Qəzaya uğrayan avtomobillərin sahibləri ilə sığorta
şirkətləri arasında mübahisələr bəzən məhkəmələrə qədər gedib
çıxır. Bu zaman uduzan tərəf isə həmişə sürücülər olur. Onlar
sığorta şirkətlərindən avtomobilə dəyən zərərin çox az bir qismini
ala bilirlər. Bu isə həmin şirkətlərə olan inamın azalmasına gətib
çıxarır. Bir çox hallarda isə qəzalar gizlədilir, maşın sahibləri
öz aralarında razılaşmağa üstünlük verirlər. Artıq bu problemlərə
son qoyulacaq. İnkişaf etmiş Avropa ölkələrində olduğu kimi bizdə
də ziyanın avtomatik hesablanması sistemi tətbiq
ediləcək.
"Axar.az" xəbər verir ki, müasir təcrübənin Azərbaycana
gətirilməsi üçün İcbari Sığorta Bürosu (İSB) və Dövlət Sığorta
Nəzarəti Xidməti "Audateks" ("Audatex") şirkəti ilə danışıqlar
aparır. Şirkət nümayəndələri ilə son görüşdə də proqram
təminatlarının və məlumat bazasının Azərbaycan sığorta bazarına
uyğunlaşdırılması və bazara təqdim edilməsi, biznesin təşkili ilə
bağlı gözləntilər və ehtimallar müzakirə edilib. Həmçinin,
"Audateks"in ölkəmizdə fəaliyyətə başlaması ilə bağlı şirkət
nümayəndələri ilə ilkin razılıq əldə olunub.
Avtomatik hesablama nədir?
Bu yeni sistem avtomabillə bağlı bütün məlumatların bir yerə
toplanmasına imkan verir. Maşının hansı şirkətdə istehsal olunduğu,
detallarının qiyməti, eləcə də ona göstərilən xidmətlərin
qiymətləri vahid bazada cəmləşdirilir. Həmin məlumatlar avtomobil
istehsalçılarından və xidmət sektorundan alınaraq birbaşa xüsusi
proqrama daxil edilir. Bundan sonra yol qəzası baş verdikdə hadisə
yerinə sığortaçının çağırılmasına ehtiyac qalmır. Sadəcə, qəza
barədə məlumatları həmin kompüter proqramına yükləməklə nəticələri
əldə etmək olar. Sistem əvvəlcədən yerləşdirilən məlumat bazasının
köməyindən istifadə edərək qəza nəticəsində avtomobillərə dəyən
zərəri avtomatik hesablayır. Burada qiymətlər əvvəlcədən bəlli
olduğundan qeyri-qanuni işlərə yer qalmır. Eyni zamanda həm maşın
sahiblərinin, həm də sığortaçıların işi xeyli yüngülləşəcək.
"Audateks" proqram təminatının işə düşməsi ilə günlərlə uzanan
qiymətləndirmə və hesablama prosesinə, maşın sahibləri ilə sığorta
şirkətlərinin yorucu mübahisələrinə ehtiyac qalmayacaq. Sistemin
digər üstünlüyü odur ki, zərərlər bütün sığorta şirkətləri
tərəfindən eyni sistem vasitəsilə qiymətləndiriləcək.
Qısa xatırlatma
Qəza törədən maşınlara dəyən zərərin avtomatik hesablanması
fikri ilk dəfə ötən əsrin 60-cı illərində Almaniyada meydana gəlib.
Minden şəhərindəki "Röyter" mühəndis bürosunun təklif etdiyi
ideyanın məğzi avtomobilə dəyən zərərin avtomobil istehsal edən
zavodların məlumatları əsasında hesablanması idi.
Bu təklif sığorta bazarı və avtomobil sənayesində yeni imkanlar
açırdı. Ona görə də qısa müddətdən sonra bu sistemdən bütün dünyada
istifadə edilməyə başladı. 1971-ci ildə "Audatex" xidmətlərini
İsveçrə bazarına təqdim edib. Hazırda "Audatex", özünə aid
firmaları və tərəfdaşları ilə ziyan hesablama və ziyanın
idarəedilməsi yollarını 55-dən çox ölkədə təqdim edir. Bu ölkələrdə
"Audatex" sığorta şirkətləri, ekspertlər və servislər arasında
ortaq bir "dil" istifadə edilməsini təmin edir.
