Yadımdadır, millət vəkili seçkilərinə qatılanda dörd ay
kəndlərimizi ev-ev gəzdim. İndi oralara gedəndə hansı evdə kimin
yaşadığını bilirəm. Onda bəziləri yalan və boş sevdanın arxasınca
düşdüyümü deyirdi. Onlara belə cavab verirdim: mən nəyi itirirəm
ki? İtirəcəyim şey seçilməməyim ola bilər. Prosesin özündən çox şey
əldə etdim. Hər zaman hesab edirəm ki, insanın oxuduqları,
qazandığı təcrübə ona gələcək həyatında mütləq yardımçı olacaq. Bir
misal çəkəcəm. Əvvəllər anama deyirdim ki, gərək Tibb
Universitetinə daxil olmayaydım, çünki vaxt itkisi verdim. İllər
sonra fikrimi dəyişdim. Anladım ki, o sahədə əldə etdiyim biliklər
mənim qazancımdır. Qadınlarımızda çatışmayan cəhət özünəgüvən
hissidir. Tərəddüd hər zaman qadınlara mane olur. Ona görə bir
məsləhətim var: arzularınızın arxasınca gedin. Seçkilərə, siyasətə
gəlmək istəsəniz, qorxmayın.
- N.Ehlamqızı: 2015-cı ildə parlament seçkilərində
yenidən namizədliyinizi verəcəksiniz?
- Namizdəliyimi verib-verməyəcəyimi desəm, yalan danışmış
olaram. Deyir, Allahı əyləndirmək, güldürmək istəyirsənsə, ona
planlarından danış. Mən uzaq hədəfli planlar cızmıram. Bir
istiqamətdə getməyi düşünürəm, amma həyatın nəyi gətirəcəyini
bilmirəm. Bu, həyatdır... İki ildən sonra həyatda
olub-olamayacağımı indidən deməkdə çətinlik çəkirəm. 2015-ci ildə
əgər həyatda qalsam, şanslarımı, potensialımı dəyərləndirib, qərar
verəcəm.
"Xoşbəxtlik mənim üçün nisbi anlayışdır"
- Aynur Camalqızı ("Gündəlik Teleqraf"ın baş redaktoru):
Qənirə, xoşbəxtsən?
- Doğrusu, xoşbəxtlik mənim üçün nisbi anlayışdır. İnsanın
xoşbəxt anları da olur, özünü bədbəxt hiss etdiyi anlar da.
Bütövlükdə götürsək, özümü xoşbəxt hesab edə bilərəm. Niyə də yox?
Fikrimcə, insanın var olması böyük hadisədir. Görə, eşidə, duya
bilirəmsə, insanlar üçün kiçik də olsa, nədəsə faydalı ola
bilirəmsə, içimdə sevgi hissim varsa, niyə də xoşbəxt olmayım mən?!
Onu da deyim ki, dünyaya fiziki cəhətdən sağlam gəlmiş hər bir
insanın özünü xoşbəxt hiss etməli olduğunu düşünürəm.
"Yaxşı mənada qibtə hissi bəslədiyim insanlar
var"
- A.Camalqızı: Sənin üçün ideal qadın
varmı?
- Mən insanları ideallaşdırmıram. Öyrəndiyim insanlar var: kişi,
ya qadın, fərq etməz. İnsanlardan daim öyrənirəm. Axtardığım,
aradığım keyfiyyətlər mənim üçün insan keyfiyyətləridir, qadın,
kişi keyfiyyətləri deyil. Bu mənada öyrəndiyim insanlar, kitablar
həddindən artıq çoxdur. İnsanı ideallaşdırmadan ondan götürdüyüm
müsbət keyfiyyətlər çoxdur. Eyni zamanda pis mənada yox, yaxşı
mənada qibtə hissi bəslədiyim insanlar da var.
- D.Əhməd: Siz bir zamanlar kitabla bağlı fotosessiyalar
çəkdirirdiniz. Bu hansı hissdən yaranmışdı? Qadın millət vəkilləri
arasında bunu edən ilk Siz oldunuz. Necə qarşılandı?
- Bəzən qadınları qəlibə salır, sonra da elə təqdim edirlər ki,
sanki həyat yaranandan qadın bu qəlibdə olub. Axı, qadın niyə
çərçivədə olmalıdır? Üstəlik, belə qəliblər, çərçivələr,
məhdudiyyətlər dünyanın bir çox yerində yoxdur. Mən bunu bir dəfə
şairlərə demişdim. Dostlardan biri dedi ki, Azərbaycanda güclü
qadın şair olmayıb. Say baxımından mən onunla razılaşdım. Amma bu,
həmin qadınların istedad və potensial baxımdan kişidən əskik olması
deyil. Bu, zaman-zaman formalaşdırdığımız stereotiplərin
nəticəsidir ki, qadınlara güclü şair keyfiyyətlərini üzə çıxarmaq
imkan verilməyib. Niyə? Qadınlara öz duyğularını səmimi yazdıqları
zaman əxlaqsız adı qoyublar. Amma öz duyğularını gen-bol
şeirlərində əks eləyən kişilərə hamı normal yanaşıb.
Bu baxımdan hesab edirəm ki, baxışlarımızı dəyişməliyik.
