Yuxarı

Turizm: Azərbaycanı nədə dünyaya örnək hesab etmək olar?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az turizm üzrə tədqiqatçı-ekspert Elnur Aslanovun müsahibəsini təqdim edir.

- Turizmin inkişafına təsir edən amillər barədə nə deyə bilərsiniz?

- Bütövlükdə götürdükdə, turizmin inkişafına təsir edən amillər, əsas etibarilə, təbii və qeyri-təbii olmaqla 2 qrupa bölünür. Təbii amillər daha çox turizmin ayrı-ayrı növlərinin, xüsusilə sağlamlaşdırma turizmi, macəra turizmi, rekreasiya, ekoloji, kənd, piyada dağ, xizək, mağara turizminin inkişafına fəal şəkildə kömək edir. Çünki qeyd etdiyimiz bu turizm növləri təbii şəraitin düzgün qiymətləndirilməsi və müəyyən təbii vasitələrə, məsələn, təbii bulaqlar, meşələr, yüksək dağ keçidləri, o cümlədən insanın fiziki və psixi sağlamlığının bərpasına müsbət təsir göstərə bilən digər vasitələrə malik ərazilərin seçilməsindən daha çox asılıdır. Turizmin inkişafına təsir edən qeyri-təbii amillər isə artıq ölkənin iqtisadi inkişaf səviyyəsindən və bu sfera ilə bağlı əlaqəli olan digər sahələrin inkişaf etdirilməsi ilə əlaqədardır. Qeyri-təbii amillər qismində siyasi sabitlik, düzgün aparılan iqtisadi siyasət, ölkənin nəqliyyat və informasiya vasitələrinin, o cümlədən turizm məqsədilə infrastruktur obyektlərinin inkişaf etdirilməsi, habelə turistlərin təhlükəsizliyinin təmin olunma səviyyəsi, xüsusilə göstərilən turizm xidmətlərinin keyfiyyət dərəcəsi və buna görə qiymətlərin tənzimlənməsi kimi məsələlər əsasdır. Bütün bunlarla yanaşı, turizmin inkişafı məqsədilə aparılan iqtisadi siyasətlə bu sahədəki hüquqi tənzimetmə arasında qarşılıqlı real əlaqənin təmin olunması, eləcə də turizm xidmətlərinin fərqliliyi və spesifikliyi, onun kompleks əhəmiyyət kəsb etməsi də nəzərə alınmalıdır. Onu da qeyd etmək istərdim ki, turizmin inkişafına təsir edən amillərin qiymətləndirilməsi ayrı-ayrı beynəlxalq təşkilatlar tərəfindən müxtəlif aspektlərdən də qiymətləndirilir. Məsələn, BMT İnkişaf Proqramı turizmin inkişafına təsir edən amilləri 3 kateqoriyaya ayırır: ətraf mühitin təsirləri, sosio-mədəni təsirlər və iqtisadi təsir vasitələri.

- Beynəlxalq turizmin son dövrlər dünya və ölkə iqtisadiyyatına nə kimi təsiri olub?

- İstər beynəlxalq praktikada, istərsə də ölkəmizin təcrübəsində turizmin inkişafı, o cümlədən onun iqtisadiyyatda yeri və insanların məşğuliyyət vasitəsi kimi özünü büruzə verməsindədir. Məsələn, Ümumdünya Səyahət və Turizm Şurasının statistik hesablamalarına əsasən, 2012-ci ildə səyahət və turizm sənayesindən 1,2 trln. ABŞ dolları gəlir götürülüb. 260 milyon insanın iş yeri kimi öz mövcudluğunu büruzə verməsi də turizmə məxsusdur. Bütövlükdə dünya iqtisadiyyatının 9%-ni məhz turizm təşkil edir. Ölkəmizə gəldikdə isə onu deyə bilərəm ki, 2013-cü ilin statistik məlumatlarına əsasən, "ixrac olunan" turistlərin sayı daha çox üstünlük təşkil edir.

- Müasir dövrdə dünyanı öz qorxu və təhdidi ilə daim gərginlikdə saxlayan terrorizmin turizmə təsiri kontekstində turistlərin təhlükəsizliyi barədə nə deyə bilərsiniz?

