Şirvan Apelyasiya Məhkəməsində Azərbaycan Beynəlxalq
Universitetinin rektoru Elşad Abdullayevə hədə-qorxu gəlməkdə
ittiham olunan qardaşı oğlu Mübariz Abdullayevin cinayət işi üzrə
məhkəmə başa çatıb.
İttihama görə, Mübariz Abdullayev 2003-cü ilin noyabr ayında
əmisi Mahir Abdullayevin itkin düşməsi barədə xəbəri eşidib. O,
Elşad Abdullayevdən külli miqdarda əmlakını hədə-qorxu ilə tələb
edərək ələ keçirmək qərarına gəlib.
Teleqraf.com xəbər verir ki, Mübariz Abdullayev bu məqsədlə
tanışı Ziya Səmədova müraciət edib və Elşad Abdullayevlə əlaqə
saxlaması üçün mobil telefon tapmasını xahiş edib. Ziya Səmədov
Mübariz Abdullayevin qanunsuz hərəkətlər etməsindən şübhələnərək bu
barədə Kürdəmir rayon Polis Şöbəsinə məlumat verib. Cinayətin
qarşısının alınması üçün polis əməkdaşları tərəfindən əməliyyat
qrupu yaradılıb. Əməliyyat tədbirlərinin keçirilməsi üçün Ziya
Səmədova içərisində 050384-33-08 nömrəsi olan "Ericsson 1018"
markalı mobil telefon verilib. Ziya Səmədov isə öz növbəsində həmin
telefonu Mübariz Abdullayevə çatdırıb.
10 il cəza
Mübariz Abdullayev həmin telefondan istifadə edərək 16 noyabr
2003-cü il tarixdə yaşadığı Kürdəmir rayonundan Elşad Abdullayevin
istifadəsində olan telefon nömrəsinə zəng edib. Mübariz səsini
dəyişərək Mahir Abdullayevin onun əlində olduğunu deyib və Mahiri
qaytarmaq üçün 50 min ABŞ dolları tələb edib. O, Elşad Abdullayevə
tələb etdiyi pulu Zaqatala rayonunun ərazisinə gətirməsini
tapşırıb. Kürdəmir rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən
davam etdirilən əməliyyat tədbirləri nəticəsində Elşad Abdullayevin
Zaqatala rayonuna getməsinin və nəticədə Mübariz Abdullayevin ondan
pul almasının qarşısı alınıb.
Mübariz Abdullayevin barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci
(hədə-qorxu yolu ilə külli miqdarda pul tələb etmə) maddəsi ilə
cinayət işi başlanıb. İş baxılması üçün Lənkəran Ağır Cinayətlər
Məhkəməsinə göndərilib. Hakim Oruc Cəlilovun sədrliyi ilə keçirilən
prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə
Mübariz Abdullayev 10 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Mübariz Abdullayevin vəkilləri apelyasiya
şikayəti veriblər. Onların şikayətinə Şirvan Apelyasiya
Məhkəməsində baxılıb.
Hakim Saleh Süleymanovun sədrliyi ilə keçirilən prosesdə Mübariz
Abdullayevin vəkili Nəvaid Abbasov çıxış edib. O, bildirib ki,
zərərçəkmiş şəxsin ifadəsinə əsasən cinayət əməlini Daxili İşlər
Nazirliyinin idarə rəisi Zakir Nəsirov, Kürdəmir rayon Polis
şöbəsinin rəisi olmuş Mirəli Şıxəliyev, rəis müavini Qabil Tağıyev,
Ziya Səmədov və digər polis əməkdaşları törədiblər: "Adıçəkilən
şəxslərin heç biri cinayət məsuliyyətinə cəlb edilməyib. Məhkəmə
Zakir Nəsirovu heç şahid qismində də dindirməyib.
Ümumiyyətlə, şahidlərin və proses iştirakçılarının ifadələri
arasında kəskin ziddiyyətlər olsa da, məhkəmə bu ziddiyyətlərin
aradan qaldırılmasına hec bir cəhd göstərməyib".
