"Bəzən valideynlər qızların
ali təhsil almasından daha çox, oğlanların ali təhsil almasına
üstünlük verirlər".
Bunu Axar.az-a açıqlamasında Ailə, Qadın və Uşaq problemləri
üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar
şöbəsinin müdiri Elgün Səfərov ixtisasların fərdə görə düzgün
seçilməməsinin yol açıdığı nöqsanlardan danışarkən deyib.
Onun sözlərinə görə, ali təhsil müəssisələrinə qəbul olmuş oğlan
və qız abituriyentlərin say dinamikası 2009-cu ildə 14243 oğlan,
13766 qız, 2010-cu ildə 13804 oğlan, 14617 qız, 2011-ci ildə 14833
oğlan, 14818 qız, 2012-ci ildə 15594 oğlan, 16 435 qız təşkil
edib:
"Lakin bu nisbi uyğunluğa baxmayaraq, respublikanın müxtəlif
bölgələrini təmsil edən oğlan və qız abituriyentlərin say nisbəti
fərqlidir. Bunun səbəbini respublikanın ayrı-ayrı bölgələrini
təmsil edən oğlan və qızların qəbul kampaniyasında müxtəlif
dərəcədə iştirak etməsi ilə izah etmək olar. Əgər eyni bir zonaya
aid olan Yardımlı, Lerik, Cəlilabad və Masallı bölgələrindən olan
abituriyentlər arasında qızların nisbi sayı 13-31 faiz təşkil
edirsə, respublikanın şimal-qərbində yerləşən Zaqatala, Balakən və
Qax bölgələrindən olan abituriyentlər arasında onların nisbi sayı
62-67 faizdir. Bu həm də həmin bölgələrdə yaranmış streotiplərlə
bağlıdır. Bəzən valideynlər qızlarının ali təhsil almasından daha
çox, oğlanların ali təhsil almasına üstünlük verirlər. Oğlan
abituriyentlər texniki və iqtisad, qız abituriyentlər isə humanitar
ixtisaslara üstünlük verirlər. Müxtəlif ali təhsil müəssisələrinə
qəbul olmuş oğlan və qız abituriyentlərin nisbi sayları fərqlidir.
Elə ali təhsil ocaqları var ki, oğlan və qız abituriyentlərin nisbi
sayları bir-birinə yaxındır. Lakin bəzi ali təhsil müəssisələrinə
qəbul olanların böyük hissəsini oğlan abituriyentlər, digər ali
təhsil müəssisələrinə daxil olanların böyük hissəsini isə qız
abituriyentlər təşkil edir. Bu da seçilən ixtisaslarda
ayrı-seçkiliyin yaranmasına gətirib çıxarır".
Elgün Səfərov illərlə "qadın peşəsi", "kişi peşəsi" adı altında
ixtisasların ayrılmasının sonrakı mərhələlərdə vətəndaşlara,
xüsusilə qadın və uşaqlara, mənfi təsir göstərdiyini bildirib:
"Məsələn, Azərbaycan Polis Akademiyasında oğlan abituriyentlər
(2012-ci ilin məlumatına görə cəmi 1 qız orada təhsil alır)
üstünlük təşkil edir. Məişət zorakılığına məruz qalan qadın və
uşaqlar öz problemlərini açıq şəkildə kişi polislərə deyə
bilmirlər. Buna görə də qadın polislərin sayının çoxalması
vacibdir. Bundan əlavə, kişi müəllimlərinin sayının az olması
uşaqların şəxsiyyət kimi inkişaf etməsində müəyyən fəsadlar
törədir".