- Tamamilə doğru qeyd etdiniz. Müasir dövrdə terrorçuluq məqsədindən asılı olmayaraq təhdid vasitəsi kimi istifadə olunur. Bu dünyada minlərlə insanın məhvinə və ya fiziki qüsurların yaranmasına gətirib çıxarır. Şübhəsiz ki, bu təsir turizmdən də yan keçmir. 1999-2001-ci illərdə İstanbulda müxtəlif mehmanxanalarda, 2002-ci ildə Balidə gecə klublarında və Tunisin Cerba adasındakı sinaqoqda, 2003-cü ildə Cakartada, 2005-ci ildə Əmmanda bir sıra mehmanxanalarda, 2008-ci ildə Mumbayda baş verən partlayış və terror hadisələri həmin regionlarla yanaşı, dünya iqtisadiyyatına da öz mənfi təsirini göstərib. Məsələn, 2008-ci ilin noyabrında Mumbayda baş verən hadisələr həmin ilin sonu üçün bu şəhərdə mehmanxanaların qiymətində 41% endirimlərin baş verməsinə gətirib çıxarıb. Ümumdünya Səyahət və Turizm Şurasının hesablamalarına görə, ABŞ-da baş verən 11 sentyabr hadisələrindən sonra turizmdən gələn gəlirdən ABŞ 92 mld., Almaniya 25 mld., Böyük Britaniya isə 20 mld. ABŞ dolları itirmiş oldu. Bütövlükdə isə ölkənin iqtisadi-siyasi sabitliyi turistlərin cəlb olunması üçün əsas vasitədir. Məhz bu baxımdan Azərbaycan Respublikası digər ölkələr üçün örnək hesab olunmalıdır.

- Qanunvericilikdə bununla bağlı hansı müddəalar öz əksini tapıb?

- Turistlərin təhlükəsizliyi ilə bağlı "Turizm haqqında" 1999-cu il Qanununda müəyyən müddəalar öz əksini tapıb. Qanunun 12-ci maddəsində turistlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı dövlət qurumlarının, turoperator və turagentlərin bu və ya digər vəzifələri təsbit olunub. Bu vəzifələrə onların məlumatlandırılmasından başlamış yoluxucu xəstəliklərə qarşı peyvənd olunması və müşayiətedici həkimlə təmin olunmalarına qədər bütün məsələləri əhatə edir. Eyni zamanda, sözügedən Qanunun 14-cü maddəsinə uyğun olaraq, Azərbaycan ərazisində bədbəxt hadisələrə məruz qalan turistlərə axtarış-xilasetmə tədbirlərinin göstərilməsində dövlət orqanlarının qarşılıqlı əlaqədə fəaliyyət göstərməsinə dair müddəalar ehtiva edilib. Şübhəsiz ki, terror və digər beynəlxalq xarakterli cinayətlərin törədilməsi ilə bağlı turistlərin təhlükəsizliyinin təmin edilməsinin hüquqi əsasları isə digər sahəvi qanunvericilik aktları, xüsusilə cinayət-hüquqi normaları ilə müəyyən edilir. Bütövlükdə götürdükdə, qanunvericilik baxımından turistlərin təhlükəsizliyi dedikdə, səyahət müddəti ərzində turistlərin şəxsi təhlükəsizliyinin, o cümlədən onların əmlakının qorunması nəzərdə tutulur.

- Ölkəmizdə turizmlə bağlı münasibətlərin tənzimlənməsi sahəsində qanunvericilik təcrübəsi barədə fikirlərinizi bilmək maraqlı olardı. Yəni, bu sahədə hazırkı qənaətbəxş vəziyyət və qanunvericilikdəki mövcud olan boşluqlar hansı istiqamətlərdə özünü büruzə verir?