Tez hesablaşma sistemi
Sistemin əsas istifadəçiləri sığorta şirkətləri, ekspert
büroları, texniki xidmət stansiyaları, eləcə də dövlət
orqanlarıdır. Hazırda bu sistemə dünyadakı 60 istehsalçı tərəfindən
buraxılan minlərlə müxtəlif model və marka nəqliyyat vasitəsi
toplanıb. Bu məlumatlar tez-tez yenilənir. "Audatex" sistemində
avtomobil istehsalçılarından alınan, avtomobilin quruluşunun necə
olduğu, təmir üçün hansı ehtiyat hissələrinin mövcud olduğu, xərc
baxımından sərfəli bir təmir üçün hansı hissələrin, dəstlərin və
digər xərcazaldıcı alternativlərin olduğunu göstərən məlumatlar
vardır. "Audetax" avtomobil üçün hansı ehtiyat hissələrinin mövcud
olduğunu göstərir ki, bu da xərc baxımından ən uyğun təmirin
seçilməsinə imkan verir. "Audateks" yalnız istehsalçı tərəfindən
qəbul edilib təsdiqlənən təmir üsullarını göstərdiyindən, bu
təhlükəsizlik və keyfiyyət üçün əhəmiyyətlidir. Bundan başqa
"Audateks" avtomobilin hansı boya növü ilə boyanması üsulunu və
xərclərini də göstərir.
Avtomobili "tanıyan" üsullar
"Audateks" sistemində avtomobilin tanınması iki üsul ilə yerinə
yetirilr: VIN Sorğusu (AudaVIN ) və manual təyin etmə (VIC).
VİN sorğusu üsulunda sistemə zərər dəymiş avtomobilin 17 rəqəmli
şassi nömrəsi daxil edilərək axtarış verilir. Bu zaman avtomobilin
zavod istehsalı bütün təchizat və ehtiyat hissələri məlumatları
əldə edilir. Şassi sorğusu Reno, Ford, Opel, VW, Seat, Audi, Porşe,
Mersedes, Saab, BMV, Mini, Smart və MAN markalarını əhatə edir.
Digər markalardan olan avtomobilləri üçün isə internet bağlantısı
olmadan sistemdə avtomobilin istehsalçısını, modelini seçilməklə
tanınır.
Xatırladaq ki, hər il dünyada 100 milyondan artıq sığorta
hadisəsi baş verir və nəticədə 150 milyon ödəmə halı ortaya çıxır.
Bunun 25 faizinin hesablanması məhz "Audateks" sisteminin payına
düşür. Dünyada nəqliyyat vasitələrinin sığortası ilə məşğul olan
şirkətlərin 95 faizi bu sistemin xidmətindən yararlanır. Almaniyada
isə bu rəqəm 98 faizə çatır.
Qiymətlər ayda 1 dəfə açıqlanır
Ölkəmizdə yeni sistemin tətbiqi barədə fikirlərini bölüşən
Başaq-İnam Sığorta şirkətinin mütəxəssisi Hikmət Allahverdi
"Axar.az"a açıqlamasında həmin prosesin Türkiyədə həyata keçirilmə
mexanizmlərindən danışıb:
"Türkiyədə ayda bir dəfə bütün növ avtomobil markaları üçün
bazar qiyməti açıqlanır ki, bu da sığortalama anında sığortaçıların
və sığortalanmaq istəyənlərin işlərini kifayət qədər asanlaşdırır.
Sığorta ödənişinin məbləği dəqiq müəyyənləşir. Bu çox maraqlı və
faydalı bir sistemdir. Müştərilərlə problemlərin,
anlaşılmazlıqların ciddi şəkildə aradan qaldırılmasına kömək
olacaq".
Hər iki tərəf qazanır
Avtomatik hesablama sisteminin işə düşməsi ilə sığorta
şirkətləri də qazanacaq. Belə ki, burada həm vaxt itkisinin
qarşısını alacaqlar, həm də qiymətləndirmə prosesi üçün çəkdikləri
xərclər kifayət qədər azalacaq. Lakin bütün sığorta şirtəkləri
bundan yararlana bilməyəcək. H.Allahverdi deyir ki, yeni sistem ilk
növbədə İSB üzvü olan şirkətlər üçün nəzərdə tutulub:
"Amma çox yaxşı olardı ki, sistemdən istifadə olunmasında bütün
sığorta şirkətlərinə bərabər imkanlar yaradılsın. "Başak-İnam
Sığorta Şirkəti" ASC olaraq İSB üzvü olmasaq da, bu sistemin
Azərbaycanda tətbiq olunmasında maraqlıyıq".
Yenilik hamıya şamil edilməyəcək
Qeyd edək ki, İSB üzvü olmayan şirkətlər icbari sığorta
növlərinin satışı ilə məşğul ola bilməzlər. Buraya üzv olmaq üçün
lisenziya almaq lazımdır. Bundan əlavə hansısa sığorta növündə
xidmət göstərmək üçün dövlət tərəfindən müəyyən olunmuş məbləği
ödəmək lazımdır. Bu ödənişlər ümumilikdə 400 min manat təşkil edir.
Ancaq hər bir halda avtomotik hesablama sistemi həm vətəndaşların,
həm də sığortaçıların işini asanlaşdıracaq, uzun
süründürməçilikdən, mübahisələrdən azad edəcək. Eyni zamanda bu,
sığorta sisteminə itən inamın bərpasına təkan ola bilər.