Qadınlara köhnə stereotiplər çərçivəsində yanaşmayaq. O üzdən mən
hər zaman qəliblərə, stereotiplərə qarşıyam. Jurnalistikada da
bunun əleyhinə olmuşam. İctimai həyata qədəm basdığım zaman kimsə
qəlib düzəldib məni də onun içərisinə salacaq anlayışını qəbul
etmədim. Hesab etdim ki, bu, mənim həyatımdır, özüm kimi
yaşamalıyam. Bəlli çərçivələrə qarşı içimdəki etiraz hissi məni
inadkar olmağa məcbur edir. Bu mənada fərqli addım atmaqdan
çəkinmədim. Fotosessiyaya gəldikdə, o, albom üçün çəkilmiş
şəkillərdən ibarət idi.
- N.Ehlamqızı: Cəmiyyətin çox sərt qarşılaya biləcəyi
hansı addımlar ata bilərsiniz?
- Doğru bildiyim hər şeyi bir meyarla qiymətləndirirəm:
cəmiyyətə, əxlaq normalarına hayqıran pis bir şey yoxdursa yoluma
davam etməliyəm. Belədə addımlarımı rahat ata bilirəm. Və hesab
edirəm ki, ildən-ilə cəmiyyətimizdə yalnış streotiplərin dağılması
prosesi gedir. Xüsusən də qadınlarla bağlı yanlış yanaşmalar
sıradan çıxır. Əgər əvvəllər biznesmen qadına qəribə
yanaşırdılarsa, bu gün elə deyil. Eləcə də əvvəllər sənət sahəsinə
üz tutan qadınlar bunun bədəlini ödəməli olurdular. Hesab edirəm
ki, qadınlar qorxmamalıdır. Əlbəttə, əxlaq normaları
çərçivəsində.
- Q.Yaquboğlu: Belə anlaşılır ki, düşüncə etibarilə
yenilik tərəfdarısınız. Mühafizəkarlığa münasibətiniz
necədir?
- Mühafizəkar hisslərim də var... Amma çağdaş dünyanı anlamağa,
onunla ayaqlaşmağa tərəfdaram. Bəzi gələnəklərdə mühafizəkaram.
Bizi özümüz edən fərqli dəyərlərimiz var.
Məsələn, ailə ənənələrində mühafizəkaram. Ailə dəyərlərimizin
itirilməsini istəmirəm. Mən uşaq olanda atamla hər mövzunu müzakirə
edə bilirdik. Amma o, nə vaxt otağa girsə, ayağa qalxardıq.
Səmimiyyət, müzakirə, amma böyük-kiçik, hörmət anlayışı, ailə
səmiyyəti - bunlar çox mühüm keyfiyyətlərdir.
"Yuxudan duranda deyirəm ki, Qənirə, ölümü
unutma"
- Aynur Camalqızı: Qadınlarda belə xüsusiyyət olur, yaş
30-u keçəndə yaşlanmaq xofu yaşayır. Sən bu dönəmi necə keçirirsən?
"Üzüm qırışacaq, saçlarım ağaracaq" narahatlığı varmı?
- Belə qorxum yoxdur. Çünki hər yaşın özündə gözəllik daşıdığını
düşünürəm. Bəlkə, 20 yaşda fiziki olaraq daha gözəl görünə
bilərsən. Amma sonralar batində daha gözəl ola biləcəyin ehtimalı
artır. Çünki yaşadığın həyat, öyrəndiklərin, keçdiyin yol buna
imkan verir.
Həyatın qanunları ilə razılaşan insanam. Dünyaya gəlməyimizi
mükafat kimi qəbul edirəm. Rəbbim bizə yaşlanmaq fürsətini
verəcəkmi? Yaşlansaq, deməli, çox insanlardan daha şanslıyıq. Ölüm
qorxusunu da özümdən tamam uzaqlaşdırmışam. Hər dəqiqə dünyadan
gedə bilərik, çünki sufilərin dünən və sabah yox, bu gün anlayışı
var. Mən də o anlayışdayam, mənim üçün bu gün var.
Faydalı və yararlı işlərlə məşğul olmağı daha üstün tuturam.
Öləndə "bu dünyadan bir millət vəkili köçdü, yox, "yaxşı insan
getdi" desinlər düşüncəsi ilə həyata davam edirəm. Səhər yuxudan
duranda şükür edirəm, deyirəm ki, Qənirə, ölümü unutma. Axşam
gözümü yumanda hesabımı verirəm. Günaha girməməyə, pis şeylərlə
məşğul olmamağa çalışıram. Mən həyatımda ölümü 3-4 dəfə hiss
eləmişəm. Bir an gələ və sən yox ola bilərsən. İnsan o anda nə
duyğular keçirə bilərsə, mən onu yaşamışam. Ölümlə üz-üzə dayananda
Rəbbimə demişəm ki, sən mənə sadəcə bir az möhlət ver. Bir gün
gələr, möhlət ricam qəbul olunmaz. Ona görə də arxada peşman
olacağım pis ömür qoymamağa çalışıram.
Həyatda zahiri görünüşümlə insanlara cəlbedici görünmək kimi
dərdim olmayıb. Manekenlər, balerinaların peşəsi xarici görünüşdən
çox asılı olduğuna görə bu proses onlarda ağrılı keçir. Bizim
işimiz, həyatımız və həyat tərzimiz o cür deyil, hər şeyi
normasında qəbul etmək gözəldir. Təbiətlə savaşmaq olmaz. Onu
olduğu kimi qəbul etməyə məhkumuq.