Yüksək rütbəli məmurlara ittiham
Vəkilin sözlərinə görə, cinayət hadisəsindən dərhal sonra
Mübariz Abdullayev tutularaq üç gün qanunsuz olaraq Kürdəmir rayon
Polis Şöbəsində saxlanılıb: "Elşad Abdullayev polis rəisinin
müavini Qabil Tağıyevi həmin cinayətin törədilməsində ittiham
etdiyi üçün Mübariz Abdullayev azad edilib. Elşad Abdullayev
qardaşının oğurlanmasında yüksək rütbəli məmurları ittiham edib.
Bundan 10 il keçdikdən sonra Mübariz Abdullayevin məhkəmə
məsuliyyətinə verilməsinə heç bədii ədəbiyyatda da rast gəlmək
olmaz".
Vəkil çıxışının sonunda birinci məhkəmə instansiyası hökmünün
ləğv edilməsini və Mübariz Abdullayevin barəsində bəraət hökmünün
çıxarılmasını istəyib. Dövlət ittihamçısı Səyavuş Sadıqov müdafiə
tərəfinin apelyasiya şikayətinin təmin edilməsini tələb edib.
"Elşad Abdullayevi hədələməyimi etiraf
etmişəm"
Təqsirləndirilən Mübariz Abdullayev elan olunmuş ittiham üzrə
özünü təqsirli bilməyib. O, deyib ki, keçmiş polis əməkdaşı Ziya
Səmədov ona tələ qurub: "Ziya Səmədov mənim yaxın qonşumdur. Onunla
hərdən rastlaşmışıq. Mahir Abdullayev itkin düşəndən sonra Ziya
Səmədov mənimlə tez-tez görüşməyə başladı. Hər dəfə məndən əmimin
tapılıb-tapılmadığını soruşurdu. Bir gün ot almağa gedəndə Ziya
məni çardağın yanında gördü. O, çayçıya getməyi təklif etdi. Onunla
bir yerdə çayçıya getdik. Çay gələn kimi 2 nəfər polis əməkdaşı
içəri girdi və mənim polis şöbəsinə getməli oduğumu bildirdilər.
Şöbədə polis rəisinin müavini QalibTağıyevin otağında məndən kimə
zəng etdiyimi soruşdular. Heç kimə zəng etmədiyimi bildirdim. Elşad
Abdullayevdən 50 min dollar tələb etməyim barədə soruşdular. Belə
bir şeydən xəbərim olmadığını bildirdim. Bundan sonra stolun üstünə
narkotik maddə qoydular. Dedilər ki, ya Elşad Abdullayevdən pul
tələb etməyimi, ya da narkotik istifadəçisi olduğumu boynuma
götürüm. Telefon söhbətini qəbul edəcəyim təqdirdə, narkotiklə
bağlı cinayət işi açılmayacağını bildirdilər. Narkotikdən yaxa
qurtarmaq üçün Elşad Abdullayevi telefonda hədələdiyimi etiraf
etmişəm".
Təqsirləndirilən şəxsin sözlərinə görə, 3 gün polis şöbəsinin
yeməkxanasında saxlanılıb: "Əmilərimin işə müdaxiləsindən sonra
azad olunmuşam. Hadisənin üstündən 10 il keçib və məni heç kəs
dindirməyib. 10 il keçəndən sonra sahə müvəkkili Respublika Baş
Prokurorluğuna çağrıldığımı bildirib. Mən də Baş Prokurorluqda
Elmar Camalovun qəbulunda oldum. Elmar Camalov məni 8 ildən 12
ilədək cəza gözlədiyini bildirdi. O, izahatımı dəyişməyəcəyim
təqdirdə həbs olunmayacağımı söylədi. Sonra məni müstəntiqlər
dindirdilər. İşi aparan müstəntiq tərəfindən mənə heç bir fiziki və
psixi təsir göstərilməyib. Mənə dövlət hesabına vəkil təyin
edilmədi, boş kağıza imza atmışam. Elmar Camalov mənə narahatlığa
əsas olmadığını bildirdi. Sonra iş Lənkəran Ağır Cinayətlər
Məhkəməsinə göndərilib və mənə 10 il cəza verilib".
Mübariz Abdullayev ifadəsinin sonunda heç bir günahı olmadığını
deyib. Tərəfləri dinləyən hakim heyəti sonda qərar elan edib.
Qərara görə, Mübariz Abdullayevin vəkillərinin apelyasiya şikayəti
təmin edilməyib.