Xalq arasında belə bir məsəl var ki, torpaq insanı
çəkir. Hər bir insan müəyyən yaşa gəldikdən sonra doğulub, böyüdüyü
torpağa qayıtmağa, orada yaşamağa can atır. Ancaq təəssüf ki,
Azərbaycanın təxminən 1 milyon vətəndaşı doğma torpağına həsrət
qalıb. Dağlıq Qarabağın və ətraf rayonların düşmən tapdağında
olması, bu torpaqlardan qaçqın düşmüş insanların o yerlərə həsrət
qalmasına səbəb olub.
Artıq Qarabağ problemi ətrafında danışıqlar prosesi
sürətləndirilib və bu məsələnin sülh yolu ilə həllinə ümidlər
atmaqdadır. Sülh yolu alınmasa belə, Azərbaycan tərəfi dəfələrlə
torpaqlarını hərbi yolla azad etməyə qadir olduğunu bəyanlayıb.
Bəs, görəsən, yaxın müddətdə torpaqlarımız işğaldan azad olunsa,
həmin rayonlardan olan insanlar doğma yurdlarına qayıdacaqlarmı?
Artıq bütün həyatını Bakıda qurmuş və 20 ildən artıq müddətdə
burada yaşayan insanlar hazırki həyat tərzindən imtina edib, o
torpaqlara dönəcəklərmi?
Musavat.com bu sualla tanınmış ictimaiyyət nümayəndələri
arasında sorğu keçirib.
Sorğumuzu cavablandıran Ümid Partiyasının sədri, millət vəkili
İqbal Ağazadə bildirdi ki, o torpaqlara qayıtmağa hazırdır:
"Əlbəttə, niyə getmirəm ki..? Bu, mənim cəmiyyətdəki yerimdən,
mövqeyimdən və imkanlarımdan asılıdır. Düzdür ki, mən Füzuli işğal
olunarkən rayonda yaşamamışam, qaçqın olmamışam. 1975-ci ildən
Bakıda yaşamışam. Ancaq təqaüd yaşıma çatanda məmnuniyyətlə gedib,
orada yaşayaram".
Əslən Kəlbəcər rayonundan olan İsgəndər Həmidov isə öncə
torpaqları azad etməyin vacibliyini vurğuladı: "Gərək öncə
torpaqları azad edək, sonra bu haqda danışarıq. Torpaq öz-özünə
qayıdan deyil. Ancaq o torpaqlar qayıtsa, mən gedib, ölənə kimi
orada yaşayaram. Çünki bizim qəbirlərimiz oradadır. Kaş ki, o
torpaqlarımızı azad edək, o torpaqlara qayıtmağa hazırıq".
Əslən Füzuli rayonundan olan yazıçı Seyran Səxavət də torpaq
həsrəti çəkənlərdəndir: "Mən Füzuli rayonunda, Köndələn gölünün düz
sahilində təxminən 20 il qabaq torpaq götürmüşdüm, daş tökmüşdüm,
istəyirdim ki, orada ev tikim. Düşünürdüm ki, 50 illiyimi burada
qeyd edim, sonra gedim kəndimə, orada yaşayım. Torpaqlar qayıdandan
sonra hər şey bilinəcək. Hamı qayıdacaq. Çünki ilkin vətən deyilən
bir anlayış var, onun cazibə qüvvəsi bütün dünya qədərdir. Xüsusilə
də, rayonlardan, kəndlərdən gələn ziyalılar həmişə qayıdıblar, öz
torpaqlarına... Bəzisi maşınlarda qayıdıb, bəzisi təyyarədə
qayıdıb, bəziləri də tabutda qayıdıb, ancaq mütləq qayıdıb".
Ağdam rayonundan olan xalq artisti, xanəndə Mənsum İbrahimovun
sözlərinə görə, yaş ötdükcə insan doğma torpağına qayıtmağı
arzulayır: "O torpaqlar bizim ata-baba yurdlarımızdır. Elə olar ki,
biz oraya qayıtmayaq? Təbii ki, bizim sənətimiz elədir ki, burada
da olmalıyıq. Ancaq bir ayağımız yenə də oradadır, cəbhə bölgəsinə
tez-tez gedib gəlirik, oradakı doğmalarımıza baş çəkirik. İnsan
torpağından ayrı qaldıqca, yaşa dolduqca daha çox torpağının
xiffətini çəkir. Sevə-sevə gedərik, yurdumuza... Biz orada
doğulmuşuq, bu səsi o torpaqdan almışıq. Torpaq özü bizi çəkir,
başqa cür ola da bilməz".
Zəngilan rayonundan olan tanınmış telejurnalist Qulu Məhərrəmli
də tezliklə doğma torpağına qayıtmağı arzulayır: "Yaşımızın o
dövrüdür ki, doğulduğumuz torpaq bizi çəkir. Məmnuniyyətlə gedib, o
torpaqlarda yaşamaq istəyərdim və bu istəyimin tezliklə
gerçəkləşməsini arzulayıram".
Əslən Ağdam rayonundan olan millət vəkili Aqil Abbas isə dedi
ki, Ağdam işğaldan azad olunduqdan sonra öz kəndlərinə köçəcək və
öz oxuduğu məktəbi yenidən tikəcək: "Torpaqlarımız qayıdacaq və biz
də öz yurdumuza köçəcəyik. Mən gedib, orada öz oxuduğum 3 nömrəli
məktəbi yenidən tikəcəyəm. Özümün də, qardaşımın da, atamın da
evini tikəcəyəm. Köçüb gedib orada yaşayacağam, mənim nə işim var
Bakıda, yazıçı adamam gedib, öz torpağımda yaradıcılıqla məşğul
olacağam.
Mənim ən böyük arzum Ağdamda şəxsi kitabxana tikmək idi. Özülünü
də qoymuşdum. Həm evim olacaqdı, həm kitabxanam... Mənim indi 15
min kitabım var, o kitabxananı tikəcəyəm və özüm də orada
yaşayacağam".
Sonda dəyərli ziyalılarımıza tezliklə bu istəklərinin
reallaşmasını arzulayırıq.