"Təklif edirəm ki, ATƏT hər il ən tolerant şəhər
müsabiqəsi keçirsin, bu istiqamətdə araşdırmalar aparsın. Mən
əminəm ki, bu araşdırma və müsabiqələrdə Azərbaycan birinci yeri
tutacaq".
Trend xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
sədri Mübariz Qurbanlı belə bir təkliflə Bakıda "Dini tolerantlığın
möhkəmləndirilməsi, Azərbaycan modeli, ATƏT regionu və onun
hüdudlarından kənarda çağırışlar" mövzusunda keçirilən beynəlxalq
konfransda çıxış edib.
Onun sözlərinə görə, bu gün dünyada din amili mühüm rol oynayır:
"Əslində bütün səmavi dinlər tolerantlığa, sülhə, dözümlülüyə
çağırır. Amma bəzən bundan sui-istifadə edilir. Ona görə bu gün
tolerantlığı təşviq etmək ən mühüm çağırışlardan biridir".
M.Qurbanlı qeyd edib ki, hazırda dünyanın 30 ölkəsində müxtəlif
zəmində müharibə və toqquşmalar davam edir. Onların 12-si dini
zəmində baş verir: "Dini tolerantlıq dedikdə bu yalnız dinlərarası
yox, dinlər daxili məsələyə də aid edilməldir. Dinlər daxilində
radikalizm, ekstremizmlə mübarizə güclənməlidir. Radikalizm təkcə
İslam dininə aid edilməməlidir. Bu, özünü xristianlıq, buddizmdə də
göstərir".
Dövlət Komitəsinin sədri buna dünyanın müxtəlif yerlərində olan
münaqişələri nümunə göstərib.
Ona görə də, M.Qurbanlının fikrincə, tolerantlıq dünyanın ən
alternativ seçimlərindən biridir və harada multikulturalizm varsa,
orada tolerantlıq da olmalıdır: "Biz kiçilən dünyada tolerantlığı
daha geniş təşviq etməliyik. Digər ölkələrdən fərqli olaraq
Azərbaycanda tolerantlıq Azərbaycan vətəndaşları üçün həm də mənəvi
öhdəlikdir. Bu, bizdə qanunla tənzimlənsə də, həm də xalqın qan
yaddaşındadır, onun tələbatıdır. Baxmayaraq ki, Azərbaycan
Ermənistan tərəfindən təcavüzə məruz qalıb, Bakıda erməni kilsəsi
qalmaqda davam edir. Azərbaycanda yəhudi ravvinlə müsəlman axund
bir yerdə oturub çay içir, müzakirələr aparır".