"İyulun 27-si Ramazan
ayının sonuncu günüdür. Sabah oruc tutulacaq. Ayın təzələnməsi
sabahdır, yəni iyulun 27-də. Ayın 28-də isə bayram olmalıdır.
Bayram namazı da həmin gün qılınmalıdır".
Bunu "Virtuaz.org"a açıqlamasında Şamaxı Rəsədxanasının aparıcı
elmi işçisi, fizika-riyaziyyat elmləri üzrə namizəd Nazim Hüseynov
dedi.
N.Hüseynov ayın təzələnməsini və bayram günün müəyyən
edilməsinin çox asan olduğunu söylədi: "Ayın təzələnməsini geniş
şəkildə araşdırmaq, hesablamaq lazım deyil. Kompyuterləşdirilmiş
sistemdir, proqram qurulub, bir düymə ilə ayın təzələnməsini
hesablanır".
Rəsədxananın hesablamalarına görə bayramın iyulun 28-nə
düşdüyünü deyən N.Hüseynov QMİ-nin belə bir qərar verməsini
səbəbini bilmədiyini dedi: "Qafqaz Müsəlmanları İdarəsinin bayram
namazını 29-na salmasının səbəbini bilmirəm. Bunu Qafqaz
Müsəlmanları İdarəsindən soruşmaq lazımdır".
Onun sözlərinə görə, Şamaxı Rəsədxanasının verdiyi rəylə bayram
günü müəyyən edilir. Lakin QMİ buna əsaslanmayıb.
"Bildiyim qədəri ilə bayram namazı ilə bağlı qərar fətva ilə
verildiyindən bizim rəy nəzərə alınmayıb. Bu şəkildə hesablanarsa,
orucluq ayı 31 gün olur. Belə olması isə mümkün deyil. Ramazan ayı
adətən 29, ya da 30 gün olmalıdır. Ramazan bayramı isə ayın
təzələnməsinə görə hesablanır və bu gün də 28-nə düşür. Ancaq niyə
belə edirlər, bu ayrı mövzudur"- deyə N.Hüseynov qeyd etdi.
N.Hüseynov bir neçə il əvvəl Qafqaz Müsəlmanları İdarsəindəki
görüşləri haqda da məlumat verdi: "Bir neçə ilə əvvəl bizi idarəyə
dəvət etmişdilər. Fikirlərimiz öyrənildi. Bayramın başlanılması və
qurtarması ilə bağlı fikir bildirdik. Bizim də rəy bildirdiyimiz
şəkildə bayram günü elan olundu. Amma sonradan bu qərar
dəyişdirildi. Elə oldu ki, həmin il 31 gün oldu. Bayram günü bizdə
İranla üst-üstə düşür. Bunun səbəbini isə deyə bilmərəm".
Xatırladaq ki, QMİ ayın təzələnməsini və bayram namazının
vaxtını Şamaxı Rəsədxanası və Elmlər Akademiyasının rəyinə əsasən
elan edir. Bu mətbuat vasitəsi ilə QMİ üzvləri tərəfindən bir neçə
dəfə bəyan edilib. Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədr
müavini Hacı Fuad Nurullayev mətbuata açıqlamasında bunları
demişdi: "Bizim cədvəlimiz tərtib olunub və iyulun 29-da bayram
namazı qılınacaq. Şamaxı Rəsədxanasının, Elmlər Akademiyasının
birgə tərtib etdiyi cədvələ əsasən işimizi görürük".