- Onu qeyd etmək lazımdır ki, Azərbaycanda turizm fəaliyyətinin həyata keçirilməsi ilə bağlı kifayət qədər hüquqi baza mövcuddur. Bu istər dövlətdaxili qanunvericilik aktlarının qəbulunda, istərsə ölkəmizin müvafiq sahədə mövcud olan çoxtərəfli beynəlxalq müqavilələrə tərəfdar çıxması və ayrı-ayrı dövlətlərlə ikitərəfli müqavilələr bağlamasında özünü büruzə verir. Konkret olaraq "Turizm haqqında" 4 iyun 1999-cu il tarixli Qanununu, ölkə Başçısının 6 iyun 2010-cu il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair" Dövlət Proqramını, o cümlədən Nazirlər Kabinetinin qərar və sərəncamlarını göstərmək olar. Həmçinin, bildiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Sərəncamı ilə həmin il ölkəmizdə "Turizm ili" elan edilib, bununla bağlı ayrıca Dövlət Proqramı qəbul olunub. Bundan əlavə, müxtəlif sahələrlə bağlı qəbul olunan qanunvericilik aktları da turizmin inkişafına öz əsaslı təsirini göstərir. Burada xüsusilə nəqliyyat, ekologiya, xarici investisiyaların qorunması, yoxsulluğun azaldılması və davamlı inkişaf, regionların sosial-iqtisadi inkişafı və digər bu kimi sahələrlə bağlı qəbul olunan qanunvericilik aktları və dövlət proqramlarını göstərmək olar. Eyni zamanda, dünyanın bir sıra dövlətləri – Albaniya, Xorvatiya, Misir, Çexiya, Kuba, Küveyt, Mərakeş, İordaniya, San-Marino, Özbəkistan, Yunanıstan, Belarus, Bolqarıstan və adını çəkmədiyimiz onlarla ölkələrlə bu sahədə əməkdaşlığın həyata keçirilməsi ilə bağlı müqavilələr imzalanıb. Bayaq turizmin 2010-2014-cü illərdə inkişafı ilə bağlı Dövlət Proqramının adını çəkdik. Həmin Dövlət Proqramının əsas məqsədi Azərbaycanda yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm sahəsinin formalaşdırılması və onun ölkə iqtisadiyyatının əsas inkişaf dayaqlarından birinə çevrilməsinin təmin edilməsidir. Bununla yanaşı, Proqramda turizmin inkişaf etdirilməsinə təsir göstərə biləcək mühüm aspektlərin tənsimlənməsi – bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, investisiyaların cəlb olunması, kadr təminatı, turizmin ayrı-ayrı növlərinin inkişafı ilə bağlı müddəalar öz əksini tapıb. Bununla belə, hesab edirəm ki, turizmin inkişafı ilə bağlı gələcəkdə qəbul olunacaq Dövlət Proqramlarında ayrı-ayrı regionların potensial turizm fəaliyyəti qabiliyyəti və onun inkişaf etdirilməsi ilə bağlı əsas istiqamətlər, habelə turizmin ayrı-ayrı növləri üzrə ixtisaslaşmış regionların və ya rayonların da səciyyəvi cəhətlərinin göstərilməsi məqsədəmüvafiq olardı. Doğrudur, müxtəlif mərhələlər üçün regionların sosial-iqtisadi inkişafına dair qəbul olunan dövlət proqramlarında digər sahələrlə yanaşı, regionlarda turizmin inkişafı ilə bağlı normalar ehtiva olunub. Lakin həmin normaların sahəvi qanunvericilik aktlarına daxil edilməsi sahəvi problemlərin həllində və qarşıda duran vəzifələrin həyata keçirilməsində əsas hüquqi baza rolunu oynaya bilər. Həmçinin, "Turizm haqqında" Qanuna turizm fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsinin əsas prinsipləri və bu sahədə dövlət siyasətinin mühüm istiqamətlərinin daxil edilməsi məqsədəmüvafiq olardı. Çünki bu həm dünya dövlətlərinin qabaqcıl qanunvericilik praktikasının, həm də sahəvi beynəlxalq hüquq normalarının dövlətdaxili qanunvericiliyə gətirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Şübhəsiz ki, ölkə Konstitusiyasının 148 və 151-ci maddələri nəzərə alınmaqla. Həm də məlum olduğu kimi, prinsip hüququn bütün sistemlərinin, sahələrinin və ya institutlarının mahiyyətini müəyyənləşdirən, habelə ümumməcburi hüquqi qüvvəyə malik olan əsas başlanğıc, rəhbər müddəalardır. Son 10 il ərzində ölkəmizdə turizmin durmadan inkişafı, Bakıda və regionlarda dünyaca məşhur brendlər altında çoxsaylı mehmanxanaların istifadəyə verilməsi, turistlərin təhlükəsizliyinin lazımınca təmin edilməsi, ölkədə həyata keçirilən uğurlu siyasi və iqtisadi islahatlar gələcəkdə turizmin daha da inkişafına inamlı zəmin yaradır. Bununla əlaqədar, ölkədə turizmin təşviq olunmasına yönəlmiş hüquqi normaların qanunvericiliyə daxil edilməsi son onillik ərzində bu sahənin inkişafının davamı olaraq qiymətləndirilə bilər. Belə ki, bu sahədə vergilərin qoyulmasına güzəştlərin tətbiq olunması, sərhəd-gömrük rejimində müəyyən sadələşdirmələrin aparılması, investisiya qoyuluşu üçün güzəştli şərtlərin tətbiqi, xarici bazarlarda reklam-təbliğat işinin təşviq olunması, o cümlədən daxili turizmin vətəndaşlar arasında təbliğatının gücləndirilməsinə yönəlmiş normaların gələcəkdə təsbit olunması buna misal ola bilər.

Tarix
2014.09.30 / 08:00
Müəllif
Nazlı Onur
Digər xəbərlər

Badamov deport edildi: Prezident Moskvaya getməyə bilər?

Ukrayna 9 mayda Moskvanı vurmaq gücündədir: Vuracaq?

Gözlənilməz qərar: Azərbaycan “3-cü dalğaya” hazırlaşmalıdır

Samir Şərifov Şara ilə görüşdü - Foto

1994-cü ildə atəşkəsi buna görə imzaladıq – Sərkisyan

Badamov Moskvada niyə saxlanıldı? - XİN-dən reaksiya

Deputat Azər Badamov Moskvada saxlanıldı

Kirilldən Əliyevə: Putin xahiş etdi ki...

Netanyahu buna görə gəlmədi: İsrailin Bakıya verdiyi dəyər...

Sahibə Qafarova TBMM sədrinə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla