Moskvanın Kutuzov prospektində azərbaycanlı sürücünün
günahı ucbatından dəhşətli qəza baş verib. Ağır qəza nəticəsində
sürücü Vaqif Mirzəyev də daxil olmaqla 5 nəfər həlak
olub.
Virtualaz.org xəbər verir ki, Moskvada yaşayan 24 yaşlı Vaqif
Mirzəyev özünün bahalı "BMW M5" markalı avtomobilini saatda 200 km
sürətlə idarə edirmiş. Bunu qəza şahidləri deyib.
Şahidlərin sözlərinə görə, bazar gününə keçən gecə saat 3-də baş
vermiş qəza sırf V.Mirzəyevin günahı ucbatından baş verib: "O,
yolun gah sağ, gah da sol tərəfinə çıxaraq dəhşətli sürətlə hərəkət
edirdi. Bəzən qarşıdan gələn avtomobillərin yoluna çıxırdı"
Moskva yol polisindən bildirilib ki, qəza Kutuzov prospektindəki
24 saylı binanın qarşısında baş verib. V.Mirzəyevin maşını yolun
kənarında dayanmış taksiyə çırpılıb. "BMW M5" zərbənin təsirindən
dərhal alışıb. Onu söndürmək mümkün olmayıb. Yanğını yalnız
yanğısöndürmə və xilasetmə briqadalarının gəlişindən sonra
söndürüblər.
Bundan sonra aparılmış ilkin təhqiqat zamanı V.Mirzəyevin və
onun iki sərnişininin yanaraq öldüyü məlum olub. Ölənlərdən birinin
şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb. Yalnız o məlumdur ki,
həmin şəxs gənc kişidir. Taksidə də iki nəfər ölüb. Onlar taksi
sürücüsü Koba Canelidze və onun sərnişini, 38 yaşlı Svetlana
Bokovadır. V.Mirzəyevin maşınında olan 21 yaşlı Darya Dyadyura adlı
gənc qadın isə onurğa sütununun sınığı və yanıq diaqnozu ilə
xəstəxanaya aparılıb. O, "BMW M5"nin arxa oturacağında
oturubmuş.
V.Mirzəyevin dostları Rusiya mətbuatına bildiriblər ki, o, iti
sürət həvəskarı olub. Dostları onu da deyib ki, Vaqifin heç vaxt
pul problemi olmayıb: "Vaqif varlı ailədən idi. Atası zəngin
biznesmendir. Vaqifin əvvəllər "Mercedes ML350" markalı maşını
vardı. "BMW M5" markalı maşını isə iki ay əvvəl almışdı".
Rusiya mətbuatının araşdırmaları nəticəsində o da məlum olub ki,
V.Mirzəyev vaxtaşırı olaraq avtomobil yarışlarında iştirak
edib.
V.Mirzəyevin yaxın dostu Georgi Kikabidze deyib ki, o, hətta
mükafatlar da qazanıbmış: "Vaqif stritreyserlərin (gecələr
küçələrdə sürətlə maşın sürmək həvəskarlarının-red.) yarışlarının
hamısında lap başda olardı. O, gecələr maşın sürmək həvəskarı idi.
Bir dəfə də gecə qəza törətmişdi, amma o zaman ölüm-itim
olmamışdı".
O da məlum olub ki, V.Mirzəyev 4 il imiş maşını sürücülük
vəsiqəsi olmadan sürürmüş. Onu sərxoş halda maşın sürdüyü üçün
sürücülük vəsiqəsindən hələ 2010-cu ildə məhrum edibmişlər.
V.Mirzəyev sürücülük vəsiqəsini bir də 2017-ci ildə ala
biləcəkmiş.
Daha bir maraqlı fakt ondan ibarətdir ki, V.Mirzəyev iki il
qabaq baş vermiş yol qəzasında da əsas fiqurantlardan olub. Belə
ki, iki nəfərin ölümü ilə nəticələnən ağır qəza törətmiş David
Arakelov adlı gənc hadisə yerindən məhz yaxın dostu V.Mirzəyev
tərəfindən "Mercedes ML350"də qaçırılıbmış.